525.Az

Tarixlər yaşıdı cavan Siyəzən - Araşdırma


 

Tarixlər yaşıdı cavan Siyəzən - <b style="color:red">Araşdırma </b>

Araşdırıcılar, tədqiqatçılar Siyəzən sözünün etimologiyasını yüz yerə yozsalar da, axır fikirləri bir olub: söz bütövlükdə "qara su" anlamını bildirir ki, bu da həmin ərazidə çıxarılan neftə işarədir...

Tarixi mənbələrdə Azərbaycanın şimal hissəsində neft barədə ilk məlumat orta əsrlərin erkən çağına - V əsrə gedib çıxır.

Tarixin ən qədim dövrlərindən insan məskəni olmuş bu yerlərdən kimlər gəlib keçməmişdir? Sasani şahları - Qubad, İsfəndiyar - Nuşirəvan, ərəb sər-kərdələri Mərcan, Cora, səlcuq türkləri Qara Tegen, Sultan Mahmud, Çingiz xanın qoşunları, Toxtamış, Teymurləng, Giray xan, çərkəzlər, rus Stepan Razinin quldur dəstəsi.

Bu torpaqda başdan-binədən yurd-yuva salmış yerli sakinlərin ocaqları, yanan çıraqları dəfələrlə sönsə də, xalqın qəhrəmanlığı, döyüşkənliyi, əlbir mübarizəsi işğalçıları, qəsbkarları doğma yurddan qovub çıxartmış, özlərinin milli dövlətlərini - kaspilərin, massagetlərin, Şirvanşahların, tarixin sonrakı dövrlərində səfəvilərin, əfşarların, qacarların dövlətlərini yaratmışdır.

***

Siyəzən rayonu müstəqil Azərbaycanın tarixi Şirvan bölgəsinin Xızı-Bərmək mahalı ərazisində yerləşir. Bir inzibati rayon olaraq Siyəzən rayonu ilk dəfə 1940-cı il fevralın 11-də təşkil edilmişdir. Ərazisi və əhalisi əsasən Xızı-Bərmək mahalından olan Siyəzən rayonu 1959-cu il dekabrın 4-də keçmiş Dəvəçi rayonu ilə birləşdirilmişdir.

Siyəzən rayonu 1992-ci il fevralın 2-də yenidən bərpa edilmişdir. Siyəzən rayonu Samur-Dəvəçi ovalığında, Xəzərin sahilindədir. Sahəsi 703,4 kv. km, əhalisi təxminən 40 min nəfərdir. Rayonun mərkəzi 1909-1913-cü illərdə tikilmiş, vaxtilə təkcə Qızılburun adlı dəmiryolu stansiyasından ibarət olan indiki Siyəzən şəhəridir.

Kəşfiyyat xarakterli arxeoloji qazıntılar zamanı Siyəzən yaxınlığında, Xəzər dənizi sahilində orta əsrlərə aid qədim Qızılburun yaşayış məskəninin xarabalıq qalıqları, daş qutu qəbirlər, XI-XII əsrlərə aid çoxsaylı saxsı məmulatlar aşkar edilmişdir. "Qızılburun" sözünün mənşəyi buradakı insan burnuna bənzər qırmızı süxurlu təpələrlə əlaqədardır. Siyəzən şəhəri 1941-1954-cü illərdə şəhər tipli qəsəbə olaraq rəsmən Qızılburun adlandırılmışdır. Hazırda Bakı-Rostov-Don dəmiryol xəttinin Siyəzən şəhərində yerləşən stansiyası yenə Qızılburun adlanır. Siyəzən adlı dəmiryol stansiyası isə cənubda - 10 km Bakıya tərəf olan Beşdam kəndindədir. Siyəzən şəhərində Ulu Öndər Heydər Əliyevin, dahi sənətkarımız Cəfər Cabbarlının heykəli, nakam şairimiz Mikayıl Müşfiqin büstü, Böyük Vətən Müharibəsində (1941-1945) həlak olan və Qarabağ uğrunda şəhid düşən həmyerlilərimizin xatirəsinə abidələr ucaldılmışdır.

