525.Az

"Kəfənbiçən, kəfənimi bir az gen biç..." - Məmməd Tahirin şeirləri


 

"Kəfənbiçən, kəfənimi bir az gen biç..." - <b style="color:red">Məmməd Tahirin şeirləri </b>

Ömür - bir xəritə

Ömür gah dağlardı, gah dərələrdi,
Belə qanad çalıb hara qonasan?
Ömür başdan-başa xatirələrdi,
Yerdə nə qalacaq durub sanasan?

Xanada yer çoxdu boş günlərimə,
Adı da heç yatmır dilə həmişə.
İlləri böləndə xoş günlərimə,
Nədən qalıq qalır elə həmişə?

Gün var, çıxmayıbdı gün işığına,
Gün də var, günahdı dilə gəlməsi.
Dönər bu dünyanın yaraşığına,
Gün var, dilə gəlsə bircə kəlməsi.

Günəş qələmidi, torpaq varağı,
Ömür xatirəyə dönən gündəlik.
Elə həzin-həzin yanır ocağı,
Aylar urvalıqdı, günlər kündəlik.

Yer-göy də könlümün tutur dəngini,
Sinəmin altına təzə can çəkir.
Günlər də Payızdan alıb rəngini,
Ürəyimə təzə həyəcan çəkir.

Aylar materikdi, həftələr qitə,
Arzular keçilmiş dağ, dərələrdi.
Ömür ümidlərə dönən xəritə,
Meridian xətlər xatirələrdi.

Təzə söz göyərir təzə qitədə,
Hər gün duyğulara təzə rəng qatır.
Ömür bir xəritə, o xəritədə
Hələ gör nə qədər xatirə yatır.

Payızdan bu yana yazılan şeir

Gah duyğu göyərdib, gah fikir əkib
Payızdan bu yana yazılan şeir.
Hər gün bir misranın yükünü çəkib
Payızdan bu yana yazılan şeir.

Bəzən qaya dəlib, bəzən daş oyub,
Bir mərdin yolunda bəzən baş qoyub,
Dünyanın dərdindən, qəmindən doyub
Payızdan bu yana yazılan şeir.

Hər gün su daşından düşən bir damcı,
Qulun kürəyində zol açan qamçı,
Bir az kəmşirindi, bir az da acı
Payızdan bu yana yazılan şeir.

Duadı, alqışdı, ocaqdı, pirdi,
Bəndədən ruzidi, haqdan səbirdi,
Bəlkə bir az gizlin, bir az da sirdi
Payızdan bu yana yazılan şeir.

Süzsən süzülməz ki, nəmi süzü lər,
Ağlamaz, kirpikdən qəmi süzülər,
Çəksən bir sapını, cəmi süzülər
Payızdan bu yana yazılan şeir.

Suvağı tökülən divardı, daşdı,
Bir qəlbdə ümiddi, bir gözdə yaşdı,
Bir yurdun uğruna atılan daşdı
Payızdan bu yana yazılan şeir.

Nəsil ağacıdı, çox tərkdən gəlir,
Oğuzu, Qıbçağı bir kökdən gəlir,
Dərbənddən, Təbrizdən, Kərkükdən gəlir,
Payızdan bu yana yazılan şeir.

Dua elə

Kəfənbiçən, kəfənimi bir az gen biç,
Səndən ayrı umacağım yoxdu, düzü.
Sağlığımda gen dünyanı görmədim heç,
Görünmədi gözlərimə heç xoş üzü.

İndi susur çox günaha şərik ürək,
Sağlığında bir kimsəni incitmədim.
Sevdim gözəl qadınları bir mələk tək,
Çirkinləri heç könlümə dərd etmədim.

Fatihəxan, nə yanıqlı səsin varmış,
Dua elə, günahlarım bağışlansın.
Yaradandan mələklərə izin varmış,
Qəbrim üstü ya sürülsün, ya xışlansın.

Adamına bir tələdi dünya varı,
Fələk oğlu Fələyi də min dillidi.
Bu bazarda nə qazancı, nə də karı,
Qəbrim üstə bir daşı da təsəllidi.

Güvən yoxdu, ya isidə, ya isinə,
Yerli, göylü dünya mənə otaq oldu.
Şərik oldum bir dünyanın sevgisinə,
Fələyi də mənimlə bir ortaq oldu.

