525.Az

Fərid Şəfiyev: "Dağlıq Qarabağ ermənilərin son arzusu deyil"


 

Fərid Şəfiyev: "Dağlıq Qarabağ ermənilərin son arzusu deyil"<b style="color:red"></b>

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin iştirakı ilə Ankara Hacı Bayram Veli Universitetində tələbələr və müəllim heyəti üçün "Ermənilərin türklərə qarşı nifrətinin günümüzdə əks olunması: 27 illik işğal altındakı Azərbaycan torpaqları" adlı müzakirələr keçirilib.

BMTM-in sədri Fərid Şəfiyev çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması üçün Türkiyə və Azərbaycanın birgə işləməsinin vacibliyini vurğulayıb: "Ermənilərin 1915-ci il olaylarını qabartmasının arxasında da Türkiyəyə qarşı ərazi iddiaları durur. Dağlıq Qarabağ onların son arzusu deyil. Bunların qarşısını almaq üçün addımlar atmaq lazımdır".

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev çıxışı zamanı icma barədə məlumat verib və bildirib ki, icma Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin düşmüş 80 mindən çox üzvü özündə birləşdirir. O, münaqişənin tarixindən danışaraq işğalla yanaşı, bu gün həmin ərazilərdə Azərbaycan irsinə məxsus abidələrin ya məhv edildiyini, ya da saxtalaşdırıldığını əlavə edib.

Türkiyəli tarixçi Kəmal Çiçek çıxışında ermənilərin Qafqaza köçürülməsi siyasətindən danışıb və bildirib ki, 19-cu əsrin əvvəlləri ilə müqayisədə 20-ci əsrin əvvəllərində bu bölgələrə bir milyona yaxın erməni köçürülüb. O məsələnin tarixi baxımdan araşdırılmasının vacibliyini qeyd edib.

Ankara səfəri çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Türkiyə xarici işlər nazirinin müavini Sedat Ünalla görüşüb. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, əməkdaşlığın gələcək perspektivləri, o cümlədən, Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olundub. Nazir müavini bildirib ki, bu münaqişə məsələsinin beynəlxalq gündəmdə saxlanılması çox vacibdir.

Daha sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Türkiyənin  Azərbaycana göstərdiyi dəstək üçün təşəkkür edib. O da çıxışında hər iki ölkənin xüsusilə həssas mövzularda hər zaman bir-birinə dəstək verdiyini ifadə edib. BMTM sədri Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi ritorik çıxışlara diqqət çəkərək, Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü kimi də buna reaksiyasının çox əhəmiyyətli olduğunu əlavə edib.

Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin, Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ufuk Ulutaşla görüşüb. Görüşdə iki beyin mərkəzi arasında əməkdaşlıq məsələləri, o cümlədən, ötən ay imzalanmış Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyət planı müzakirə olunub.

S.QARAYEVA

 





22.11.2019    çap et  çap et