525.Az

Bakı Dövlət Universiteti 1991-1999-cu illərdə - Misir Mərdanov yazır


 

Bakı Dövlət Universiteti 1991-1999-cu illərdə - <b style="color:red">Misir Mərdanov yazır </b>

1991-ci il 18 oktyabrda Azərbaycan uzun illər arzusunda olduğu müstəqilliyini əldə etdi. Bununla da universitetin tarixində yeni mərhələnin əsası qoyuldu.

Müstəqilliyin ilk illərində ağır iqtisadi, ictimai və mənəvi böhran şəraitinə düşmüş universitet çətin sınaq dövrünü yaşayırdı. 1991-1992-ci illərdə tədris prosesinə kobud müdaxilələr, əmək haqlarının kəskin aşağı düşməsi, təhsillə bağlı yeni qanun və qaydalar qəbul edilməmiş köhnələrin kortəbii şəkildə ləğv edilməsi, müəllim nüfuzunun aşağı düşməsi və s. hallar universitetdə çalışan bir sıra alimlərin kütləvi şəkildə respublikanı tərk etməsi və yaxud başqa peşə sahəsinə keçməsi ilə nəticələnmişdi. Həmin illərdə Azərbaycanın ərazi bütövlüyünün pozulması, Ermənistanın işğalçılıq planları universitetin fəaliyyətinə də təsirsiz qalmadı. Qərbi Azərbaycandan, Qarabağdan, tarixi Azərbaycan torpaqlarından qovulmuş minlərlə soydaşımız universitetin tələbə yataqxanasında yerləşdirildi. Məcburi köçkünlərin uşaqları üçün yataqxanada xüsusi orta məktəb açıldı, onlarla məcburi köçkün universitetdə işlə təmin edildi.

Yaxşı xatırlayıram, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, işğalçılıq planları, Dağlıq Qarabağda baş verməkdə olan hadisələr, universitet kollektivinin, tələbələrin dərin hiddətinə və qəzəbinə səbəb olmuşdu. Bu hiddət və qəzəb auditoriya hüdudlarını aşmış, küçə və meydanlara, nəhayət, döyüş səngərlərinə yol tapmışdı. Universitetin onlarla tələbəsi döyüş bölmələrində vuruşur, 20 nəfər tələbə şəhid olmuşdu. Baş verməkdə olan bu hadisələr universitet və fakültə elmi şuralarında geniş müzakirə edilirdi. 1990-cı il qanlı 20 yanvar hadisəsindən sonra bu proseslər daha geniş vüsət aldı.

Bütün bunlara baxmayaraq, zəngin ənənə, elmə və təhsilə fədakar bağlılıq universitetin inkişafına öz təsirini göstərirdi.  1990-cı il qanlı yanvar hadisəsindən sonra Cəmil Quliyev universitetin rektoru vəzifəsindən azad olundu və bu vəzifəyə Mirabbas Qasımov təyin edildi.

1990-cı ilin ikinci yarısından başlayaraq universitetdə təhsilin ümumbəşəri dəyərlər və milli zəmində yenidən qurulması, tədrisin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atıldı:

Rektorun əmri ilə universitetin elmi-metodik şurası və onun bölmələri haqqında əsasnamə təsdiq edildi. Əsasnaməyə görə, universitetin elmi-metodiki şurası rektorluğun nəzdində, onun bölmələri isə fakültələrdə təşkil olundu. Elmi-metodiki şura məsləhətçi orqan olub, universitetdə təlim-tərbiyə, tədris-metodiki prosesin keyfiyyətinin artırılması, elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, dərsliklərin, dərs vəsaitlərinin, elmi əsərlərin seçilib çapa təqdim olunması, tədris olunan fənlərin proqram və metodik göstərişlərlə təmin olunması kimi işlərin həyata keçirilməsi ilə məşğul olurdu.

Universitet rektorunun "1991/92-ci tədris ilinə hazırlıq haqqında" əmrində deyilirdi: Ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair vəzifənin yerinə yetirilməsi mütəxəssislərin peşə hazırlığını kökündən yaxşılaşdırmağı tələb edir. Ali təhsilin yenidən qurulması müasir mərhələdə cəmiyyətin inkişafının təxirəsalınmaz vəzifələrindən biridir. Bu məsələni həll etmək üçün təlim prosesini elə qurmaq lazımdır ki, tələbə biliklərə fəal yiyələnsin, peşə fəaliyyətinin üsullarını öyrənsin, passiv müşahidəçidən yaradıcı mütəxəssisə çevrilsin. Təlim metodikası baxımından tədris prosesinin yenidən qurulmasında əsas cəhətlər təhsilin fərdiləşdirilməsi, ağırlıq mərkəzinin tələbənin müstəqil işləməsinə yönəldilməsi, onun tədris materialını yaradıcı mənimsəməsidir. Buraya auditoriya məşğələlərinin ixtisar edilməsi, kompyuter texnologiyalarının tətbiqi, biliyin sessiyalararası və yekun nəzarəti sisteminin təkmilləşdirilməsi və obyektivliyin təmin edilməsi daxil idi. Rektorun əmrinə əsasən, qarşıda duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək məqsədi ilə konkret məsələlər müəyyənləşdirildi.  

Yeni ictimai-siyasi quruluş və inkişaf perspektivlərini əldə rəhbər tutan universitet köhnə ehkamçı ideologiya və nəzəriyyələrdən imtina etdi. Bir sıra fakültələrdə kafedraların adları dəyişdirildi. Bu addımlar tarix və filologiya fakültələrində daha çox hiss olunurdu. 

Filologiya fakültəsində "SSRİ xalqları ədəbiyyatı" kafedrası "Şərqi slavyan və türk xalqları ədəbiyyatı", hüquq fakültəsində Dövlət hüququ kafedrası Konstitusiya hüququ kafedrası adlandırıldı. Tarix fakültəsində Azərbaycan tarixi kafedrası iki müstəqil kafedraya ayrıldı: Azərbaycanın qədim və orta əsrlər tarixi; Azərbaycanın yeni və müasir tarixi. Jurnalistika fakültəsinin "Partiya-sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi" kafedrasının adı dəyişdirilib "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" adlandırıldı. 

İlk növbədə ictimai elmlərin təliminin dövrün tələblərinə uyğun yenidən qurulması və mütəxəssislərin humanitar hazırlığını təkmilləşdirmək məqsədi ilə əvvəllər tədris olunan Sov. İKP tarixi, fəlsəfə, siyasi iqtisad, elmi kommunizm və elmi ateizm fənlərinin məzmununun və adlarının dəyişdirilərək növbəti dərs ilindən etibarən aşağıdakı ardıcıllıq və müvafiq adlar altında tədrisi nəzərdə tutuldu: I kurslarda XX əsrin sosial-siyasi tarixi, II kurslarda fəlsəfə, III kurslarda iqtisadi nəzəriyyə, IV kurslarda politologiya və sosial-siyasi problemlər nəzəriyyəsi, V kurslarda din tarixi və dinşünaslıq.