Sevdim gözəl qadınları qadınım tək,
Dünya başdan göyçəklidi, gözəllidi.
İstəyənə istəyini verməz Fələk,
Bir daşı da məzarıma təsəllidi.

Yetər mənə yaradandan bir xoş baxış,
Qəbrim üstü nə bəzənsin, naxışlansın.
Fatihəxan, nə yanıqlı səsin varmış,
Dua elə, günahlarım bağışlansın.

Havalı gəzən könül

Havalı gəzən könül,
Gün gələr, havan keçər.
Tapmazsan quru çörək,
Naharın yavan keçər.

Sel topuq, su dizindən,
Yaş qovar yel gözündən,
Tutarsan göy üzündən,
Vaxt durar, nə an keçər.

Əzrayıl can alınca,
Qaçarsan can dalınca,
Bir məzar, yüz qarınca,
Yüz dişdən bir can keçər.

Dil olar yanıqlı ney,
Qanından çəkilər mey,
Təzədən başlar hər şey,
Qayıdıb Ondan keçər.

Mənim iş otağım

Gözümdə uyqu var, könlümdə ilham,
Sözü dikdə edən vaxtın özüdür.
Təpələr kürsümdü, zirvələr masam,
Mənim iş otağım bu yer üzüdür..

Könül pərvanəsi bir zəif şamın,
Fikir qırmanc çəkir, duyğular döyür.
Yatıb qanadına bəzən ilhamın
Nəyə tərif deyir, nələri öyür.

Gah qışdı, gah payız iş otağımda,
Fəsillər dəyişir elə bu sayaq.
Göy üzü əlimdə, yer qucağımda,
Ömürdü döyüşür elə bu sayaq.

Ulduz şamım olub, günəş çırağım,
Ömrün bir üzü ağ, bir üzü göydü.
Bulud qələmimdi, torpaq varağım,
Mənim iş otağım bu yer, bu göydü.

Dünya gözəl olur sənli günlərdə,
Könlümü duyğular, məni söz tutur.
Dumanlı günlərdə, çənli günlərdə
Barmağım qələmdən könülsüz tutur.

Bir üzü baharam, bir üzü yazam,
Mənə ilham verir dağı, dərəsi.
Təpələr kürsümdü, zirvələr masam,
Mənim iş otağım bu yer kürəsi.

Boş yer

Baxışlarım boş yer gəzir,
Adamların arasında
Yerdə, göydə, havada
Qara tabut arxasıca
Gedənlərin sırasında.
Təyyarədə, qatarda,
Boş yer vardır görən harda
Xəzəl olmuş yarpaqların içində,
Boş yer yoxdu
Nə ABŞ-da, nə Çındə.
Nə ölülər, nə dirilər arasında,
Boş yer yoxdu.
Nə mələklər, nə pərilər arasında
Boş yer yoxdu.
Ölülər məzarda,
Doğulan körpələr bələkdə.
Hərə tutub öz yerini
Bir ürəkdə.
Baxışlarım boş yer gəzir
Suda, torpaqda havada.
Adamlar çörək növbəsində,
Quşlar yuvada.
Baxışlarım boş yer gəzir,
Boş yer.
Boş ver, qardaş, boş ver.

Başdan yarat

Yarat məni gəl təzədən,
Nə torpaqdan, daşdan yarat.
Bir yox ikən, yoxdan var et.
Allah, məni başdan yarat.

Yoğur Musa sümüyündən,
Bir azca da İsadan qat.
İslat Zərdüşt ruhu ilə,
Allah, məni başdan yarat

Yarat bircə damla sudan,
Mələklərin bətninə at.
Suvar məni ürəyindən,
Allah, məni başdan yarat.

Çatarsan

Burax getsin bu dünyanı,
Ardınca qaçıb çatarsan.
Bir əlin var, bir ayağın,
Buxovdan açıb çatarsan.
Fələk yellər yelpiyini,
Yer nazilər, göy çatlayar.
Dəvənin quyruğu yerdə,
Qum çiçəklər, daş otlayar.
Gah eyhamdı, gah bəhanə,
Dəccalın gözünün yaşı.
Durub Dəccala əl açır
Qarunun qohum-qardaşı.
Haçandır səni gözləyir,
İsrafil, əlində suru.
Adəm Məkkəni süpürür,
Musa da dolanır Turu.
Fani dünya sənə qalmaz,
Bir az belə baş qatarsan.
 
