525.Az

Cavid ömrünün salnaməsi - Vaqif Yusifli yazır


 

Cavid ömrünün salnaməsi - <b style="color:red">Vaqif Yusifli yazır </b>

Azərbaycan ədəbiyyatını Hüseyn Cavidsiz təsəvvür etmək qeyri-mümkündür. Necə ki, bu ədəbiyyatı Nizamisiz, Xaqanisiz, Nəsimisiz, Füzulisiz, Axundovsuz, Mirzə Cəlilsiz, Sabirsiz, Cabbarlısız, Səməd Vurğunsuz təsəvvür etmək olmaz. Heç Şərq ədəbiyyatını, hətta dünya ədəbiyyatını da Cavidsiz düşünmək mümkün deyil.

Cavid sənətinə və şəxsiyyətinə böyük ehtiram bəsləyən, onun əsərlərinin nəşri, təbliği və tədqiqi sahəsində saysız işlər görən insanları da unutmaq olmaz. Abdulla Şaiq, Hənəfi Zeynallı, Məmməd Cəfər, Əli Sultanlı, Qulam Məmmədli, Abbas Zamanov, Yaşar Qarayev, Məsud Əlioğlu, Rafael Hüseynov, Azər Turan, Əbülfəz İbadoğlu, Zahid Əkbərov və əlbəttə, şairin qızı Turan Cavid.

Cavidə böyük sevgisini təkcə həm sözdə, həm də əməldə nümayiş etdirən bir Azərbaycan ziyalısının da adını çəkmək istəyirəm. H.Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru, istedadlı ədəbiyyatşünas Gülbəniz Babaxanlı neçə ildən bəri zövq və fədakarlıqla Cavid irsinin nəşri, təbliği və tədqiqi ilə məşğuldur.

Gülbəniz xanımın redakiorluğu və tərtibi ilə son illərdə, mən deyərdim, Cavidin əsərlərinin ən kamil beşcildliyi oxuculara çatdırılıb. Yenə də Gülbəniz Babaxanlının və Aybəniz Əliyeva Kəngərlinin birgə redaktorluğu ilə "Hüseyn Cavid: sənət və sənət yolu" biblioqrafik nəşri hazırlanıb. Nəhayət, ən sanballı bir iş: bütöv bir əsr ərzində Hüseyn Cavid sənəti və şəxsiyyəti haqqında yazılan məqalələr, resenziyalar, xatirələr çoxcildlik "Cavidşünaslıq" adlı toplularda əbədiləşir (bundan əvvəl həmin toplular müxtəlif saylı cildlərdə öz əksini tapmışdı).

