525.Az

Doxsanı arxada qoyan, qələmi əlindən qoymayan dostum


 

Doxsanı arxada qoyan, qələmi əlindən qoymayan dostum<b style="color:red"></b>

Müdrik ağsaqqallardan söz düşəndə göz önünə ilk gələnlərdən biri qocaman şərqşünas alim Cümşüd Muradov olur. Doğrudur, müdriklik, ilahi vergi, istedad hər adama qismət olmur. Yaradan bunların heç birini Cümşüd müəllimdən əsirgəməmişdir. 

Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili bölümünü bitirən Cümşüd müəllim uzun müddət İranda və Əfqanıstanda tərcüməçi işləmiş, müdrik insanlarla təmasda olmuş, həyat məktəbi keçmişdir. Bəxti bir də onda gətirib ki, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal müəllimin bacanağı olmuşdur. Ona görkəmli şəxsiyyətlərin mənalı söhbətlərinə qulaq asmaq, biliyini artırmaq nəsib olmuşdur. Əlli ilə yaxın Ədəbiyyat Muzeyində işləmiş, akademik Həmid Araslıdan çox şey öyrənmişdir.

Cümşüd müəllimin neçə illərdən bəri mətbuatda ara-sıra xatirələrini, tarixi şəxsiyyətlərlə bağlı fikirlərini, gülməcələrini, ibrətamiz hekayətlərini oxuyub gah gülmüş, gah da düşüncələrə qərq olmuşam. Hər dəfə də Cümşüd müəllimlə görüşəndə söhbətimiz həmin xatirələr ətrafında olub. Onun şərqlilərə məxsus müdrikliyi, dünyagörüşü, adət-ənənələrimizi dərindən bilməsi, yumoru, ədəbiyyatımıza, mədəniyyətimizə, doğma el-obaya vurğunluğu, nikbinliyi, böyüklər, tarixi şəxsiyyətlər haqqında xüsusi ehtiramla danışması məni heyran edib.

Bir dəfə dedi ki, kitab yazmışam, adını da "Unudulmaz xatirələr" qoymuşam. Onu oxu, xoşun gəlsə, ön söz yaz.

Əsər çox xoşuma gəldi. "Bənzərsiz əsər" adlı ön söz yazdım. Lakin kitab çıxmadı ki, çıxmadı. Özündən və oğlanları Mahir və Elçindən kitabın taleyi barədə soruşanda eyni sözü eşidərdim - "Çıxar!"

Bir gün Cümşüd müəllim mənimlə görüşmək istədiyini bildirdi. Əlində kitab vardı. Təbəssümlə mənə uzatdı. "Unudulmaz xatirələr" kitabı idi. Avtoqraf yazmışdı:

"Əziz qardaşım Qəzənfər!

Çoxdan arzuladığımız kitab işıq üzü gördü. Sevincimə şərik olmağınıza görə çox məmnunam!

Çox hörmətlə, Sizin Cümşüd.

14.VI.2016"

Cümşüd müəllim düz doxsan il bundan əvvəl bu tarixdə anadan olubmuş. Onu da deyim ki, 75 yaşdan sonra Cümşüd müəllim yazılarını həmişə mənə göndərib ki, lazım gəlsə, düzəlişlər edib mətbuata təqdim  edim. İndi qələmi əlindən qoymur.

Təqdim etdiyim "Hacının səxavəti" və "Ağsaqqal sözü faydasız olmaz" hekayətləri ibrətamiz olmaq baxımından fərqlənir.

Oxuyanların faydalanacağına inanıram. Odur ki, onları çap etməyinizi xahiş edirəm.

Hörmətlə
Qəzənfər PAŞAYEV

Ağsaqqal məsləhəti faydasız olmaz 

Cümşüd MURADOV
Tədqiqatçı şərqşünas

Xoşbəxtəm ki, Mir Cəlal kimi böyük alimin, yazıçının və əvəzsiz pedaqoqun kiçik bacanağıyam. Onun müdrik kəlamları, məsləhətləri həmişə karıma gəlib. Təkcə mənim yox, onu tanıyanların, məsləhətlərinə möhtac olanların hamısının.

Yaxşı yadımdadır, Mir Cəlal müəllimin böyük oğlu Arif 1956-cı ildə Ukraynadan texniki ixtisas alıb vətənə qayıtmışdı. Bu həmin il idi ki, televiziya yavaş-yavaş evlərə qədəm qoyurdu. Ona görə də ixtisasçılara böyük ehtiyac vardı.