***

Azərbaycanın xəritəsində yüksək dağ zirvəsi Dübrardan Xəzər dənizinə qədər dilim şəklində uzanan Siyəzən bölgəsinin hər cür təbii zənginliyə malik iqlimi və torpaqları var. Məhz elə bu çox əlverişli təbii şəraitinə görə də Siyəzən ərazisində ən qədim insan məskənlərinə, ilk orta əsrlərin şəhər və qalalarına, bu yaşayış məntəqələrini qoruyan müdafiə istehkamlarının, sədlərin, divarların qalıqlarına rast gəlmək olar.

Qozağacı taxtasında bir vaxt üzüm bağları salarkən kotanın torpağı çevirdiyi şumun içərisindən daş çapacaq və boyunbağı muncuqlar tapılmışdır.

Xələc kəndinin qəbiristanlığı yanında Altıağac yolunu genişləndirərkən çapılan qayadan islamdan əvvəlki dövrlərə aid daş hörmə və üstü qapaqlı qəbirlər aşkar edilmişdir.

Taxtakörpü ətrafında ibtidai icma yaşayış məskənləri olan yeraltı daxmalardan və onun yaxınlığındakı çınqıl karxanası boyu ərazilərdən qədim Alban küp qəbirlərinə bənzər dibi enli, ağızı dar olan quyu qəbirlər də bu bölgənin uzaq keçmişindən, ulu tarixindən bu günümüzə gəlib çatan maddi mədəniyyət nümunələrindəndir.

***

Rayonun ərazisindəki ən maraqlı arxeoloji abidələrdən biri "Beşbarmaq"dır. Xəzər dənizi sahilində, Dəvəçi-Bakı dəmiryolunun sağ tərəfində yerləşən və beş çılpaq zirvədən ibarət olan bu abidəyə xalq arasında "Xıdırzində baba" və yaxud "Xıdırzində dağı" da deyirlər.

Abbasquluağa Bakıxanov öz məşhur "Gülüstani-İrəm" əsərində yazır ki, "Quranda adı çəkilən Məcməülbəhreyn, yəni iki dəniz qovşağı Şirvan vilayətində olmuşdur. Musa və Xızır peyğəmbərlərin səxrəsi (qayası) da ordadır. Adına və əlamətlərinə görə bu qaya Xıdırzində ola bilər". A.Bakıxanov öz fikrini şərh edərkən başqa müəlliflərin də bu barədəki elmi mülahizələrinə əsaslandığını qeyd edir.

İfadənin tərkibindəki "zində" sözü tat dilində "sağ", "diri" mənasını verir. Bu da qədim Şərq folklorunda adı tez-tez çəkilən "abi-zəmzəm" - "dirilik suyu" içmiş Xıdır (Xızır) peyğəmbərə işarədir. Ona görə də bəzi tarixi məxəzlərdə Beşbarmaq zirvəsi "Xızır peyğəmbərin səxrəsi" (qayası) adlanır.

Abidə ətrafında aparılan arxeoloji qazıntılar onun tarixini IV-VII əsrlərə aparıb çıxarır. Azərbaycan Sovet Ensiklopediyasında Beşbarmaq səddi haqda oxuyuruq: "...Təqribən dördüncü - yeddinci əsrlərə aid müdafiə səddi. Beşbarmaq dağının ətəklərindən Xəzər dənizinə qədər uzanırdı. Səddin bir hissəsi qalır. Dağın ətəyində daşlardan, düzənlikdə iri çiy kərpicdən tikilmiş sədd bir-birindən iki yüz metr aralı iki divardan ibarət idi. Alban tarixçisi Movses Kalankatlı Beşbarmaq səddinin Sasani padşahı Yəzdegirdin dövründə (438-57) çəkildiyini göstərib. Beşbarmaqda qala və karvansara da olmuşdur..."

