525.Az

Yaxşılıq etmək üçün dünyaya gəlmiş insan: professor Əlövsət Abdullayev


 

Yaxşılıq etmək üçün dünyaya gəlmiş insan: <b style="color:red">professor Əlövsət Abdullayev </b>

Kim nə deyir desin, sovetlərin də yaxşı qaydası çox idi. Mən 1961-1964-cü illərdə Rusiyanın Kamçatka deyilən uzaq bir vilayətində sovet ordusunda xidmət etmişəm.

Sovetlərin dediyim yaxşı qaydalarından biri bu idi ki, əgər əsgər ali təhsil almaq istəsəydi, əsgərlik müddətinin sonuncu - üçüncü ilində ona qəbul imtahanı üçün xüsusi icazə verilirdi. Avqust ayında qəbul imthanı verirsən, qəbul olsan, ordudan təxris edilirsən, qəbul olmasan, geri dönüb ordu müddətini başa vurursan. Mənim o uzaq Kamçatkadakı "urus" komandirlərim 1964-cü ilin qəbul imtahanlarına xüsusi səylə hazırlaşdığımı bilirdilər və mənə bu imtahanlar üçün icazə vəd edirdilər. Və mən sənədlərini yığıb Bakıya - Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Filologiya fakültəsinə göndərdim. Universitetdən bu sənədlərin poçtdan alınıb-alınmaması cavabı çox çəkdi və nəhayət, Universitetin yerləşdiyi o zamankı Kommunist küçəsindəki ADU-nun qarşısında olan o poçtdan mənim üçün ağır bir xəbər gəldi. Poçta mənə teleqram vurmuşdu: "Azərbaycan Dövlət Universitetindən sizin sənədlərinizi gəlib aparmırlar". Bu, mənim üçün ağır xəbər idi, ona görə ki, sənədlərimin qəbul olunmaması məni ən azı bir il geri salırdı. Mən universitetə belə bir teleqram vurdum: "Sizdən acizanə xahiş edirəm ki, mənim sənədlərimi Universitetin qarşısındakı rabitə şöbəsindən qəbul edəsiniz". Bircə gün keçdi və mənə həmin poçtdan yeni bir teleqram gəldi: "Universitet sizin sənədlərinizi apardı". Əlbəttə, bu, bir xoşbəxtlik idi. Amma Kamçatkanın yay zamanı idi və əsgər üçün təyyarəyə bilet tapılmadı. Əgər gəmi ilə Vladivostoka, oradan qatarla Bakıya gəlsəm, bu, təxminən 22-23 gün vaxt aparardı. Deməli, mənim qəbul imtahanına çatmağım mümkün olmayacaqdı. Əlacsız qalıb gəmi ilə altı günə  Vladivostoka gəldim və bu şəhərin aeroportunda bilet satan cavan bir qız mənim yalvarışımdan sonra mənə Vladivostok - Sverdlovsk - Bakı reysinə bilet verdi. On bir saatın müddətinə Bakıya düşdüm. Və səhərisi gün həvəslə Universitetə gəldim. Ona görə həvəslə ki, əsgərə verilən 22 günlük yolu on bir saata gəlmişdim, indi iyulun 11-i idi və mən arxayınca qəbul imtahanlarına bir az da hazırlaşa bilərdim... Univeristetin idman zalında hələ sənəd qəbulunun qızğın bir çağı idi və Filologiya fakültəsinin Jurnalistika şöbəsinə sənəd qəbul edən gənc bir qız - sonralar mənə dərs deyəcək Ceyran Əbdürrəhimova mənim uzaq Kamçatkadan gələn əsgər oğlan olduğumu bilən kimi: - Ay oğlan -  dedi - qaç Filologiya fakültəsinin dekanının yanına, bizə tapşırıb ki, sən gələn kimi onun yanına gedəsən.

Sənədlərin qəbulu "Nizami-49"da, Filologiya fakültəsi "Kommunist" küçəsində. Axtarıb tapdım o fakültəni. Onda mən universitet strukturu deyilən heç nə bilmirdim, bircə onu bilirdim ki, "dekan" böyük adamdır. Və mən bu "böyük" adamı görmək həvəsilə binanın küçəyə açılan qapısından içəri girirəm, axtarıb dekanlığı tapıram. Qəbul otağında yaşlı bir qadın oturub, qədim makinada nəsə yazır və  əsgər paltarında olan bu cavan oğlanı görən kimi:

- Olmaya o Kamçatkadan sənəd göndərən oğlansan? - deyə soruşdu.

- Mənəm - dedim.

