525.Az

Bəşər sivilizasiyasının inkişafında multikulturalizmin rolu


 

Bəşər sivilizasiyasının inkişafında multikulturalizmin rolu<b style="color:red"></b>

Bəşəriyyətin sosial-mədəni inkişaf tarixinə nəzər saldıqda müxtəlif zamanlarda və ayrı-ayrı coğrafi məkanlarda fərqli sivilizasiyaların mövcudluğunun, tənəzzül etmələrinin və ya dominant mədəniyyətlər tərəfindən udulmasının şahidi oluruq.
 

Müasir dövrdə cəmiyyətin siyasi, sosial-iqtisadi və mədəni inkişafının ən yüksək səviyyəsi kimi anlaşılan "Sivilizasiya" sözü tarixi mənbələrdə ilk dəfə qədim romalılar tərəfindən işlədilib. Bu terminlə onlar, özlərinin inkişaf səviyyəsinə görə barbarların primitiv səviyyəsini və yaşayış tərzini üstələyən şəhər həyat tərzini ifadə edirdilər. "Sivilizasiya" sözünün kökü latın mənşəlidir, "civilis" - vətəndaşlıq, şəhər əhalisi, vətəndaşlar, cəmiyyət mənasını ifadə edir. Bu söz Avropa elmi və ədəbiyyatının istifadəsinə XVIII əsrdə daxil olub.

Müxtəlif xalq və ya ölkələr sivilizasiya mərhələsini fərqli zamanlarda qət edir. Qədim Misir və Şumer sivilizasiyalarının tarixi daha erkən dövrlərə təsadüf edirsə, Mərkəzi Afrika, Cənubi-Amerikanın və Cənub-Şərqi Asiyanın bəzi yerli qəbilələri hələ də sivilizasiya mərhələsinə qədəm qoymayıb. Mədəniyyət prosesi bəzən onun ayrı-ayrı sahələrinin geriləməsi, hətta tənəzzülü ilə müşayiət oluna bilir. Bunun klassik nümunəsi kimi, Hindistanda harappa və Yunanıstanda krito-miken yazı sisteminin itməsi ilə müşayiət olunan qədim sivilizasiyaların tənəzzülünü misal göstərmək olar. Sivilizasiyaların tənəzzülünün qarşısının alınması mədəni varisliyin qorunması, multikulturalizm ideologiyasının təbliğ olunması ilə mümkündür. "Multikulturalizm" bir termin kimi ilk dəfə ötən əsrin 70-ci illərindən işlədilməyə başladılmışdır və latıncadan tərcümədə "çoxmədəniyyətlilik" mənasını verir. Bu söz elmi ədəbiyyata təxminən XX əsrin 60-70-ci illərində daxil olsa da.  Multikultural vəziyyətlər - etnik, irqi, dini və mədəni müxtəlifliklər dünya tarixində yeni bir hadisə deyil. Antik dövrdən bəri Yaxın Şərqdə və Aralıq dənizi sahillərində, çoxsaylı mədəniyyətlər mövcud olub. Makedoniyalı İskəndərin dövründə yunan dilli şəhər elitaları müxtəlif dillərə, dinlərə və mədəni ənənələrə malik Misir, Orta Asiyaya və ya Şimali Hindistana aid olan qruplar üzərində öz dominantlığını saxlayırdı. Roma fəthləri də bu nümunəni əhəmiyyətli dərəcədə dəyişməmişdi. İslamla birlikdə hakim qrupların dini və dili dəyişdi, mədəni mozaikaya yeni çalarlar əlavə olundu. Antik dövrlərdən bəri fomalaşan sivilizasiyaların mədəni, dini və iqtisadi baxımdan ölkələr üzərində əhəmiyyətli rolu olub. Orta əsrlərdə meydana gələn və bəşəriyyətin inkişafına böyük və həlledici təsir göstərən cərəyanlar və hərəkatlar: intibah, reformasiya və maarifçilik bəşər mədəniyyətinin daha da inkişaf etdirilməsinə, yeni məzmun və mahiyyət kəsb etməsinə qiymətli töhfələr verdi. Mədəniyyətin əldə etdiyi bu nailiyyətlər orta əsrlərdə və XVIII-XIX əsrlərdə formalaşan multikulturalizm fəlsəfi-siyasi konsepsiyasının baza prinsiplərinə daxil olub, onun məzmununu daha da zənginləşdirib, elmi-nəzəri əsaslarının formalaşmasına mühüm təsir göstərib.

Müasir multikultural vəziyyətlər əvvəlkilərindən bir çox xüsusiyyətləri ilə fərqlənir. Böyük coğrafi kəşflər dönəmindən başlayan qloballaşma prosesi sürətlə reallaşmağa başladı, 20-ci əsrdə isə müasir informasiya və texnologiya vasitələri ilə bu proses daha da sürətləndi. Hazırda uzaq ölkələrdə yaşayan insanlar hava yolları ilə rahat hərəkət edərək və turistlərlə təmaslar qurmaqla yeni həyat tərzlərini kəşf edirlər. Ölkələrarası miqrasiyalar zamanı çox sayda xarici qruplar inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin böyük şəhərlərində məskunlaşırlar. Yeni telekommunikasiya vasitələri onlara ölkələri ilə əlaqə saxlamaq imkanı verir ki, bu da miqrantlara uzaq xarici ölkələrdə olsalar belə öz mədəniyyətlərini yaşatmaq, davam etdirmək şansını yaratmış olur.

