525.Az

Ceyhun Bayramov Fransaya səfər edib


 

Ceyhun Bayramov Fransaya səfər edib <b style="color:red"></b>

Təhsil naziri Ceyhun Bayramov YUNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində Təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak etmək məqsədilə Fransada rəsmi səfərdədir.

Səfər çərçivəsində Ceyhun Bayramovun YUNESKO-nun "Ələddin" layihəsi və Holokost Muzeyinin birgə təşkil etdiyi "Məktəblər və ekstremizm, vəsvəsə və dözümsüzlük çağırışları: müvəffəqiyyət və uğursuzluqlar; bu halların qarşısının alınması üçün hansı effektiv strategiyalar mövcuddur?" adlı tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən nazir Azərbaycanda müxtəlif xalqlar, dinlər və mədəniyyətlər arasında əsrlər boyu formalaşmış qarşılıqlı hörmət münasibətlərindən danışıb,  bu ənənələrin davam və inkişaf etdirilməsinin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Təhsil naziri multikulturalizm ənənələrinin gənc nəslə çatdırılması məqsədilə məktəblərdə tolerantlıq və qarşılıqlı hörmət anlayışlarının müxtəlif fənlər çərçivəsində şagirdlərə çatdırıldığını, eləcə də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində "Multikulturalizmə giriş", magistratura səviyyəsində isə "Azərbaycanda multikulturalizm" fənlərinin tədris olunduğunu qeyd edib.

Nazir həmçinin, Azərbaycanın ekstremizmdən əziyyət çəkməsi, ölkənin suveren ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, Xocalıda dinc əhalinin soyqırıma məruz qalması faktlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Fransa Respublikası, İsveç Krallığı, Bolqarıstan Respublikası, Tunis Respublikası, Serbiya Respublikası, Uqanda Respublikası, Mali Respublikası, eləcə də Ermənistanın təhsil nazirləri, YUNESKO-nun keçmiş Baş direktoru İrina Bokova və Fransanın sabiq Baş naziri Jan-Pier Raffarin iştirak edib.

Ceyhun Bayramov həmçinin YUNESKO-nun baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini ilə görüşüb.

Görüşdə Təhsil naziri Azərbaycanda təhsil sahəsində aparılan islahatlar və onların müsbət nəticələri haqqında ətraflı məlumat verib. Nazir Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

Bildirilib ki, ölkədə təhsilin inkişafı dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir.

Stefania Ciannini ölkəmiz və təmsil etdiyi qurum arasında təhsil sahəsində əməkdaşlıqdan söz açaraq onu yüksək qiymətləndirib. O, əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini bildirib.

Noyabrın 14-də YUNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində keçirilən təhsil nazirlərinin iclasında çıxış edən Ceyhun Bayramov deyib ki, bu gün ali təhsilin beynəlmiləlləşməsi qloballaşmanın yaratdığı çağırış və ehtiyaclara cavab verir. Milli və ya beynəlxalq səviyyələrdə universitetlərin yeri, eləcə də onların beynəlmiləlləşməsi dərəcəsi təhsilin keyfiyyətində ən vacib amillərdəndir. Beynəlmiləlləşmə təhsilin keyfiyyətini artırır və ali təhsil müəssisələri üçün daha geniş imkanlar yaradır: "Qürur hissi ilə bildirirəm ki, Azərbaycan dövlət başçısının təsdiqlədiyi "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" əsasında təhsil sahəsində islahatların hazırlanması, həyata keçirilməsi üçün mühüm addımlar atılır. Bu təməl sənəd təhsil sistemimizə, onun çatışmazlıqları və zəif cəhətlərinə tənqidi baxışın nəticəsidir", - deyə nazir diqqətə çatdırıb. O vurğulayıb ki, ölkəmizdə ali təhsil sisteminin beynəlmiləlləşməsinin gücləndirilməsi istiqamətində səylər artırılıb. Bu sahədə əsas uğurlardan biri "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın təsdiqlənməsidir.

Nazir Azərbaycan təhsil sisteminin qlobal mühitə inteqrasiyasından da söz açıb, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", bu proqram çərçivəsində xaricdə təhsil almış azərbaycanlı tələbələrdən danışıb.

O, ölkəmizdə bir sıra ali təhsil müəssisələrinin tələbə mübadiləsi, eləcə də ikili diplom proqramlarından bəhrələndiyini qeyd edib və ölkəmizdə 10 universitetdə ikili diplom proqramının tətbiq edildiyini diqqətə çatdırıb.

C.Bayramov Strasburq Universitetinin rəhbərlik etdiyi konsorsium ilə əməkdaşlıq nəticəsində yaradılmış Azərbaycan Fransız Universitetinin (UFAZ) bu istiqamətdə uğurlu nümunə olduğunu vurğulayıb və ikili diplom proqramlarının universitetlərarası əlaqələrin təkmilləşməsinə töhfə verdiyin qeyd edib.

O, həmçinin, Azərbaycan universitetlərinin Erasmus layihələrindəki iştirakına toxunub. Bu layihə çərçivəsində 2015-2019-cu illərdə 1600-dən çox azərbaycanlı tələbənin müxtəlif Avropa universitetlərində mübadilə keçdiyini qeyd edib. Diqqətə çatdırıb ki, ölkəmizdə təhsil sahəsində görülən bütün tədbirlər öz müsbət nəticələrini verməkdədir. Dünya İqtisadi Forumunun yaydığı "Qlobal Rəqabətlilik İndeksi 2019" hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən "Bacarıqlar" ("Skills") kateqoriyası üzrə Azərbaycan bu il 6 pillə irəliləyərək 48-ci yerdə qərarlaşıb.

Sonra  Ceyhun Bayramov  Türkiyənin Milli Təhsil naziri Ziya Səlçuk, Rusiya Federasiyası Elm və Ali Təhsil naziri Mixail Kotyukov və Malayziyanın Təhsil naziri Mazli Malik ilə görüşüb.

Görüşlər zamanı təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən, Azərbaycanla sözügedən ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

S.QARAYEVA

 





15.11.2019    çap et  çap et