525.Az

“Atamı yalnız qışda görürdük” - Mirzə Cəlilin Polşadakı ailəsi ilə müsahibə


 

“Atamı yalnız qışda görürdük” - <b style="color:red">Mirzə Cəlilin Polşadakı ailəsi ilə müsahibə </b>

“Bir gün Azərbaycana, babamın adını daşıyan həmin şəhərə getmək istəyirəm”.

“Qürur duyuram ki, siz məktəb, universitetlərdə  mənim Cəlil babam haqqında öyrənirsiniz”.

Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) – Görkəmli dramaturq və yazıçı, publisist, ictimai xadim,  Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalı.  “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub. Ana dilinin saflığı uğrunda mübarizə apar Mirzə Cəlilin zəngin irsində azərbaycançılıq məfkurəsi  əsas yer tutub. Xаlqımızın mədəni gеriliyinə, dini хürаfаtа, mövhumata, cəhalətə, avamlığa, mürtəce çаrizm siyаsətinə qаrşı inаdlа mübаrizə аpаrıb, milli mədəniyyətin yüksəlməsi üçün mühüm xidmətlər göstərib. Ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və s. pyesləri Azərbaycan dramaturgiyasının parlaq nümunələridir. 1907-ci ildə Həmidə xanım Cavanşirlə ailə həyatı qurub və oğlanları Midhət və Ənvər dünyaya gəlib. Böyük Vətən müharibəsi illərində həkim kimi ordu sıralarına çağırılan Mirzə Cəlilin oğlu Ənvər, sovet qoşunlarının tərkibində İrana gedib. Ənvər burada polyak qızı, onunla bir xəstəxanada işləyən tibb bacısı Zofya Bahrinovskaya ilə evlənib. Bu nikahdan övladları – Midhət, Nizhət, Teymur, İren Cavanşirlər dünyaya gəlib. O, heç vaxt İrandan Vətənə qayıtmayıb. Qeyd edək ki, bu il Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.



HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi,   görkəmli ictimai xadim, maarifçi  Cəlil Məmmədquluzadənin Polşada yaşayan nəvə-nəticələrini  tapıb, həmsöhbət olub. Mirzə Cəlilin nəvəsi Midhət Cavanşirin Polşada yaşayan oğlu Martin Cavanşir eksklüziv olaraq HafizTimes.com -un suallarını cavablandırıb. O, müsahibə zamanı ailəsi ilə bağlı bir çox önəmli məqamdan söhbət açıb,  Azərbaycan haqqında fikirlərini ifadə edib. Qeyd edək ki, Martin Cavanşir ilk dəfə olaraq Cəlil Məmmədquluzadənin Polşada, İranda yaşayan ailə üzvlərinin fotolardan ibarət şəxsi arxivini də HafizTimes.com -a təqdim edib:

-Mənim babam Ənvər həyat yoldaşı  Zofia Bahrynovska ilə İranda tanış olub. O,  1942-ci ildə General Andersin Ordusu ilə İrana köçən polşalı bir qadın idi. Atam Midhət onların ilk övladı olub. 1944-cü ildə  Fumanda dünyaya gəlib.  Onların dörd övladı olub. Mənim atam, qızları Nizhət, İren  və oğlu Teymur. Bütün ailə 1950-ci ilə qədər Tehranda, Urmiya bölgəsində Zartoshtian küçəsində bir evdə yaşayıblar. (Hafez küçəsinə yaxın)



(İrenin toyu. 1976. Solda anam Elisabeth, Ənvər, İrenin əri Əmir,qabaqda nənəm Zofia, arxada isə atam Midhət)

Babam Ənvərin özünün həkim ofisi vardı və orada çalışırdı. Nənəm Zofiya da onunla işləyən  bir tibb bacısı idi. 1968-ci ildə atam  təhsil almaq üçün anası Zofiyanın Vətəni olan Polşaya gedib. Atam  Lodzda təhsil almağa başlayıb. Orada mənim anam  Elisabeth Szymaniakla tanış olub. Bu münasibətin nəticəsi olaraq 1970-ci ildə  Polşada mən dünyaya gəlmişəm.  11 il sonra isə qardaşım Ramin dünyaya gəlib.



(Həyat yoldaşım, qızım və mən)

“Daha sonra bütün ailəmiz Polşadan İrana köçdü”

-1972-ci ildə valideynlərimlə birlikdə atamın Vətəni olan  İrana köçdük. Babam Ənvər və Zofiya nənəmin evinin yaxınlığındakı bir binada məskunlaşdıq.

-Babanız Ənvər Məmmədquluzadəni (Cavanşir) görmüsünüz? Onu necə bir insan kimi xatırlayırsınız?

-Mənim həm nənəm, həm də babam 1979-cu ildə  vəfat etdi. Ənvər babam Tehrandakı  Beheşte-Zəhra qəbiristanlığında, Zofia nənəm isə Dulabdakı polyaklar qəbirstanlığında dəfn edildi. Həmin vaxt mənim 9-10 yaşım olardı.