"Cavidşünaslıq" kitablarının nəşri bir neçə baxımdan əhəmiyyətlidir. Azərbaycan ədəbi ictimaiyyəti və cavidsevərlər ilk dəfə olaraq Cavid yaradıcılığının tənqiddə, ədəbiyyatşünaslıqda necə əks olunduğunu bütün mənzərəsi ilə görəcəklər. Cavid barəsində söz açan elə müəlliflər olub ki, onlar ya unudulublar, ya da məqalələrindən oxucuların xəbəri yoxdur. Bəlkə elə bu kitabları nəşr etdirməklə (bu proses indi də davam edir) Gülbəniz xanım günlərin birində "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" monoqrafiyası barədə düşünürmüş. İndi iki hissədən ibarət həmin monoqrafiya cavidşünasların stolüstü kitabına çevrilib (2010 və 2017-ci illərdə çap edilib). Həm birinci, həm də ikinci kitabda Cavid yaradıcılığının keçən əsrin iyirminci illərindən başlayaraq Azərbaycan ədəbiyyatşünaslığında tədqiq olunması praktiki şəkildə öz ifadəsini tapır. Burada müəyyən bölgülər təqdim edilir: Hüseyn Cavidin ədəbi fəaliyyətinin ən qızğın dövrlərinin-iyirminci-otuzuncu illərin ictimai-siyasi və ədəbi mənzərəsi haqqında geniş məlumat verilir. Həmin dövrdə Cavidin dram əsərləri teatrların səhnələrində oynanılır və Azərbaycan səhnəsinin şöhrətini artırırdı. İyirminci illərdən başlayaraq Hüseyn Cavidin Cavidin əsərləri ədəbi tənqidin hədəfinə çevrilir, amma Cavid sənətinə sosioloji, sinfi nöqteyi-nəzərdən qiymət verilir və bu yazılarda vulqar sosiologizmin, proletkultçuluğun əlamətləri qabarıq nəzərə çarpırdı. Bununla yanaşı, Cavidin əsərlərinə münasibətdə obyektiv mövqeyi ilə seçilən məqalələr də diqqəti cəlb edirdi Abdulla Şaiqin, Hənəfi Zeynallının məqalələrində onun pyesləri geniş təhlil olunur və bunun bədii cəhətdən necə həll olunması öz əksini tapırdı. Otuzuncu illərdə də Cavid yaradıcılığına sinfi-siyasi, proletkultçuluq və vulqar sosiologizm nöqteyi-nəzərindən yanaşma davam edir. O, nə yazırsa, nədən yazırsa, dəxli yoxdur, hər əsəri ilk növbədə, proletar ədəbiyyatının arşını ilə ölçülürdü. Otuzuncu illəri Cavid yaradıcılığının ən məhsuldar dövrü hesab etmək olar. Bu illərdə Cavid "Azər" poemasını bitirir, "Telli qız", "Səyavuş", "Şəhla", "İblisin intiqamı", "Xəyyam" dramlarını qələmə alır. G.Babaxanlı otuzuncu illərdə ədəbi tənqiddə Hüseyn Cavidə ikili münasibəti ifadə edən məqalələrə müraciət edir. Bir tərəfdən onun yeni yazmış olduğu "Knyaz" və "Səyavuş" pyesləri qismən inqilabi ruhlu əsərlər hesab edilir və Hüseyn Cavidin doğrudan da "dəyişildiyindən" söz açılır, digər tərəfdən isə o, hələ də suçlanır, ona "hey köhnə şair, gözlərindən o köhnə gözlüyü endir" kimi müraciətlər olunurdu. Məsələn, İ.Cahangirov adlı bir müəllif heç cür Hüseyn Cavidi dərk etmək istəmir, onu türkçülük ideyalarına sadiq qaldığını tənqid edirdi. Ümumiyyətlə, Hüseyn Cavid yaradıcılığına marksist tənqidin mövqeyindən yanaşılması adi hal almışdı və bu da təbii idi. Və nəticədə, belə bir müddəa ortaya çıxırdı: 1936-cı ildə Mehdi Hüseyn yazmışdı ki: "Əcəba, Hüseyn Cavid inqilab epoxasının sənətkarı hesab oluna bilərmi? Daha doğrusu, Cavid bir sənətkar olaraq, öz əsrinin irəlidə gedən, proqressiv, bizim camaatımızın proqressinə yardım edə bilən sənətkarmıdır? Bu suala aydın və qəti cavab veririk: Cavid bütün ədəbi çəkisinə, böyük istedadına, geniş ədəbi yaradıcılığına baxmayaraq, inqilab epoxasının şairi deyildir".

