525.Az

"... Üçrəngli bayrağınla məsud yaşa!.." - Şeirlər


 

"... Üçrəngli bayrağınla məsud yaşa!.." - <b style="color:red">Şeirlər</b>

9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür

Azərbaycan xalqlarının tarixən məskunlaşdığı ərazilərin 1813/28-ci illər işğalından - bölünməsindən sonra, bölgədəki passionar toplumun 100 illik etiraz-istiqlal mücadiləsinin nəticəsi olaraq 1918-ci ildə qazanılan dövlət müstəqilliyimizin əsas atribut-rəmzlərindən biri olan bayrağımız, cəmiyətdaxili münasibətlərdə müstəsna və müqəddəs mahiyyətə malikdir. Müstəqil Azərbaycanımızın Milli Bayrağı, dövlətçilik simvolu-rəmzi olaraq Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr iclasında qəbul edilmiş və ilk dəfə 7 dekabrda - Parlamentin açılışı zamanı binasının üzərində qaldırılmışdı.

72-73 illik fasilədən sonra 1990-cı ilin 17 noyabrında Naxçıvan Muxtar Respublikasında, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikası Dövlət bayrağı olaraq elan edilmışdir.

31 il öncə, 1988-ci ilin payızı Xalq Azadlıq Hərəkatı başlayarkən təkrar qaldırılan üç rəngli, ay-ulduzlu Milli Bayrağımız, Dövlət Müstəqilliyimizin bərpa edildiyi son 28 ildə Cənubi Azərbaycan üçün də bir ideal-məfkurə nümunəsi olmaq baxımından bütöv, vahid vətənli gələcəyimizə yönəlik ümidverici, ruhlandırıcı, səfərbəredici təsir gücünün də daşıyıcısıdır. Azərbaycan Respublikasında "Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" qanun Prezident tərəfindən 2008-ci il 15 sentyabr tarixli Fərmanla təsdiq olunmuş, 2009-cu ilin noyabrından isə Dövlət Bayrağı Günü qeyri-iş günü olan bayramlar sırasına daxil edilmişdir.

Vətənin ən uca zirvələrinə sancılaraq dalğalanmalı olan Dövlət Bayrağı hər bir xalqın, millətin milli, mübariz ruhunun, qüdrətinin daşıyıcısı, dəsturu olduğu üçün böyük ehtiram və ciddiyyətlə qorunmalı, sonsuz sevgi və sayğılarla əhatə edilməlidir. Eşq olsun, bayrağımızı yaradan və istiqlalımızı yaşadan nəsillərə!

Bu bayram münasibətilə poeziyamızın Milli Bayrağımıza həsr olunmuş nümunələrindən bir neçəsini oxuculara təqdim edirəm.

Cabir ALPOĞLU ALBANTÜRK
Azərbaycan Yazıçılar Birliyinin üzvü

BAYRAĞIM

Bəxtiyar VAHABZADƏ

Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş, Göytürkdən qalan
Bozqurdlu bayrağın balası bayraq.

Üçrəngli bayrağın kölgəsində mən,
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən,
Bayraq işığında bitən görmüşəm.
             
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Tarixdən qədimdir, zamandan qoca
Yoluma nur saçıb tarix boyunca.

Daim ucalasan! Savaş günündə,
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə,
Səni alqış üçün əyilən görüm.

Bayrağım

Sabir RÜSTƏMXANLI

Başımızın üstündə dalğalan, dev bayrağım!
Yarı çəmən, yarı göy, yarı alov bayrağım!
Dalğalan, qoy havanla Bakımız küləklənsin,
Düşmənin gözü çıxsın, sevənlər ü rəklənsin!
Bu məğrur ucalıqda tarixin əsintisi,
Səni kəfən yerinə geyənlərin gur səsi!
Səni ümid yerinə qəlbində gizləyənlər
Əsarətin, işğalın sonunu gözləyənlər,
Səni namus səngəri, Səni qutsal əmanət,
Səni ocaq sayaraq gizli əzizləyənlər,
Dərindən nəfəs alıb dincəlsinlər süsündən.
Sənə əyri baxanlar dağlansın çəp gözündən...
Hava tutqun olanda Ayı çək qucağına,
Ulduzun işıq saçsın yurdun hər bucağına!
Mavi - türklük şərəfim, varlığımız əbədi!
Yaşıl - dinim, imanım, Sevgimizin Məbədi!
Qırmızı da al qanım, axdı vətən yolunda,
Əsarət zəncirini qırmaq üçün qolumdan!
Ucal başımız üstə, ruhumuz kimi ucal!
Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!
Dünən səni cıraraq ayaqlara atanlar
Qızıldan tökdürərək oxşasın sinəsində!
Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq.
Yurdumun üzü gülsün bu birlik nəğməsindən!
Ucalsan da Günəşə, tarixim köklərində,
Daha sənə əl çatmaz, dursalar da qəsdində.
Bu gün azadlığımsan Bakının göylərində,
Sabah da bütövlük ol, ucal Təbriz üstündə!