Arif evdə sevinə-sevinə Mir Cəlal müəllimə müraciətlə:

- Ata, məni televiziyada ixtisasıma uyğun işə dəvət edirlər. Yaxşı məvacib, vəzifə, xidməti maşın təklif edirlər.

Mir Cəlal müəllim:

- Oğul, vəzifə də, məvacib də yaxşı şeydir. Lakin elə ki, səni işdən kənarlaşdırdılar, uşaqlarının necə dolanacağı barədə fikirləşən olmayacaq. Elm dalınca get.

Yüksək məvacib gənc Arifə hava kimi, su kimi lazım idi. Lakin o vaxtlar ağsaqqal sözü eşidilərdi. Arif elm dalınca getdi.

Tarixdə təkrarlamalar çox olur. Arif hələ 8-ci sinifdə oxuyanda düzəltdiyi aeroplan modeli müsabiqədə 1-ci yeri tutmuşdu. Arif bu sahəni seçdi. Moskvada Dövlət Nadir Metallar İnstitutunda aspirant oldu. Əvvəlcə texnika elməri namizədi, sonra isə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi aldı. Elmin keşməkeşli yolları ilə addımlayaraq Milli Elmlər Akademiyasının həqiqi üzvlüyünə qədər yüksəldi. İndi akademik Arif Paşayev Milli Aviasiya Akademiyasının rektorudur. Bu yaxınlarda ad günündə bu böyük alimin adına təqaüd təsis olundu. İndi Milli Aviasiya Akademiyasında ən yaxşı oxuyan tələbələrə Arif Paşayev təqaüdü verilir.

Unudulmaz Mir Cəlal müəllimin ruhu şad olsun, dedikləri yerini aldı. 

Hacının səxavəti  

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəticəsinin Bakıya gəldiyini və Televiziyada çıxışını görəndə göz yaşlarımı saxlaya bilmədim. Sevindim ki, nəsil davam edir. Hacının səxavəti gözlərim önünə gəldi. Rəhmətlik atamdan eşitdiyim bir hadisəni oxuculara çatdırmaq istəyirəm. Yaşı 90-ı keçmiş ixtiyar adamam. Sabaha get-gedə ümidim azalır. Hacının şəxsiyyətinə, xeyirxahlığına, səxavətinə dəlalət edən hadisə qoy imkanlı adamlarımıza örnək olsun...

Ailənin yeganə oğlu həddi-buluğa çatıbmış. Gecə vaxtı ər-arvad qərara gəlirlər ki, uşağı evləndirsinlər. Bunun üçün ona-buna yük daşımaqla ailənin güzəranını təmin edən eşşəyi satmaq qərarına gəlirlər. Oğlan evlənməkdən imtina edir. Aylar keçir, bir gün oğlan deyir:

- Ana, daha eşşək-meşşəkdən danışmırsınız?!

Ər-arvad bir yandan sevinir ki, oğlanları evlənmək istəyir, başqa tərəfdən də qəm dəryasına qərq olurlar.

Arvad deyir:

- A kişi, deyirlər Hacı çox səxavətli adamdır, get onun yanına. Allah qəlbinə rəhm salar, səni əliboş qaytarmaz.

Kişi elə də edir.

Hacı kargüzarını çağırır və deyir:

- Yaz: bir kisə un, iki pud düyü, 10 girvəngə (4 kq) yağ, aş xuruşu və aşa lazım olan başqa ədvəcat.

Kişi başlayır ağlamağa.

Hacı təəccüblə soruşur:

- Azdır?

- Hacı ağa, baxıram sənin səxavətinə, baxıram uzunqulağın gücünə. Bu qədər yükü apara bilməz.

Hacı kargüzara deyir:

- Yazdıqlarını poz!

Kişi dediyinə peşman olur. Fikirləşir ki, Hacı ərzağı azaldacaq. Kişinin həddən artıq məyus olduğu Hacının nəzərindən qaçmır.  Kargüzara deyir:

- Yazdıqlarını üç qat artır və çarxlı arabaynan yola sal.

Bu, Hacının səxavət göstərdiyi minlərlə kəramətindən biri idi.

 





15.11.2019    çap et  çap et