Qumru quşları

Uca binaların çardağı yuva,
Qonduğu yerlərdi səki daşları.
Bir az hiyləsi var, bir az da yava
Şəhərdə yaşayan qumru quşları
Nə yaylaq tanıyır, nə aran görür,
Qisməti nə kədər, nə göz yaşları.

Mübhəm, laübalı bir həyat sürür
Şəhərdə yaşayan qumru quşları.
Yolu-yolağası hər tin başları,
Axşam qanad çalır, səhər səf salır.

Şəhərdə yaşayan qumru quşları
Gündüzlə gecəni bəzən səhv salır
Vaxtı çeşid-çeşid, günü rənbərəng,
Gördüyü yuxular al-əlvan olur.

Uçuşu astadı, addımları ləng,
Ona nə daş atan, nə qovan olur.
Qurunun yerinə yaş çıxarırlar,
Gördüyü hər işdən çıxır başları
Vallah, bizdən yaxşı baş çıxarırlar,
Şəhərdə yaşayan qumru quşları...

Bu yer də, bu göy də

Bir az da əcəlin qarışa başı,
Ürək də işinə vəfalı ola.
Elə belə keçə payızı, qışı,
Ömrün yaşamağa macalı ola.

Düşə göy üzündən torpağa naxış,
Yuya çiçəklərin üzünü yağış,
Görə umduğundan könül xoş baxış,
Baxış da bir Pəri misalı ola.

Sevgilər, istəklər çıxa dizinə,
Kölgəsi uzana göyün üzünə,
Günəşdən bir çınqı düşə sözünə,
Sözün də yüz cahı-cəlalı ola.

Yuya günahları günəşin nuru,
Hamı təmizlənə, ola dupduru,
İblisin tilovu, Şeytanın toru
Yaxşı mələklərin timsalı ola.

Dostlardan atılan daş belə gələ,
Gülümsər gözlərdən yaş belə gələ,
Açılan hər səhər kaş belə gələ,
Axşamı da belə səfalı ola.

Yağa yaradanın nuru içinə,
Yığa odu, közü, qoru içinə,
Zərəri çölünə, karı içinə,
Bu yer də, bu göy də halalı ola.

Bu səhər çağı

Açılıb tökülüb günün saçağı,
Əyrilib dönübdür hər zərrə telə.
Çiçəklər gözəldir bu səhər çağı,
Üstündə günəşin şəfəqi ilə.

Gilənar ağacı ərgən çağında,
Gilələr od alır, yanır, köz olur.
Quşlar üz suvarır gül yanağında.
Arılar budağa qonur, söz olur.

Kilimlər döşənib, xalı sərilib,
Gül gülü çağırır, bülbül bülbülü.
Çiçəyi savılıb, gülü dərilib,
Qalıb bənövşənin quru sünbülü.

Əyilib diliylə köz götürübdür,
Oddan köynək geyib Həmişəbahar.
Üzüm tənəyini söz götürübdür,
Dolu salxımları tutmur talavar.

Açır sinəsini tərli çiyələk,
Əncirin, Dəfnənin dodağı qaçır.
Yerin yaxasını oynadır külək,
Daş çiçək bitirir, torpaq gül açır.

Keçir baxışlarım sanki Siratdan,
Tutur əllərimdən göy mələkləri.
Əyilib boylanır yarpaqlar altdan,
Qırpır gözlərini nar çiçəkləri.

Elə gözəllik var, gizlində hələ,
Mən dünya bilirəm bu kiçik bağı.
Üzündə günəşin işığı ilə
Çiçəklər gözəldir bu səhər çağı.

Nəmli bir xatirə

Tutur göyün üzünü,
Buludun nəmli çətri.
Sular yuyub aparır
Payızdan qalan ətri.

Düşür soyuq damlalar,
Sinəmi üstdən oyur.
Sən nəmli bir xatirə,
Yağış səni də yuyur.

Saralmış otun iyi
Yerdə, göydə, çəməndə.
Qarışırsan sulara,
Axıb gedirsən sən də.

Səndən sonra çəkilir
Buludun nəmli çətri.
Qalır nəmli havada
Qurumuş çiçək ətri.

 





22.11.2019    çap et  çap et