Gülbəniz Babaxanlı cavidşünaslığın bir elm kimi formalaşmasını Hüseyn Cavidin "qayıdışından" sonra başlandığını qeyd edir və zənnimizcə, burada həqiqəti ifadə edir. Çünki bəzi istisnalar nəzərə alınmazsa, 20-30-cu illərdə Hüseyn Cavid yaradıcılığı ilə bağlı münasibətin daha çox qərəzli olduğu meydana çıxır. Babaxanlı qeyd edir ki, Cavid elə bir sənətkardır onun yaradıcılılığının tədqiqi bir çox problemləri də əhatə edir. Caviddən yazmaq XX əsr Azərbaycan ədəbiyyatının iki mühüm dövrünün-həm inqilabdan əvvəlki dövrün, həm də 20-30-cu illərin mürəkkəb və ziddiyyətli dövrünün mənzərəsindən yazmaq deməkdir. Caviddən yazmaq XX əsr Azərbaycan romantizminin ən gərəkli bir qanadından söz açmaq deməkdir, çünki nə Cavid yaradıcılığını romantizmsiz, nə də romantizmi Cavidsiz düşünmək olmaz. G.Babaxanlı yazır ki, Cavidşünaslığın bir elm kimi formalaşması 50-ci illərin sonlarından başlansa da, əsasən 60-cı illərdə start götürür və 90-cı illərə qədər davam edir. İlk növbədə, Hüseyn Cavidin həyat və yaradıcılığı ilə geniş oxucu kütlələri tanış olur, sonra Hüseyn Cavidin ayrı-ayrı əsərlərinin elmi təhlili prosesi başlayır və nəhayət, Cavidin əsərlərinin teatra qayıdışı təmin olunur. G.Babaxanlı bu mərhələdə akademik Məmməd Cəfərin "Hüseyn Cavid" monoqrafiyası üzərində geniş dayanır. Qeyd edir ki, "Hüseyn Cavid" monoqrafiyası sovet dövründə yazılmışdı, ona görə də görkəmli ədəbiyyatşünas bəzi ştamplardan xilas ola bilməmişdi. Amma ümumilikdə, "Hüseyn Cavid" monoqrafiyası cavidşünaslığın zəngin ədəbi irsinin geniş oxucu kütlələrinə çatdırılmasında fövqəladə bir rol oynadı və Caviddən yazan tədqiqatçılar üçün də bir mənbə rolunu oynadı. G.Babaxanlı tanınmış ədəbiyyatşünaslardan Əli Sultanlının, Qulam Məmmədlinin, Əkbər Ağayevin, Cəfər Cəfərovun, Mehdi Məmmədovun, Abbas Zamanovun, Yaşar Qarayevin, Məsud Əlioğlunun, Əbülfəz İbadoğlunun, Zahid Əkbərovun, İsa Həbibbəylinin, Timuçin Əfəndiyevin, Vəli Osmanlının və başqalarının əsərləri üzərində dayanır. Yaşar Qarayevin və Məsud Əlioğlunun bir cavidşünas kimi formalaşdığını, Mehdi Məmmədovun böyük sənətkarın yaradıcılığı ilə bağlı qiymətli mülahizələrinin təsirsiz qalmadığını xüsusi qeyd edir. "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" monoqrafiyasının ikinci cildində cavidşünaslığın daha konseptual problemləri araşdırılır. Xüsusilə Hüseyn Cavid romantizminin tədqiqində yeni mərhələnin başlandığını Məmməd Cəfərin, Yaşar Qarayevin və İsa Həbibbəylinin tədqiqatlarında izləyir.

 Hüseyn Cavid yaradıcılığında romantik qəhrəman problem də cavidşünasların diqqət mərkəzində olub. Xüsusilə, Məsud Əlioğlunun "Hüseyn Cavidin romantizmi" monoqrafiyası və Kamran Əliyevin tədqiqatlarında bu problem müəyyən dərəcədə öz elmi həllini tapır. Son olaraq bu problemi Kamran Əliyevin Azərbaycan romantizminə həsr etdiyi monoqrafiyalarında görürük. Onun "Azərbaycan romantizminin poetikası" monoqrafiyasında belə bir fəsil var: "Lirik qəhrəman". K.Əliyev Cavidin şeirlərində və pyeslərində əsas bir nöqtəyə toxunur: "Hüseyn Cavidin bir çox lirik şeirlərində, "Ana" pyesindən "Xəyyam"a qədər bütün dramlarında məhəbbət və sevgi süjetləri mühüm yer tutur. Lakin bu süjetlər hər əsərdə bir cürdür, bir formadadır" (yəni müxtəlifliyi ilə seçilir). K.Əliyev Cavidin dramaturgiyasında simvolik obrazlar haqqında əhəmiyyətli fikirlər söyləyir (gül, çiçək, çinar, sərv, bağça, xiyaban atributlarından söz açır). Hüseyn Cavid bütün yaradıcılığı boyu gözəllik və məhəbbəti tərənnüm etmiş, eşq fəlsəfəsini əsərlərində əbədi bir ideya kimi irəli sürmüşdür.

