525.Az

"Yazıçı üçün müşahidə də vacibdir, mütaliə də" - Eyvaz Zeynalov ilə müsahibə


 

"UŞAQ ƏDƏBİYYATI YARATMAQ ÜÇÜN UŞAQLARIN DÜNYASINA DAHA DƏRİNDƏN BƏLƏD OLMAQ LAZIMDIR"

"Yazıçı üçün müşahidə də vacibdir, mütaliə də" - <b style="color:red">Eyvaz Zeynalov ilə müsahibə </b>

Neçə vaxtdır ki, istedadlı yazıçı Eyvaz Zeynalovun uşaqlar üçün yazdığı hekayələri, nağılları oxuyur, zövq alır və onlardan öyrənirəm. Bu yaxınlarda ədəbi mətbuatda "Məktəbli forması" adlı bir əsərini də oxudum. Kiçik bir hekayədir, amma o qədər təsirlidir ki...

Eyvaz müəllim Qarabağ müharibəsinin şahididir. Yəqin elə buna görə də uşaqlar üçün bu mövzuda qələmə aldığı hekayələri daha təbii, təsirli və yaddaqalandır. "O gün hamı xocalılı idi", "Ən qiymətli", "İntiqam", "Soyuq konfet", "Qaçhaqaçda", "Qarpız tumu" kimi hekayələrində birbaşa müharibə hadisələri öz əksini tapıb. "Baba və nəvə", "Təbiətin dostları", "Ovda", "Meşədən qayıdarkən" hekayələri didaktik xarakterlidir. "Plastilin tülkü", "Kimə lazımdı", "Mərhəmət", "Bəsimdi" adlı nağılları da çox axıcı, oxunaqlıdır. Bunlardan başqa, Eyvaz Zeynalovun uşaqlar üçün yazdığı "Üç bacı", "Sehrli çəkmələr" adlı nağıl-povestləri, "Qazı və nökər" adlı mənzum səhnəciyi də var.

E.Zeynalovun uşaqlar üçün yazdığı əsərləri 2011-ci ildən orta məktəblərimizdə də tədris olunur. 4-cü sinifin "Azərbaycan dili" dərsliyinə onun 7, 5-ci sinfin "Azərbaycan dili" dərsliyinə "Bozlar", "Ədəbiyyat" dərsliyinə "Oğru" adlı hekayələri daxil edilib.

Yeri gəlmişkən, Eyvaz müəllimin əsərlərinin çoxu böyüklər üçündür. Onlar rus, türk, alman, ingilis, qırğız, krım-tatar dillərinə tərcümə olunub. Kitabları bir sıra ölkələrdə çap edilib. 2008-ci ildə M.Kaşğari adına beynəlxalq hekayə müsabiqəsinin qaliblərindən biri olub. Başqa müsabiqələrdə də uğur qazanıb. Azərbaycan Yazıçılar Birliyinin, Gürcüstan Yazıçılar Akademiyasının, Avrasiya Yazarlar Birliyinin üzvüdür.

Uşaqlar üçün yazdığı hekayələrini çoxdan izlədiyim Eyvaz müəllimlə bu yaxınlarda qısa söhbətimiz oldu. Həmin söhbətdən bir sıra məqamları diqqətinizə çatdırıram. Deyim ki, yazıçı kimi çoxdan tanıdığım E.Zeynalovun bioqrafiyası ilə tanışlıq şəxsən mənim üçün çox maraqlı oldu:

"Ağdamın Qiyaslı kəndində doğulmuşam. Atam da, anam da Qiyaslıdandı. 3 yaşım olanda şəhərə köçmüşük. Ağdam şəhər 1 nömrəli orta məktəbini, keçmiş Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsini bitirmişəm. Əvvəl müğənni olmaq istəyirdim. 9-cu sinifdə bədii yaradıcılığa həvəs göstərdim. Həmin il "Qəlibə sal" adlı ilk hekayəm qəzetdə çap olunandan sonra nəsrə meylləndim. Povest və hekayələrdən ibarət "Rəngsiz yuxu" adlı ilk kitabım 1990-cı ildə "Yazıçı" nəşriyyatında işıq üzü görüb". 

Yazıçı dedi ki, o zaman ədəbiyyata, yazıçılığa münasibət indikindən xeyli fərqli, yəni üstün idi: "O vaxt ədəbi mühit daha tələbkardı. Çox adam yazsa da, ortada az imza görünürdü. Yazı-pozu ilə məşğul olanlar daha məsuliyyətliydilər. Elə uşaq ədəbiyyatında da vəziyyət bu cür idi. Uşaqlar üçün yazanlar daha peşəkardılar. Çap olunmaq çətin idi. Mənim uşaqlar üçün yazdığım hekayə və nağıllardan ibarət kitabımı "Gənclik" nəşriyyatında 1980-ci illərin axırlarına yaxın plana salmışdılar. Uşaqlar üçün jurnallarında, qəzetlərdə vaxtaşırı çap olunsam da, nəşriyyatda kitabın çapını ildən-ilə keçirirdilər. Əvəzində o hekayə və nağıllardan elə o vaxtlar həmin nəşriyyat dalbadal buraxdığı toplularının birinə 5, o birinə düz 11 hekayəmi salmışdı. Onda rayonda müəllim işləyirdim, indiki kimi internet-filan yox idi, hər saat Bakıya gələ, nəşriyyatlarla əlaqə saxlaya bilmirdim. Necə deyərlər, ismarıcla da həcc qəbul olunmurdu".    

