525.Az

Bələdiyyə Teatrının səhnəsindəki "Nəsimi" - Fotolar


 

Bələdiyyə Teatrının səhnəsindəki "Nəsimi" - <b style="color:red">Fotolar</b>

"Nəsimi ili"nin son aylarını yaşadığımız zamanda ictimaiyyətin dahi şair və mütəfəkkir İmadəddin Nəsimi irsinə marağı, diqqəti qətiyyən azalmır. Hər kəs il tamam olmadan şairin adını əbədiləşdirmək və bu ilə öz töhfələrini vermək üçün çalışır.

Daha bir töhfəni noyabrın 12-də Bakı Bələdiyyə Teatrı təqdim etməyə çalışdı. Belə ki, həmin gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin ölkəmizdə "Nəsimi ili" elan olunması münasibətilə hazırladığı "Nəsimi" bədii-fəlsəfi dramının premyerası keçirildi. Tamaşanın bir özəlliyi də o idi ki, bu, Bakı Bələdiyyə Teatrının 50-ci tamaşası idi. Təəssüf ki, yenə də öz doğma məkanlarından uzaqda, qonşu teatrın səhnəsində qonaq qismində...

Həmçinin, "Nəsimi" Bakı Bələdiyyə Teatrının Xalq artisti Amaliya Pənahovadan sonrakı ilk premyerası idi. İstər tamaşanın hazırlığı vaxtında, istərsə də premyerada mən də daxil olmaqla, hər birimizin gözləri yenə də Amaliya xanımı axtarırdı. Tamaşa Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) "Məhşər" romanının motivləri əsasında Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri, teatrşünas Çingiz Ələsgərlinin səhnə versiyası üzərində hazırlanmışdı. Hələ hazırlıq prosesində istər rejissor, istər pyesin müəllifi, istərsə də aktyorlar tamaşaçını tamamilə ayrı bir Nəsimin gözlədiyini iddia edirdilər. Həmişə alışdığımız şair, filosof, mütəfəkkir Nəsimidən başqa, bu dəfə insan, şəxsiyyət Nəsimini görməli idik.

Tamaşadan öncə səhnəyə çıxan Mərahim Fərzəlibəyovla Çingiz Ələsgərli qonaqları salamladıqdan sonra səhnə əsəri haqqında ümumi məlumat verdilər. Yuxarıda yazdıqlarımızdan əlavə, heç nə deməyib, vaxtı uzatmadan yeri tamaşaya verdilər.

Əsərə keçməzdən öncə qeyd edək ki, tamaşada əsas rollarda Tural Əhməd (Nəsimi), Aydın Əliyev (Nəimi), Hüsniyyə Mürvətova (Fatma), İlqar Musayev (Əmir Teymur), Rafiq İbrahimov (İbrahim şah), İsmayıl Atakişiyev (Şeyx Əzəm), Toğrul Rza (Gövhərşah), Zülfiyyə Qurbanova (Zəhra), Ülviyyə Rza (Əzra), Mehman Abdullayev (Yusif) və Əhməd Salahov (Həmzə) çıxış edirdilər.

Səhnə dekorasiyası sadə olmaqla bərabər, maraqlı idi. Hər iki tərəfdən əski əlifba ilə Nəsiminin qəzəlləri asılmışdı. Tamaşanın əvvəlində də aktyorlar əllərində Nəsimi qəzəlləri ilə qonaqları salamladılar.

Keçək əsas məsələyə...

Etiraf edim ki, tamaşadan gözləntilərimiz olduqca yüksək idi. Ən azından bu tamaşanı Amaliya Pənahova məktəbinin istedadlı tələbələri və peşəkar kollektiv hazırlamışdı. Bakı Bələdiyyə Teatrının aktyorlarının istedadı, peşəkarlığı heç kimə sirr deyil. Amma...

Birinci "amma" əsərin quruluşundadır. "Nəsimi" filmindəki səhnələrdən qaçmağa çalışan müəlliflər tamaşaya hər şey qatmışdılar, yenilik, təzə obraz, özünəməxsus baxış bucağı, Nəsimi şəxsiyyəti... Amma canlılıq, dinamika qatmaq unudulmuşdu, təəəsüf ki... Uzun-uzadı monoloqlar, dialoqlar əsərin tempini aşağı salır, insanın tam mənasıyla olayların içinə girməyinə mane olurdu.

