525.Az

Ələsgər Əlioğludan 5 kiçik hekayə


 

Ələsgər Əlioğludan 5 kiçik hekayə <b style="color:red"></b>

YARIŞ

Əsərlərində atı sonsuz bir məhəbbətlə təsvir edən yazıçı-publisist Novruz Nəcəfoğluya 

Hələ onda on altı-on yeddi yaşlarımda idim. Bağda-bostanda olandan-olmazdan yığıb atımıza yükləyər və qoşulardım qəsəbə bazarına gedənlərə. Atımızın bir qırmızı qulunu vardı. Haçan ki, bazara gedirdim, qulunu tövləyə salıb ağzını bağlayardım. İstəmirdim ki, əl-ayağa dolaşsın... Onu da deyim ki, atla bazara gedənlərin sayı ən azı yeddi-səkkiz nəfər olardı...

Apardığımız pomidoru, əriyi, şaftalını, gilənarı, bir sözlə, hər nə vardısa, hamısını satıb qurtarandan sonra yenidən kəndə üz tutarduq... Bu zaman aramızda at yarışı başlayardı... Şərtimiz də bu olardı ki, görək kim birincilik qazanacaq... Hamımız da atların başını buraxardıq. Özgə vaxt qaçmağa elə də üzü olmayan atımız özünü kəndə birinci çatırardı...

Bir gün bazara gedərkən bir də gördüm ki, qulun anasının böyrüncə yortur... Tələsdiyimdən tövlənin ağzını yaxşı çəkib bağlamamışdım. Artıq yolu yarılamaqda idim. Qulunu geri qaytarıb yenidən tövləyə salmağım çox uzun çəkərdi. Bununla da bazarı əldən vermiş olardım. Əlacsız qalıb yoluma davam etdim...

Apardıqlarımızı satıb-sovduqdan sonra yenidən kəndə üz tutduq. Həmişəki kimi yenə də at yarışı başladı... İndi atımızın qaçışı məni məyus etdi... Başını ha buraxsam da, qamçını başı üzərində ha fırlatsam da, atımız canıdildən qaça bilmədi... Həmin gün yarışda ən axırıncı yeri tutdum...

... Bunun səbəbini mən bilirdim. Başımı aşağı salmışdım. Öz-özümə düşünürdüm: "Görəsən, rəqiblərim də bunu bildilərmi!?" 

BOŞ PARTA                                              

Bir gün müəllim dərs dediyi dördüncü sinif şagirdlərinə ev tapşırığı verdi:

- Uşaqlar, evdə hər bir kəs atasının hansı bölgədə döyüşdüyü haqda öz təəssüratlarını yazsın... Sabah yoxlayacağam...

Məktəbdən evə qayıdan Nazilə atasından soruşdu:

- Ata, sən hansı bölgədə döyüşmüsən?

Ata bir anlıq tərəddüd keçirdi. Sonra qızının bunu nəyə görə soruşduğunu öyrənib acı bir təbəssümlə dilləndi:

- Qızım, mən Rusetdə...

Nazilə hövsələsini basa bilmədiyindən atasının sözünü tamamlamağa imkan vermədi:

- Ora da döyüş bölgəsidir ki?..

- Yox, qızım, həmin vaxtlar sizə çörək qazanmağa getmişdim...

Nazilə daha heç bir söz demədi...

Səhəri gün şagirdlərin hər biri atasının hansı bölgədə döyüşdüyü və göstərdiyi igidliklərlə bağlı təəssüratlarını yazıb gətirmişdi... Müəllim şagirdləri bir-bir lövhə qarşısına çağırıb həmin təəssüratları oxudurdu. Təəssüf ki, bu gün partalardan biri boş qalmışdı...  

"TFU!.." 

("Nizibala Doymazlı" serialından) 

Nizibala Doymazlı dodaqlarını çeynəyə-çeynəyə əlindəki məktubu dönə-dönə nəzərdən keçirdi. Stola bərkidilmiş düyməni baş barmağı ilə basdı. Köməkçi bir göz qırpımında özünü içəri salıb əmrə müntəzir bir görkəm aldı.

Nizibala başını qaldırmadan öz tapşırığını verdi:

- O Qüdrətdir, nədir, onunla əlaqə saxla. Təcili bura gəlsin, qəbuluma!..

Günortaya yaxın Qüdrət kişi Nizibalanın kabineti qarşısında göründü. Köməkçinin işarəsindən sonra o, kabinetə daxil oldu. Nizibala üz-gözünü turşudub, verilən salamı da almadan birbaşa mətləbə keçdi:

- Qüdrət kişi, bu nədir yazmısan?..

- Nə yazmışam ki? Yoxsa səhv-zad eləmişəm?..

- Əlbəttə, yazırsan ki, "Dost darvazası" restoranı mənimdir...

- Məgər sizin deyil?

- Xeyr, mənim deyil, bacarırsan sübut elə, başqasının adınadır.