Həl qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir allahı var,
Mənim tanrım gözəllikdir, sevgidir.

Bu xüsusda Məsud Əlioğlunun və Yaşar Qarayevin tədqiqatları oxucuya geniş informasiyalar aşılayır.

Hər iki kitabda G.Babaxanlı "Cavid və teatr" fəsillərini təqdim edir. Deyək ki, bu mövzunun özü bir neçə cildlik elmi əsərə sığışar. "Cavid teatrı" anlayışını ilk dəfə görkəmli sənətşünas Cəfər Cəfərov işlətmişdir. Onun özü də bu anlayışın geniş şərhini vermiş, Cavid teatrını Azərbaycan teatrının zirvəsi hesab etmişdir. Daha sonralar Mehdi Məmmədov, Yaşar Qarayev, Əkbər Ağayev kimi tədqiqatçılar Cavid teatrının özəl xüsusiyyətlərindən söz açmışlar. G.Babaxanlı Hüseyn Cavidin əsərlərinin tamaşaya qoyulduğu illəri, ayları nəzərimizə çatdırır. İlk dəfə - 1918-ci il, 2 avqustda Cavidin "Maral" faciəsi Krımda tamaşaya qoyulmuşdur. Elə həmin il, oktyabr ayında "İblis" əsəri Aşqabadda oynanılıb. Azərbaycanda isə, 21 dekabr 1920-ci ildə Dövlət teatrında "İlis" faciəsi tamaşaya qoyulub və bundan sonra Azərbaycan teatrlarının repertuarında Hüseyn Cavidin əsərləri demək olar ki, Bakıda-Dövlət Teatrında birincilik qazanmışdır. Sonra məlum repressiya illəri buna mane olmuş, yalnız 1934-cü ildə "Səyavuş" Dövlət Teatrında tamaşaya qoyulmuşdu. Cavid bəraət qazanandan sonra teatrlar yenidən onun pyeslərinə müraciət etmişlər. 1956-cı il, sentyabr ayında "Şeyx Sənan" yeni quruluşda tamaşaya qoyulur.Cavidin pyesləri təkcə Bakıda deyil, Lənkəranda, Naxçıvanda da oynanılıb. Mehdi Məmmədovun quruluş verdiyi "İblis" tamaşası isə Azərbaycan teatrının böyük uğurlarından biri idi.

Gülbəniz Babaxanlının "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" toplularında ən maraqlı fəsil Cavid haqqında xatirələri əks etdirir. Müəllif yazır ki, Cavid haqqında ilk xatirənin müəllifinin kim olduğunu müəyyənləşdirmək mümkün deyil, lakin əldə olan materiallar kifayət qədərdir. Əziz Şərifin "Keçmiş günlər" memuarında Cavidin həyatı, şəxsiyyəti, ədəbi mühiti, əsərlərinin Bakı və Tiflis teatrlarında tamaşaya qoyulması və onun atası və özüylə dostluğu barədə çoxlarına məlum olmayan faktlarla, məlumatlarla qarşılaşırıq. Ən yaxın dostu Abdulla Şaiqin "Xatirələrim" kitabında da Cavid şəxsiyyəti ilə bağlı maraqlı fikirlər öz əksini tapır. Həmçinin, Mircəlal müəllimin, Camo Cəbrayılbəylinin, Mirmehdi Seyidzadənin, Mirzə İbrahimovun, Qulam Məmmədlinin, Rəsul Rzanın, Mişkinaz Cavidin, Dilbər Axundzadənin, Cavidin tələbələri olmuş Mehdi Məmmədovun, Ədil İsgəndərovun xatirələri də bu böyük şəxsiyyəti bizə hərtərəfli tanıdır.

Gülbəniz Babaxanlının "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" adlı iki cildlik monoqrafiyası müasir ədəbiyyatşünaslığın yeni bir uğurudur. Amma onun əsas uğuru "Cavidşünaslıq" toplularıdır. Növbəti məqaləmizdə bu toplulardan ətraflı söz açılacaq.

 





14.11.2019    çap et  çap et