Göründüyü kimi, uzun illər universitetdə marksizm-leninizm ideyalarını tərənnüm edən, elmi ateizm və elmi kommunizmdən dərs deyənlər indi artıq yeni ictimai-iqtisadi quruluşa uyğunlaşmalı və yuxarıda nəzərdə tutulan fənləri tədris etməli idilər. Bu hallar universitetdə tədrisin qısa bir zaman ərzində yeni tələblərə uyğun həyata keçirilməsində müəyyən çətinliklər yaradırdı. Uzun müddət elmi kommunizmi və elmi ateizmi yaddaşına həkk etmiş müəllimlər yeni quruluşun qayda və tələblərinə uyğunlaşmaqda çətinlik çəkirdilər. Yalnız yeni nəsil professor-müəllim heyətinin yetişməsi universitet həyatında, tədris prosesində bu çatışmazlıqları aradan qaldıra bilərdi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 1991-ci il tarixli Qərarı ilə universitetin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat institutu yaradıldı. İnstitut informasiya texnologiyalarından istifadə etməklə, tətbiqi riyaziyyatın ən mühüm problemlərinin həlli üçün nəzərdə tutulmuşdu. İnstitutun direktoru vəzifəsində professor Fikrət Əliyev işləyirdi.

1991-ci ildə BDU-nun Geologiya və coğrafiya fakültələrinin bazasında iki müstəqil fakültə: Geologiya və Coğrafiya fakültələri yaradıldı. Həmin il eyni zamanda, Sosial elmlər və psixologiya fakültəsi yaradıldı. Fakültənin dekanı vəzifəsinə professor Əkbər Bayramov təyin olundu.1992-ci ildə fakültəyə sosial siyasi münasibətlər nəzəriyyəsi ixtisası üzrə ilk tələbə qəbulu həyata keçirildi. Fakültənin nəzdində Fəlsəfə və sosiologiya kafedrası yaradıldı. Siyasi iqtisad kafedrası İqtisadi nəzəriyyə adlandırıldı.

1990/91-ci dərs ilində Universitet Elmi Şurası Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin yaradılması barədə qərar qəbul etdi. Fakültə 1991/92-ci tədris ilində beynəlxalq hüquq, beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika ixtisasları üzrə tələbə qəbul etməklə fəaliyyətə başladı. Həmin ildə fakültənin nəzdində Beynəlxalq münasibətlər, Diplomatiya və müasir inteqrasiya prosesləri, Xarici dil kafedraları təşkil olundu. Fakültənin dekanı vəzifəsinə professor Mahmud Quliyev təyin edildi. Bununla yanaşı, 1991-ci ildə Şərqşünaslıq fakültəsinin nəzdində Ərəb dili və Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedralarının bazasında Ərəb Filologiyası; Yaxın Şərq dilləri və Yaxın Şərq xalqlarının ədəbiyyatı tarixi kafedraları əsasında İran filologiyası və Türk filologiyası; Kitabxanaçılıq-informasiya fakültəsinin nəzdində Kitabxana fondu və kataloqların təşkili kafedrası; habelə Biologiya fakültəsində Biofizika və molekulyar biologiya kafedrasının nəzdində Biotexnologiya Elmi-Tədqiqat Laboratoriyası yaradıldı.

Həmin dövrdə Azərbaycan Dövlət Universiteti Moskva dövlət Universitetinin təşəbbüsü ilə yaradılmış Avrasiya Universitetləri Assosiasiyasına üzv qəbul olundu. 1991-ci ildə ADU-da Avrasiya Universitetləri Assosiasiyasının III qurultayı keçirildi.

Universitetdə tədrisin və elmi işlərin latın qrafikasına keçidi ilə bağlı olaraq 1992-ci ildə mühüm addımlar atıldı. Həmin ilin sentyabrından tədrisin və elmi işlərin latın qrafikası əsasında aparılması üçün nəzərdə tutulan tədbirlərin proqramı və planı hazırlanıb təsdiq edildi. 1992-ci ilin sentyabrından universitetdə latın qrafikalı Azərbaycan əlifbasına keçildi.

Ölkədə baş vermiş hakimiyyət dəyişikliyindən sonra universitetin rəhbərliyində də kadr dəyişiklikləri baş verdi. 1990-1992-ci illərdə universitetin rektoru vəzifəsində işləmiş akademik Mirabbas Qasımov 1992-ci ilin oktyabrın 6-da tutduğu vəzifədən azad olundu. Həmin vəzifəyə BDU-nun hüquq fakültəsinin dosenti Firudin Səməndərov təyin olundu. Firudin Səməndərovun təklifi ilə məni Xalq Təhsili Nazirinin müavini vəzifəsindən azad edib universitetə Tədris işləri üzrə prorektor vəzifəsinə təyin etdilər.

1992-ci ildə ali məktəblərə tələbə qəbulu test üsulu ilə aparılmağa başladı. 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Diyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında İlahiyyət Fakültəsi təsis olundu. Fakültənin dekanı vəzifəsinə professor Vasim Məmmədəliyev təyin olundu. Fakültənin nəzdində İslam elmləri kafedrası yaradıldı.

1992-ci ildə yeni qəbul olunmuş Təhsil qanununa əsasən, ali təhsildə çoxpilləli sistemə keçidə başlanıldı. Bununla əlaqədar elmi-metodik konfrans keçirildi, universitetin Elmi Şurasının qərarı ilə təhsilin bakalavr, magistr pillələri üçün tədris planları hazırlandı. 1993/93-cü tədris ilindən etibarən universitetin bütün fakültələri bakalavr pilləsi üçün hazırlanmış yeni tədris planları ilə işləməyə başladı.

2 dekabr 1993-cü ildə universitetin rektoru Firudin Səməndərov tutduğu vəzifədən azad olundu və həmin vəzifəyə Hüquq fakültəsinin professoru Murtuz Ələsgərov təyin olundu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 1993-cü il tarixli qərarı ilə növbəti dərs ilindən ali məktəblərə ödənişli əsaslarla tələbə qəbuluna başlanıldı. Bu qərar ali məktəblərdə yaranmış ciddi maliyyə çətinlikləri ilə bağlı idi və tezliklə özünü doğrultdu. İlk illərdə ödənişli əsaslarla təhsil alan tələbələr ayrıca bir fakültədə - Ödənişli təhsil fakültəsində təhsil alırdılar. Az sonra bu sınaq özünü doğrultmadığından ödənişli yolla təhsil alan tələbələr müvafiq fakültələrdə yerləşdirildilər.