Dövrünün tanınmış alimi, XVI əsr Almaniyada olan xırda feodal dövlətlərindən birinin - Holştiniya hersoqunun sarayında çalışan Adam Oleari 1636-cı ildə qırx dəvə, otuz araba, səksən atdan ibarət böyük bir karvanla Dərbənddən Şamaxıya gedərkən karvan yolunun üstündə olan "Barmax" dağı haqqında çox maraqlı məlumat verir. Səyyah göstərir ki, dekabrın 24-də Beşbarmaq qayasının yaxınlığına çatdıq. O, buradakı orta əsr karvansarasını nəzərdə tutaraq yazır ki, biz bura çatan kimi dağın dibindəki "açıq həyətə daxil olduq". Adam Oleari yerli əhalinin "karvansara", "sığınacaq" adlandır-dıqları bu cür "həyətlərin" və sığınacaqların bu ölkədə lap çox olduğunu göstərir. Səyyah yazır ki, "bu karvansara kvadrat şəkilli böyük daşlardan tikilmiş çox qədim binadır. O, dördkünc formada tikilib və hər divarın uzunluğu 42 addımdır".

Ertəsi gün əcnəbi qonaq bir neçə yoldaşı ilə Beşbarmaq dağına qalxır. Bununla əlaqədar olaraq səyyah ilk əvvəl bu dağın adının mənasını açmağa səy göstərir. Dağın Xəzər dənizindən iki muşket gülləsi məsafədə olduğunu qeyd edir. Yazır ki, "dağdakı köhnə divar uçuqlarının xarabalarına əsasən belə bir qənaətə gəlmək olar ki, burada güman ki, əla bir bina və yaxşı istehkam varmış. Uca Barmaq qayasının ətəyində əlli kvadrat  sajen böyüklüyündə düz bir yer var ki, buranı qalın divarlar və dörd qüllə əhatə edir. Bu yerin ortasında daşdan hörülmüş çox dərin bir quyu, onun da yanında üstü böyük dairəvi daşlarla örtülmüş iki qəbir var..." Səyyah "deyilənlərə" əsasən Beşbarmaq qalasının Böyük İskəndər tərəfindən tikildiyini, Teymur tərəfindənsə dağıldığını göstərir. Rəsm çəkmək qabiliyyətinə malik olan Adam Oleari Beşbarmağın təsvirini yaratmış və öz səyahətnaməsinə daxil etmişdir.

***

Qara-Dundur istehkamının inşası isə Teymurləngin Azərbaycana istilası ilə bağlıdır. Bu istehkamlardan işğalçı qoşunlar mühafizə qalaları kimi istifadə edirlərmiş. Hazırda istehkamın dörd metr hündürlükdə divarları salamat qalıb.

Tarixi əhəmiyyətli abidələri: Gilgilçay və leksik kökü "Baş Bərmək" söz birləşməsindən olan Beşbarmaq (Xızırzində) müdafiə sədləri (IV-VII əsrlər), orta əsrlərə aid qəbiristanın, xırman yerlərinin, təsərrüfat quyularının və s. tapıldığı Dərəzarat kəndindəki yaşayış məskəni (XII-XV əsrlər), karvansara qalıqları (XV-XVII əsrlər) və sair.

Uzun divarlar - ulu daşlar

Qədim, ulu tariximizin bütün dövrlərində şahlar, hökmdarlar bir vaxtlar Quzğun dənizi adlanan Xəzərlə dağlar arasındakı dar keçidləri bağlamaq qayğısına qalmış, ölkəni şimaldan gözlənilən hücumlardan qorumaq məqsədi ilə bu yerlərdə möhkəm-ləndirilmiş qalalar, istehkamlar tikdirmişlər. Onları qədim romalılar Kaspi qapıları adlandırmışlar.

Dəmirqapı Dərbəndin daş divarları, Dərbəndqala, Samur torpaq səddi və Torpaqqala, Gil-gilçay səddi və Çıraqqala, Beşbarmaq səddi və Bacarvan qala tikililəri, Bakı, Abşeron qalaları Odlar yurdunun daş yaddaşıdır.

