525.Az

Britaniyalı ekspert: “Növbədənkənar seçkilərə az adamın qatılacağı gözlənilir”


 

Britaniyalı ekspert: “Növbədənkənar seçkilərə az adamın qatılacağı gözlənilir”<b style="color:red"></b>

“Britaniyada seçkilər, adətən, may və ya iyun ayında seçkilər keçirilir. Britaniya seçicisi çox həssasdır. İqlim, nəqliyyat kimi bəzi məsələlərə görə də dekabrın 12-də keçiriləcək növbədənkənar seçkilərə daha az adamın qatılacağı gözlənilir”.

APA-nın London bürosunun verdiyi xəbərə görə, bu sözləri, “London İqtisadiyyat Universiteti”nin (London School of Economics) professoru Patrik Dunleavi universitetdə xarici jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O, sonuncu dəfə dekabr ayında 1910, 1918 və 1923-cü illərdə seçkilər keçirildiyini bildirib. Dekabr ayında universitetlərin son dönəmi olduğunu xatırladan ekspert tələbələrin seçkidə iştirak faizinin aşağı olacağını bildirib.

Professor həmçinin Britaniyanın bir çox yerində dekabr ayında kəskin keçən hava şəraitinə görə də insanların səsvermədə aktivliyinin zəif olacağını vurğulayıb.

Ekspert onu da qeyd edib ki, seçki öncəsi keçirilən “exit-poll”arın əksəriyyətində Mühafizəkarlar Partiyasının üstünlüyü proqnozlaşdırılıb. “Buna baxmayaraq, seçkilər gözlənilməz şəkildə də nəticələnə bilər. Mühafizəkarlar Partiyası hazırda “Brexit”in başa çatdırılması, yeni miqrasiya, vergi endirimləri siyasəti yürüdür. Leyboristlər Partiyası isə “Brexit” üzrə yeni danışıqlar, ya da ikinci referendum, varlılar və şirkətlər üçün vergilərin artırılması siyasəti yürüdür”, - deyə o bildirib.

Avropa siyasəti üzrə danimarkalı ekspert Sara Hagemann isə seçkilərin “Brexit”ə görə keçirildiyini desə də, bunun həlledici faktor olmadığını bildirib: “London və Şotlandiyada "Brexit" insanların qərar verməyində əsas faktorlardan biridir. Ancaq digər bölgələrdə maaşlar, səhiyyə sisteminin gücləndirilməsi, kriminal cinayətlərin azaldılması kimi faktorlar önəm daşıyacaq. Ümumilikdə isə insanların “Brexit” prosesindən yorulduğunu, bezdiyini demək olar”.

 





20.11.2019    çap et  çap et