3 avqust 1994-cü ildə Respublika Təhsil Nazirliyinin razılığı ilə Bakı Dövlət Universitetində dünyəvi orta təhsil verən  "Dəyanət liseyi" fəaliyyətə başladı.

1994-cü ilin sentyabr ayında Bakı Dövlət Universitetinin yaradılmasının 75 ili tamam oldu. Ölkə Prezidenti Heydər Əliyev 3 sentyabr 1994-cü ildə "Bakı Dövlət Universitetinin 75 illik yubileyinin keçirilməsi haqqında" Fərman imzaladı. Yaradılmış yubiley komissiyasına Heydər Əliyev özü rəhbərlik edirdi. Həmin il noyabrın 26-da Respublika Sarayında (indiki Heydər Əliyev adına Sarayda) universitetin 75 illiyi təntənəli şəkildə qeyd edildi. Mərasimdə Heydər Əliyevin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Yeri gəlmişkən qeyd edim ki, Bakı Dövlət Universitetinin 70 illik yubileyi ölkə səviyyəsində qeyd olunmamışdı, 50 və 60 illik yubiley tədbirləri isə bilavasitə Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmişdi. Universitet elminin və təhsilinin inkişafına göstərdiyi qayğıya, onun adını və şöhrətini yüksəklərə ucaltdığına görə Bakı Dövlət Universitetinin Elmi Şurasının 28 oktyabr 1994-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BDU-nun fəxri doktoru adına layiq görüldü. Murtuz Ələsgərovun rektorluğu dövründə (1994-1996) universitetin tədris işləri üzrə prorektoru vəzifəsində professor Misir Mərdanov, elmi işlər üzrə prorektor vəzifəsində professor Bəhram Əsgərov, axşam və qiyabi təhsili üzrə prorektor vəzifəsində professor İfrat Əliyeva, təlim-tərbiyə işləri üzrə prorektor vəzifəsində professor Tahir Baxşəliyev, beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində 1993-1995-ci illərdə professor Şahlar Əsgərov, 1995-1999-cu illərdə dosent Elxan Hüseynov; ümumi işlər üzrə prorektor vəzifəsində Şahin Məmmədov (1992-1994), Ağaisa Şeydayev (1994-1999); tədris hissəsinin müdiri vəzifəsində Gülşad Muğanlinskaya, aspirantura şöbəsinin müdiri vəzifəsində dosent Sabir Xəlilov, əsaslı kitabxananın direktoru vəzifəsində Sara İbrahimova, nəşriyyatın direktoru vəzifəsində professor Kərim Həsənov işləyirdi.

Professor Murtuz Ələsgərov 1996-cı ilin oktyabr ayına qədər universitetin rektoru vəzifəsində işlədi. Üç il ərzində Murtuz müəllimlə birlikdə işlədiyim günləri yaxşı xatırlayıram. Çox çətin günlər idi. Hələ ölkədə siyasi stabillik tam bərqərar olmamışdı, universitetin maddi-texniki bazası çox zəifləmişdi. Yeni avadanlıqlar, tədris vəsaiti almaq üçün maliyyə imkanları yox idi. Müəllimlərin onsuz da az olan əmək haqlarını vaxtında ödəyə bilmirdik. Tələbələrin dərslərə davamiyyəti günün tələblərinə cavab vermirdi. Bütün bunlara baxmayaraq, həmin illərdə universitetin nüfuzunu qorumaq və digər problemləri həll etmək istiqamətində irəliyə doğru müəyyən addımlar atıldı.

1996-cı ilin oktyabrında Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin sədri vəzifəsinə seçildi. Təhsil naziri Lidiya Rəsulovanın əmri ilə   universitet rektoru vəzifəsinin müvəqqəti icrası mənə tapşırıldı. 1997-ci ilin fevralına qədər rektor vəzifəsini icra etdim. Bütün çətinliklərə baxmayaraq, universitetin maddi-texniki bazasını möhkəmlətmək, tədris intizamını qaydaya salmaq istiqamətində ciddi addımlar ata bildik. 17 fevral 1997-ci ildə ulu öndər məni qəbul etdi və universitetin rektoru vəzifəsinə təyin etdi. Maraqlıdır ki, bu vaxta qədər ali məktəb rektorunu öz əmri ilə bu vəzifəyə Təhsil naziri təyin edirdi. Səhv etmirəmsə, mən ilk rektor idim ki, Prezident Fərmanı ilə təyin olundum. Onda 51 yaşım var idi, xeyli cavan idim. O zamandan 20 ildən çox vaxt keçsə də, həmin dövrdə və indi də o fikirdəyəm ki, alim üçün ən şərəfli və böyük vəzifə Bakı Dövlət Universiteti kimi bir müəssisənin rektoru olmaqdır. Bu məsuliyyəti dərindən dərk edərək və Heydər Əliyev kimi böyük bir şəxsiyyətin etimadını doğrultmaq üçün gecəmi gündüzümə qataraq işləyirdim. Günümün əsas hissəsi tələbə və müəllimlərin arasında olmaq, onların problemləri ilə yerində tanış olub həll etməklə keçirdi. Onu da qeyd edim ki, universitetin kollektivi çox yüksək səviyyəli və mənə doğma olan bir kollektiv idi. Biz bir-birimizi çox tez və yaxşı başa düşürdük. Zarafat deyil, 18 yaşımdan bu böyük kollektivin gözləri qarşısında böyümüşdüm. Birgə səylərimiz nəticəsində universitetdə Heydər Əliyev Muzeyi və Heydər Əliyev Məktəbi yaratdıq. Universitetin böyük akt zalını və mühazirə zallarını əsaslı təmir etdirdik. 1997-si ilin yayında magistraturaya ilk qəbul keçirildi. Həmin il magistraturaya 366 nəfər qəbul edildi. Yaxşı xatırlayıram, ilk illərdə magistraturaya qəbul imtahanlarını universitetlərin müəllimləri aparırdı. İmtahanlarda universitetin bakalavr pilləsində təhsilini başa vurmuş tələbələri iştirak edirdi. Hər ixtisas üzrə plan yerləri məlum idi. Seçimin ədalətli keçməsi məqsədi ilə belə bir addım atdım: Mən yaxşı bilirdim ki, tələbələr qruplarda kimin hansı qiymətə layiq olduğunu daha dəqiq bilirlər. Ona görə də qruplara verilmiş yerlərə kimin layiq olduğunu müəyyən etməyi həmin qrupun müəyyən etməsini tapşırdım. Düşünürəm ki, həmin magistraturaya qəbul məsələsi daha ədalətli həll olundu.