Yaxşı xatırlayıram ki, babam Ənvər çox mülayim bir insan idi.  Zofia isə çox gözəl bir nənə idi .  Uşaq olarkən nənə-babamla evdə vaxt keçirməyi  çox sevirdim. Babam-nənəm vəfat etdikdən sonra valideynlərimlə birlikdə Tehrandakı ASP-də yaşamağa başladıq.



(Teymurun toyu.1974. Neşat əri ilə birlikdə, İren, Zofia, Teymur, Elisabeth,Ənvər babam, atam Midhət, Neşətin qızı Zərrin. Mən isə yatırdım)

“Müharibə başlayandan sonra anamla birlikdə Polşaya getdim”

– 1984-cü ildə İran-İraq müharibəsinin başlamasından bir neçə il sonra anam Elizabeta ilə birlikdə Polşaya getdim. Və bu günə qədər də onunla birlikdə burada yaşayıram…

-Atanız Midhət Cavanşirlə əlaqəni kəsmişdiniz?

-Atam Midhət hər il qışda bizim yanımıza gəlirdi. Təxminən 4 həftə bizimlə birlikdə qalırdı.



(Martin- yəni mən. 1980. Nənəm Zofianın polyak qəbristanlığındakı məzarı)

-Sizinlə bağlı bilmək istərik. Harada təhsil aldınız? İndi nə işlə məşğul olursunuz?

-Krakov şəhərində orta  məktəbdə təhsil aldım. Daha sonra  Lodz şəhərində Bina və Memarlıq Fakültəsinin məzunu oldum. 1994-cü ildə polşalı qadın Małgorzata Gierk ilə ailə həyatı qurdum. İki övladımız var: Przemyslav (1996-cı il ) və Magdalena (2003-cü il təvəllüdlü). Hazırda bir qaynaq şirkətində  keyfiyyət üzrə menecer kimi çalışıram.



(İrenin toyu. Qardaşı Midhət ilə birlikdə. O, mənim atamdır)

-Qardaşın Ramin Cavanşir barədə bilmək istərik.

-Qardaşım Ramin 10 ildir ki, Dublində yaşayır…

– Bəs atanız Midhət Cavanşir hazırda yaşayır? 

-Atam Midhət 2013-cü ildə vəfat etdi. Anam Elisabeth də  Polşada yaşayır. Bizim evlərimiz arasında 1 km məsafə var.



(Teymurun toyu.1974.Ənvər, Teymurun həyat yoldaşı Nəsrin, Teymur, Zofia )

-Cəlil Məmmədquluzadə barəsində məlumatınız varmı?

-Ənvər babam mənə öz atası Cəlil Məmmədquluzadə barəsində çox danışmayıb. Həmin vaxt mən mən uşaq idim. Daha sonra mən Cəlil Məmmədquluzadənin həyatı , işi ilə maraqlandım. Amma çox təəssüf ki, bu istiqamətdə geniş araşdırma aparmadım.



(Mən və həyat yoldaşım)

-Bu gün sizin ailənizdə Cəlil Məmmədquluzadənin yolunu davam etdirən, yaradıcılıqla məşğul olan kimsə varmı?

-Çox təssüf ki, bizim ailəmizdən heç kim babamız Cəlil Məmmədquluzadənin yolunu davam etdirmir…



(1973-cü il. Mən və anam Elisabeth)

-Cəlil Məmmədquluzadənin Vətəni Azərbaycanla bağlı nə demək istəriniz?

– Çox təəssüf ki, heç vaxt Azərbaycanda olmamışam. Amma bildiyimə görə Azərbaycanın paytaxtı Bakı gözəl bir şəhərdir. Əlbəttə ki, Azərbaycana səfər etmək istəyərəm.



(Qızım və mən)

Martin Cavanşirin gənc oğlu Przemek Cavanşir də öz fikirlərini HafizTimes.com -la bölüşüb:

“Cəlil Məmmədquluzadə mənim ulu babam olub. Təəssüf edirəm ki, onun barəsində çox məlumatım yoxdur. Ailəmizin kökləri , babam Cəlilin xalqı üçün gördüyü böyük işlər, möhtəşəm yaradıcılığı barədə sizdən öyrəndim. İndi çox həyəcanlanıram və qürur duyuram ki, siz məktəblərdə, universitetlərdə  mənim Cəlil babam haqqında öyrənirsiniz. Bunu eşitmək məni çox sevindirdi.



(Ənvər babamın evinin önü. Onun kiçik qızı İren, Zofia nənə,Ənvər baba, Teymur və mən)

Sizin verdiyiniz məlumatlardan sonra mən də  Cəlil Məmmədquluzadə haqqında oxudum. Öyrəndim ki, Cəlil babamın adına Azərbaycanda şəhər də mövcuddur. Çox istəyərəm ki, bir gün Azərbaycana, babamın adını daşıyan həmin şəhərə gedim”.

Hafiz Əhmədov
HafizTimes.com

 





19.11.2019    çap et  çap et