- Yəqin ki, deyəcəksiniz Dördyoldakı mebel mağazası da sizin deyil...

- O da mənim deyil... Bir maraqlan gör kimindir də?

- Cənab Doymazlı, o qırx hektarlıq nar bağı da sizin deyil?

- Necə başa düşməz adamsan, mən dəliyəm ki, adıma da nar bağı olsun?

- Yəqin deyəcəksiniz ki, o özəl avtovağzal da, böyründəki o bina da sizin deyil!..

Nizibala tamam hövsələdən çıxdı və özündən asılı olmayaraq qəzəbli bir görkəm alıb hikkəylə əlini stola çırpdı:

- Qüdrət kişi, heç cızığından çıxıb-eləmə. İstəyirsən get əlindən gələni beş qaba çək... Mənim adıma bu rayonda nə bir obyekt var, nə də torpaq sahəsi. Mən hərif deyiləm ki, sənin yazdıqların da adıma ola... Hər işi ehtiyatla görən adamam!.. Heç arvadım da öz adıma deyl, davernusla almışam...

Qüdrət kişi bu həyasız məmura deməyə daha bir söz tapmadı. Heyrət dolu bir baxışla onu süzdü və sonsuz bir nifrətlə "Tfu!.." - deyib kabineti tərk etdi...  

YARIMÇIQ DƏFN 

Musa müəllim ortaboylu, asta yerişli, ilk baxışda mülayimliyi və mehribanlığı ilə diqqəti cəlb edən bir adam idi. Amma onun içərisindən üzünə kimi olan məsafəni qət etmək elə də asan bir iş deyildi. Sanki bu məsafədə bir Bermud üçbucağı yerləşirdi. O nöqtəyə gəlib çatan hər kəsin fikri, xəyalı bircə anın içində yoxa çıxırdı... Sonra fikrindən, xəyalından bir iz də belə tapılmırdı...              

Musa müəllim, işlədiyi institutda bütün müəllimləri bir-birinə qırdırar, sonra da öyüd-nəsihətlərilə girərdi araya: "Ay balam, heç ayıb deyilmi, bəs bu ziyalılıq harda qaldı?.. Heç olmasa, şərəfli müəllim adına hörmətlə yanaşın!"

Amma elə ki, tutaşanların hər birini təklikdə çənəsinin altına salardı, başlayardı, hər birinə od vurmağa: "Qardaş, yaxşıca səbrin varmış, bu qədər haqsız iradlara dözdün! Sənin yerinə kim olsaydı indi öz prinsipi üçün canından da keçərdi... "

Musa müəllim ali dərəcəli bir araqarışdıran kimi rektorla prorektoru da üz-üzə gətirməyi bacarırdı. Sivişib rektorun qapısından içəri keçən kimi başlayardı: "Mənə çörək vermisiniz. Bunları sizə bildirməsəm, o çörək məni tutar. Prorektor hazırlaşır sizin yerinizə keçməyə!" Girəvələyib prorektorun otağına girəndə isə valın tərs üzünü çevirərdi: "Qardaş, fil qulağında yatmısınız... Rektor bir yerdə ağzından qaçırıb ki, prorektoru başımdan əkəcəm. Özünüz də yaxşı bilirsiniz ki, o, çox qarayaxa adamdır... Bir yaxanı ki tanıdı, kor yapışdığından buraxmayan kimi əl çəkən deyil... "

İnstitut dəyirdi bir-birinə. Çəkişmələr, intriqalar baş alıb gedirdi. Musa müəllim toru hörümçək kimi elə ustalıqla hörürdü ki, özündən başqa heç kəs onun əməllərindən baş açmırdı... Onun əməllərindən təkcə rektor şübhələnirdi... Ancaq onun da əlində bir tutalğac yox idi...

Günlərin birində Musa müəllim gözlənilmədən infarkt keçirdi və tezliklə dünyasını dəyişdi. Həmin günlərdə rektor qısamüddətli məzuniyyətdə olduğundan prorektor dəfn komissiyasının sədri seçildi və Musa müəllim şərafətlə dəfn olundu. Rektor məzuniyyətdən qayıtdıqdan bir neçə gün sonra elmi şuranın yığıncağı keçirildi. Bu yığıncaq da əvvəlkilər kimi səssiz-küysüz ötüşmədi... Yenə də dartışma, yenə də çaxnaşma, yenə də çarpışma...

