525.Az

"Tanrım, mən ağlamıram..." - Fikrət Qocadan iki şeir


 

"Tanrım, mən ağlamıram..." - <b style="color:red">Fikrət Qocadan iki şeir </b>

TANRIM

Həyat eniş-yoxuşdu,
Səni duydum, nə xoşdu,
"Yalnış da bir naxışdı".
Fikrət Qocaya hər söz
Dünyaya bir baxışdı.
Tanrım, mən ağlamıram,
Gözüm dolu yağışdı!
Bəlkə mənim dərdimə
Mələklər ağlamışdı...

BİR QARA MİLÇƏK

Çöldə bayram günüdü,
Çal-çağır, vur-haraydı.
Yayın qaynar ayıdı.
Elə bil ki, xamıram,
Gün boyu yoğrulmuşam,
Yaxşıca yorulmuşam.
"Oxqay" deyib oturdum.
Sərin otaq, mən də tək.
Hardansa peyda oldu
Bir yekə qara milçək.
- Ay Milçək,
Məndən əl çək!
Gah qulağıma girir,
Gah cumur göz-qaşıma.
Oyun açır başıma.
Baxmır yalvarışıma,
Baxmayır göz yaşıma...
Ev başıma dar olub,
Çarpayım məzar olub.
- Ay Milçək,
Məndən əl çək!
Mənimdir bu od-ocaq!
Erməni deyilsən ha...
Vuracam öləcəksən!
Adım qatil olacaq...

13.11.2019

 





19.11.2019    çap et  çap et