525.Az

Ədəbi mühitimizin "Kitob Dunyosi"ndəki mənzərəsi


 

Ədəbi mühitimizin "Kitob Dunyosi"ndəki mənzərəsi<b style="color:red"></b>

"525-ci qəzet"in yaxın tərəfdaşı, Daşkənddə çıxan "Kitob dunyosi" qəzeti Azərbaycanın ədəbi-mədəni həyatını mütəmadi olaraq işıqlandırır, ədiblərimizlə müsahibələr dərc edir, ölkəmizdə gedən ədəbi proseslər, yeniliklər barədə məlumatları öz oxucularına çatdırır.

Qəzet özünün 12 noyabr tarixli son sayında "Xəmsə" indi Azərbaycan dilində" sərlövhəli bir yazı dərc edib. Həmin yazıda deyilir: "Həzrət Əlişir Nəvainin zəngin ədəbi irsinin öyrənilməsi hər bir milli ədəbiyyatın əsas meyarı hesab edilir. Eləcə də beş dastandan ibarət "Xəmsə"nin şöhrətinin bütün yer üzünü bürüməsi, gündoğardan günbatara, məşriqdən məğribə yayılması da bir həqiqətdir. Bütün türk xalqları, şübhəsiz ki, Nəvai tərəfindən yaradılan əsərləri öz mirası və sərvəti kimi qəbul edir.

Bu günlərdə aldığımız xoş bir xəbər köksümüzü dağ tək qabartdı. Müasir Azərbaycan ədəbiyyatının tanınmış tərcüməçisi, ədəbiyyatşünas alim, yazıçı Ramiz Əskər söz mülkünün sultanı həzrət Nəvayinin beş dastandan ibarət "Xəmsə" əsərinin "Heyrət ül-əbrar", "Səddi-İskəndəri", "Fərhad və Şirin", "Leyli və Məcnun" kimi dörd dastanını Azərbaycan dilinə tərcümə etmişdir. Tərcümə, əlbəttə, uğurlu alınmışdır. Tərcüməçinin məlumatına görə, bugünlərdə beşinci dastan - "Səbayi-səyyar" tərcüməsi üzərində iş başa çatmaqdadır. Tərcüməçi Azərbaycan dilində Nəvai əsərlərinin lüğətini də tərtib etmək niyyətindədir. Ramiz Əskər Zəhirəddin Məhəmməd Baburun həyatı və yaradıcılığı haqqında yazdığı elmi işləri və mətbuatdakı çıxışları ilə özbək oxucularına yaxşı tanışdır. O, Babur adına beynəlxalq mükafat laureatıdır. Özbək və Azərbaycan ədəbiyyatı arasındakı ədəbi əlaqələrin möhkəmlənməsinə xüsusi töhfə verən ədəbiyyatşünas, Özbəkistanın Nəvai şəhərinin fəxri vətəndaşı Ramiz Əskərə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq!"

Qəzetdə Ramiz Əskərin şəkli, yazıda adı çəkilən dörd poemanın üzqabığının fotosu verilib. Qəzet həmin günlərdə qeyd edilən "Özbək dili" bayramı münasibətilə xalq şairi Erkin Vahidovun Ramiz Əskər tərəfindən tərcümə edilmiş "Özbəyim" qəsidəsini də Azərbaycan dilində dərc edib.

ŞAHANƏ

 





16.11.2019    çap et  çap et