525.Az

Daha güclü inkişafa, tərəqqiyə yönəlmiş kadr islahatları


 

"TƏCRÜBƏ İLƏ YENİLİYİN SİNTEZİ UĞURLARIMIZIN ƏSAS BAZASIDIR"

<b style="color:red">Daha güclü inkişafa, tərəqqiyə yönəlmiş kadr islahatları </b>

Azərbaycanda genişmiqyaslı islahatlar bütün sahələri əhatə etməklə davam etdirilir. Bu islahatlar özünü həm də kadr sahəsində göstərir.

Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Əlbəttə ki, islahatların aparılması yeni dövrə uyğunlaşma, tərəqqi, daha böyük nəticələr deməkdir. Paralel olaraq aparılan islahatlar, atılan addımlar daha yaxşı nəticələrə nail olmağa hesablanıb. Dövlət başçısı, həm yeni vəzifələrə təyin etdiyi kadrları, həm də digər məmurları ayrıca qəbul edir, onların qarşısında öz tapşırıqlarını qoyur, göstərişlərini verir, eyni zamanda, həyata keçirilən işlərlə bağlı hesabatlarını dinləyir. Bir neçə gün əvvəl Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edib. Görüşdə dəmir yolu infrastrukturunda həyata keçirilən işlər, qarşıdakı yeni planlar barədə danışılıb. Ümumiyyətlə, son illər dəmir yolu infrastruktuna böyük investisiyalar qoyulur. Nəticədə isə dəmir yolu infrastrukturu xeyli inkişaf edib. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir, son illərdə aparılan işlərin təzahürüdür. Azərbaycan nəqliyyat infrastrukturunun səviyyəsinə görə dünyada 31-ci yerdədir. Ölkəmiz digər sahələrdə olduğu kimi, nəqliyat sahəsində də regional haba çevrilməkdədir. Keçən il yeni dəniz ticarət limanı, 2017-ci ildə Bakı-Tbilisi-Qars tarixi dəmir yolu istifadəyə verilib, daxili dəmir yolları müasirləşir.

Azərbaycan bu gün həm də etibarlı tranzit ölkəyə çevrilib. Bu, tranzit potensialı gələcəkdə qeyri-neft sektorunun inkişafına daha da böyük dərəcədə xidmət göstərəcək. Müasir nəqliyyat strukturu həm də turizm imkanlarının artmasına xidmət edir. Hazırda Qəbələyə dəmir yolu çəkilir, Bakı-Yalama və Ələt-Astara dəmir yollarının modernləşdirilməsi prosesinə də başlanılıb.

Dövlət başçısı həmçinin, Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını da qəbul edib və onlara tapşırıqlarını verib.

Dövlət başçısı Azərbaycanda siyasi və iqtisadi islahatların vəhdət təşkil etdiyini, iqtisadi sahədə Azərbaycanın əldə etdiyi nəticənin dünya miqyasında rekord göstərici olduğunu, bunun vətəndaşların sosial təminatına müsbət təsir göstərdiyini deyib.

Müsbət nəticələri qorumaq və onları artırmaq üçün isə mütləq kadr islahatı da aparılmalıdır.

Mövzu ilə bağlı danışan Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, dövlət başçısı yeni təyin olunan icra hakimiyyəti başçılarına tapşırıqlarını verməklə yanaşı, həm də 2018-ci ilin seçkilərindən sonra sürətlə gerçəkləşdirilən islahatlar kursu barədə də yeni tezislərini açıqladı. Son vaxtlar, az qala, sensasiya kimi görünən kadr islahatlarını ümumi islahatların tərkib hissəsi kimi dəyərləndirən Prezident, bu prosesi zəruri edən məqamlara da aydınlıq gətirdi: "Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir".

