525.Az

Bakı Dövlət Universiteti 2011-2019-cu illərdə - Misir Mərdanov yazır


 

Bakı Dövlət Universiteti 2011-2019-cu illərdə - <b style="color:red">Misir Mərdanov yazır </b>

Bakı Dövlət Universitetinin bir əsrlik inkişaf tarixinin son on ilində elm və tədris sahəsində  aparılan islahatlar  daha böyük hədəflərə istiqamətlənib.

Azərbaycan ali təhsilinin Avropaya inteqrasiyası Bakı Dövlət Universitetinin çoxşaxəli fəaliyyətinə yeni məzmun gətirməklə, həm də yeni ənənələrin formalaşmasına səbəb olub. BDU-da cəmiyyətin sosial sifarişinə uyğun olaraq elmi və elmi-pedaqoji kadr hazırlığında ciddi nailiyyətlərə imza atılıb. Tələbə kontingenti kəmiyyət və keyfiyyət cəhətdən təkmilləşib. Universitetdə 600-dən yuxarı balla daxil olan, Prezident tədaüdü alan tələbələrin sayı xeyli artıb.  Son illərdə fəlsəfə və elmlər doktoru dissertasiyaları müdafiə edən, AMEA-nın və xarici ölkələrin akademiyalarının müxbir və həqiqi üzvü seçilənlərin sayının artması bizi sevindirməyə bilməz. BDU-nun əməkdaşlarının “Web of Science” elmi bazasına daxil olan jurnalların redaksiya heyətində təmsilçilikləri və  nəşr etdirdikləri məqalələrin sayı ildən-ilə artır.  Universitetdə tələbələrin təhsil uğurları ilə bərabər, onların əxlaqi-mənəvi inkişafına xüsusi diqqət yetirilir. Məsuliyyətini dərindən dərk edən,demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan,müstəqil və yaradıcı düşünən şəxsiyyət yetişdirmək üçün kompleks tədbirlər həyata keçirilir. Milli və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamağa üstünlük verilir. Hesab edirəm ki, bu, missiyanın uğurla həyata keçirilməsi insan kapitalının davamlı inkişafına dəyərli töhfədir.

Universitetinin elmi-pedaqoji  elitasının səmərəli fəaliyyətinin, kadr hazırlığında, idarəetmədə, tədris və elmi sahədə qazandığı uğurların nəticəsidir ki, 2010-cu ildən başlayaraq universitet dünyanın nüfuzlu informasiya agentlikləri tərəfindən aparılan reytinq müsabiqələrində uğurla iştirak edir. Son illərdə həyata keçirilən davamlı islahatlar nəticəsində BDU dünyanın 700 elitar universiteti siyahısına daxil edilmişdir.

BDU-da ali təhsilin hər üç səviyyəsində-bakalavriat, magistratura və doktorantura səviyyəsində kadr hazırlığı Avropa kredit transver sisteminə uyğun həyata keçirilir. Universitetin 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60 ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə, magistr və doktorant təhsil alır. Hər il universiteti 4000-nə yaxın gənc mütəxəssis bitirir. Ölkəmizdə  əmək bazarının tələblərinə cavab verən bu məzunların müvafiq işlə təmin olunması, dövlət qulluğuna cəlb edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.Bu məqsədlə universitetdə məzunlarla əlaqə, praktika və karyera şöbəsi fəaliyyət göstərir. Şöbənin əsas vəzifəsi məzunlar üçün iş yeri olan müəssisə və təşkilatlarla, agentlik və qurumlarla əlaqələr yaratmaq, tədris planlarında nəzərdə tutulan bütün növ praktikaları təşkil etməkdən ibarətdir.

Əvvəlki illərdə olduğu kimi, son illərdə də universitetin strukturunda təkmilləşdirmə tədbirləri həyata keçirilmişdir.  2011-сi ildə BDU-da Biologiya, Kimya və Coğrafiya fakültələrinin bazasında Ekologiya və torpaqşünaslıq fakültəsi yaradıldı. Fakültənin dekanı vəzifəsinə professor Nazim Şəmilov təyin olundu. Hazırda fakültədə təhsil alan tələbələrin təlim-tərbiyəsi ilə 30 nəfər professor-müəllim məşğul olur. Onlardan iki nəfəri akademik, 5 nəfəri elmlər doktoru, professor, 23 nəfəri elmlər namizədi dosent, baş müəllim və müəllimdir. Fakültədə 5 kafedra və 1 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Coğrafi ekologiya kafedrasına professor Şövqi Göyçaycki, Torpaqşünaslıq kafedrasına akademik Qərib Məmmədov, Ekoloji kimya kafedrasına professor Sevinc Hacıyeva, Bioekologiya kafedrasına professor Nərminə Sadıqova, Yer quruluşu və kadastr kafedrasına dosent Teymur Nizamzadə rəhbərlik edir.

Universitetdə ixtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin Dövlət Təhsil Standartlarına uyğun hazırlanmış və rektor tərəfindən təsdiq edilmiş tədris planları əsasında həyata keçirilir. Təhsil üç dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. Universitetdə dünyanın bir çox ölkələrindən 1000-ə yaxın xarici vətəndaş təhsil alır. Tədris prosesinə 125 kafedrada1500-ə yaxın professor-müəllim heyəti cəlb edilmişdir. Onlardan 10 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi, 11 nəfəri müxbir üzvü, 300-ə yaxını elmlər doktoru, 900-ə yaxını isə fəlsəfə doktorudur. Dünyanın bir çox tanınmış şəxsiyyətləri  BDU-nun fəxri doktorlarıdır. Türkiyə, Rusiya, Polşa və Litvanın prezidentləri, Nobel mükafatçıları, NATO, UNESKO və İSESKO-nun rəhbərləri, ABŞ-ın Dövlət katibləri və digər görkəmli şəxsiyyətlər BDU-nun fəxri doktorlarıdır: Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BDU-nun fəxri doktorları sırasında olması bu müqəddəs elm və təhsil məbədinin  yüksək nüfuza malik olmasına dəlalət edir.