Rektor vəzifəsində cəmi il yarım işlədim. Bu vəzifədə işləyərkən çox çalışdım ki, universitetə Muxtariyyət hüququ verilsin. Bu məsələni dəfələrlə Təhsil Nazirliyi qarşısında qaldırsam da, razılıq ala bilməmişdim. Yaxşı xatırlayıram, 1997-ci ilin mayında Prezident Heydər Əliyevin Qazaxıstana rəsmi səfəri zamanı mən də nümayəndə heyətinin tərkibinə daxil idim. Qazaxıstan Dövlət Universitetində Heydər Əliyevə Universitetin Fəxri Doktoru adı verildi. Həmin tədbirdən çıxanda Heydər Əliyev mənə tapşırdı ki, sən burada qal, bu universitetə Muxtariyyət hüququnun verilməsi ilə bağlı sənədlərlə tanış ol, sonra mənə məlumat verərsən. Elə də etdim, lakin bir nəticə əldə edə bilmədim. 1998-ci il martın 25-də ölkə Prezidentinin fərmanı ilə təhsil naziri vəzifəsinə təyin olundum. Universitetin rektoru vəzifəsinin icrası ölkə rəhbərliyinin razılığı ilə elmi işlər üzrə prorektor, professor Bəhram Əsgərova tapşırıldı. Bəhram müəllim 1999-cu il yanvarın 10-na qədər rektor vəzifəsini icra etdi. 1999-cu il yanvarın 11-də professor Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olundu.  

Həmin illərdə Bakı Dövlət Universitetində aşağıdakı fakültələr fəaliyyət göstərirdi:

1. Fizika fakültəsinin dekanı vəzifəsində professor Rəsul Muradov işləyirdi. Fakültədə "Fizika" ixtisası üzrə kadr hazırlanır, fakültənin məzunlarına "Fizik, fizika müəllimi" kvalifikasiyası verilirdi. Fakültədə 10 kafedra fəaliyyət göstərirdi. Fiziki elektronika kafedrasına professor Əhməd Abdinov, Ümumi fizika kafedrasına dosent Fərrux Rüstəmov, Nəzəri fizika kafedrasına professor İsmət Nəcəfov, Optika və molekulyar fizika kafedrasına professor

Faiq Əhmədov, Yarımkeçiricilər fizikası kafedrasına professor Fizuli Fərəcov, Maddə quruluşu kafedrasına professor Eldar Məsimov, Bərk cisimlər fizikası kafedrasına professor Bəhram Əsgərov, Astrofizika kafedrasına professor İnqilab Aslanov, Kimyəvi fizika kafedrasına professor İsrafil Hüseynov, Riyaziyyat kafedrasına dosent Cabbar Mustafayev rəhbərlik edirdi. Bunlardan əlavə, fakültədə 8 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərirdi. Fakültədə iki nəfər Elmlər akademiyasının müxbir üzvü (Abdulla Muxtarov, Sabir Hacıyev), 28 nəfər elmlər doktoru, professor; 4 nəfər elmlər namizədi professor; 54 nəfər elmlər namizədi, dosent; 4 nəfər elmlər namizədi, baş müəllim; 13 nəfər elmlər namizədi, müəllim; 2 nəfər baş müəllim çalışırdı. 1994-cü il iyunun 1-nə olan məlumata görə, fakültədə 773 nəfər tələbə təhsil alırdı. Son üç ildə fakültə əməkdaşlarının 300 məqaləsi çap olunmuşdu. Professor Bəhram Əsgərovun "Yarımkeçirilərdə elektron köçürmə hadisələri" monoqrafiyası 1993-cü ildə Sinqapurda ingilis dilində, professor Eldar Məsimovun "Nüvə maqnit rezonansı" monoqrafiyası 1993-cü ildə çap olunmuşdu.

Mexanika-Riyaziyyat fakültəsinə  professor Sadiq Abdullayev rəhbərlik edirdi. Fakültədə riyaziyyat və mexanika ixtisasları üzrə mütəxəssislər hazırlanırdı. Məzunlara riyaziyyatçı, riyaziyyat müəllimi və mexanik kvalifikasiyası verilirdi. Fakültədə 10 kafedra fəaliyyət göstərirdi. Riyazi analiz kafedrasına Elmlər Akademiyasının müxbir üzvü Arif Babayev, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasına professor Əmir Həbibzadə, Hesablama riyaziyyatı kafedrasına Elmlər Akademiyasının müxbir üzvü Yəhya Məmmədov, Diferensial və inteqral tənliklər kafedrasına professor Qəmbər Namazov, Cəbr və topologiya kafedrasına dosent Vaqif Qasımov, Həndəsə kafedrasına professor Nazim Abbasov, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasına professor Seyidəli Axıyev, Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasına professor Nadir Süleymanov, Riyaziyyat və onun tədrisi metodikası kafedrasına professor Karlen Xudaverdiyev, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasına professor Rafiq Əmənzadə rəhbərlik edirdi. Fakültədə 2 nəfər Elmlər Akademiyasının müxbir üzvü (Yəhya Məmmədov, Arif Babayev), 19 nəfər elmlər doktoru, professor; 3 nəfər elmlər doktoru dosent; 5 nəfər elmlər namizədi, professor; 48 nəfər elmlər namizədi, dosent; 14 nəfər elmlər namizədi, baş müəllim; 5 nəfər elmlər namizədi, müəllim; 5 nəfər baş müəllim; 2 nəfər müəllim çalışırdı. Fakültədə 1263 nəfər təhsil alırdı. Son üç il ərzində fakültə əməkdaşlarının 150 elmi məqaləsi çap olunmuşdu.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə professor Rizvan Paşayev rəhbərlik edirdi. Fakültədə tətbiqi riyaziyyat və iqtisadi kibernetika ixtisasları üzrə kadr hazırlanırdı. Fakültədə 6 kafedra fəaliyyət göstərirdi. Tətbiqi riyaziyyat kafedrasına akademik Mirabbas Qasımov, Riyazi fizika tənlikləri kafedrasına professor Yusif Məmmədov, Optimallaşdırma və idarəetmə kafedrasına professor Asəf İsgəndərov, Riyazi kibernetika kafedrasına professor Rzabala Fərəcov, Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə kafedrasına akademiyanın müxbir üzvü Cəlal Allahverdiyev, Elektron hesablama maşınları və proqramlaşdırma kafedrasına dosent Ramin Mahmudzadə rəhbərlik edirdi. Fakültədə 1 nəfər Elmlər Akademiyasının həqiqi üzvü (Mirabbas Qasımov), 1 nəfər Akademiyanın müxbir üzvü (Cəlal Allahverdiyev), 7 nəfər elmlər doktoru, professor; 1 nəfər elmlər namizədi, professor; 30 nəfər elmlər namizədi, dosent; 7 nəfər elmlər namizədi, baş müəllim; 4 nəfər baş müəllim; 3 nəfər müəllim çalışırdı. Fakültədə 750 tələbə təhsil alırdı. Həmin müddətdə fakültə əməkdaşlarının 100-dən çox məqaləsi çap olunmuşdu.