Qafqaz Albaniyası zamanında Dərbənddən Giləziyə qədər bir neçə müdafiə sədləri tikilmişdir. Qədim müəlliflər bu sədlərə Kaspi qapıları adı ilə yanaşı, Dəniz qapıları, Dərbənd qapıları da deyiblər.

Daranın oğlu Qıştaspinin (Quştəsbi) (bizim eradan əvvəl 549-555-ci illər) vaxtında 11-ci dairəyə bölünmüş vilayət Kaspiana adlanırdı. Herodot göstərib ki, farsların hakimiyyəti Qafqaz dağlarına - Beşbarmağa qədər çatırdı. Professor D.Axundovun yazdığına görə, hələ Əhəmənilər dövründən İran özünün şimal sərhədlərini, ilk növbədə Kaspi keçidlərini möhkəmlətmək qeydinə qalmışdı.

Qədim yunan alimi Qatsit Kaspi keçidlərini "Kaspival" (sədd) adlandırır və göstərir ki, bu keçidlər il boyu keçilməz olur.

Roma imperatoru Neron Kaspi sədlərini keçmək məqsədi ilə hücuma hazırlaşıb. Tarixi mənbələr göstərir ki, Makedoniyalı İskəndər də şimala - Kaspi sahillərinə hücum etmək niyyətində imiş.

Gilgilçay səddi Dərbənd keçidində tikilmiş "Uzun divarlar" adlanan müdafiə istehkamlarından ən əhəmiyyətlisidir.

Ümumi uzunluğu 120 km, divarlarının qalınlığı bəzi yerlərdə 8 metrə çatan "Uzun divarlar" tarixdə məşhur Çin səddindən sonra ən böyük müdafiə istehkamı hesab olunur. 

Gilgilçay səddi 

Erkən feodalizm dövründə Qafqaz Albaniyasında köçərilərin hücumlarının qarşısını almaq üçün müdafiə sədləri tikilirdi. Həmin sədlərdən ən möhtəşəmi indiki Siyəzən rayonu ərazisindəki Gilgilçay müdafiə istehka-mıdır.

Şərqi Avropadan Ön Asiyaya, Azərbaycana, İrana və başqa cənub ölkələrinə yeganə əlverişli quru yol Azərbaycanın şimal-şərqində - Xəzər dənizi ilə Qafqaz dağları arasındakı dar düzənlikdən keçir.

Tarixi mənbələrin verdikləri məlumata görə, bu yoldan köçərilərin hərəkəti və ticarət mübadilələri eramızdan əvvəl I minillikdən başlayıb. Odur ki, yerli əhali ən qədim zamanlardan başlayaraq dənizlə dağlar arasındakı dar keçidləri bağlayıb dağıdıcı basqınların qarşısını almağa çalışmışdır.

Gilgilçay səddi dənizdən başlayaraq Gilgilçay körpüsünə və oradan Eynibulaq kəndinə qədər 23 km uzunluqdadır. Sədd çiy kərpicdən hörülmüşdür.

Bu müdafiə istehkamı haqqında ilk məlumat verən ərəb tarixçisi Əl-Bəlazuri (IX əsr) "Kitab Fütuh əl-Buldən" ("Ölkələrin fəthi") adlı əsərində yazır ki, Sasani şahı Firuzun oğlu Qubad onlara (xəzərlərə) qarşı iyirmi min döyüşçü göndərdi, sonra Qubad özü də onlara qoşuldu və Şirvanla Arran vilayətlərinin qapısı arasında çiy kərpicdən sədd tikdirdi.

A.Bakıxanov məşhur "Gülüstani-İrəm" kitabında qeyd edir ki, bu sədd "dənizdən başlayıb Əlixanlı - ehtimala görə, əslən Alğonlu olmuş - kəndinin üst tərəfindən keçərək Çıraq qalasına bitişir. Oradan da üzərində böyük bir şəhərin xarabası olan Ata dağından keçərək, Qonaqkəndin üstündən Baba dağına doğru gedir".