Qadın əlinin altındakı kağızlardan birindən nəsə oxuyub bir də mənə sarı:

- Əlövsət müəllim - sənə görə bizi bərk danlayıb - dedi - sənin sənədlərini poçtadan almağı gecikdirmişdik. Biləndə ki, sən Kamçatkadan bura sənəd göndərmisən və biz o sənədləri hələ gedib almamışıq, bizi tüccar elədi - qadın mənim mat-mat baxdığımı görüb gülümsədi və sözünə davam etdi:

- Əlövsət müəllim bizə tapşırmışdı ki, sən gələn kimi onun yanına gedəsən. Məncə, qəbul imtahanında sənə kömək etmək istəyirdi. Amma bəxtin gətirmədi. Dekan təcili Moskvaya ezamiyyətə gedib, imtahanlara çatmayacaq.

- Eybi yoxdur - dedim - imtahandan sonra gələrəm onun yanına.

Otaqdan çıxdım və bəxtimdən gileylənə-gileylənə o isti avqust günlərinin imtahanlarını özüm verdim. I kursun lap ilk həftəsində o yaşlı qadın Nadya xanım bir gün gəlib müəllimdən icazə alıb məni dekanın - Əlövsət müəllimin yanına apardı. Dekan cavan bir adam idi. Nurlu sifəti, işıqlı, gülümsər gözləri, sakit hərəkəti. Məni öz masasının qarşısındakı stula dəvət etdi, üzümə baxıb dilləndi:

- Yaman uzaqda qulluq eləmisən - dedi - o boyda yolu gəlməyə oğul istəyir.

Sonra mən bu cavan dekana (öyrəndim ki, onun 44 yaşı var) hərbidə necə qulluq etdiyimi, o yolları necə gəldiyimi, qəbul imtahanlarını necə verdiyimi, universitet yataqxanasında yer aldığımı danışdım.

- Sənə qəbulda kömək etmək istəmişdim, ancaq təəssüf ki, burda olmadım. Sənədlərinə baxdım, imtahanlardan yüksək qiymətlər almısan. Ədəbiyyat yazıdan, şifahidən "əla" almısan, görünür, yaxşı hazırlaşmısan, problemin olsa, utanma, düz yanıma gəl - dedi və biz xudahafizləşdik...

Filologiya emləri doktoru, professor, fakültənin o zamankı dekanı Əlövsət Abdullayevlə ilk tanışlığım belə başladı. Azərbaycan dilçilik elminin korifey siması,  Filologiya fakültəsinin sayılıb-seçilən professoru Əlövsət Abdullayev öz insanlıq ləyaqəti ilə hər kəsin hörmət etdiyi bir insan idi. Belə böyük bir alim, belə böyük bir insan şəhərə düşdüyüm o ilk qərib günlərimdən mənə atalıq əlini uzatdı.

Əlövsət müəllim əslən şamaxılı idi. 1920-ci ildə Şamaxının qədim Məlikçobanlı kəndində doğulmuşdu. Ömrünün uzun illərini Bakıda yaşasa da, doğma kəndinə, bu kəndin sadə adamlarına çox bağlı idi. Sonralar mən bir neçə dəfə əziz müəllimimlə bu kəndə gəlmişəm və bu kəndin camaatının - uşaqdan böyüyə hər kəsin onu məhəbbətlə qarşıladığının şahidi olmuşam. Əlövsət müəllim belə anlarda bir az kövrələrdi, ürəyindən keçəni dilə gətirərdi:

- Bu kəndin camaatı böyük-kiçik sayan, kəndə əli çatmayanları görəndə məhəbbətlə qarşılayan, bir-birinə kömək əli uzadan insanlardı - və sonra kövrək bir səsilə: - uşaqlıq illərimin çətin anlarını keçirdiyim, elə uşaqlıq illərindən üzübəri həmişə sevgilərini gördüyüm bu adamların dərdinə qalmaq, ehtiyacları olan köməyi etmək keçir ürəyimdən - dedi - amma neyləyəsən ki, hər köməyin, hər problemin həlli əlimdə olmur axı...

Bu sözlər doğulduğu, böyüdüyü, dağlı, dərəli bu yaşıl kəndə əziz müəllimimin ürəkdən gələn sevgisinin ifadəsi idi. Və hiss edirdim ki, Əlövsət müəllim, onsuz da bu kəndə əlindən gələn köməyi heç vaxt əsirgəməyib.