Biologiya fakültəsinə dosent Ağavəli İbrahimov rəhbərlik edirdi. Fakültədə biologiya və biokimya ixtisasları üzrə kadrlar hazırlanırdı. Fakültədə 9 kafedra fəaliyyət göstərirdi. Botanika kafedrasına dosent Elşad Qurbanov, Onurğasızlar zoologiyası kafedrasına professor Fərzəli Ağamalıyev, Onurğalılar zoologiyası kafedrasına professor Qara Mustafayev, Mikrobiologiya kafedrasına dosent Rahib Abuşev, Biokimya və biotexnologiya kafedrasına professor Akif Quliyev, Bitki fiziologiyası kafedrasına professor Nemət Qasımov, İnsan və Heyvan fiziologiyası kafedrasına professor Haqverdi Cəfərov, Genetika və darvinizm kafedrasına professor Rauf Quliyev, Biofizika və molekulyar biologiya kafedrasına dosent Xanlar Abdullayev rəhbərlik edirdi. Fakültədə 20 nəfər elmlər doktoru, professor; 39 nəfər elmlər namizədi, dosent; 6 nəfər elmlər namizədi, baş müəllim; 5 nəfər elmlər namizədi, müəllim; 4 nəfər baş müəllim çalışırdı. Fakültənin əyani, qiyabi və axşam şöbələrində 1140 tələbə təhsil alırdı.

Kimya fakültəsinə professor Abel Məhərrəmov rəhbərlik edirdi. Fakültədə kimyaçı və kimya müəllimi ixtisasları üzrə kadrlar hazırlanırdı. Fakültədə 6 kafedra fəaliyyət göstərirdi. Ümumi və qeyri-üzvi kimya kafedrasına professor Məhəmməd Babanlı, Üzvi kimya kafedrasına professor Məmməd Mustafayev, Analitik kimya kafedrasına professor Dəmir Qəmbərov, Fiziki və kolloid kimya kafedrasına professor Əlihüseyn Quliyev, Neft Kimyası və kimya texnologiyası kafedrasına professor Musa Bayramov, Yüksək molekullu birləşmələr kafedrasına professor Vaqif Əhmədov rəhbərlik edirdi. Fakültədə 22 nəfər elmlər doktoru, professor; 33 nəfər elmlər namizədi, dosent; 10 nəfər elmlər namizədi, baş müəllim; 10 nəfər elmlər namizədi, müəllim; 3 nəfər baş müəllim, 1 nəfər müəllim işləyirdi. Həmin dövrdə fakültədə biri xarici ölkə vətəndaşı olmaqla 18 nəfər aspirant var idi. Fakültənin əyani və axşam şöbələrində 719 nəfər tələbə təhsil alırdı. Son beş ildə fakültə əməkdaşlarının 360 məqaləsi çap olunmuşdu. Fakültənin məzunları respublikanın kimya sənayesi müəssisələrində, ali, orta ixtisas və orta məktəblərində, elmi-tədqiqat institutlarında çalışırlar.

Geologiya fakültəsinə dosent Adil Xasayev rəhbərlik edirdi. Fakültədə 4 kafedra fəaliyyət göstərir. Faydalı qazıntılar kafedrasına akademik Vasif Babazadə, Ümumi geologiya və hidrogeologiya kafedrasına dosent Aydın Məsimov, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasına professor Ədhəm Mahmudov, Paleontologiya və tarixi geologiya kafedrasına professor Vahid Ağayev rəhbərlik edirdi. Fakültənin professor-müəllim heyəti 30 nəfərdən ibarət idi. Onlardan 11 nəfəri elmlər doktoru, professor; 1 nəfəri elmlər namizədi, professor; 12 nəfəri elmlər namizədi, dosent; 2 nəfəri elmlər namizədi, baş müəllim; 2 nəfəri müəllim idi. 1 iyun 1994-cü il tarixinə olan məlumata əsasən, fakültənin əyani və qiyabi şöbələrində 306 nəfər tələbə təhsil alırdı. Onların 13 nəfəri xarici ölkə vətəndaşı idi. Fakültədə faydalı qazıntı yataqlarının geoloji axtarışı və kəşfiyyatı; hidrogeologiya və mühəndis geologiyası və geokimya ixtisasları üzrə kadrlar hazırlanırdı. Həmin dövrdə fakültədə 3-ü xarici ölkə vətəndaşı olmaqla 21 nəfər aspirant və dissertant elmi tədqiqat işləri aparırdı. Son beş ildə fakültə əməkdaşlarının 200-ə yaxın məqaləsi çap olunmuşdu.

Coğrafiya fakültəsinə professor Vüsət Əfəndiyev rəhbərlik edirdi. Fakültədə 7 ixtisas üzrə mütəxəssis hazırlanırdı: coğrafiya, hidrologiya, meteorologiya, okeanologiya, kartoqrafiya, tətbiqi geodeziya, təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi. Coğrafiya fakültəsində 6 kafedra fəaliyyət göstərir. Fiziki coğrafiya kafedrasına professor Müseyib Müseyibov, Hidrometeorologiya kafedrasına professor Maqbet Məmmədov, İqtisadi və sosial coğrafiya kafedrasına dosent Tapdıq Həsənov, Geodeziya və kartoqrafiya kafedrasına dosent Rafiq Babayev, Təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi kafedrasına professor Şövqi Göyçaylı, Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası kafedrasına dosent Gülsabah Hacıyeva rəhbərlik edirdi. Fakültədə 1 nəfər akademik, 6 nəfər elmlər doktoru, professor; 2 nəfər elmlər namizədi, professor; 31 nəfər elmlər namizədi, dosent; 5 nəfər elmlər namizədi, baş müəllim; 2 nəfər elmlər namizədi, müəllim; 6 nəfər baş müəllim, 8 nəfər müəllim, bir nəfər assistent çalışırdı. Coğrafiya fakültəsində 7 nəfər aspirant və 6 nəfər dissertant təhsil alırdı. 1 iyun 1994-cü ilə olan məlumata görə, fakültədə 777 nəfər tələbə təhsil alırdı. Fakültənin tədris bazası Xızı rayonunun Altıağac qəsəbəsindəki çöl tədris-təcrübə bazasından və universitetin həyətindəki meteoroloji meydançadan ibarət idi. Fakültənin məzunları orta məktəblərdə, elmlər akademiyasının müvafiq institutlarına çalışırdılar.