Fransız rahibi Vilhelm Rubruk (XII əsr) Gilgilçay səddi haqqında yazır ki, "biz oradan (Şabrandan) keçərkən dağlardan dənizəcən enən səddi gördük".

Ərəb müəlliflərindən İbn Xordadbeh xatırladır ki, Şirvan ölkəsində hələ I Kavaddan (488-531-ci illər) əvvəl də Kaspi sahili müdafiə sədləri olub. Bərmək səddindən 23 kilometr şimala Abzud Kavad adlanan divarlar Gilgilçay boyunca uzanıb gedir. Bunların yanında Şaporan (Şabran) şəhəri yerləşirdi. Əvvəllər sasanilər I Şahpurun (241-274-cü illər) hakimiyyəti dövründə möhkəmləndirilmiş həmin rayonlara gəlmişlər. Bu barədə Nəqşi-Rüstəm lövhələrində də yazılıb: "Şahlar şahı I Şahpurun adamları və atları Alban qapılarına gəlib çatmışdı".

Tədqiqatçı alim Əsgər Əliyev öz araşdırmalarında tarixçi K.V.Treverə əsaslanaraq qeyd edir ki, Gilgilçay müdafiə səddi II Yezemgerdin (II Yezdəgird) vaxtında tikilmişdir. Bəlkə də şahənşah Perezun (459-484-cü illər) vaxtında tikilib başa çatdırılmışdır. Babadağa qədər sədd divarlarının hündürlüyü 5-7 metr, bəzi yerlərdə 7-11 metr, eni isə 30-35 metrə qədərdir.

Faktiki olaraq bu sədd şimaldan cənuba keçilməsi mümkün olan bütün keçidləri bağlayırdı.

Bu böyük uzun səddin mərkəzində iki böyük şəhər - qala yeri diqqəti cəlb edir.

Gilgilçay səddi dörd hissədən ibarət olmuşdur. Hər 30-35 metr məsafədə bürc və ya qüllə ucaldılmışdır. Səddə ən böyük bürcün hündürlüyü 4,7 metr, eni isə 7,2 metrdir. Bürc və divarlar əsasən, yonulmamış daşlardan tikilmişdir.

Bu sədd haqqında məlumatlar və arxeoloji tədqiqatlar göstərir ki, kaspi və alban tayfaları çox böyük miqyaslı belə tikilini on illər, bəlkə də yüz illər boyunca tikib başa çatdırmışlar. Bu istehkamın inşasında minlərlə adam məhv olmuşdur. Ölənlərin cəsədlərini divarlara hörürmüşlər. Alxanlı kəndi ilə üzbəüz qayaların uçulan yerlərindən divarın içərisində adam kəlləsi, sümüklər aşkar edilmişdir. 

Bacarvan şəhəri 

Erkən orta əsrlər tarixi mənbələrdə adı çəkilən Bacarvan şəhəri Xızır haqqında rəvayətlə əlaqələndirilərək xatırlanır.

IX əsrdə yaşamış məşhur ərəb coğrafiyaçısı İbn Xordadbehin "Kitab əl-məsalik və-l-məmalik" kitabında Musa və Xıdır (İlyas) tərəfindən söylənilən sözlər nümunə gətirilir: "Yadında saxla, Musa o zaman öz nökərlərinə nə demişdi: "İllər keçsə də, mən iki dəniz qovşağına çatmayınca dayanmayacağam...

... Həmin qaya - Şirvan qayasıdır, dəniz - Xəzər dənizidir, kənd isə Bacarvandır."

XII-XIII əsrlər ərəb səyyahı və coğrafiyaçısı Yaqut Əl-Həməvi isə "Mücəm Əl-Buldan" kitabında yazır ki, "Bacarvan Şirvan yaxınlığındakı Bab Əl-Əbvab vilayətində şəhərdir".

Bu şəhərin yaxınlığında İlyas peyğəmbər (Ona salam olsun) tərəfindən tapılmış dirilik suyu yerləşir. Bəziləri deyirlər ki, Bacarvan həmin kənddir ki, Musa və İlyas peyğəmbərlər (hər ikisinə salam olsun) oranın sakinlərindən yeməyə bir şey istəmişlər.

