525.Az

Çap mətbuatını saxlamaq, qorumaq üçün ƏDV-nin ləğvi zəruridir


 

Çap mətbuatını saxlamaq, qorumaq üçün ƏDV-nin ləğvi zəruridir<b style="color:red"></b>

Çap məhsullarına tətbiq edilən əlavə dəyər vergisinin(ƏDV) aradan qaldırılması yenidən gündəmə gətirilib. Məsələ ötən həftə Milli Məclisdə Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə bağlı müzakirələr zamanı diqqətdə olub. Bir sıra millət vəkilləri kitaba, çap məhsullarına qoyulan ƏDV-nin götürülməsi və ya azaldılması təklifi ilə çıxış ediblər.

Onların fikrincə, çap məhsullarına, ali məktəb dərsliklərinə qoyulan ƏDV qonşu ölkələrlə müqayisədə çox yüksəkdir və bunun aradan qaldırılması həm hazırda bir sıra çətin problemlərlə üzləşmiş yazılı medianın durumuna müsbət təsir göstərə bilər, həm də kitaba marağı artırar.

Xatırlatmaq lazımdır ki, bəzi ölkələrdə ümumiyyətlə kitaba görə ƏDV tətbiq olunmur, bəzilərində isə bu çox cüzi rəqəmlərlə ölçülür. Deputatalar təklif edirlər ki, gələn il ya sözügedən məhsullara qoyulan 18 faizlik ƏDV azaldılsın, ya da tamamilə ləğv edilsin.

Qeyd edək ki, qardaş ölkə olan Türkiyədə kitab, qəzet və jurnal qiymətlərinə tətbiq olunan əlavə dəyər vergisi sıfıra endirilib. Bu addım da məhz internet resursların inkişafı ilə əlaqədar olaraq mətbuat orqanlarının, həmçinin, kitabların satışını çətinləşməsi ilə bağlıdır. Gürcüstan da çap məhsullarına ƏDV tətbiq edilmir.

Bu gün elektron medianın inkişafı bütün dünyada bir tendensiya halını alıb. Belə olan halda yazılı mətbuata da marağın azalması, satış və s. problemlərin olması təbiidir. Amma o da bir həqiqətdir ki, çap məhsulları tamamilə sıradan çıxa bilməz. Çünki qəzet, jurnal canlı tarixdir, arxivdir.

Onu da vurğulayaq ki, bu məsələ Azərbaycanda dəfələrlə gündəmə gətirilib və geniş müzakirələrə səbəb olub.  Həmçinin qeyd etmək lazımdır ki, ƏDV-nin ləğvi təcrübəsi Azərbaycanda mövcuddur. Belə ki, Ümummilli lider Heydər Əliyev daha əvvəl çap məhsullarına tətbiq edilən ƏDV-ni ləğv etmişdi. 2016-cı ildən onu yenidən tətbiq etməyə başladılar. ƏDV-nin tətbiqi onunla əsaslandırılır ki, Vergi Məcələsinin 164.2 maddəsi ləğv edilib. Ekspertlərə görə, əslində, bu maddənin idxal olunan qəzet kağızlarına heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, ölkəyə idxal olunan qəzet kağızına görə alınan ƏDV böyük vəsait deyil. Amma bu böyük olmayan vəsait mətbuatın vəziyyətini və problemlərini artırır. Qeyd edək ki, ƏDV-nin tətbiqi nəticəsində artıq ölkəyə gətirilən qəzet kağızının hər tonuna təxminən 220 manat əlavə pul ödənilir. Eyni zamanda, mətbəə xərcləri də artıb. Yəni mətbəəyə aid olan bütün məmulatlar, qəzet kağızı, qəzetin boyası və s. məhsulların qiyməti bahalaşıb. Bunlar da ƏDV-dən azad olunsa, çap mətbuatının işi asanlaşar.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli mövzu ilə bağlı hesab edir ki, əvvəllər kağız üzərində əlavə dəyər vergisi yox idi. Sonradan bu məhsullara ƏDV tətbiq olunmağa başladı:

"Dəfələrlə fikrimizi bəyan etmişik ki, kağız üzərindən əlavə dəyər vergisinin götürülməsi zəruridir. Xüsusən, onlayn medianın inkişaf etdiyi indiki zamanda çap mətbuatını saxlamaq, qorumaq lazımdır. Qəzet məhsullarına, xaricdən gətirilən kağıza əlavə dəyər vergisinin qoyulması işi daha da çətinləşdirir. Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bununla bağlı parlamentdə dəfələrlə təkliflər verib, müraciətlər edib. Hesab edirəm ki, qardaş Türkiyədə belə bir addımın atılması bir daha məsələnin vacibliyini gündəmə gətirir".

Y.Məmmədli deyib ki, bütün dünya buna gedir. Qəzet və çap mediası çətin durumdadır. Ona görə də əlavə dəyər vergisinin götürülməsi ümumi işin xeyrinə olar: "Əlbəttə, burada söhbət sadəcə qəzetlərin inkişafından getmir, eyni zamanda, insanların daha ucuz qiymətə kitab və qəzet alması və oxuması imkanlarının yaradılmasından gedir. Cənab Prezident hər zaman mediaya xüsusi diqqət göstərib. Dəfələrlə bunun şahidi olmuşuq. Ümid edirik ki, bu məsələ müsbət həllini tapacaq".

PƏRVANƏ

 





22.11.2019    çap et  çap et