525.Az

Azərbaycan səhnəsində ucalan Notr-Dam - Şahanə Müşfiq yazır


 

Azərbaycan səhnəsində ucalan Notr-Dam - <b style="color:red">Şahanə Müşfiq yazır </b>

Paris Notr-Dam kilsəsi... Fransızların tarixə, aşiqlərin isə eşqə meydan oxuduqları abidə... İki əsr öncə bir fransız yazıçının qələminə qədər hər kəs ona tarixin şahidi, xristianlıq dininin məbədgahı kimi baxırdısa, o yazıçı bu tikilini bir kilsə olmaqdan çıxarıb həqiqi eşqin şahidi kimi insanların qəlbinə, yaddaşına həkk etdi...

Viktor Hüqo adı ilə birlikdə tanıdıq Paris Notr-Dam kilsəsini... Görməzə, bilməzə, öncə onun məşhur romanından sevdik, pərəstiş etdik. Təkcə romanın iki əsr yaşı vardısa, gör bu abidə nə tarixlərə, nə böyük hadisələrə, müharibələrə şahidlik etmişdi. Tanrının evi əsrlərdir divarlarında İsa nəfəsini, Məryəm sevgisini, Tanrı müqəddəsliyini və nəhayət, Hüqo əzəmətini hifz edirdi...

Ta bu ilin aprel ayına kimi...

Aprelin 15-i səhəri dünya insanının üzünə dəhşətli bəd xəbərlə açıldı. Nə yazıq ki, əsrlərin yadigarı Notr-Dam yanırdı. İnsanların gözləri önündə bir tarix və bir sevgi əfsanəsi məhv olurdu. Fransızlar və şəhərin qonaqları bu bədbəxt hadisəni çarəsizcə izləyirdilər. Bu möhtəşəm abidənin simvolikasını anlayan hər kəsin gözyaşlarından başqa heç nəyə gücü çatmırdı. Nə edək ki, göz yaşları o müthiş alovu söndürməyə yetmədi və Notr-Dam bu yanğından çox böyük zərərlər aldı. Fransız tarixinin çox əsrlik şahidinin mühüm hissəsi atəşlərin qoynunda bir ovuc külə çevrildi.

Bu gün o məşum hadisəni xatırlamağıma səbəbkar noyabrın 14-də Akademik Musiqili Teatrın səhnəsində izlədiyim yeni tamaşa idi. Həmin gün teatr özünün ən yeni tamaşasını izləyicilərin ixtiyarına buraxırdı. Böyük fransız yazıçısı, Utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" romanının motivləri əsasında librettosu Samir Qulamova məxsus olan "Paris Notr-Dama ithaf" tamaşasının premyerası keçirilirdi.

Dünyaca məşhur əsərin səhnə həllinə keçməzdən öncə deyək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 110-cu mövsümünün ilk premyerası olan tamaşanın quruluşçu rejissoru Samir Qulamov, ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə məxsusdur.

Tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr - Dam kilsəsində baş vermiş və bayaq haqqında danışdığımız yanğın hadisəsinə ithaf olunub.

Fransız yazıçısı Viktor Hüqo "Paris Notr-Dam kilsəsi" romanını 1831-ci ildə qələmə alıb. Qotik və romantizm janrlarında olan əsər Fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunur.

Məşhur əsər "Paris Notr-Dam kilsəsi" və "Notr Damlı Qozbel" adları ilə dünyanın ən tanınmış teatrlarının səhnəsində dəfələrlə səhnələşdirlib, 1905-ci ildə isə romanın ilk kino variantı ekranlaşdırılıb.

Rejissor Samir Qulamovun da yaradıcılığında "Paris Notr-Dam kilsəsi" əsərinə müraciəti ilk deyil. Belə ki, rejissor ilk dəfə 13 il əvvəl Akademik Milli Dram Teatrı üçün romanı səhnələşdirib.

Rejissorun 13 ildən sonra əsərə yenidən və fərqli yozumda müraciət etməsinin başlıca səbəbi də həmin yanğın hadisəsidir.

Tamaşa elə Notr-Damın tarixi, Hüqonun bu abidəyə qatdığı yeni nəfəs və həmin bədbəxt hadisə haqqında hazırlanmış video çarxla başlayır.

Səhnə əsərində "Notre-Dame de Paris" müziklına görə Ginnesin "Rekordlar" kitabına düşən Riçard Konçiantenin və dünyaşöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

Əsər başlar-başlamaz iki saat ərzində böyük bir kollektivin zəhmətini, əməyini izləyəcəyimiz aydın idi artıq. Səhnələr bir-birini əvəz edir, aktyorlar onlara verilən rolların öhdəsindən ən uğurlu şəkildə gəlmək üçün var qüvvələrini ortaya qoyurdular.

Qeyd edək ki, möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər - Zakir və Yelena Ağayevlər, xormeysteri, Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı, gənc rəssam Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər - Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar - Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa edirdilər.

Əsərin sujeti yəqin ki, çoxlarına aydındır. Parisin, Fransanın möhtəşəm tarixi abidəsi olan Notr-Damda kilsə zəngini çalan qozbel, eybəcər Kvazimodayla qaraçı gözəli, rəqqasə Esmeraldanın səmimi, saf, ülvi eşqi həmin gün yenidən qarşımızda idi və biz uğurlu rejissor həlli, səliqəli libretto və peşəkar aktyor ifası sayəsində bu eşqin ölməzliyinə bir daha göz yaşı tökürdük.