İclasdan sonra rektor evə yorğun gəldi. O, tərəddüdlər içərisində qalmışdı. Axı Musa müəllim bir aydan artıq idi ki, dünyasını dəyişmişdi. Bəs görəsən, institutda bu nığnığanı törədən indi kimdir belə!? O, elə bu düşüncələrin qoynunda da yuxuya getdi. Yuxuda gördü ki, iş başındadır. Köməkçisi içəri keçib bildirdi ki, Musa müəllim qəbulunuza gəlmək istəyir. Rektor heç özündən asılı olmadan və fərqinə varmadan: "Burax, qoy gəlsin" - dedi. Musa müəllim içəri girərkən sanki rektor indi hiss etdi ki, bəs Musa müəllim bir aydan artıqdır ölüb, bu nə olan şeydir... Musa müəllim salam verib rektorun qarşısında müntəzir dayandı. Rektor tərs-tərs onun üzünə baxıb dilləndi:

- Musa müəllim, siz ki bir aydan da artıqdır vəfat etmisiniz...

- Hörmətli rektor, bəs bilmirsiniz, mən özüm boyda da yerin altdayam!? Yerin üstdəki hissəmi dəfn elədilər... Mənim yerin altdakı hissəm qaldı. Özünüz də yaxşı bilirsiniz ki, dəfn komissiyasınin sədri prorektorumuz idi. İndi ondan şikayətə gəlmişəm. Niyə məni yarımçıq dəfn etdirib?..

Rektor düyməni basıb prorektoru kabinetə çağırdı. Prorektor içəri girər-girməz rektor qəzəblə onun üstə çığırdı: - Sən necə dəfn komissiyasının sədri idin ki, Musa müəllim yarımçıq dəfn olunub!? Kişinin dəfninin ikinci hissəsini də təcili təşkil etməlisən! Mən də deyirəm ki, bu institutda nığnığa niyə hələ də kəsilməyib!..

Rektor yumruğunu stola möhkəm vurub, qəzəblə prorektorun üstə necə qışqırdısa, öz səsinə yuxudan oyandı və yerindən dik atıldı... 

ZƏHƏRLİ DİŞ 

Hələ milli münaqişələr baş qaldırmamışdı. Ermənilərin torpaq iddiası açılıb-ağarmamışdı...

İrəvanın beş addımlığındakı azərbaycanlı kəndlərindən birində yaşayan Nurəddin kişigilə Azərbaycandan tez-tez qonaq-qara təşrif buyururdu. Üç-dörd gün olardı ki, Gəncədə yaşayan nəvəsi Sədaqət də onlara gəzməyə gəlmişdi. Bir səhər Nurəddin kişi dişi bərk ağrıyan Sədaqəti də götürüb İrəvandakı mərkəzi diş poliklinikasına gətirdi. Həkim Karapet qızın dişini nəzərdən keçirib çəkilməli olduğunu bildirdi. Tibb bacısı Silva qızın damağına iynə vurdu. Beş-on dəqiqə keçəndən sonra Karapet maqqaşı əlinə götürdü... Dişi yavaş-yavaş sağa-sola oynatdı... Bu zaman Silva ermənicə yavaşca: "Hələ bir az eş, çıxarmağa tələsmə" - dedi... Karapet dodaqaltı mızıldandı: - "Özüm yaxşı bilirəm... "Tibb bacısının dediyi sözləri və həkimin him-cimini yaxşı anlayan Nurəddin kişi birtəhər səbrini basıb gözlədi.

O, ermənilərin əhatəsində yaşadığından onların dilini az-çox başa düşürdü... Karapet elə bir ucdan azərbaycanca deyinirdi: "Ara, bu dişin kökü qarmaq kimi əyilib... Qoy görüm neyləyirəm... "

Karapet əlindəki maqqaşı sağa-sola oynatdıqca Sədaqət ah-uf eləyir, gözlərindən yaş axırdı. Nurəddin kişi isə beynində nəyisə ölçüb-biçir, çətinliklə də olsa səbrini cilovlayırdı.

Karapet daha işin ağ olacağından ehtiyat edərək çox da uzatmadı. Dişi çəkib çıxartdı və yerinə yod da vurmadan, quruca pambıq basdı...

Nurəddin kişi stomotoloji kreslonun qarşısında dayanıb həkimin yaxasından yapışdı:

- İndi sən əyləş kresloda!..

- Ara, mən nəyə?..

- Mən də sənin dişini çəkəcəyəm! Özü də zəhərli dişini... Siz ilan kimi bir məxluqsunuz... Zəhərli dişiniz çəkilməsə, sizə öhdə olmaz!

Arıq-uruq erməni həkimi çabalayıb Nurəddin kişinin əlindən çıxmaq istədi. Nurəddin kişinin vitrindən əlinə götürmüş olduğu yekə maqqaşı görüb daha da vahimələndi... Bir anlıq yerində donub qaldı və birdən balıq kimi çabalayıb Nurəddin kişinin əlindən çıxaraq özünü bayıra atdı. Dəhliz boyu: - Ara, bu türk məni öldürdü, köməyə gəlin! - deyə çığırmağa başladı...

Nurəddin kişi onun arxasınca nifrət dolu nəzərlərlə baxırdı... Dəhlizin başına çatmaqda olan Karapetin şalvarı islanmışdı...

Ələsgər ƏLİOĞLU  

 





15.11.2019    çap et  çap et