BDU-da Tətbiqi Riyaziyyat və Fizika Problemləri elmi tədqiqat institutları, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərini, genetika, nanotexnologiya, nanomaterialların alınması problemlərini əhatə edən geniş spektrdə mövzular üzrə elmi araşdırmalar aparan 24 elmi-tədqiqat laboratoriyası və 3 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir.

Pedaqoji kadr hazırlığı riyaziyyat, informatika, fizika, kimya, biologiya, coğrafiya, tarix, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı müəllimliyi ixtisasları üzrə aparılır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014/15-ci tədris ilində müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramı həyata keçirilir. Qəbul zamanı 500 və daha yüksək bal toplayan, ixtisas seçimi zamanı birinci və ya ikinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə əlavə “Gələcəyin müəllimi təqaüdü” verilir. Sevindirici haldır ki, 2014/15-ci tədris ilində “Gələcəyin müəllimi təqaüdü” nün qaliblərinin 142-si BDU-nun tələbələri olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış”inkişaf Konsepsiyasında və 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Bakı Dövlət Universitetinin 2014-2020-ci illər üzrə İnkişaf Proqramı hazırlanmış və 21 may 2014-cü il tarixində BDU-nun Elmi Şurasında təsdiq edilmişdir. Dövlətin təhsil siyasətinin, o cümlədən Bolonya Bəyannaməsinin əsas tələb və müddəalarına əsaslanaraq, İnkişaf Proqramı BDU-nun sosial statusunun gücləndirilməsinə, uzun illər ərzində formalaşmış milli adət-ənənələr və müasir beynəlxalq təcrübə əsasında universitet elmi və təhsilinin məzmununun və strukturunun yeniləşməsinə, onun vahid Avropa elm və təhsil məkanına inteqrasiyasının sürətləndirilməsinə yönəldilmişdir.Proqramın əsas məqsədi ali təhsilin məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulmasından, davamlı və dinamik inkişaf yolu ilə universitetin cəlbediciliyinin və rəqabət qabiliyyətliliyinin təmin edilməsindən, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara olan tələbatın ödənilməsindən ibarət idi.  İnformasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən universitet təhsili almaq imkanlarının təmin edilməsi üçün BDU-nun bazasında iqtisadi və sosial baxımdan səmərəli Elm və Təhsil Kompleksinin formalaşdırılması əsas hədəflərdən biridir.

BDU Elmi Şurasının 9 iyul 2014-cü il tarixli iclasının qərarı ilə universitetin nəzdində 2014/15-ci tədris ilində Əlavə təhsil mərkəzi yaradıldı. Mərkəzdə əlavə təhsilin bütün istiqamətləri (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili) üzrə təhsilin fasiləsizliyini təmin etmək, peşə hazırlığının səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədi ilə kadr hazırlığının həyata keçirilməsi nəzərdə tutuldu.

Bakı Dövlət Universitetində təhsilin bakalavriat və magistratura pillələri üzrə mütəxəssis hazırlığının Bolonya prosesinin tələblərinə uyğun həyata keçirilməsində xarici dillərin, xüsusilə ingilis, alman və fransız dillərinin tədrisinə böyük əhəmiyyət verilir. Bu baxımdan, universitetdə ayrı-ayrı ixtisaslar üzrə müasir təlim metodları və texnologiyalarının tətbiqi xarici dilləri tədris edən professor-müəllim heyətinin elmi-pedaqoji səviyyəsinin artırılmasını tələb edirdi. Bu problemi həll etmək məqsədi ilə,  həmin müəllimlərpeşəkarlıq səviyyəsini artırmaq üçün Avropanın tanınmış universitetlərinə ezam olundular.Təhsildə əsas diqqəti ixtisas fənləri ilə yanaşı, xarici dillərin öyrənilməsinə yönəldən universitet rəhbərliyi tələbələrin istifadəsinə yeni təhsil texnologiyaları ilə təchiz olunmuş 10-dan artıq linqafon kabineti vermişdi. Avropa ali təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, ali təhsil sənədlərinin və ixtisasların qarşılıqlı tanınması, təhsilin keyfiyyətinin və tələbələrin akademik mobilliyinin Bolonya Bəyannaməsinin tələblərinə uyğunlaşdırılması məqsədi ilə 2011/12-ci tədris ilində universitetin mexanika riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, fizika, kimya, hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, sosial elmlər və psixologiya fakültələrində ingilis dilli qruplar yaradıldı. İlk olaraq, 8 ixtisas üzrə təşkil olunmuş ingilis dilli qruplar sonralar 16 ixtisası əhatə etdi. Hazırda universitetdə riyaziyyat, fizika, kimya, biologiya, kompüter elmləri, ekologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, tarix, psixologiya, dünya iqtisadiyyatı, iqtisadiyyat, turizm və otelçilik, kitabxanaçı-liqinformasiya və jurnalistika ixtisasları üzrə ingilis dilində kadr hazırlığı həyata keçirilir.Tədris prosesinə yüksəkixtisaslı yerli kadrlarla yanaşı, xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər də cəlb olunurdu. Bolonya Bəyannaməsinin əsas müddəalarına uyğun olaraq, BDU-nun beynəlxalq əməkdaşlıq və xarici əlaqələr sahəsində təcrübəsini nəzərə almaqla, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi ilə tanınmış universitetə cəlb dəvət edilməsi, elmi istiqamətlərin inkişaf etdirilməsi, mühazirələr oxunması, işgüzar əlaqələrin genişləndirilməsi, müəllim, doktorant, magistrant və tələbələrin mobilliyinin artırılması istiqamətində cidi addımlar arılmışdı. Avropa Kredit Transfer Sistemi və Bolonya bəyannaməsinin müddəalarına uyğun olaraq, BDU-da təhsil alan tələbə və magistrlərin akademik mobilliyinin, ölkədaxili və xarici ölkələrin ali təhsil müəssisələrində sərbəst təhsil almaq hüququnun təmin edilməsi və onların təhsil aldıqları ali təhsil müəssisələrində ayrı-ayrı fənlər üzrə qazandıqları kreditlərin ekvivalentliyinin müəyyən edilməsi və tanınması prosedurlarının rəsmləşdirilməsi məqsədi ilə fakültələrdə ayrı-ayrı ixtisaslar üzrə xüsusi komissiyalar yaradılmışdı.

