525.Az

Niderlandlı tədqiqatçının Ziya Bünyadov irsinə dair dissertasiyası reallığı əks etdirmir


 

Niderlandlı tədqiqatçının Ziya Bünyadov irsinə dair dissertasiyası reallığı əks etdirmir<b style="color:red"></b>

Cari ilin oktyabrında Amsterdam Universitetində bu ali məktəbin Şərqi Avropa tədqiqatları üzrə mütəxəssisi Sara Krombaxın "Ziya Bünyadov və Azərbaycanın keçmişinin icadı" ("Ziya Buniatov and the İnvention of an Azerbaijani Past") mövzusunda dissertasiyasının müdafiəsi olub.

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, Amsterdam Universitetinin əməkdaşı kimi Sara Krombax "Sovet şərqşünaslığının mirası: elmi cəmiyyətlər, təşkilatlar, tədqiqatlar" ("The legasy of the Soviet Oriental Studies; networks: organizations: discourses") adlı tədqiqat layihəsinin iştirakçısı olub. O, Azərbaycan şərqşünaslığının sovet və postsovet dövründə inkişafını tədqiqat mövzusu kimi seçib. Bu məqsədlə Azərbaycandakı Şərqşünaslıq İnstitutunun əməkdaşları, eləcə də Moskva və Sankt-Peterburqda rusiyalı şərqşünaslarla müsahibələr aparıb.

Əslində Sara Krombaxın dissertasiya işi Azərbaycan ictimaiyyətinin müxtəlif nümayəndələri ilə söhbətlərdən toplanaraq təhrif edilmiş məlumatlardan ibarətdir. Bu, tədqiqat əsəri olmaqdan çox, görkəmli Azərbaycan şərqşünası akademik Ziya Bünyadovu gözdən salmağa yönəlmiş dosyedir. Əsərdə görkəmli alimin elmi irsini təhrif etmək məqsədilə onun tərcümeyi-halının təhrifinə əsaslanan yalançı elmi yanaşmaların yer aldığı şübhə doğurmur. Dissertasiya müəllifinin tədqiqat obyektinə elmi baxışdan çox siyasiləşdirilmiş yanaşması da açıq-aydın görünür. Belə ki, akademik Ziya Bünyadovun tədqiqatları Azərbaycan xalqının tarixinin aktual problemlərinə və Azərbaycanın müasir inkişafı məsələlərinə, yəni bədxah erməni tarixçilərinin daim məkrli niyyətlərlə müdaxilə etdikləri problemlərə həsr olunub.

Xanım Krombaxın yozumunda akademik Ziya Bünyadovun qətli reallığı əks etdirmir. Müəllifin şayiələrdən və qərəzli mülahizələrdən əxz etdiyi belə iddialara akademik tədqiqatda yer olmamalıdır.

Məlum olduğu kimi, mərhum akademik Ziya Bünyadovun qətli ilə əlaqədar ciddi istintaq aparılıb, sui-qəsdin sifarişçiləri və icraçıları əsaslı dəlillərlə sübut olunub, cinayətkarlar məhkəmənin hökmü ilə cəzalandırılıblar.

Real elmi dəyərini ətraflı qiymətləndirmək məqsədilə hazırda Şərqşünaslıq İnstitutunda xanım Sara Krombaxın əsərinin hərtərəfli araşdırılması üzərində iş aparılır. Araşdırmaların nəticələri haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.

 





08.11.2019    çap et  çap et