Hüquq fakültəsinə dosent Məmmədxan Rəsulov rəhbərlik edirdi. Fakültədə "Hüquqşünas" ixtisası üzrə kadr hazırlanır, təhsil əyani, axşam və qiyabi şöbələrdə Azərbaycan və rus dillərində aparılırdı. Fakültədə 7 kafedra fəaliyyət göstərirdi. Konstitusiya hüququ kafedrasına professor Murtuz Ələsgərov, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasına Elmlər Akademiyasının müxbir üzvü Məsumə Məlikova, Cinayət hüququ kafedrasına professor Tofiq Qafarov, Cinayət prosesi kafedrasına professor Cəfər Mövsümov, Kriminalistika və məhkəmə ekspertizası kafedrasına dosent Kamil Səlimov, Mülki hüquq kafedrasına dosent Yusif Mehdiyev, Mülki proses, əmək və ekologiya hüququ kafedrasına dosent Arif Abbasquliyev rəhbərlik edirdi. Fakültədə 6 nəfər elmlər doktoru, professor; 1 nəfər elmlər doktoru, dosent; 19 nəfər elmlər namizədi, dosent; 13 nəfər elmlər namizədi, baş müəllim; 2 nəfər elmlər namizədi, müəllim; 16 nəfər baş müəllim, 7 nəfər müəllim çalışırdı. Fakültədə 10 nəfər aspirant, 10 nəfər dissertant elmi tədqiqat işləri ilə məşğul olurdu. 1994-cü ilin 1 iyununa olan məlumata görə, fakültədə 1858 nəfər tələbə təhsil alırdı. Son üç ildə fakültə əməkdaşlarının 150-dən çox məqaləsi çap olunmuşdu.

Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə dosent Sədiyar Zeynalov rəhbərlik edirdi. Fakültədə beynəlxalq hüquq, beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika ixtisasları üzrə kadr hazırlanırdı. Fakültədə 3 kafedra fəaliyyət göstərirdi. Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasına dosent Əli Məmmədli, Xarici dil kafedrasına dosent Mominət Ömərova, Beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika kafedrasına professor Ağalar Abbasov rəhbərlik edirdi. Fakültədə 47 nəfər müəllim çalışırdı. Bunlardan iki nəfəri elmlər doktoru, professor; 13 nəfəri elmlər namizədi, dosent; 5 nəfəri elmlər namizədi, baş müəllim; 5 nəfəri baş müəllim, 18 nəfəri isə müəllim idi. Fakültədə 14-ü xarici ölkə vətəndaşı olmaqla 16 nəfər aspirant, 2 nəfər dissertant aktual elmi mövzularda tədqiqat aparırdılar. 1994-cü il iyun ayının 1-nə olan məlumata görə, fakültədə 356 nəfər tələbə əyani təhsil alırdı. Onların 100 nəfəri xarici ölkə vətəndaşları idi. Son üç dərs ilində fakültə əməkdaşlarının 50-dən çox məqaləsi çap olunmuşdu. 1994-cü ildə xarici tələbələrin, 1995-ci ildə isə yerli tələbələrin ilk buraxılışı oldu. Məzunlar Xarici İşlər Nazirliyində, Dövlət Gömrük Komitəsində, Xarici İqtisadi Əlaqələr Nazirliyində və Dövlət Televiziya və Radio Komitəsində işlə təmin olundular.

Tarix fakültəsinə professor Yaqub Mahmudov rəhbərlik edirdi. Fakültədə tarix ixtisası üzrə kadr hazırlanır və məzunlara tarixçi-müəllim kvalifikasiyası verilirdi. Fakültədə 9 kafedra fəaliyyət göstərirdi. Qədim dünya və orta əsrlər tarixi kafedrasına professor Yaqub Mahmudov, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasına professor Ruhulla Orucov, Azərbaycanın qədim və orta əsrlər tarixi kafedrasına professor Süleyman Əlyarov, Azərbaycanın yeni və ən yeni tarixi kafedrasına professor Qurban Bayramov, Şərqi Avropa ölkələri tarixi kafedrasına professor Tofiq Vəliyev, Asiya və Afrika ölkələri tarixi kafedrasına professor Məhəd Sofiyev, Arxeologiya və etnoqrafiya kafedrasına professor Həvil Həvilov, Mənbəşünaslıq, tarixşünaslıq və tarixin tədrisi üsulu kafedrasına professor Mətləb Gülmalıyev, Türk və Qafqaz xalqları tarixi kafedrasına professor Tahir Baxşəliyev rəhbərlik edirdi. Tarix fakültəsində 23 nəfər elmlər doktoru, professor; 2 nəfər elmlər doktoru, dosent; 39 nəfər elmlər namizədi, dosent; 15 nəfər elmlər namizədi, baş müəllim; 5 nəfər baş müəllim, 6 nəfər müəllim çalışırdı. 17 nəfər aspirant, 19 nəfər dissertant tarix elminin müxtəlif sahələri üzrə tədqiqat aparırdılar. Fakültənin əyani, axşam və qiyabi şöbələrındə 1078 nəfər tələbə təhsil alırdı. Son üç ildə fakültə əməkdaşlarının 10 kitabı və 250-dən çox məqaləsi çap olunmuşdu. Fakültənin məzunları orta məktəblərdə, elmi tədqiqat institutlarında, müxtəlif nazirlik və komitələrdə, arxiv və muzeylərdə çalışırdılar.

Sosial Elmlər və Psixologiya fakültəsinə dosent Fazil Vahidov rəhbərlik edirdi. Fakültədə dörd kafedra fəaliyyət göstərirdi. Fəlsəfə və sosiologiya kafedrasına professor Cəmil Əhmədli, Psixologiya kafedrasına professor Əkbər Bayramov, Politologiya kafedrasına professor Həsən Şirəliyev, İqtisadi nəzəriyyə kafedrasına professor Adil Qasımov rəhbərlik edirdi. Fakültədə 65 nəfərdən ibarət professor-müəllim heyəti çalışırdı. Onlardan 3 nəfəri elmlər doktoru, professor; 1 nəfəri elmlər namizədi, professor; 43 nəfəri elmlər namizədi, dosent; 8 nəfəri elmlər namizədi, baş müəllim; 3 nəfəri elmlər namizədi, 4 nəfəri baş müəllim, 3 nəfəri müəllimdir. 4 nəfər aspirant və 14 nəfər dissertant müvafiq elmlər üzrə aktual mövzularda elmi araşdırmalar aparırlar. 1 iyun 1994-cü ilə olan məlumata əsasən, fakültədə 282 nəfər tələbə təhsil alırdı. Fakültənin ilk buraxılışı 1995-ci ildə olmuşdu.