Əlövsət Avdullayev iki ünvanda - Məlikçobanlıda və Ucarın Yuxarı Şilyan kəndində orta məktəbdə oxumuşdu. Çox qəribədir, Ucarın Şilyan kəndini mən də yaxşı tanıyıram. Keçmiş tələbələrimdən bir neçəsi bu kəndin adamları olub. Bu kəndin adamları haqqında həmişə yaxşı fikirlər eşitmişəm. Sonra mən Əlövsət müəllimin orta məktəbi bu kənddə bitirdiyini onun bioqrafiyasından biləndə ağlıma qəribə bir fikir gəldi. Tanrı Əlövsət müəllimin taleyinə - uşaqlıq, gənclik dövrünə ağır müharibəli illər salsa da, o, həmişə yaxşı adamların əhatəsində olub. Deməli, Tanrının sevgisi həmişə mənim müəllimimin üstündə olub.

Əlövsət Abdullayev lap orta məktəbdən ədəbiyyata, doğma dilə sevgi hissi ilə yaşayıb və elə bu duyğular onu əvvəlcə Şamaxı Pedaqoji Texnikumuna gətirib. Buranı bitirəndə ədəbiyyatımıza və dilimizə o böyük sevgisi onu Azərbaycan Dövlət Universitetinə, sonralar bütöv bir ömür həsr etdiyi Filologiya fakültəsinə gətirir. Amma o zaman "Böyük Vətən müharibəsi" dediyimiz o dünya savaşı tələbə Əlövsətin təhsilini yarımçıq qoyur. O, müharibəyə, döyüş cəbhəsinə yola düşür. Müxtəlif cəbhə xətlərində döyüşən 22 yaşlı bu əsgər savaşdan ciddi yara alır və ordudan təxris olunur. Ancaq nə qədər çətin olsa da, yaraları sağalan kimi yenidən kəndə qayıdır. 1942-1946-cı illərdə dörd il doğma Məlikçobanlı kəndində bir vaxtlar şagirdi olduğu məktəbə direktor təyin edilir. Ancaq ədəbiyyatımıza, dilimizə olan sonsuz marağı Əlövsəti yenidən ADU-da təhsilini davam etdirməyə çağırır. Və o, 1950-ci ildə artıq Filologiya fakültəsinin məzunu olur. Elə həmin il aspiranturaya qəbul olur və bundan sonra onun elmi-pedaqoji fəaliyyəti başlayır.

Əlövsət Abdullayevin elmi-pedaqoji fəaliyyəti Azərbaycan dilçiliyi ilə bağlıdır. Həmişə şahidi olmuşuq ki, bu filoloq dilçiliyin ən çətin sahəsinin tədqiqini öz üzərinə götürüb. Dilçiliyin az qala bütün sahələri Əlövsət müəllimin tədqiqat obyektidir. Onun dissertasiya mövzuları - həm namizədlik, həm də doktorluq mövzuları fundamental xarakter daşıyır. Aspiranturada oxuduğu üç il ərzində "Müasir Azərbaycan dilində xüsusiləşmələr" kimi indiyədək heç kimin qələm vurmadığı mürəkkəb, orijinal və aktual bir mövzuda dissertasiya müdafiə edir. Müdafiədən cəmi bir neçə il sonra - 1962-ci ildə bu alim - pedaqoqu Universitetin ən qədim fakültəsinə - Filologiya fakültəsinə dekan seçirlər. Bütün universitetin etimadını doğruldan bu cavan oğlan 1963-cü ildə dilçilik elminin daha bir aktual mövzusunda - "Azərbaycan dilində tabeli mürəkkəb cümlələr" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Əlövsət müəllimin bu əsərləri sonralar ayrı-ayrı dərslik və dərs vəsaitləri kimi nəşr olundu və bu kitablar tələbələrin, müəllimlərin bütöv bir nəslinin elmi sahəsinə çevrildi. Beləliklə, Əlövsət Abdullayevin özünəməxsus dilçilik məktəbi yarandı. Onunla bir dövrdə filologiya elminin ən çətin sahələrini tədqiq edən akademik Ağamusa Axundov Əlövsət müəllimi "çətin mövzular tədqiqatçısı" adlandırırdı. Azərbaycan filoloji elminin böyük alimləri - akademik Tofiq Hacıyev, akademiyanın müxbir üzvü, ləyaqətli, orjinal alim Yaşar Qarayev, yeni nəslin nümayəndələri İsmayıl Məmmədov, Kamil Vəli Nərimanoğlu, Elbrus Əzizov... kimi alimlər Əlövsət Abdullayevi özlərinə məktəb sanırdılar.

Əlövsət Abdullayev 1962-1997-ci illərdə Filologiya fakültəsində dekan işlədi. 1972-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin prorektoru oldu. 1967-1985-ci illərdə isə ömrünü həsr etdiyi Azərbaycan dilçiliyi kabedrasının müdiri oldu.