Qeyd edək ki, "müxalif nəzəriyyəçilər" əslində, son günlər bu sualı fərqli formada təqdim etməklə, islahatlar kursunda məntiqi boşluq tapdıqlarını iddia edirdilər. Bildirirdilər ki, Prezident bir tərəfdən "ölkədə hər şeyin yaxşı olduğunu deyir, digər tərəfdən isə islahatlara zərurət olduğunu bildirir: əgər ölkədə sürətli inkişaf təmin edilibsə, hər şey qaydasındadırsa, onda islahatlara nə ehtiyac var?" Prezidentin son çıxışı isə həmin sualı formalaşdıranların özlərinin fikirlərində məntiqi boşluq olduğunu göstərdi.

Prezident İlham Əliyev "Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur, hamı qanun qarşısında cavabdehdir" deməklə, həm də yeni təyinat alan və əvvəldən vəzifə başında olan kadrlara xəbərdarlıq etmiş oldu. Əgər etimadı doğrultmayacaqlarsa, özləri də "islahata məruz qalacaqlar". Prezident "yerində olmayan kadrların" müəyyənləşdirilməsin isə mediaya, vətəndaş cəmiyyəti institutlarına həvalə etdi, kadrlar üzərində ictimai nəzarətin gücləndirilməsini tövsiyə verdi .

Millət vəkili Kamilə Əliyeva isə deyib ki, zaman dəyişir və hər dövr qarşıya yeni tələblər, yeni çağırışlar qoyur. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan dövləti də öz siyasətini məhz zamanın dəyişən tələblərinə uyğun qurur: "Dövlətimizin başçısı ölkəmizin bundan sonrakı inkişaf perspektivləri ilə bağlı qarşıda yeni mühüm vəzifələr durduğunu bildirib. Respublikamızın indiyə qədərki inkişafından, qazanılan uğurlardan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev, eyni zamanda, imkanların daha geniş olduğunu nəzərə çatdırıb. Dövlət başçısı bütün sahələrdə şəffaflığın təmin edilməsi, neqativ halların aradan qaldırılması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, kadr islahatlarının davam etdirilməsi, gənclərin yüksək vəzifələrə irəli çəkilməsi ilə bağlı verdiyi tapşırıqlar xüsusilə aktualdır".

Deputat deyib ki, Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir. Ancaq yalnız iqtisadi potensiala arxayın olmaqla respublikanın perspektiv inkişafını təmin etmək mümkün deyil. İnkişafın ardıcıllığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasından, kadrların düzgün seçilib yerləşdirilməsindən asılıdır. Respublikamızda cari ilin əvvəlindən daha aktiv fazaya daxil olan institusional islahatlar da məhz idarəetmədə səmərəliliyi və çevikliyi artırmağa hesablanıb. Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin əvvəlindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarlar qəbul edilib. Və bu istiqamətdə işlər daha aktiv fazaya daxil olub. Ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.

O vurğulayıb ki, Prezident İlham Əliyevin ölkəmizi yeni inkişaf mərhələsinə çıxartmağı hədəfləyən çağırışları da həm icra hakimiyyəti qurumlarına, həm də bütün cəmiyyətə ünvanlanıb. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: "Biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən, vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq".

Qeyd edim ki, son 16 ildə Azərbaycanın yüksək inkişaf dinamikasına nail olmasında cəmiyyətin fəallığının müstəsna rolu olub. Yüksək vətəndaş fəallığı olmadan Azərbaycandakı möhkəm daxili sabitliyi və dinamik inkişafı heç təsəvvür etmək belə mümkün deyil. Biz xatırlaya bilərik: Ən həssas, ən zəruri məqamlarda vətəndaşlar öz mövqelərini açıq, qətiyyətli şəkildə ortaya qoyublar, dövlətə, Prezident İlham Əliyevə dəstək nümayiş etdiriblər, aparılan siyasətə "hə" deyiblər. Eyni zamanda, dövlət də öz siyasətini müəyyənləşdirərkən daim sosiumun mövqeyini, cəmiyyətdən gələn sosial sifarişləri nəzərə alıb və bu vəhdət də uğurlarımızı təmin edib".

PƏRVANƏ

 





15.11.2019    çap et  çap et