Keçən əsrin 80-ci illərində Amerikanın tanınmış sosioloqlarından olan Samuel Hantinqton qeyd edirdi ki, sivilizasiyalar çoxdur və onların birgə mövcud olması yolu tapılmalıdır. Əks halda "sivilizasiyaların toqquşması qaçılmazdır",  gələcəkdə baş verən münaqişələrdə əsas amil kimi mədəni müxtəliflik əsas yer tutacaq. XX əsrin sonu və XXI əsrin əvvəlləri doğrudan da sivilizasiyaların gərgin mübarizəsinin şahidi oldu. Bu bir reallıqdır ki, günümüzdə dünyada, hətta demokratiyanın beşiyi sayılan Avropa ölkələrində imiqrasiya əleyhinə səslənən fikirlərin artması ilə multikulturalizmdən uzaqlaşmaq, millətçilik, irqçilik, diskriminasiya və şovinizm siyasətini həyata keçirmək meylləri çox müşahidə olunmaqdadır. Dünyada multikulturalizm, sivilizasiyalararası münasibətlər böhran dövrünü yaşayır. Yaxın Şərq ölkələrində müharibələrin tüğyan etməsi, on minlərlə insanın həlak olması, bir sıra hallarda kənardan, əsas etibarilə Qərbdən olan müdaxilələrin sabitlik yaratmaq əvəzinə, insani faciələrin miqyasının artmasına səbəb olması deyiləni təsdiq edən çoxsaylı faktların kiçik bir qismidir. Buradan belə bir nəticə çıxarmaq olur ki, bəşəri birliyə, müasir qlobal problemlərin həllinə bəşəriyyətin yaratmış olduğu ideyalar, konsepsiyalar içərisində insanlığa məxsus ən humanist anlayış olan multikulturalizm ideyalarının təbliği ilə mümkündür. Multikulturalizm prosesində milli mədəniyyətlərin mənfi cəhətləri təkmilləşir və milli mədəniyyətlər daxili stereotiplərdən təmizlənir, mədəniyyətləri təmsil edən etnoslar vahid mərkəzdə toplana bilir, ölkələrdə tolerantlıq, mədəni sabitlik və regional sabitlik formalaşır, etnik azlıqların qabiliyyətlərindən və bacarıqlarından istifadə etməyə münasib şərait yaranır, intellektual potensialla yanaşı, ədəbiyyatın zənginləşməsi də gerçəkləşir, həmçinin, xalqlar bir-birindən qarşılıqlı anlaşma şəraitində yaşayırlar və müxtəlif xalqların bir-biri ilə nikaha girməsi nəticəsində yeni nəsil meydana gəlir. Bu baxımdan multikulturalizmin bəşər sivilizasiyasının inkişafında rolu müstəsna əhəmiyyət kəsb edir.

2001-ci ilin 2 noyabr tarixində qəbul olunmuş YUNESKO-nun "Mədəni müxtəliflik haqqında ümumdünya Bəyannaməsi"nin "Mədəni müxtəliflik, bəşəriyyətin ümumi irsi" adlı 1-ci maddəsində deyilir: "Mübadilənin, innovasiyanın və yaradıcılığın mənbəyi olan mədəni müxtəliflik təbiət üçün biomüxtəlifliyin zəruri olduğu kimi bəşəriyyət üçün zəruridir. Buna görə də mədəni müxtəliflik bəşəriyyətin ümumi irsidir və o, indiki və gələcək nəsillərin rifahı naminə tanınmalı və təsdiq olunmalıdır". Cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin qorunmasına yüksək önəm verən Ümummilli lider Heydər Əliyev qeyd edirdi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir". Məhz buna görədir ki, son 20 ildə Azərbaycan həmişə mədəniyyətlərin və dinlərin dialoqunun, tolerantlığın tərəfdarı kimi çıxış edir. Ölkəmizdə min illərdir yanaşı yaşayan sivilizasiya təmsilçilərinin çoxmədəniyyətli həyat tərzində heç bir böhran müşahidə olunmayıb. Azərbaycanın bu sahədəki təcrübəsi aparıcı beynəlxalq təşkilatlar və beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Multikulturalizm siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkə başçısı müxtəlif tədbirlərdə, iri miqyaslı beynəlxalq toplantılarda çıxışları zamanı, multikulturalizm məsələsinə mütləq olaraq yer ayırır və bunun vacibliyini vurğulayır. 2014-cü ilin 15 may tarixində dövlət başçısının qərarı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin ölkəmizdə - “Multikulturalizm ili” elan edilməsi və həmin ilin 25-27 aprelində BMT-nin qərarı ilə BMT Sivilizasiyalar Alyansının VII Qlobal forumunun Bakıda keçirilməsi, forumda dünyanın 140 ölkəsindən 1500-dən artıq görkəmli alimlərin, dövlət və ictimai xadimlərin, BMT-nin aparıcı təşkilatlarının iştirakı, həmçinin, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün bu yaxınlarda Bakı şəhərində keçirilməsi dediklərimizə parlaq nümunə olmaqla yanaşı, həm də ölkəmiz tərəfindən aparılan bu siyasətin bəşəriyyətin işıqlı gələcəyinə xidmətinin bariz sübutudur və bu mənada xüsusi əhəmiyyət kəsb edir.

Ramin AĞAYEV
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 2-ci kurs tələbəsi

 





22.11.2019    çap et  çap et