Həmin illərdə universitet əməkdaşlarının əmək şəraitinin və maddi rifahının yaxşılaşdırılması, daxili imkanlar hesabına onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdi.2011-ci ildən universitetdə 5 günlük iş həftəsi rejiminə keçildi.

2012-ci ildə Hüquq fakültəsinin nəzdində Hüquq Klinikası, 2013-cü ildə UNESKO kafedrası və Dəniz və enerji hüququ Mərkəzi yaradıldı. 2014-cü ildə universitetin yaranmasının 95 illiyi qeyd olundu.

BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistr və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının ayrı-ayrı elmi təşkilatları və institutları arasında sıx əlaqələr qurulmuşdur. Bununla yanaşı, elm-təhsil-istehsalat əlaqələrinin qurulması istiqamətində Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Azərsu Açıq Səhmdar Cəmiyyəti, Sumqayıt Texnologiyalar Parkı, Coca-Cola, BP və digər şirkətlərlə əməkdaşlıq əlaqələri qurulmuşdu.

Bakı Dövlət Universitetində 2013/14-cü tədris ilinin yaz semestrindən etibarən kredit sisteminin tətbiqi ilə bağlı tədris sənədlərinin-tədris planı, tədris qrafiki, ixtisas üzrə illik işçi tədris planı, tələbələrin fərdi iş planı, müəllimin illik işçi tədris planı, dərs cədvəli, akademik transkript, tələbənin ərizə forması, tədris razılığı, akademik arayış, akademik təqvim sənədlərinin nümunələri tədris prosesində istifadəyə verildi.

2014/15-ci tədris ilindən başlayaraq, BDU-da daha savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət SABAH qrupları fəaliyyət göstərməyə başladı. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan SABAH qruplarının əsas məqsədi ölkəmizin inkişafına töhfə verəcək, bacarıqlı və bilikli gənc mütəxəssislər hazırlamaq, yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı, səriştəli kadr hazırlığı həyata keçirməkdən ibarətdir. 2014/15-ci tədris ilində BDU-da 12 ixtisası əhatə edən SABAH qruplarında 214 nəfər tələbə təhsil alırdı. SABAH qruplarının koordinasiyasını təmin etmək məqsədi ilə BDU-da SABAH mərkəzi fəaliyyət göstərir. SABAH qruplarında oxuyan tələbələrə SABAH təqaüdü verilirdi.

2011-ci ildən 2018-ci ilin noyabrına kimi universitetin rektoru vəzifəsində akademik Abel Məhərrəmov işləyirdi. Abel Məhərrəmovdan sonra bu vəzifənin icrası Təhsil nazirinin müavini Firudin Qurbanova həvalə olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 mart 2019-cu il tarixli Sərəncamı ilə Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olundu. Universitetdə Tədrisin təşkili və təlim texnologiyaları  üzrə prorektoru vəzifəsində 2011-ci ildən professor İradə Əliyeva, Elm və innovasiyalarr üzrə prorektor vəzifəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Aydın Kazımzadə, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsində 2011-ci ildən 2019-cu ilin may ayına qədər professor Sani Hacıyev, hazırda dosent Əliş Ağamirzəyev işləyir. Həmkarlar İttifaqı komitəsinin sədri vəzifəsində 2011-ci ildən 2019-cu ilin oktyabrına qədər dosent Fikrət Şiriyev, hazırda isə professor Hüseyn Məmmədov  işləyir. 2011-ci ildən iqtisadi və təsərrüfat işləri üzrə prorektor vəzifəsində Nəbi Ramazanlı çalışı

2017-ci ildə BDU-nun həyatında  iki  möhtəşəm hadisə baş verdi. 21 iyun 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin yenidən təşkili ilə bağlı imzaladığı  sərəncama əsasən Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs (qanuna əsasən publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır- M.M.) statusuna malik olan Bakı Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edildi.

14 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda deyilirdi: 2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur.Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır.

Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir. Respublikada yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması Universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və ölkədə ali təhsilin, elmin ənənələrinin zənginləşdirilməsində, gənc nəslin müstəqil dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsində mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan хalqının milli sərvəti Bakı Dövlət Universitetinin 100 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Bakı Dövlət Universitetinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Azərbaycan Respublikasının Prezidentinin  Sərəncamından sonra Nazirlər Kabineti 21 may 2018-ci il  tarixində müvafiq Sərəncam imzaladı.  Sərəncamdan az sonra -  14 iyun 2018-ci ildə  Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağılı Təhsil naziri əmr verdi.11 fevral 2019-cu ildə Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Təhsil nazirinin müavini Firudin Qurbanov “Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər planı”nın təsdiq edilməsi, yubiley tədbirlərinin təşkili və həyata keçirilməsi üçün zəruri hazırlıq işlərinin aparılması, o cümlədən nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə Təşkilat Komitəsinin yaradılması haqqında əmr imzaladı.Əmrdə bildirilir ki, Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı, məzunu olması ilə fəxr etdiyi Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi 2019-cu ildə tamam olur.  Bakı Dövlət Universiteti bu gün ölkənin aparıcı ali təhsil müəssisəsi olmaqla yanaşı, həm də respublika elminə əhəmiyyətli töhfələr verən elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərir. Ölkədə ali təhsilin, elmi ənənələrin zənginləşdirilməsində, gənc nəslin müstəqil dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsində mühüm xidmətlərini nəzərə alaraq,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 noyabr 2017-ci il tarixli Sərəncamı əsasında 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi nəzərdə tutulub. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin, şərəfli bir yol keçib, daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirərək ölkədə ali təhsil sisteminin qurulmasında təqdirəlayiq xidmətlər göstərib. Fərəhli haldır ki, UNESCO Baş Konfransının 39-cu sessiyasında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi barədə qərar qəbul edilib. Yubileyin İSESKO, o cümlədən bir sıra universitetlər assosiasiyaları tərəfindən qeyd edilməsi barədə ilkin razılıqlar əldə edilib”.

Firudin Qurbanov universitetin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar BDU-nun 17 yanvar 2019-cu il tarixli əmrinə uyğun olaraq Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı işçi qrupunun yaradılması haqqında da əmr imzalamışdı. Əmrə əsasən, BDU-nun 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planında nəzərdə tutulmuş müddəaları həyata keçirmək, yubileyin daha yaxşı təşkil edilməsi ilə bağlı təkliflər hazırlamaq, bu istiqamətdə tələb olunan bütün işləri icra etmək məqsədilə işçi qrupu yaradıldı.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar təntənəli mərasimin, universitet məzunlarının Forumunun, BDU-nu ötən illərdə bitirmiş məzunlar arasında “BDU xatirələrdə” adlı yazı müsabiqəsinin, ali təhsil müəssisələrində Universitetin 100 illiyi münasibətilə tədbirlərin, silsilə elmi-praktiki konfransların, BDU-nun nəzdindəki Gənc istedadlar liseyinin bazasında respublika liseyləri şagirdləri arasında fənn olimpiadalarının və yubileylə bağlı müxtəlif idman yarışlarının keçirilməsi də nəzərdə tutulmuşdu. Bununla yanaşı, “Azərbaycan tarixi” muzeyində Bakı Dövlət Universitetinin şərəfli inkişaf yolunu əks etdirən xüsusi guşənin yaradılması, universitetin tarixini əks etdirən kitabların hazırlanması və nəşr olunması, universitet haqqında sənədli filmin çəkilişi, “Xatirə Yubiley” medalının, döş nişanlarının buraxılması, rəsm və foto şəkil müsabiqəsi, Bakı Şəhər Təhsil İdarəsi ilə birgə tədbirlərin, universitet tələbələri üçün liderlik və innovativ sahibkarlıq tədris proqramlarının təşkili və keçirilməsi də 100 illik yubileylə bağlı görüləcək işlərə daxil idi.

Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs  statusu qazandıqdan sonra  onun yeni Nizamnaməsi hazırlandı və 16 aprel 2019-cu ildə Nazirlər  Kabinetinin 172 nömrəli qərarı ilə təsdiq edildi.

2019-cu il Bakı Dövlət Universitetinin həyatında  yubiley ili kimi  yadda qalacaq. Azərbaycanın elm və təhsil müəssisələrində, Beynəlxalq təşkilatların qəragahında universitetin bir əsrlik tarixi böyük sevinc və coşqunluqla  ilə qeyd olunur.

İlk yubiley tədbiri  13 iyun 2019-cu ildə Parisdə UNESCO-nun baş qərargahında keçirildi.Yubiley tədbirinə Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov, BDU-nun rektoru Elçin Babayev, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Təhsil Nazirliyi, BDU və Mədəniyyət Nazirliyinin nümayəndə heyəti, UNESCO yanında daimi nümayəndəliklərin rəhbərləri, Fransada akkreditə olunmuş diplomatik korpusun, işgüzar dairələrin, mədəniyyət və elm nümayəndələri, bu ölkədəki azərbaycanlı icmasının nümayəndələri qatılmışdı.Tədbirdə UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, təhsil naziri Ceyhun Bayramov, BDU-nun rektoru Elçin Babayev çıxış etdilər.Natiqlər ölkəmizin tarixi, onun nailiyyətlərindən danışaraq, Bakı Dövlət Universitetini onun əsas nailiyyətlərindən biri olduğunu diqqətə çatdırdılar. BDU-nun onun regionda ilk universitet, müsəlman Şərqində isə ilk Avropa tipli ali məktəb olduğunu vurğuladılar. UNESCO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko ölkəmizlə UNESCO arasındakı əlaqələri yüksək qiymətləndirərək,  tədbirin mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi ruhunu əks etdirdiyinibildirib. Tolerantlıq, dialoq, mədəniyyət müxtəlifliyi, qarşılıqlı anlaşma və xalqlar arasında həmrəylik məkanında olan BDU-nun elmi təşviq etməsindən danışıb. BDU-nun afrikalı məzunlarının ölkələrində mühüm vəzifələrdə çalışdıqlarını qeyd edib. Ölkəmizin UNESCO-ya verdiyi töhfələri yüksək qiymətləndirib.Tədbirdə BDU-nun 100 illik tarixini əks etdirən videoçarx göstərilib, UNESCO-nun binasının foyesində BDU-nun 100 illik fəaliyyətini əks etdirən tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş olunub.Xatırladaq ki, UNESCO-nun İcraiyyə Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilərək, 2019-cu ildə bu yubiley tədbirlərinin keçirilməsi  qərara alınmışdı.

