525.Az

Çap məhsullarına ƏDV-nin tətbiqi tamamilə absurddur


 

FAZİL MUSTAFA: "QONŞU ÖLKƏLƏR BUNU EDƏ BİLİRSƏ, DAHA GENİŞ İMKANA SAHİB ÖLKƏ KİMİ BİZ NƏDƏN ETMƏYƏK?"

Çap məhsullarına ƏDV-nin tətbiqi tamamilə absurddur <b style="color:red"></b>

Azərbaycanda çap məhsullarına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) aradan qaldırılması zəruri hesab edilir. Belə ki, bu cür qərarın qəbulu hazırda çox ciddi problemlərlə üzləşmiş yazılı medianın durumuna nisbətən müsbət təsir göstərə bilər. Məsələ müxtəlif səviyyələrdə müzakirə olunub, lakin hələ ki, bir nəticə yoxdur. Qeyd edək ki, daha əvvəl belə bir praktika olub. Sonradan isə qnunvericilikdəki ziddiyyət nəticəsində yenidən ƏDV tətbiq edilib. Dünən Milli Məclisin plenar iclasında da məsələ gündəmə gətirilib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər barədə çıxışı zamanı deyib ki, məcəllənin 164.1.8-ci maddəsində ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin də ƏDV-dən azad olunduğu göstərilir: "Bu imtiyaz niyə mediaya da şamil edilməsin? Detallara getmək istəməzdim, ümumən "Vergi ödəməkdən azad edilmə" adlı 164-cü maddədə elə bəndlər var ki, onlar üzrə ayrı-ayrı sahələrlə bağlı vergidən azadetmə KİV fəaliyyəti qədər önəmli deyil. Unutmayaq ki, ət, çörək və digər yemək məhsulları heç də mənəvi qidadan qiymətli olmamalıdır. Biz hər zaman, hər yerdə bildiririk ki, ölkəmizdə media fəaliyyəti üçün münbit şərait mövcuddur. Bir sıra imtiyazlar var. Mediaya dövlət qayğısı göstərilir. Belə olan halda, məncə, ƏDV-nin ləğvini də növbəti imtiyaz kimi nəzərdən keçirməyə dəyər. Buna ehtiyac var".

Deputat Fazil Mustafa isə mövzu ilə bağlı "525"ə deyib ki, kitab və çap məhsullarına ƏDV tətbiq olunmasının yanlışlığı mövzusunda ilk olaraq münasibətimiz ortaya qoyulub və hər il azı bir dəfə bu mövzuya yenidən qayıdırıq: "Bizdə tətbiq olunan 18%-lik ƏDV tamamilə absurddur. Gürcüstan və Türkiyə bu rəqəmi sıfırladı ki, ölkədə mütaliə sistemi dirçəlsin, kitabların qiyməti aşağı düşsün, nəşriyyatlar və qəzetlər az məsrəflə ayaqda dura bilsinlər. Bizdə isə orta təhsil üçün hazırlanan dərslik istisna olmaqla, bütün məhsullara bu tətbiq edilir və hələ ki, bunu tənzimləməyə maraq göstərilmir".

Deputat hesab edir ki, ƏDV-nin tətbiqi ilə əslində, dövlət elə də ciddi rəqəmlərlə gəlir əldə etmir. Çünki kitab və qəzet nəşrləri tam da kontrol altında tutulan sahələr deyil. Burada piratçılıq geniş yayılıb, əgər qiymətlər düşərsə, piratçılığa da böyük zərbə vurulmuş olar. Mane olan sadəcə zehniyyətdir, geriçilikdir".

F.Mustafa əlavə edib ki, ƏDV-nin aradan qaldırılması ilə bağlı qanunvericilikdə elə də əhəmiyyətli sayılacaq ziddiyyət yoxdur. Burada konkret 18%-lik rəqəmin sıfırlanmasından söhbət gedir: "Bunun iradə ilə bağlı olduğunu söyləmək daha doğru olardı. Qərar verilir və bu rəqəm götürülür. Qonşu ölkələr bunu edə bilirsə, biz daha geniş imkana sahib ölkə nədən etməyək?"

Deputat deyib ki, qəzetdən əlavə, daha çöx kitab mütailəsindən də söhbət gedir: "Kitabın qiymətinin ucuzlaşması, alıcılıq imkanlarını artıracaq".

PƏRVANƏ

 





15.11.2019    çap et  çap et