525.Az

Xarici mediada Ermənistanda faşistlərin qəhrəmanlaşdırılmasına dair məqalə


 

Xarici mediada Ermənistanda faşistlərin qəhrəmanlaşdırılmasına dair məqalə <b style="color:red"></b>

"Moderndiplomacy" portalında Ermənistanda Qaregin Njde də daxil olmaqla faşist və ya terrorist ermənilərin adlarının əbədiləşdirilməsi, heykəllərinin ucaldılması və beləliklə, onların qəhrəmanlaşdırılması haqqında məqalə yayımlanıb.
 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin və mərkəzin eksperti Vasif Hüseynovun müəllifi olduğu məqalədə  irqçi ideologiyaları gücləndirən və cəmiyyətə təhlükəli mesajlar verən bu cür əməllər tənqid olunur.

Müəlliflər ilk öncə ziddiyyətli tarixi şəxslərin, yerli əhaliyə amansız qəddarlıq nümayiş etdirmiş müstəmləkə liderlərinin, faşistlərlə əlbir olub günahsız insanların qətlinə səbəb olmuş müharibə cinayətkarlarının və s. adının bu və ya digər şəkildə əbədiləşdirilməsinə qarşı dünyanın bir çox ölkəsində geniş vüsət almış etiraz aksiyasına diqqət çəkir. Bildirilir ki, bu heykəllər yalnız tarixi sənət nümunəsi deyil, keçmişi tərənnüm edir,  ziddiyyətli tarixi şəxsi və ya siyasəti yaddaşlarda canlı saxlayır, insanların düşüncələrinə və həyata baxışlarına xüsusi şüuraltı təsir etməklə həm də indiki zaman və gələcək üçün mesajlar ötürür.

Məqalə müəllifləri qeyd edir ki, baxmayaraq ki, bu mübahisələr Cənubi Qafqaz üçün yeni deyil, lakin MDB-nin Aşqabaddakı sammitində Prezident İlham Əliyevin çıxışından sonra yenidən aktuallıq qazanıb və geniş müzakirələrə səbəb olub: "Həmin sammitdə Prezident İlham Əliyev Ermənistanda nasistlərlə birlikdə minlərlə insanın qətlində iştirak etmiş Garegin Njdeyə paytaxt Yerevanda abidə qoyulmasını sərt tənqid edib və bunu müharibə qurbanlarının xatirəsinə hörmətsizlik kimi qiymətləndirib.

Müəlliflər Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidentinin tənqidindən sonra utanmadan Njdeni müdafiə etməsini pisləyiblər. Məqalədə ermənilərin ali irq olduğunu iddia edən Tseghakronism adlı təhlükəli ideologiyanın yaradıcısı olan Njdenin qəhrəmanlaşdırılması və beləliklə müasir dövrdə onun irqçi düşüncələrinin yaşadılması və yayılması Cənubi Qafqazda sülh üçün ciddi bir mane kimi qiymətləndirilib".

Məqalə müəllifləri təəssüflə qeyd edirlər ki, Qaregin Njde ermənilər tərəfindən xatirəsi əbədiləşdirilən yeganə müharibə cinayətkarı deyil: "Ermənilər, həmçinin, dünyanın müxtəlif yerlərində türk diplomatlarını qətlə yetirən ASALA terrorist təşkilatının liderlərinə də ölkənin müxtəlif yerlərində abidələr ucaldıb və onları qəhrəman kimi təqdim edib.  Məsələn, ASALA-nın aparıcı fiqurlarından olan Monte Melkonyana nəinki abidələr qoyulub, həmçinin, onun adı təhsil müəssisələrinə və fondlara verilib və beləliklə yeni nəslin onu tanımasına və rəğbət bəsləməsinə şərait yaradılıb".

Oxşar şəkildə məqalədə Gürcüstanın Cavaxetiya bölgəsində Xocalı qətliamında iştirak etmiş erməni hərbçi Mixail Avagyana abidə qoyulması tənqid olunub. BMTM ekspertləri diqqəti xüsusi olaraq o fakta çəkir ki, bu abidənin sırf Azərbaycanlıların matəm günü 20 Yanvarda açılması ermənilərin xalqımıza qarşı kin və nifrətinin göstəricisidir.

Müəlliflər tərəfindən bildirilib ki, müharibə cinayətkarlarının, faşistlərin və terroristlərin bu şəkildə milli qəhrəman elan edilməsi nəinki ATƏT-in Minsk Qrupu tərəfindən aparılan sülhün bərpa edilməsi təşəbbüslərinə mane olur, eyni zamanda, bu qanlı əməllərə haqq qazandırır və yeni nəsillərə onları örnək kimi təbliğ edir. Dünyada ziddiyyətli şəxslərin şərəfinə ucaldılmış abidələrin dağıdılması aksiyasından nümunə götürərək ermənilərin də bu cinayətkarların adının əbədiləşdirilməsinə son qoyması tövsiyə olunur. "Bu Ermənistan və onun türk qonşuları arasındakı münasibətlərin normallaşması, münaqişələrin həlli və bölgədə sülhün bərpa edilməsi üçün faydalı başlanğıc olardı", - deyə müəlliflər qeyd edir.

S.QARAYEVA

 





13.11.2019    çap et  çap et