10 sentyabr 2019-cu ildə Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana şəhərində Bakı Dövlət Universitetinin 100 illik yubileyi təntənə ilə keçirildi. Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan yubiley tədbirinə BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriya ictimaiyyətinin, işgüzar dairələrin nümayəndələri, mədəniyyət və elm xadimləri, bu ölkədəki azərbaycanlı icmasının nümayəndələri qatılmışdılar. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov və BDU-nun rektoru Elçin Babayev çıxış ediblər.Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova bildirib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bir əsr öncə Azərbaycan xalqının tarixində önəmli iz buraxıb. Cəmi 23 ay sürən həmin dövr Azərbaycan tarixində önəmli hadisələrlə yadda qalıb, onlardan biri də Bakı Dövlət Universitetinin təsis olunmasıdır. Cümhuriyyətin qurucuları Avropa nümunəsi əsasında ali təhsil ocağının əsasını qoymaqla yanaşı, oraya həmin dövrün tanınmış alim və mütəxəssislərini dəvət ediblər. Bakı Dövlət Universiteti yarandığı dövrdən böyük inkişaf yolu keçərək, bu gün nəinki Azərbaycanın, eləcə də regionun ən böyük ali təhsil ocağı və mühüm elm mərkəzidir.Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında Bakı Dövlət Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolla bağlı məsələlərə toxunub. Qeyd edib ki, bu ali təhsil ocağının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər Bakı Dövlət Universitetini “Azərbaycan xalqının milli sərvəti” kimi yüksək dəyərləndirib, onun məzunu kimi universitetin regionda qabaqcıl təhsil ocağına çevrilməsi üçün çox işlər görüb.Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubileyin yüksək səviyyədə qeyd olunmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. Qonaqları universitetin 25 minlik böyük kollektivi adından salamlayan rektor ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən BDU-nun yubileyinin müxtəlif səviyyələrdə, o cümlədən UNESKO-nun iqamətgahında, dünyanın bir sıra ölkələrində qeyd edilməsinin davamı olaraq bu tədbiri Azərbaycan elmi və təhsilinə göstərilən qayğı kimi yüksək dəyərləndirib.

1 oktyabr 2019-cu ildə Mingəçevir Dövlət Universitetində (MDU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirdiyi BDU-nun 100 illik yubileyinə həsr olunan növbəti tədbirin MDU-da keçirilməsinin professor-müəllim və tələbə heyəti üçün mühüm hadisə olduğunu bildirib. Ş.Bayramov ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunan BDU-nun adının Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlı olduğunu, bu universitetin sonralar ölkəmizdə yaradılan digər ali təhsil müəssisələrinin formalaşmasında mühüm baza rolunu oynadığını qeyd edib. O, BDU-nun milli ali təhsilimizin flaqmanı, çoxminli professor-müəllim heyətinin cəmləşdiyi elm məbədi və Azərbaycan ali təhsilinin ümumi mənzərəsini müəyyən edən aparıcı ali təhsil ocaqlarından biri olmasını diqqətə çatdırıb. Ş.Bayramov Azərbaycan ali təhsilinin beynəlxalq ali təhsil məkanında layiqincə təmsil olunmasında BDU-nun müstəsna xidmətlərini qeyd edib və dünya universitetlərinin bir sıra reytinq siyahılarına ölkəmizdən yalnız bu universitetin daxil edildiyini bildirib. O, Azərbaycan tarixində ilk dəfə olaraq BDU-nun 100 illik yubileyinin UNESCO-da qeyd olunmasının hər bir azərbaycanlıya və xüsusilə də təhsil işçisinə böyük qürur hissi yaşatdığını vurğulayıb. Ş.Bayramov MDU-da tədrisin keyfiyyətinin yüksəldilməsi və bu universitetin Azərbaycan ali təhsilinin ümumi xəritəsindəki mövqeyinin gücləndirilməsinə hədəflənən fəaliyyətdə digər tərəfdaşlarla yanaşı, BDU ilə əməkdaşlığa və bir əsrlik tarixi olan bu ali təhsil ocağının təcrübəsindən faydalanmağa xüsusi önəm verdiklərini qeyd edib. O, BDU-nun 100 illik yubileyinə həsr olunan görüş çərçivəsində əsası qoyulan BDU-MDU əməkdaşlığının paytaxt və region universitetləri arasında əməkdaşlığın nümunəvi modelinə çevrilə biləcəyinə əminliyini bildirib. Tədbirdə çıxış edən BDU rektorunun müşaviri Əliş Ağamirzəyev iki universitet arasında əməkdaşlıq üçün potensial imkanların mövcudluğunu və bu istiqamətdə real işlərin həyata keçirilməsinə hazır olduqlarını bildirib. Sonra BDU-nun məzunu, MDU-nun  İqtisadiyyat  kafedrasının müdiri Cəmilə Musayeva bakalavriat, magistratura və doktorantura təhsilini aldığı universitetdə keçirdiyi tələbəlik illərindən bəhs edib və 100 yaşı qeyd olunan universitetin professor-müəllim heyətinin onun karyera inkişafında mühüm rol oynadığını bildirib. C.Musayeva məzunu olduğu BDU-nun hazırda fəaliyyət göstərdiyi MDU-da keçirilən yubiley tədbirində çıxış etmək imkanı əldə etməsindən fəxarət hissi keçirdiyini və belə bir universitin məzunu olması ilə qürur duyduğunu vurğulayıb. Görüşün sonunda BDU ilə MDU arasında əməkdaşlıq haqqında Protokol imzalanıb. Sənəd iki universitet arasında tələbə mübadiləsi, kreditlərin tanınması, müəllimlərin ixtisaslarının artırılması, tədqiqat metodları üzrə təcrübə mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, birgə elmi konfransların təşkili, beynəlxalq layihələrdə iştirak və digər sahələrdə qarşlıqlı faydalı real əməkdaşlığın yaradılmasını nəzərdə tutur.

3 oktyabr 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyi bu ali təhsil ocağının Qazax filialında qeyd edilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən yubiley tədbirində BDU-nun rektoru Elçin Babayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, BDU-nun əməkdaşları, filialın müəllim-tələbə kollektivi iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin filialın binasında yerləşən büstü önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.

Filialın direktoru Arif Rüstəmov tədbir iştirakçılarını, müəllim və tələbələri Universitetin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. A.Rüstəmov Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə BDU-nun Qazax filialı kimi fəaliyyətə başlamış ali tədris müəssisəsində universitet və rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində təhsilin müasir tələblərə uyğun olaraq qurulması istiqamətində görülən işlərdən, ixtisaslı kadrların hazırlanması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Rektor Elçin Babayev yubiley tədbirində çıxış edərək filialın müəllim və tələbələrini əlamətdar hadisə münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında, elm və təhsilin inkişafında xüsusi xidməti olan Qazax Müəllimlər Seminariyasının və yetişdirdiyi kadrların əvəzsiz rolu olduğunu qeyd edərək Seminariyanın keçdiyi şanlı tarixi yoldan söz açıb, onun Azərbaycan təhsilinə saysız-hesabsız ziyalılar bəxş etdiyini, həmin ziyalıların təhsilin inkişafı naminə gördüyü işlərin bugünkü gənc nəsil üçün əsl örnək olduğunu qeyd edib. Bakı Dövlət Universitetinin müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyini diqqətə çatdıran rektor Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edildiyini, noyabr ayında böyük tədbirin keçiriləcəyini vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir iştirakçılarını BDU-nun 100 illik yubileyi münasibətilə təbrik edib. Ölkənin əsas təhsil ocağının filialının Qazaxda fəaliyyət göstərməsini Prezident İlham Əliyevin qazaxlılara olan diqqət və qayğısı kimi dəyərləndirib. Bildirib ki, BDU-nun 100 illik yubileyinin keçirilməsi ilə bağlı dövlət başçısının imzaladığı Sərəncamda universitetin tarixini və fəaliyyətini yüksək qiymətləndirərək söylədiyi fikirlər ölkə təhsilinə, ziyalılığa verilən dəyərdir. İcra başçısı onu da qeyd edib ki, filialın gündən-günə inkişafı, rayondakı parlaq fəaliyyəti, gələcəkdə ictimai həyatımızın formalaşmasında fəaliyyət göstərəcək gənclərin ali təhsil almalarındakı rolu Qazax rayonunun yüz illərlə gələn təhsil mədəniyyətinin bundan sonrakı yüz illərdə də davam edəcəyinin nümunəsidir. Sonra filialın riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov və III kurs tələbəsi Səbinə Camalova çıxış ediblər. Bakı Dövlət Universitetinin yeni bayrağı filiala hədiyyə edilib.

16 oktyabr 2019-cu ildə  Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə BDU-nun və ADPU-nun rəhbərliyi, professor-müəllim heyətləri və tələbələri iştirak ediblər. Tədbir iştirakçıları ADPU-da fəaliyyət göstərən BDU məzunlarının elmi əsərlərindən ibarət sərgi və TÜRKSOY kafedrası ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq BDU-nun 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rektor çıxışında BDU-nun zəngin tarixi keçmişə malik, Azərbaycan xalqının inkişafında böyük rol oynamış bir elm, mədəniyyət və təhsil müəssisəsi olduğunu bildirib. BDU Azərbaycan Xalq Cümhuriyyətinin bizə bir yadigarıdır. Bu 100 il ərzində universitet Azərbaycan xalqına müxtəlif sahələrdə xidmətlər etmişdir. Universitet yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar yetişdirmişdir. Bu xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur. BDU-nun 100 illik yubileyi UNESCO-da təntənə ilə keçirilib. Rektor Cəfər Cəfərov çıxışının sonunda mötəbər yubileyin ADPU-da keçirilməsindən məmnunluq duyduğunu bildirib və uğurlar arzulayıb. BDU-nun rektoru dosent Elçin Babayev ADPU-nun professor-müəllim heyətini və tələbələrini salamlayaraq tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib. E.Babayev Universitetin Azərbaycan Parlamenti tərəfindən 1919-cu ildə təsis edildiyini bildirərək 100 il ərzindəki fəaliyyətinin uğurları barədə geniş məlumat verib. Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Universitetin inkişafına daimi diqqət və qayğısını xüsusi vurğuladı. Qeyd etdi ki, BDU klassik universitet olmaqla yanaşı, təhsilin məbədi sayılır. Eyni zamanda xalqın sosial-siyasi həyatında əsas rol oynamış bir qurumdur. Universitetin əsas inkişaf istiqaməti təhsil, elm, innovasiyalar, sosiallıq və beynəlmiləlləşməkdir. Universitetin 16 fakültəsi, 121 kafedrası uğurla fəaliyyət göstərir. Çalışır və inanırıq ki, BDU növbəti 100 illiyə yeni enerji ilə qədəm qoyaraq daha böyük uğurlar qazanacaqdır... Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov 100 illik yubileyin çox əlamətdar hadisə olduğunu, BDU-nun 100 ildə çox böyük uğurlara imza atdığını vurğulayıb. Bu gün dünyada söz sahibi olan bir millətin və dövlətin varlığı həmçinin BDU-nun fəaliyyətinin məntiqi nəticəsidir. Dünyanın 70-ə qədər ölkəsində diplomatik nümayəndəliklərimizin fəaliyyət göstərməsi, Azərbaycan alimlərinin dünyanın ən nüfuzlu elm mərkəzlərində təmsil olunması, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında Bakı Dövlət Universitetinin xüsusi payı danılmazdır. Professor A.Zamanov çıxışının sonunda ADPU-da fəaliyyət göstərən BDU məzunlarının sərgidə nümayiş etdirilən monoqrafiya, dərslik və dərs vəsaitlərinin BDU kitabxanasına hədiyyə etmək qərarını bildirdi.

Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev çıxışında BDU ilə bağlı xatirələrini bölüşərək əlamətdar yubiley münasibətilə tədbir iştirakçılarını təbrik etdi. BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxış edərək Azərbaycan elminin və təhsilinin inkişafında, yüksəkixtisaslı kadrların yetişdirilməsində və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında BDU-nun böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Universitetin 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı,Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov BDU-nun yaranma tarixi, fəaliyyəti və inkişafı haqqında məruzələrlə çıxış ediblər.

22 oktyabr 2019-cu ildə Bakı Mühəndislik Universitetində (BMU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirdiyi BDU-nun keçdiyi tarixi yola nəzər salıb. Rektor vurğulayıb ki, universitetin inkişafında yeni keyfiyyət mərhələsi ümummilli lider, BDU-nun tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Sovet rejiminin tətbiq etdiyi bütün qadağalara rəgmən, məhz Ulu Öndərin səyi nəticəsində 1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illik yubileyi qeyd olunub. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin şəxsən tədbirdə iştirak etməsi inqilabi bir hadisə idi. Bu addım BDU-nun həyatında yeni bir başlanğıcın, milli-mənəvi dirçəlişin əsasını qoydu. Sonrakı dönəmlərdə BDU-nun inkişafı ilə bağlı ulu öndər Heydər Əliyevin verdiyi digər mühüm qərarlara da toxunan H.Məmmədov Prezident İlham Əliyevin davam etdirdiyi diqqət və qayğı nəticəsində universitetin uğurlarının zənginləşdiyini, maddi-texniki bazasının gücləndiyini vurğulayıb. Hazırda BDU ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində də önəmli rola malikdir və  universitet təhsilin inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında fəal iştirak edir.  BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan universitetin, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olduğunu bildirib.  Azərbaycan xalqının və dövlətinin həyata keçirdiyi mühüm tarixi hadisələrdən birinin, BDU-nun yaradılmasının olduğunu qeyd edən prorektor Ulu Öndər Heydər Əliyevin, bu universitetin inkişafındakı tarixi xidmətlərini vurğulayıb. A.Kazımzadə Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin davam etdiyini, indiyə qədər ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda yubileyin qeyd edildiyini bildirib. Prorektor çıxışında həmçinin, BMU-nun gənc universitet olmasına baxmayaraq, qısa müddətdə fəxr olunası nailiyyətlər əldə etdiyini, ali təhsil ocaqları arasında özünə layiqli yer tutduğunu fikirlərinə əlavə edib, belə bir tədbirin təşkilinə görə təşəkkürünü bildirib.  BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov çıxışında universitetin keçdiyi 100 illik yola nəzər salıb, mühüm tarixi faktları diqqətə çatdırıb.  Daha sonra BMU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Akif Hüseynli, Riyaziyyat kafedrasının müdiri, dosent Rakib Əfəndiyev Azərbaycan elminin bugünkü vəziyyəti, qarşıda duran problemlər və məzunu olduqları BDU haqqında xoş təəssüratlarını bölüşüblər.

4 noyabr 2019-cu ildə  Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar Lənkəran Dövlət Universitetində (LDU) tədbir keçirilib. Tədbirdə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov yubiley münasibətilə BDU-nun professor və müəllimlərini, tələbələrini təbrik edib. Bildirilib ki, ölkəmizdə elmin və təhsilin inkişafına verdiyi böyük töhfələrə görə ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti adlandırıb. N.İbrahimov qeyd edib ki, Lənkəran Dövlət Universiteti Nazirlər Kabinetinin1991-ci il 25 sentyabr tarixli qərarı ilə BDU-nun Lənkəran filialı kimi açılıb, 1992-ci il 23 iyun tarixli sərəncamı ilə isə dövlət statuslu ali məktəb kimi fəaliyyətə başlayıb. O, LDU-da son illər görülən işlər, təhsilin yenilənməsi istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib. Lənkəran Dövlət Universiteti ilə tanışlıq Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş konfransla davam edib. Konfransda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə xüsusi önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Rektor Bakı Dövlət Universitetinin fəaliyyəti, görüləcək işlərdən danışıb. Sonra BDU-nun elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, BDU-nun LDU-da çalışan məzun və doktorantlarından tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən İdrak Əsgərov, baş müəllim Gülbəniz Qədirova çıxış ediblər. BDU müəllimlərinin keçdiyi ustad dərsləri tələbələr tərəfindən maraqla qarşılanıb.LDU-nun həyətində Bakı Dövlət Universitetinin 100 illik yubileyi şərəfinə xatirə olaraq dekorativ həmişəyaşıl ağaclar əkilib.

7 noyabr 2019-cu ildə Milli Kitabxanada Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti və Milli Kitabxana birgə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı, ölkədə ali təhsilin və elmin inkişafında mühüm xidmətləri olan Azərbaycan xalqının milli sərvəti “Bakı Dövlət Universitetinin 100 illik yubileyi” nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Milli Kitabxanasını direktoru, professot Kərim Tahirov, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, BDU-nun fəxri professoru, tarix elmləri doktoru, Əməkdar elm xadimiAbuzər Xələfov, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı, yazıçı, millət vəkili, professor Hüseynbala Mirələmov, professor Cahangir Məmmədli çıxış edərək Azərbaycan elminin və təhsilinin inkişafında Bakı Dövlət Universitetinin misilsiz xidmətlərindən söhbət açıblar. Tədbirdə universitetin rektoru Elçin Babayev çıxış edərək Mədəniyyət nazirliyinə bu tədbiri təşkil etdiyinə görə minnətdarlığını bildirib.

8 noyabr 2019-cu ildə BDU-nun 100 illik yubileyi münasibətilə ADMİU-da dəyirmi masa keçirilib. Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dəyirmi masa keçirilib. BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ADMİU-da olub. Qonaqlar Universitetin sərgi salonu, fakültə və kafedraları, habelə tədris auditoriyaları ilə tanış olub, Aktyor sənəti ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələrinin ifasında nümayiş olunan “Danabaşlar” tamaşasına baxıblar. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu” əsərləri və bir neçə felyetonun səhnələşdirməsi əsasında hazırlanan tamaşa qonaqlar tərəfindən maraqla qarşılanıb. Sonra BDU və ADMİU rəhbərliyinin, professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova BDU-nun 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, universitetin tarixindən, xalqımızın inkişafında oynadığı roldan danışıb. Rektor Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar yetişdirən universitetin 100 illik yubileyi çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərin keçirildiyini qeyd edib, yubileylə əlaqədar növbəti tədbirin ADMİU-da keçirilməsindən məmnunluq duyduğunu bildirib. ADMİU-nun rektorunun Humanitar məsələlərlə iş üzrə müşaviri, professsor Aqşin Babayev, dosent Nigar Rüstəmova, Tədrisin elektron idarə edilməsi və imtahanların təşkili şöbəsinin müdiri Turxan Süleyman çıxış edərək, BDU haqqında xatirələrini danşıb, bu ali təhsil ocağının onların həyatlarında nə qədər mühüm rol oynadığından bəhs ediblər.BDU-nun rektoru Elçin Babayev tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib. Müsəlman Şərqində avropatipli ali təhsil ocağı olan ADMİU-nun bundan sonra da Azərbaycan mədəniyyəti və insəcənəti üçün peşəkar kadr hazırlığında müstəsna rol oynadığını bildirib.

Növbəti həftə BDU-nun yubiley tədbirlərinə yekun vurulacaq. BDU-da bir əsrlik  yubileylə bağlı zirvə tədbiri baş tutacaq. Qazanılan uğurlar  təqdir ediləcək, bu işdə əməyi olanlar mükafatlandırılacaq, yeni 100 illiyin perspektivləri müəyyənləşdiriləcək.

Bakı Dövlət Universitetinin yubileyinin ölkədə və xaricdə  yüksək səviyyədə  keçirilməsi  yalnız bir ali təhsil müəsisəsinin deyil, bütövlükdə  millətin  şərəf tarixinin ən yadda qalan səhifələrindən biridir. Parisdə UNESCO-nun baş qərargahında, Vyanada və digər beynəlxalq qurumlarda BDU-nun yubileyinin keçirilməsi  Azərbaycanda elmin və təhsilin yüksək səviyyədə təşkillnin təsdiqi kimi dəyərləndirilməlidir.

Universitetin 100 illik  çətin, mürəkkəb və  şərəfli  inkişaf tarixi Azərbaycan   millətinin elmi, mədəni, iqtisadi və siyasi inkişafının ayrılmaz bir hissəsidir.  8 əsrdir ki, dünyada universitetlər  millətin intellektual inkişafının göstəricisi hesab olunur. Hələ vaxtı ilə Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, Afina Universitetinin yeni bir Yunanıstan yaratdığını  kim inkar edə bilər? Millətimiz əldə etdiyi  bütün uğurlara görə təhsil  ocaqlarına, o cümlədən Bakı Dövlət Universitetinə borcludur. Azərbaycanda elə bir ailə yoxdur ki, bu və ya digər şəkildə BDU ilə bağlı olmasın, universitetin maarifçilik işığından ona pay düşməsin. