525.Az

Anılan, sevilən, yaşayan Cəfər Cabbarlı - Araşdırma


 

Anılan, sevilən, yaşayan Cəfər Cabbarlı - <b style="color:red">Araşdırma </b>

"Cəfər Cabbarlının yaradıcılığı dramaturgiya ədəbiyyatımızın daha da inkişaf etdirilməsinə çox böyük təsir göstərmişdir.

O həyatda təkcə yeni ideyalar, süjetlər, konfliktlər deyil, həm də təsvir vasitələri əxz edirdi. Cabbarlının timsalı dramaturgiyaya respublikanın görkəmli yazıçılarının gəlmələrinə, teatrın repertuarının müasir mövzuda yazılmış... bir sıra yeni, gözəl pyeslərlə zənginləşməsinə kömək etmişdir". Ulu Öndər Heydər Əliyevin bu sözləri XX əsr ədəbiyyatının və incəsənətinin yaradıcılıq möcüzəsi olan Cəfər Cabbarlının xalqımızın mədəniyyət tarixindəki xidmətlərinə verilən yüksək qiymətdir.

Cəmi 35 il ömür sürən C.Cabbarlı yaşadığı dövrün siyasi, ictimai və mədəni həyatının ən qaynar nöqtələrində vətəndaş və ziyalı qeyrətilə, fövqəladə yaradıcılıq enerjisi ilə çalışıb. Onun milli mədəniyyətimizin bütün sahələrində, o cümlədən teatr və kinodakı fəaliyyətini müqayisə etməyə örnək tapmaq çətindir. Bununla bərabər C.Cabbarlının yaradıcılıq istedadı barədə fikir yürütməli olsaq, hər şeydən əvvəl onun ədəbiyyata gəlişini, ilk yaradıcılıq nümunələrində ifadə edilən şair təbini xatırlamalı oluruq. Aparılan çoxsaylı araşdırmalar sübut edir ki, işlədiyi mövzuların onu tapdığını yarızarafat, yarıgerçək dilə gətirən C.Cabbarlı ədəbi fəaliyyətə şeirlə, lirik, satirik, vətəndaş pafoslu poetik yaradıcılıqla başlamışdı. Onun istiqlal məzmunlu şeirləri Xalq Cümhuriyyəti dövründə dillər əzbəri olmuşdu. Belə ki, sənətkarın:

Türk sağ ikən yurduna əl vurulmaz,
Ölsə də zəncir daşımaz, qul olmaz.
Ölkə mənim, vətən mənim, yurd mənim
İkən arş irəli, arş irəli əskərim.

və yaxud:

Od yurdunun
hüdudların düşmənlərdən
Sarsılmadan koruyor,
Aslan kibi ölüyor,
Azərbaycan əskəri -

kimi şeirləri dəftərdən-dəftərə köçürülərək, azadlıq coşqusu ilə yaşayan o zamankı gəncliyin sevimli misralarına çevrilmişdi. Şairin romantik ruhlu sətirlərində də onun rahatlıq bilməyən iç dünyası bədii vüsətlə təzahür tapırdı.

Poeziyada diqqətçəkən uğurlar əldə etdiyi kimi, nəsr sahəsində də heyranlıq doğuran nailiyyətlər qazanan C.Cabbarlının qələmi ilə ədəbi həyatını yaşayan "Əhməd və Qumru", "Cocuq", "Aslan və Fərhad" və başqa hekayələri də tutumlu nəsr nümunələri olaraq olduqca dəyərlidir. Belə ki, ədəbiyyatın hansı növündə yaratmasından asılı olmayaraq onun mövzu əlvanlığında daha artıq təzahür tapan istedadı humanizmə, milli ləyaqətə, vətənpərvər düşüncələrə həsr edilmişdir. O düşüncələrə ki, xalq həyatından ayrı olmayıb milli təfəkkürdən qaynaqlanmış, bədii-estetik ifadə şəklində yaşam vəsiqəsi əldə etmiş, təkcə vərəqlərdə deyil, həm də dillərdə gəzmişdi.

C.Cabbarlının teatr sənətinə sevgisi onun nəzmə və nəsrə xəyanəti kimi qəbul edilə bilər. Amma məcazi mənada səslənən bu fikirlər ilk baxışdan yaranan təəssürat olduğu üçün həqiqəti əks etdirmir. Doğrudur, ədəbiyyatın ən çətin növü sayılan dramaturji əsərlər yaratmaqla teatr sənətinə bağlansa da, o, hər dəfə öz pyeslərində poeziyaya, hətta musiqi sənətinə sevgisini xüsusi bir şövqlə bəyan edirdi.

Maraqlı fakt olaraq çoxlarına bəllidir ki, C.Cabbarlı şair, nasir, tərcüməçi kimi yox, dramaturq olaraq daha məşhurdur və bu, bir ədibin sadəcə şöhrət parlaqlığı sayıla bilməz. Ən azı ona görə ki, C.Cabbarlının dramaturq istedadı pyes müəllifliyi ilə hüdudlanmır. O, özlüyündə mürəkkəb teatr orqanizminin, bu sinkretik sənətin nüvəsində yaşayan bədii ədəbiyyatın zirvəsində ona qədər kimsəyə nəsib olmayan praktik yaradıcılıq mövqeyinə sahib idi. Milli teatr mədəniyyətimizin inzibati, təşkilati, yaradıcılıq ahənginin bərqərar olmasında, bədii ifaçılıq sənətinin yüksəlişində, səhnə sənətinin öyrənilməsində, həmçinin bu sahə üçün kadr hazırlığı işlərində C.Cabbarlının müstəsna rolu bu yöndə aparılan tədqiqatlarda öz təsdiqini tapmış elmi-estetik həqiqətdir.

Azərbaycan teatr tarixindən məlumdur ki, o zamanlar teatrda ədəbi hissə müdiri vəzifəsində çalışan C.Cabbarlı fərdi fəaliyyət baxımından tutduğu vəzifənin səlahiyyət hüdudlarına sığmırdı. Belə ki, teatrın repertuarını zənginləşdirmək üçün yeri gəldikcə Avropa və rus müəlliflərinin əsərlərindən tərcümələr edir, ayrı-ayrı aktyorların fərdi yaradıcılıq imkanlarının üzə çıxması məqsədilə konkret sənətçiləri nəzərə almaqla pyeslər yazır, bəzən tamamilə fərqli sənət sahəsi olan rejissorluq işinə də qoşulurdu.

C.Cabbarlının rejissor qismində fəaliyyətini təhlil etmək üçün əlimizdə təfsilatlı faktlar olmasa da, hər halda onun 1931-ci ildə Vladimir Lütse ilə birlikdə "1905-ci ildə", A.Tuqanovla birlikdə hazırladığı "Almaz”, 1933-cü ildə R.Daraplı, İ.Hidayətzadə ilə birlikdə C.Məmmədquluzadənin "Ölülər", müstəqil rejissor olaraq isə ilk dəfə 1931-ci il 10 dekabr tarixində göstərilən "Sevil", ilk nümayişi 1932-ci ilin 18 fevralında baş tutan A.Afinegenovun "Qorxu", ilk tamaşası elə həmin ilin 20 oktyabrında göstərilən "1905-ci ildə" əsərlərinin tamaşalarına quruluş verdiyi faktları teatr tariximizin səhifələrində yer almışdır.

C.Cabbarlı ilə əməkdaşlığı barədə o zaman milli teatrın baş rejissoru olan Aleksandr Tuqanov öz xatirələrində yazırdı: "Mən yarım əsrdən çox teatr sahəsində işləmişəm. Bu müddət ərzində çox adamlarla görüşmüşəm. Bu böyük şəxsiyyətlərin sırasında bir dostumu Cəfəri heç vəchlə ürək ağrısız xatırlaya bilmirəm. Cəfər Cabbarlı nə qədər sadə, təmkinli və səbrli idi! Əməksevən idi, yorulmaq nə olduğunu bilməzdi. Onun əsərləri müvəffəqiyyətlə tamaşaya qoyulur, hamı tərəfindən məhəbbətlə qarşılanırdı. O, yalnız dramaturq, şair, nasir deyil, həm də mahir rejissor idi. Cəfər və teatr! Bu iki məfhum bir-birini tamamlayırdı". 

Bu fikirlər mübahisələr və tərəddüdlərlə dolu birgə fəaliyyət illərindən süzülüb gələn bəlkə bir qədər güzəştli, bir qədər emosional qənaətlərdir. Amma mühüm olan budur ki, C.Cabbarlı öz fədakar dramaturji istedadı ilə Mirzə Fətəlinin yandırdığı teatr çırağını nəinki sönməyə qoymadı, əksinə həmin çırağın özündən sonrakı illərdə belə daha gur yanmasını təmin etmiş oldu.

Məhz C.Cabbarlının dramaturji istedadı sayəsində Azərbaycan səhnəsində müxtəlif yaradıcılıq ampluasına malik böyük aktyor nəsli yetişdi və teatrsevərlər Abbas Mirzə Şərifzadə, Mərziyə Davudova, Fatma Qədri, Sona Hacıyeva, Mirzəağa Əliyev, Ülvi Rəcəb, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Kazım Ziya kimi müqtədir səhnə xadimlərinin ecazkar sənətkarlıq hünərinə şahid oldular. Milli teatrımızın müxtəlif konseptlərdə fəaliyyəti, o cümlədən "böyüdücü şüşə", "güzgü", "məktəb" funksiyasında inkişaf mərhələləri C.Cabbarlının sənət görüşlərində daha konkret, ideya-estetik baxımdan daha uca dəyərləndirilirdi. Məhz bu düşüncənin bədii ifadəsi olaraq onun qəhrəmanlarından biri: "Teatra məktəb bəlkə də demək olur. Fəqət bir sənət məbədi kimi o daha yüksəkdir,"- deyirdi.

C.Cabbarlının teatr görüşləri ayrıca və geniş tədqiqat obyekti kimi elmi-nəzəri təhlilə çəkilməsə də, onun yaradıcılığına həsr edilən ayrı-ayrı araşdırmalarda bu və ya digər səviyyədə öyrənilmişdir. Bununla belə fikrimizcə, bu sahədə ağ boşluqlar hələ də qalmaqdadır. Çünki qeyd etdiyimiz kimi, teatr həyatına dərindən bələd olan C.Cabbarlı səhnə sənətinin ən mühüm problemləri ilə bağlı düşüncələrində teatrşünas alim mövqeyindən çıxış edir və bu zaman o, kifayət qədər elmi səriştə nümayiş etdirir. Məsələn, milli teatrımızda aktyor sənəti ilə bağlı mülahizələrində C.Cabbarlı bildirir ki: "Hər şeydən əvvəl aktyor canlı bir ədəbiyyatdır. Böyük bir ədibin uyğusuz gecələr boyu çalışıb vücuda gətirdiyi bir əsəri, onun kağızlar üzərində qaraladığı fikirləri, gülüşləri, göz yaşlarını aktyorlar alır və özündə canlandıraraq bir ədəbiyyat olmuş olur. Və aktyor bir rəssamdır ki, özü öz əsəridir. Başqa sözlə söyləsək, aktyor bir rəssamdır. Eyni zamanda aktyor canlı bir şəkildir. O bir şəkildir ki, özü öz yaradıcısıdır. Aktyor bir heykəltəraşdır ki, yaratdığı heykəl yenə özüdür. Aktyor bir musiqiçidir. Eyni zamanda aktyor bir aləti-musiqidir. Daha doğrusu, aktyor bir musiqiçidir ki, çaldığı aləti-musiqi yenə özüdür." Göründüyü kimi, universal təfəkkür sahibi olan C.Cabbarlı bu mövqeyi ilə praktik teatr həyatının əsas komponentlərindən olan aktyor sənətini teatrşünas istedadı ilə dəyərləndirir, bütövlükdə milli teatrın sabahı üçün əsl ziyalı narahatlığını ifadə edir.

O illərdən başlayaraq müxtəlif siyasi-ictimai sarsıntılar yaşayan Azərbaycan cəmiyyətinin neçə-neçə yeni nəslinin "həyat şərtləri" dəyişsə də, çevrəsinə C.Cabbarlının da daxil olduğu minlərlə yaradıcı ziyalıların həsrətində olduğu, başı üzərində üçrəngli bayrağın bir daha enməməsi uğrunda Hamletsayağı "olum, ya ölüm" mübarizəsi ilə müstəqillik qazandığı çağdaş dövrümüzdə də Mikayıl Müşfiqin təbirincə desək, "ruhlar mühəndisi" C.Cabbarlı yaşayır, sevilir, anılır.

Afət QƏDİROVA
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 





20.11.2019    çap et  çap et