525.Az

Vüqar Gülməmmədov: “Dövlət büdcəsində sosial yönümlü xərclər artıb”


 

Vüqar Gülməmmədov: “Dövlət büdcəsində sosial yönümlü xərclər artıb”<b style="color:red"></b>

“Büdcənin proqnozlaşdırılması çox çətin və mürəkkəb prosesdir. İlin əvvəlində nəzərdə tutulmayan və gözlənilməyən xərclərin icra prosesində meydana çıxması dövlət büdcəsində ehtiyat vəsaitlərin nəzərdə tutulmasını zərurətə çevirir”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun büdcə ilə bağlı hazırladığı rəyi təqdim edərkən deyib.

Onun sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur: “Eyni zamanda, 2020-ci ilin dövlət büdcəsində xərclərin həcmi 2019-cu ildəkinə nisbətən artacaq. Bu isə dövlətin sosial yönümlü xərclərinin artması ilə bağlıdır. Növbəti ilin dövlət büdcəsində sosial yönümlü xərclər ən böyük həcmə malikdir”.

Hesablama Palatasının sədri vurğulayıb ki, 2020-ci ilin dövlət büdcəsi layihəsi yeni vahid büdcə təsnifatına əsasən tərtib edilmiş ilk büdcədir: “Növbəti ildən qüvvədə olacaq təsnifat dövlət maliyyəsinin beynəlxalq metodologiyaya uyğunlaşması istiqamətində uğurlu addımlardan biridir”.

O qeyd edib ki, növbəti il həm mərkəzləşmiş, həm də yerli gəlirlərdə artım proqnozlaşdırılır: “Hesablama Palatası tərəfindən hazırlanan rəydə büdcə layihəsinin icrası ilə bağlı 30-a yaxın tövsiyə verilib”.

 

 





12.11.2019    çap et  çap et