525.Az

Qarabağın yerli əhalisi deyərkən oradakı azərbaycanlı icmasını unutmaq yolverilməzdir


 

Qarabağın yerli əhalisi deyərkən oradakı azərbaycanlı icmasını unutmaq yolverilməzdir<b style="color:red"></b>

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfər zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi fikirlər səsləndirib.

Məlumat üçün bildirək ki, Lavrovun səfərindən əvvəl Rusiya XİN İrəvandakı görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə ediləcəyini bildirmişdi. Lavrov İrəvanda bəyan etdi ki, Rusiya bundan sonra da həm ATƏT çərçivəsində, həm də Rusiya-Ermənistan-Azərbaycan formatında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ən aktiv vasitəçilik fəaliyyətini davam etdirəcək. O bildirib ki, Dağlıq Qarabağ nizamlanması barədə danışarkən tərəflər arasında danışıqların fəal və konstruktiv irəliləməsi üçün səylərin aktivləşdirilməsinin vacibliyi vurğulanıb: "Biz mövcud razılaşmaları, o cümlədən, bu ilin aprelində Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin və üç həmsədrin görüşündə əldə olunmuş razılaşmaları nəzərə almaqla gərginlik zonasının zəiflədilməsi üçün növbəti addımların zəruriliyini təsdiq etdik. Nazirlər tərəfindən razılaşdırılmış bu addımların reallaşdırılmasını davam etməyi vacib hesab edirik".

Lakin Lavrovun "Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq" açıqlaması Azərbaycanda ciddi narazılıqla qarşılanıb. Məlumdur ki, "Dağlıq Qarabağ xalqı" ifadəsi yoxdur, Qarabağın azərbaycanlı və erməni icması var. Burada da məhz Qarabağ icması ifadəsi vurğulanmalı idi.

Məsələ ilə bağlı Azərbaycan XİN-də açıqlama ilə çıxış edib. Açıqlamada deyilir ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir.  "Hər zaman qeyd etdiyimiz kimi, bir daha vurğulamaq istərdim ki, yalnız bu bölgədən didərgin salınmış azərbaycanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki, azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bunun üçün isə ilk növbədə, münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı və Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır", - deyə XİN-in mətbuat xidmətinin məlumatında vurğulanır.

Mövzu ilə bağlı danışan politoloq Zaur Məmmədov deyib ki, son zamanlar Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında maraqsız olan qüvvələrin fəallaşması, onların iki dost ölkə arasındakı münasibətlərə xələl gətirilməsi istiqamətindəki atdıqları addımlar bizim ekspertlər tərəfindən ciddi şəkildə təəssüf doğurmaqdadır. Rusiya XİN rəhbərinin İrəvandakı mətbuat konfransında faktiki olaraq Ermənistanın baş nazirinin sözlərini təkrarlaması, Qarabağın yerli əhalisinin əvvəllər danışıqlar masasında olduğunu, sonra isə, Petrosyan tərəfindən sülh danışıqlarında formatın dəyişilməsinin, lakin indi də danışıqlarda Qarabağ sakinlərinin fikrinin vacib olduğunu dilə gətirməsi üzücüdür. Politoloq bildirib ki, Lavrovun da nəzərinə çatdırmaq lazımdır ki, birincisi, Qarabağın yerli əhalisi deyərkən oradakı azərbaycanlı icmasını unutmaq yolverilməzdir. İkincisi, yenilənmiş Madrid prinsiplərinin sonuncu bəndinə əsasən Qarabağda referendum işğal altındakı ətraf rayonların qaytarılmasından və azərbaycanlı məcburi köçkünlərin Qarabağa köçürülməsindən sonra baş tutmalıdır. Beynəlxalq hüququn tələbinə əsasən, muxtar vilayətlər ümumrespublika konstitusiyasını poza, dövlətin paytaxtının icazəsi olmadan birtərəfli şəkildə müstəqillik elan edə bilməzlər. Bunu İspaniya Kataloniyadakı birtərəfli referendumun nəticələrini tanımayaraq və separatçıların liderlərini həbs edərək sübut etdi. "İndiki halda Qarabağın yekun statusundan danışmaq danışıqlar prosesinə xələl gətirəcək məsələdir. Dünyanın 120 dövlətinin Ermənistanı işğalçı kimi tanımasını, beynəlxalq hüququn məhz Ermənistan tərəfindən pozulmasını nəzərə alaraq, məhz İrəvan ilk əvvəl mərhələli həll variantı haqqında düşünməli, Madrid prinsiplərinin ilkin mərhələlərində qeyd olunmuş - ətraf rayonları Azərbaycana qaytarmalıdır.

Xüsusilə xatırladırıq ki, şimal qonşumuzun siyasi istemblişmentində Qarabağla bağlı iki mövqe formalaşmışdır. Daha güclü olan birinci mövqeyə əsasən, Qarabağın status-kvosu dəyişməməli, ətraf rayonlar məsələsi də olduğu kimi qalmalıdır. Bu mövqeni ənənəvi olaraq XİN dəstəkləyir. İkinci mövqeyə əsasən, - Ağdam, Fizuli və daha 2-3 rayon qaytarılmalı, bunun əvəzində isə, Azərbaycan Avrasiya İttifaqı və KTMT-ya daxil olmalıdır", - deyə politoloq fikirlərini tamamlayıb.

PƏRVANƏ

 





13.11.2019    çap et  çap et