Xalq artisti Pərviz Məmmədrzayevin ifasında keşiş obrazı sanki aktyorun canına, qanına, ruhuna işləmişdi. Keşişin gah Tanrı qanunlarını əlində bayraq edib hökmranlığını yeritməsi, gah bir qadının eşqi ilə bu qanunları elə ilk növbədə özünün pozması, gah da səcdə etdiyi Tanrını eşqinə, eşqini isə nəfsinə qurban verməsi tamaşaçını haldan-hala salırdı. Bilmirdin kilsə qapısına atılmış bir eybəcər körpəyə illərlə atalıq etmiş bu müqəddəs ataya acıyasan, mərhəmət göstərəsən, yoxsa öz günahını suçsuz bir qızın üstünə atacaq qədər olan qəddarlığına nifrət edəsən.

Eləcə də, Xalq artistinin gözəl mahnı ifaları yaratdığı obrazı daha rəngarəng, canlı və möhtəşəm edirdi.

Aktyor Nicat Həbibovun Kvazimodası ilk başda həqiqətən də insanda vahimə oyandırırdı. Tamaşanı amfiteatrdan izləməyimizə baxmayaraq, o qrim, bədheybət görünüş uzaqdan olsa belə, xof yarada bilirdi. Bu baxımdan öncə, qrim ustasını, geyim rəssamını təbrik eləmək lazımdır. Amma təbii ki, uğurlu aktyor oyunu yoxdursa, nə möhtəşəm qrimlər, nə geyimlər istənilən effekti verəcək. Burada isə Nicatın mükəmməl aktyor oyununu xüsusi qeyd etmək lazımdır. İnsan onun Kvazimodasına gülür, acıyır, qorxur, ağrıyır və nəhayət, təəssüf qarışıq sevir. Notrdamlı qozbel bizə yad obraz deyildi, heç onun həyatı da sirr deyildi. Amma aktyor illərdir tanıdığımız, öncə səhifələrdən, sonra filmdən görüb sevdiyimiz obrazı özünəxas şəkildə təqdim etdi. O, göstərdi ki, Kvazimoda heç də yazıq eybəcər, qorxunc bədheybət, gülünc təlxək deyil. Kvazimoda güzgülərdən qorxan, özünün xarici görünüşündən utanan, özünə baxmaqdan qaçan həssas bir insandır. Bəli, Kvazimoda ilk növbədə insandır. Hətta əli, ayağı düz, təhsilli, mənsəb sahibi çox adamdan daha artıq insan. Çünki onun kövrək duyğuları, sevən qəlbi, mərhəmətli ürəyi var. O, zəif, çolaq canıyla Esmeraldaya hücum edənlərə qorxusuzca qarşı çıxır, qızı onların əlindən alır. Amma eyni zamanda o, onu edama sürükləyən, ölümün qoynuna itələyən və sonda öldürən keşişi də anlayır, onun halına da göz yaşı tökür.

Aydan Həsənovanın Esmeraldası gözəlliyi, zərifliyi, incəliyi ilə insanı heyrətdə qoyurdu. Əlbəttə, bütün bunlara uğurlu aktyor ifası da əlavə idi. O, şıltaq, sevgi dolu, zərif Esmeraldanı elə olduğu kimi tamaşaçıya çatdırdı və sevdirdi. Aktrisanın rəqsləri, ifa etdiyi mahnılar onu gah rəqqasə, gah müğənni kimi bizə təqdim edirdi. Həqiqətdə isə elə bütün bu sahələrin uğurlu sintezi sevimli Esmeraldanı yaradan başlıca vasitə idi.

Bu ifanın fonunda biz inanırdıq ki, Esmeralda gözəlliyinin fərqində olan, kişilərin ona vurğunluğundan həzz alan bir qaraçı rəqqasəsidir. Amma eyni zamanda ona da inanırdıq ki, bütün bunlar onu xoşbəxt etməyə yetmir. Çünki Esmeralda həm də kövrək ürəyə sahib, səmimi eşq axtarışında olan, qorunmağa möhtac bir qadındır.

Eləcə də Emin Zeynallının Qrequarı, Əliməmməd Novruzovun Təlxəyi və digər aktyorların rolları uzun müddət tamaşaçının hafizəsində özünün ən gözəl yerini hifz etmək gücündə idi.

Tamaşanı maraqlı və göstərişli edən bir başqa amil də orkestr idi. Belə ki, möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev və orkestrin ifası həqiqətən böyük alqışlara layiq idi. Hər dəfə dəyişən musiqi, enib-qalxan tempi bir az da vurğulu edir, tamaşaçını XIX əsrin və əsrlərin ən ecazkar sevgi əfsanəsinin içərisinə salırdı.

Tamaşanın ikinci premyerası dünən baş tutdu. Və bu ay daha iki dəfə oynanılmağı gözlənilir. Gözəl rejissor işindən, göstərişli səhnə əsərindən və peşəkar aktyor oyunundan həzz almaq istəyən hər kəs gec olmadan Akademik Musiqili Teatrın yolunu tutsun. İnanırıq ki, bu qədim sevgi əhvalatı sizi də duyğular fırtınasına salacaq. O fırtınadan qurtulmaq isə hər kəsin öz əlindədir.

İlk tamaşadan ilk yazını yazmaq əslində, çox məsuliyyətli işdir. Çünki gələcəkdə əsər daha da bişəcək, rollar daha yaxşı oturacaq, səhnə aktyoruna, aktyor səhnəsinə alışacaq. Amma ilk dəfədən bu qədər təqdir almaq da hər əsərə qismət olmur. Bu münasibətlə yaradıcı kollektivi ürəkdən təbrik edir, uğurlar arzulayırıq. İnanırıq ki, "Paris Notr-Dama ithaf"  tamaşası teatrın repertuarındakı ən baxımlı əsərlərdən birinə çevriləcək!

 





16.11.2019    çap et  çap et