Mən bu tarixləri dəqiqliyi ilə niyə yadda saxlamışam? Çünki o, dekan olanda mən Filologiya fakültəsindəki Jurnalistika şöbəsinə qəbul olmuşam. Azərbaycan dilçiliyi kafedrasında onun öz tövsiyəsi ilə mətbuat dili ilə bağlı namizədlik dissertasiyası işləyib, müdafiə etmişəm. O, Universitetin prorektoru olanda mənim talismanın, Jurnalistika fakültəsinin dekanı Şirməmməd Hüseynovun təklifi ilə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasına birbaşa baş müəllim keçmişəm (Baş laborantlıqdan birbaşa baş müəllim keçmək hər kəsə nəsib olmurdu). Qalan bütün dövrdə güclü bir himayədarım kimi ona və Şirməmməd müəllimə arxayın olmuşam.

Əlövsət Abdullayev çox insanpərvər adam idi. Müxtəlif yüksək vəzifələrdə çalışdığı Bakı Dövlət Universitetində heç kim, heç vaxt onun əsəbiləşdiyini görmədi. O, ən mürəkkəb münaqişəli pöroblemlərdən tutmuş hər şeyi səbirlə, təmkinlə həll etməyə çalışardı. O zaman Filologiya fakültəsində özündən deyən, iddialı, tələbəyə təmənnalı münasibətləri ilə hamının yaxşı tanığdığı "müəllimləri" də yola verməyə, onları düz yola çəkməyə çalışırdı. Heç vaxt yadımdan çıxmaz: O zaman tələbələrdən biri dərs zamanı iddialı bir  müəllimin cümlə təhlillərindəki səhvlərinə bir neçə dəfə düzəliş etdiyinə görə həmin müəllim imtahan vaxtı onu gözümçıxdıya salmışdı. Halbuki əgər həmin tələbə bu müəllimin iddialı olduğunu bilməyib (I kursda) ona düzəlişlər edirdisə, deməli, savadlı tələbəydi və ona ancaq gizli intiqam hissilə qeyri-kafi qiymət verilmişdi. Onda mən həmin iddialı müəllimin işlədiyi kafedranın müdiri Əlövsət Abdullayevə özüm müraciət etdim, məsələni ona danışdım. O da tələbəni qəbul edib dedi: Get bir az da hazırlaş, səndən imtahanı özüm qəbul edəcəm. Və bir neçə gündən sonra Əlövsət Abdullayev o iddialı müəllimi necə başa salmışdısa, o müəllim əvvəlcə qeyri-kafi yazdığı tələbəyə birbaşa əla qiymət verdi.

Əlövsət müəllimi mənə doğmalaşdıran daha bir fakt var və bu fakt mənim üçün çox qiymətlidir. Əlövsət müəllimin qardaşlarından biri - Şakir Abdullayev Azərbaycan jurnalistikasında misilsiz yeri olan "Bakı" axşam qəzetində şöbə müdiri vəzifəsində çalışırdı. Bu qəzetin baş redaktoru Nəsir İmanquliyev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində hələ 1940-cı illərin sonundan müəllim işləyirdi. O, 1964-1968-ci illərdə mənim ən sevimli müəllimim olmuş, 1968-ci ildən isə mən onunla bir kafedrada işləmişəm. Nəsir müəllim "Bakı" axşam qəzetində bizə əsl praktik jurnalist dərsi keçib həyata hazırlamışdı. İntensiv şəkildə əməkdaşlıq etdiyim bu qəzetdə mənim Şakir Abdullayev kimi bir ustadım var idi. Onun mənə hörmət və qayğısı, əlbəttə, daha çox Əlövsət müəllimə görə idi.

Şakir Abdullayev məşhur felyeton ustası idi və jurnalistika sahəsində sayılıb-seçilən peşakar kimi tanınırdı. Mən Şakir müəllimi böyük qardaşım, ustadım kimi bu gun də  minnətdarlıqla xatırlayıram.

Əlövsət müəllimin daha bir qardaşı - Əlikram Abdullayev Azərbaycanın ünlü politoloq alimləri sırasındadır. O, 1967-ci ildə Azərbaycan Dövlət Universitetində müəllim kimi işə başlayanda ilk dəfə Jurnalistika şöbəsində bizim kursa dərs dedi. Biz onunla müəllim-tələbə dostluğu edirdik və bu dostluğun xətrinə mən elə o zamanın özündə də heç kimə yaramayan "Elmi kommunizm" fənnini əməlli-başlı öyrənmişdim. O vaxtdan əziz dostum olan Əlikram müəllim bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Ali İdarəetmə Akademiyasında prorektor vəzifəsində çalışmaqdadır.