Həmsöhbətimin fikrincə, yazıçı üçün müşahidə də vacibdir, mütaliə də: "Hansının daha önəmli olduğunu dəqiq deyə bilmərəm. Hər ikisi eyni dərəcədə vacibdir. Bunlarla yanaşı, istedad, zəhmət və təcrübə də çox mühümdü".

Xaraktercə səbirsiz, bir yerdə qərar tutmayan insan olsa da, Eyvaz müəllim indiyədək hara getsə, yazmaqdan, çap olunmaqdan qalmayıb: "Gəncliyimdə, demək olar ki, bütün Sovetlər məkanını gəzib-dolaşmışam. Hətta bir neçə şəhərdə yaşamış, həmin şəhərlərdəki zavodlarda işləmişəm. İndi də vaxt, imkan tapdıqca gəzirəm. Heç zaman kitabdan, qələmdən ayrılmamışam. Ukraynanın Zaporojye, Donetsk şəhərlərində işləyərkən yerli yazıçılarla sıx əlaqə saxlayır, hekayələrimi onlarla bərabər rus dilinə çevirib, qəzetlərdə çap etdirirdim. Gəzib-gördüklərim əsasında sonralar bir neçə hekayə, iki roman yazmışam".  

Yazıçının uşaq ədəbiyyatı və uşaqlar üçün nəşrlər barədə də fikirlərini öyrəndim: "Bildiyimə görə, Sovetlərin dövründə Bakıda çap olunan uşaq jurnalları, qəzeti yenə qalmaqdadı. Üstəlik, əlavə jurnallar da fəaliyyət göstərir. Nəzərə almaq lazımdı ki, uşaqlar üçün yazılan əsərləri bütün qəzet və jurnallarda çap etdirmək olur, böyüklər üçün yazılanların meydanı bu baxımdan daha dardı. Ola bilsin, mətbu orqanların indi tirajı azdı. Ona görə gözə çox dəymir. Bu da oxucusunun azalması ilə bağlıdı. Sovetlərin dövründə internet, indiki telefonlar yoxdu. İnsanlar kitaba, mətbuata acıydı. Tələbata görə, bədii jurnalların, kitabların da tirajı nağılvariydi. Hər evə çatırdı. Bir də, kimin üçünsə uşaq ədəbiyyatı elə indi də öndədi".

E.Zeynalov uşaqlar üçün yazıb-yaradan həmkarlarından Zahid Xəlilin, Qəşəm İsabəylinin, Rafiq Yusifoğlunun yaradıcılığına daha yaxından bələd olduğunu dedi.

Son zamanlar mətbuatda seyrək görünməyinin səbəbini isə belə açıqladı: "Son vaxtlar hekayədən çox, irihəcmli yazılarım olur. Onları da mətbuatda hər saat çap etdirmək olmur. Üç ildir, Nadir şah haqqında tarixi roman üzərində işləyirəm. Əvvəl elə bilirdim, bu janrda yazmaq asandı. Çox çətinmiş. Hələ də çalışıram. İstəyirəm həm əsl mənada, həm də Nadir şaha layiq tarixi roman olsun. Amma uşaqlar üçün yazdığım hekayə və nağıllarım keçən il Bakıda "Bahalı şokolad qutusu" adlı kitabımda, bu il Türkiyə türkcəsində İstanbulda iki, iki il əvvəl Almaniyada alman dilində bir kitabımda yayımlanıb. Türkdilli yazarların hekayələrindən ibarət tərcümə və tərtib etdiyim antologiya yenə keçən il Bakıda çap olunub. Üç ay əvvəl İstanbulda Türkiyə türkcəsində "Qış günəşi" kitabım çıxıb. Bu ay İstanbulda "Moskva ekspresi" romanım yayımlanıb".

Görkəmli xanəndə, şəhid sənətkarımız Şahmalı Kürdoğlu ilə eyni kənddə doğulmuş E.Zeynalov onun səsinin və sənətinin əsl vurğunudur: "Onun qədər səsinə heyran olduğum ikinci bir xanəndə olmayıb. Özünü çox görmüşəm, söhbətlərinə, oxuduqlarına heyranlıqla qulaq asmışam. Haqqında eşitdiklərim də çoxdu. İlk dəfə onu Ağdamda bir qohumumun toyunda Əhsən Dadaşovun müşayiəti ilə məclis aparanda gördüm. Deyəsən, onda 10-cu sinifdə oxuyurdum. Bütün gecə səsi qulaqlarımdan getmədi. O vaxt ilk təəssüratımı qaraladığım bir hekayədə verməyə çalışmışdım. Bir neçə il bundan qabaq çap etdirdiyim "Alın yazısı" romanımda (2016-cı ildə Almaniyada alman dilində də çap olunub) Şahmalı Kürdoğlu haqqında bir neçə səhifə yazmışam". 

Yazıçı cavan həmkarlarına tövsiyə kimi, uşaq ədəbiyyatı yaratmaq üçün uşaqları daha yaxından tanımağın, onların dünyasına daha dərindən bələd olmağın zəruriliyini qeyd etdi. Onun fikrincə, uşaqlar üçün yazmağı böyüklər üçün yazmaqdan daha çətin, daha məsuliyyətli olduğunu mütləq nəzərə almaq lazımdır.

Mina RƏŞİD

 





11.11.2019    çap et  çap et