Filologiya fakültəsinə professor Nizami Cəfərov rəhbərlik edirdi. Fakültədə "Azərbaycan dili və ədəbiyyatı" və "Rus dili və ədəbiyyatı" ixtisasları üzrə kadr hazırlanır, məzunlara "Filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi" və "Filoloq, rus və ədəbiyyatı müəllimi" kvalifikasiyası verilirdi. Fakültədə 13 kafedra fəaliyyət göstərirdi. Azərbaycan dilçiliyi kafedrasına professor Kamil Vəliyev, Türkologiya kafedrasına professor Tofiq Hacıyev, Azərbaycan dili və onun tədrisi kafedrasına professor Yusif Seyidov, Ümumi dilçilik kafedrasına professor Musa Adilov, Azərbaycan ədəbiyyatı tarixi kafedrasına professor Əliyar Səfərli, Müasir Azərbaycan ədəbiyyatı kafedrasına professor Cəlal Abdullayev, Folklor kafedrasına professor Azad Nəbiyev, Dünya ədəbiyyatı tarixi kafedrasına professor Cəlil Nağıyev, Şərqi slavyan və türk xalqları ədəbiyyatı kafedrasına professor Şamil Qurbanov, Rus ədəbiyyatı tarixi kafedrasına professor Aqil Hacıyev, XX əsr rus ədəbiyyatı və nəzəriyyəsi kafedrasına professor Seyfulla Əsədullayev, Rus dilçiliyi kafedrasına professor Lalə Quliyeva, Rus dili kafedrasına professor Almaz Səmədova rəhbərlik edirdi. Fakültədə 33 nəfər elmlər doktoru, professor; 1 nəfər elmlər namizədi, professor; 37 nəfər elmlər namizədi, dosent; 20 nəfər elmlər namizədi, baş müəllim; 5 nəfər elmlər namizədi, müəllim; 21 nəfər baş müəllim, 23 nəfər müəllim çalışırdı. Fakültədə 8 nəfər aspirant və 42 nəfər dissertant dilçiliyin, ədəbiyyatşünaslığın aktual mövzuları üzrə tədqiqat işi aparırdılar. Fakültənin əyani, axşam və qiyabi şöbələrində 1191 nəfər tələbə Azərbaycan və rus dillərində təhsil alırdı. Son üç ildə fakültə əməkdaşlarının 800-dən çox məqalə, 20-yə qədər kitabları çap olunmuşdu. Fakültənin məzunları elmi-tədqiqat institutlarında, ali və orta məktəblərdə, texnikumlarda, nəşriyyatlarda, radio və televiziyada çalışırdılar.

Şərqşünaslıq fakültəsinə dosent Elxan Əzizov rəhbərlik edirdi. Fakültənin Azərbaycan və rus bölmələrində ərəb, fars, türk, ibri dilləri və ədəbiyyatı ixtisasları üzrə mütəxəssis hazırlanırdı. Fakültədə 3 kafedra fəaliyyət göstərirdi. Ərəb Filologiyası kafedrasına Elmlər Akademiyasının müxbir üzvü, professor Vasim Məmmədəliyev, İran filologiyası kafedrasına professor Mirzə Rəhimov, Türk filologiyası kafedrasına dosent Rüfət Rüstəmov rəhbərlik edirdi. Fakültədə 10 nəfər elmlər doktoru, professor; 2 nəfər elmlər namizədi, professor; 15 nəfər elmlər namizədi, dosent; 1 nəfər elmlər namizədi, baş müəllim; 16 nəfər baş müəllim, 11 nəfər müəllim çalışırdı. Fakültədə 4 nəfər aspirant, bir nəfər dissertant aktual elmi mövzular üzrə elmi-tədqiqat işi aparırdılar. Fakültənin əyani və axşam şöbələrində, Azərbaycan və rus dillərində 431 nəfər tələbə təhsil alırdı. Son üç ildə fakültə əməkdaşlarının 100-dən çox elmi məqaləsi və kitabları çap olunmuşdu. Fakültənin məzunları respublikanın ali, orta və orta ixtisas məktəblərində, Elmlər Akademiyasının Şərqşünaslıq, Əlyazmaları, Tarix, Ədəbiyyat, Dilçilik institutlarında, Xarici işlər Nazirliyində, xarici ölkələrdəki səfirliklərimizdə işləyirdilər.

Jurnalistika Fakültəsinə dosent Akif Rüstəmov rəhbərlik edirdi. Fakültədə "Jurnalist" ixtisası üzrə kadrlar hazırlanırdı. Fakültədə 3 kafedra fəaliyyət göstərirdi. Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasına professor Famil Mehdi, Tərcümə, televiziya və radiojurnalistika kafedrasına dosent Yalçın Əlizadə, Mətbuat Tarixi kafedrasına dosent Cahangir Məmmədov rəhbərlik edirdi. Fakültədə 3 nəfər elmlər doktoru, professor; 2 nəfər elmlər namizədi, professor; 9 nəfər elmlər namizədi, dosent; 1 nəfər elmlər namizədi, baş müəllim; 2 nəfər baş müəllim çalışırdı. 4 nəfər aspirant, 1 nəfər dissertant aktual mövzularda elmi-tədqiqat işləri aparırdılar. Fakültənin əyani və qiyabi şöbələrində 328 nəfər tələbə təhsil alırdı. Son üç ildə fakültə əməkdaşlarının 200-dən çox məqaləsi dərc olunmuşdu. Fakültənin məzunları Prezident aparatında, Ali Sovetdə, Nazirlər Kabinetində, nazirlik və komitələrin mətbuat xidməti şöbələrində, kütləvi informasiya vasitələri sistemində çalışırdılar.