Əlövsət müəllimin daha bir qardaşı - Əbülhəsən Abdullayev uzun illər BDU-nun Mikrobiologiya kafedrasının dosenti kimi çalışıb. Bu da bizim eyni təhsil müəssisəsindəki işbirliyimiz. Bu gün də iş yoldaşları Əbülhəsən müəllimi ən əziz xatirələrlə yad edirlər.

Bu gün Universitetin Filologiya fakültəsində vaxtilə Əlövsət müəllimin müdiri olduğu kafedraya onun qızı Sənubər xanım rəhbərlik edir. Mən hər dəfə bu isredadlı xanımı - filologiya elmləri doktoru, professor Sənubər xanımı görəndə sanki əziz, doğma müəllimimi görürəm. Bu da bir tale qismətidir. Əlövsət müəllimin varisi Universitetimizin dəhlizlərində hər görüşdə bizə onu xatırladır və biz bu istedadlı xanımın varlıından təsəlli tapırıq.

Əlövsət müəllimi bu gün də Universitetin Filologiya fakültəsində sevgi və hörmətlə xatırlayırlar. Akademik Nizami Cəfərov onun haqqında dərin hörmət və minnətdarlıq hissilə danışır: "Əlövsət müəllim bu dünyaya ancaq yaxşılıq eləməyə gəlmişdi. Fakültədə və Universitetdə yaşlı nəsildən elə bir insan tapmaq çətindir ki, onun haqqında söhbət düşəndə ürək sözlərini deməsin. Əlövsət müəllim Azərbaycan dilçiliyinə təkcə bir alim kimi deyil, həm də bir vətəndaş kimi xidmət edirdi. Onun alimlik və vətəndaşlıq ləyaqətini bütün Universitet qiymətləndirirdi". Mənə elə gəlir ki, təkcə dilçiliyimizin inkişafı sahəsində deyil, bütövlükdə Azərbaycan və habelə türk dünyası ictimai fikrində elmi ictimaiyyətin hörmətlə qarşıladığı Nizami Cəfərov kimi bir alimin yetişməsindəki roluna görə də Əlövsət müəllimin qiymətini vermək olar.

Azərbaycan dilçilik elmində öz dəsti-xətti olan, Azərbaycan dilçiliyi kafedrasının dosenti İsmayıl Məmmədov mənim tələbəlik illərimin dostudur. Mən Universitetin birinci kursunda oxuyanda o da üçüncü kursdaydı və biz yataqxanada bir otaqda qalırdıq. İsmayıl elə həmin vaxtda Əlövsət müəllimin elmindən, insanlığından, tələbəyə qayğısından ağız dolusu danışardı. İsmayıl müəllimlə bizim dostluğumuz bu gün də elə o zamankı kimi davam edir və onun Əlövsət müəllim haqqında fikirləri çox maraqlıdır. İsmayıl müəllim deyir: "Mən Universiteti bitirəndə təyinatla Şamaxı məktəblərindən birinə müəllim getdim. Amma Əlövsət müəllim mənim dilçiliyə marağımı yaxşı bilirdi deyə cəmi iki ildən sonra məni Filologiya fakültəsinə, özünün rəhbərlik etdiyi kafedraya müəllim dəvət etdi. Mən o gündən bu günə- yəni düz əlli ildən çoxdur ki, həmin kafedranın əməkdaşıyam. Əlövsət müəllim həyatımı qurmağımda mənim dayağım olub. İndi də biz bir iş görəndə əvvəlcə düşünürük:  Əlövsət müəllim buna necə baxardı? O, bizə güclü bir kömək əli idi, məsləhət yeri idi".

Mən Universitet həyatımda qəribə bir hissə malikəm: Əlövsət müəllimə hörməti olan hər kəs mənə doğma və əzizdir.

Faktlardan da göründüyü kimi, məni əziz və doğma Əlövsət müəllimlə min bir tellər bağlayır. Bu tellər heç vaxt köhnələ bilməz, qırıla bilməz, çünki o tellərin bünövrəsini ömrümdə əbədi izi qalan Əlövsət müəllim özü qoyub. Mən bu gün onun ruhu qarşısında baş əyirəm və övladlarıma, nəvələrimə, yaxınlarıma qürurla bildirirəm: bu dünyada yaxşı nəyim varsa, hamısına görə doğmalarımla, müqəddəslərimlə birlikdə üç böyük insana borcluyam. Əlövsət Abdullayevə, Nəsir İmanquliyevə və Şirməmməd Hüseynova!        

 





14.11.2019    çap et  çap et