SƏNİNDİR BAX, BU DÖYÜNƏN ÜRƏKLƏR...

Çingiz ƏLİOĞLU

Yaylıqları bayraq olan Vətənim!
Anaların pak südünə and olsun!
Bayraqları torpaq olan Vətənim!
Torpağının hər qatına and olsun!
O ağaran dan yerindən hərəmiz
Boyumuza bir ağ kəfən biçərik,
Şəhidliyin can şərbətin içərik!
Yaylıqları bayraq olan Vətənim!
Anaların göz yaşına and olsun!
Bellərini kədər bükmüş o azman
Babaların ağ başına and olsun!
Yerdə qalmaz bu al qanın ləkəsi,
Qalsa tutsun gözümüzü hər zaman
Verdiyin o duz-çörəyin tikəsi!
Yaylıqları bayraq olan Vətənim!
Sənindir bax, bu döyünən ürəklər,
Amal da sən, arzu da sən, şərəf də,
Səninkidir bu muradlar, diləklər!
Bayraqları torpaq olan Vətənim!

GÖYLƏRİN NUR YAĞMURU, YERLƏRİN GÖY QURŞAĞI...

Ramiz QUSARÇAYLI

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər ötər,
Hər rəngində "ya qazı, ya şəhid" bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı -
Azərbaycan bayrağı!

Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı -
Azərbaycan bayrağı!

Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı!

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı, -
Azərbaycan bayrağı!

Sənsən Azadlıq eşqim, sənsən Hürr, - deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şer deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı!

RƏNGLƏRİNLƏ YOĞURDUM ŞEİRİMİN HƏR SƏTRİNİ...
 
Balayar SADİQ

Milyonlara müjdəsən Şah Xətai elindən,
Səni təbrikə gəldim Şəhriyarın dilindən.
Göylər əyilib öpür dalğalanan telindən,
Aypara azadlığın gülümsəyən dodağı,
Azərbaycan bayrağı!

Səni görmək eşqinə çox ümidlər qocaldı,
Bir canda ünvan etdin üç hikməti, üç adı.
Sən ucalan ucalıq şəhidlikdən ucadı,
Hürriyyət kitabımın ilk mübarək varağı,
Azərbaycan bayrağı!

Üç rənginlə Tanrıya üç köynək yaxın oldun,
Milyonları isitdi Ay hənirin, Gün odun.
Neçə adsız səhidin arzusundan doğuldun,
Sən bölünmüş yurdumun bölünməzlik sorağı,
Azərbaycan bayrağı!

Ey iman işığından köynək geymiş hilalım,
Sənin ucalığınla qanadlanır xəyalım.
Təbrizdən Dərbəndəcən arzulanan amalım,
Əbədiyyət ətirli həqiqətin duvağı
Azərbaycan bayrağı!

Zəngəzurun, Göyçənin yuxusunda dalğalan,
Qarabağsız həsrətin qorxusunda dalğalan.
Sən Şuşanın, Laçının qoxusunda dalğalan,
Ey milli qeyrətimin ən ovxarlı yarağı,
Azərbaycan bayrağı!

Rənglərinlə yoğurdum şeirimin hər sətrini,
Ürəyimdən asmışam hörmətini, xətrini.
Dalğalan, duysun ellər azadlığın ətrini,
Milyon-milyon diləkdə istiqlalın növrağı,
Azərbaycan bayrağı!

 





09.11.2019    çap et  çap et