Kitabxanaçılıq fakültəsinə dosent Xəlil İsmayılov rəhbərlik edirdi. Fakültədə respublikanın kitabxanaları, biblioqrafiya müəssisələri və kitab ticarəti təşkilatlarında işləmək üçün yüksək ixtisaslı kitabxanaçı biblioqraf  və kitab əmtəəşünasları hazırlanırdı. Fakültədə dörd kafedra fəaliyyət göstərirdi. Kitabxanaşünaslıq kafedrasına professor Abuzər Xələfov, Kitabxana fondu və kataloqların təşkili kafedrasına Tacəddin Quliyev, Biblioqrafiya kafedrasına professor Zöhrab Əliyev, Kitabşünaslıq və kitab ticarətinin təşkili kafedrasına professor Bayram Allahverdiyev rəhbərlik edirdi. Fakültədə 2 nəfər elmlər doktoru, professor; 1 nəfər elmlər namizədi, professor; 13 nəfər elmlər namizədi, dosent; 8 nəfər baş müəllim, 4 nəfər müəllim çalışırdı. 3 nəfər aspirant və 3 nəfər dissertant aktual mövzular üzrə elmi tədqiqat aparırdı. 1994-cü il iyun ayının 1-nə olan məlumata görə, fakültənin əyani, axşam və qiyabi şöbələrində Azərbaycan və rüs dillərində 1158 nəfər tələbə təhsil alırdı.

İlahiyyat fakültəsinə Elmlər Akademiyasının müxbir üzvü Vasim Məmmədəliyev rəhbərlik edirdi. Fakültənin yaradılması və fəaliyyəti Universitetlə Türkiyənin Diyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında mümkün olmuşdu. Yaxşı xatırlayıram, hələ təhsil nazirliyində işləyərkən məşhur islamşünas, Türkiyə Diyanət Vəqfinin qurucusu, İslam Ensiklopediyasının və Türkiyə İslam Araşdırmaları Mərkəzinin baş direktoru, professor Təyyar Altıkulaçla dəfələrlə görüşmüşdük və Azərbaycanda Diyanət Vəqfinin dəstəyi ilə Lisey və İlahiyyət fakültəsinin yaradılması haqqında fikir mübadiləsi aparmışdıq. Mən universitetə prorektor vəzifəsinə qayıtdıqdan sonra hər iki məsələ öz müsbət həllini tapdı. İlahiyyat fakültəsi universitetin 6 nömrəli yataqxanasında yerləşdirildi. Diyanət Vəqfi həmin binanı əsaslı təmir etdirdi və zəruri avadanlıqla təmin etdi. Fakültənin məzunlarına dinşünas-ərəb dili müəllimi kvalifikasiyası veriləcəyi nəzərdə tutuldu. Fakültədə iki kafedra fəaliyyət göstərirdi. Fakültədə ilk illərdə iki kafedranın olacağı nəzərdə tutulmuşdu. Dillər Fakültəsinə Akademiyanın müxbir üzvü Vasim Məmmədəliyev, İslamşünaslıq kafedrasına Təyyar Altlkulaç rəhbərlik edirdi. İslamşünaslıq fənnini Türkiyənin Mərmərə Universitetinin müəllimləri Təyyar Altıkulaç, professor Kamal Atik, professor Cəlal Ərbay aparırdılar. 1995-ci ildə fakültədə 120 nəfər tələbə təhsil alırdı.

Hazırlıq fakültəsinə professor Ələddin Mahmudov rəhbərlik edirdi. Hazırlıq fakültəsində məcburi köçkün və qaçqınlar, Azərbaycanın müstəqilliyi və suverenliyini qorumaq yolunda, erməni təcavüzkarlarına qarşı aparılan müharibədə yaralananlar və əlil olanlar, şəhid olanların övladları, azsaylı xalqların və etnik qrupların nümayəndələri, müharibə bölgələrindən olan şəxslər təhsil alırdılar. Fakültənin dinləyicilərlə kompleksləşdirilməsi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının apardığı test əsasında həyata keçirilirdi. 1994-cü ilin iyun ayının 1-nə olan məlumata görə, hazırlıq fakültəsində 172 nəfər dinləyici təhsil alırdı.

Xarici tələbələrin təhsili üzrə fakültəyə professor Şahlar Əsgərov rəhbərlik edirdi. Həmin dövrdə fakültədə 254 nəfər xarici ölkə vətəndaşı təhsil alırdı. Onlar rus dili dərslərini öz fakültələrində, digər dərsləri isə uyğun fakültələrdə keçirdilər. Fakültənin doktorantura və stajkeçmə şöbəsində 33 nəfər xarici ölkə vətəndaşı məşğul idi. Onlardan 27 nəfəri aspiranturada, 4 nəfəri magistraturada, 2 nəfəri isə aspiranturada oxumaq üçün hazırlıq keçirdi. Fakültədə bir kafedra-rus dili kafedrası fəaliyyət göstərirdi. Kafedranın müdiri vəzifəsində dosent Ədibə Paşayeva işləyirdi.   

Ümumuniversitet kafedraları 

Müstəqilliyin ilk illərində universitetdə 16 ümumuniversitet kafedrası fəaliyyət göstərirdi. Onlardan üçü yeni yaradılmış psixologiya, politologiya və iqtisadi nəzəriyyə kafedraları sosial elmlər və Psixologiya fakültəsinin tərkibinə daxil edilmişdilər.

Təbiət fakültələri üzrə siyasi tarix kafedrasına professor Seyfəddin Qəndilov, Humanitar fakültələr üzrə siyasi tarix kafedrasına professor Səfiyar Musayev, Təbiət fakültələri üzrə fəlsəfə kafedrasına professor Fuad Qasımzadə, Humanitar fakültələr üzrə fəlsəfə kafedrasına professor Həmin Zeynalov, Fəlsəfə tarixi və dinşünaslıq kafedrasına professor Məmmədəli Zeynalov, Etika və estetika kafedrasına professor Tariyel Əhmədov, Pedaqogika kafedrasına dosent Nübar Muxtarova, Təbiət fakültələri üzrə xarici dil kafedrasına professor Həsən Əliyev, Humanitar fakültələr üzrə xarici dil kafedrasına dosent Abbas Abbasov, Təbiət fakültələri üzrə rus dili kafedrasına dosent Mikayıl Cəfərov, Hərbi hazırlıq kafedrasına polkovnik Məmməd Beydullayev, Mülki müdafiə kafedrasına Firuzə Xıdırova, Bədən tərbiyəsi və idman kafedrasına dosent Akif Atakişiyev rəhbərlik edirdi.

Beləliklə, müstəqilliyin ilk illərində Bakı Dövlət Universiteti ciddi iqtisadi və siyasi problemlərlə qarşılaşsa da, hər zaman olduğu kimi öz tarixi missiyasını uğurla yerinə yetirmək istiqamətində böyük fədakarlıq və əzmkarlıqla fəaliyyətini davam etdirdi. Yaxşı xatırlayıram, 1993-cü ilin yazında baş vermiş Gəncə hadisələrini BDU-nun Elmi Şurası qiyam adlandırmış, 1995-ci ilin mart hadisələri zamanı dövlətin mövqeyini müdafiə edərək öz sözünü demişdi.

 





12.11.2019    çap et  çap et