Tural Əhmədin yaratdığı Nəsimi həqiqətən də yeni idi. Ancaq burada ikinci "amma" çıxır qarşımıza. O da aktyorun Nəsimini baş obraz, əsas qəhrəman səviyyəsinə qaldıra bilməməyidir. Tural Əhmədin Nəsimisi üsyankar deyil, sakitdir, sakitlik tərəfdarıdır, nə o üsyan var gözlərində, nə o inadkarlıq. Baxmayaraq ki, dilindən od tökülürdü. Amma sözünə, mövqeyinə bəlkə Əmir Teymuru, Fatmanı, tərəfdaşlarını inandırır, amma zaldan onu izləyən tamaşaçını inandıra bilmir. Nəsiminin səhnəyə çıxışı ilə xəyallarımız suya düşdü deyə bilərəm. O vüqar, o əzəmət, o zəhm yox idi.

Son sözləri Nəimi obrazı üçün də deyə bilərik. Aydın Əliyevin Nəimisi də təriqət başçısı kimi deyil, mülayim, sevgi dolu, incə ruhlu qoca kimi qarşımızdadır.

Nəsimiylə Fatmanın məhəbbətinə filmdən daha çox yer verilmişdi. Bu da bayaq qeyd etdiyimiz kimi, müəlliflərin Nəsimini şəxsiyyət, aşiq kimi təqdim etmək məqsədlərindən irəli gəlirdi.

Əməkdar artist Hüsniyyə Mürvətovanın Fatması da maraqlı obrazlardan biri idi. Ancaq təəssüf ki, Nəsimiylə Fatmanın eşqlərini bir-birinə izhar etdikləri səhnədəki uzun-uzadı, yorucu dialoqlar çox idi. O ülvi eşqi uzun sözlərdə deyil, hərəkətlərdə, baxışlarda, iki sevgilinin bir-birinə münasibətində görmək, məncə, daha təsirli və tutarlı ola bilərdi. Həmin səhnədə Nəsiminin sönüklüyü Hüsniyyə Mürvətovanın alovlu ifasının da tamaşaçılara tam çatmasına mane olurdu.

Sonrakı səhnələrdə isə aktrisa Fatmanı tamamilə əlinə aldı. Artıq Fatmanın eşqi, ata məhəbbəti, təriqətə sadiqliyi, Allah inancı ən incə zərrəsinə qədər ötürülürdü. Eyni zamanda, biz bu tamaşada Hüsniyyə xanımı fərqli aspektdən tanıdıq. Öyrəndik ki, sən demə, Əməkdar artistin çox gözəl səsi, məlahətli ifası da varmış. Onun Nəsiminin “Hardasan” qəzəlini möhtəşəm ifası nəhayət ki, o eşq acısını hiss etməyimizə şərait yaratdı.

Və təbii ki, sonluq... Son səhnələrdə Fatmanın həm sevdiyi adam, həm də atası üçün qopardığı fəryad, tökdüyü göz yaşları tamaşaçıları da ağlatmağa, o ağrını öz ürəklərində hiss etməklərinə yetdi.

Nəsiminin Əmir Teymurla görüşdüyü səhnə nisbətən maraqlı idi. Əmir Teymuru canlandıran İlqar Musayev bu obrazı fərqləndirməyi, özününküləşdirməyi bacarmışdı. Tural Əhməd də sanki bu səhnədə daha çox "Nəsimiləşmişdi". Nəhayət ki, ondan gözlədiyimiz ifanı burada ala bilməyin sevinci ilə tamaşaya daha çox adaptasiya olmuşduq.

Aktrisa Zülfiyyə Qurbanovanın canlandırdığı Zəhra obrazı müəlliflərin uğurlu tapıntısı idi. Nəsimiyə aşiq olan, ona pərəstiş edən bu gənc qız həmin dövrün eyni hissləri birləşdirdiyi gənc qızların ümumiləşdirilmiş obrazı kimi xarakterik idi.

Görülən hər işdə çatışmazlıqlar olduğu kimi, burada da vardı. Amma tamaşanın əyir-əskiklərini ilk premyeranın həyəcanına, xofuna yozmaq olar, məncə. Ümumi şəkildə çəkilən zəhmət və dahi şairə olan fərqli baxış bucağı təqdirəlayiq, ümidvericidir. Yəqin ki, gələcək aylarda bu tamaşa bir daha nümayiş olunsa, məmnuniyyətlə, gedib yenidən baxacağam və bu dəfə sadaladağımız çatışmazlıqların aradan qalxacağına da əminəm. Çünki yaradıcı heyət ayrı-ayrılıqda peşəkarlardır. Və elə məsələ də budur ki, peşəkarlardan gözlənti daha böyükdür. Kollektivə uğurlar arzulayırıq!

P.S. Sonda bu il ərzində fikrimdən çıxmayan və həmin tamaşa günündən bu yana da hər an məni məşğul edən sualla yazıma nöqtə qoyuram: Biz doğrudan da Nəsimini yetərincə tanıyırıqmı?

 





15.11.2019    çap et  çap et