Bacarvan əslində, möhkəm müdafiə olunan qala idi. Adi orta əsr şəhərləri kimi iki hissəyə - Narınqala və Bayırşəhərə bölünmüşdür.

Çox hündür divarlarla dövrələnən Narınqala Beşbarmaq qranit qayasına birləşdirilmiş, qayanın özündən müdafiə məqsədilə istifadə edilmişdir.

Qaya orta əsr feodal qəsrini əvəz etmişdir. Şəhərin məhv olunmasından 7-9 əsr keçməsinə baxmayaraq, Bayırşəhər daşdan tikildiyi üçün evlərin qalıqları və küçələrin yeri indi də aydın bilinir.

Sonrakı dövrlərdə şəhərgahın yuxarı hissəsində şəhər qalasının içərisində salınmış "Qala Şıxı" adlı kənd də olmuşdur. Ola bilər ki, şəhərgaha sonra köçənlər öz kəndlərinə "Şah qalası" adını vermişlər.

Görkəmli Azərbaycan səyyahı Əbdülrəşid əl-Bakuvi yazır ki, "Quranın "Əl-Kəhv" (Mağara) surəsində söhbət açılan Musa və Xızır peyğəmbərlərə aid hekayət bu yerlərdə baş verib. Musanın xidmətində olan Yuşə ibn Nusun yeməyə götürüb yaddan çıxartdığı balıq iki dənizin qovuşduğu bu yerdə suya atılıb dirilmişdi...

Xəzər dənizinə aid Kataloniya (İspaniyada tarixi vilayət) xəritəsində (1375-ci il) "Beşbarmaq" - Barmaq, dövrünün tanınmış alimi, XVI əsr Almaniyada olan xırda feodal dövlətlərindən birinin - Holştiniya hersoqunun sarayında çalışan Adam Olearinin xəritəsində isə "Barmax" kimi göstərilir.

Xıdırzində baba dağı müqəddəs ziyarətgah olmaqla yanaşı, ulu, şanlı tariximizin ən qiymətli yadigarlarındandır. Həm də elə buna görə də bu yerlər müqəddəsdir... 

Oğul atanın, nəvə babanın "qulluğunda" 

Şeyx Cüneydin oğlu Şeyx Heydər atasının Azərbaycanı vahid bir dövlətdə birləşdirmək siyasətini davam etdirmək uğrunda 1488-ci ildə şirvanşahlarla döyüş meydanında həlak olmuş, müridləri tərəfindən xəlvəti Beşbarmaq dağının arxasında dəfn edilmişdir. Uzun zaman yeri gizli qalan bu məzarı sonralar oğlu Şah İsmayıl Xətai Şirvan yürüşləri zamanı axtarıb taparaq üzərində türbə tikdirmişdir.

Türbə üzərindəki daş kitabə tarixçilər tərəfindən maraqla qarşılanmışdır. Əhəngdaşı üzərində üç sətirlik kitabədə süls elemetli nəsx xətti ilə bu cümlə həkk olunub: "Böyük məzar Allah yolu ilə gedənin müqəddəs şəhidgahı, həqiqət yolu yolçusunun qəbri hikmətli Quran dininin həqiqət adlanan şeyxi Şeyx Sultan Cüneydin oğlu Şeyx Sultan Heydərindir".

Yazılı ağır daş təqribən 150 metrə qədər dərinliyi olan bir dərənin uçurumunda, qayanın üzərində hörülmüşdür. Şah İsmayıl türbəyə xidmət etmək məqsədi ilə Zərgərli tayfalarından buraya Şeyx və xidmətçilər köçürüb gətirtmişdir, bu şeyxlər nəsillikcə türbənin saxlanmasına xidmət etmişlər. Şah İsmayıl tərəfindən burada salınan kənd elə o vaxtdan Şıxlar adlanır.

 





14.11.2019    çap et  çap et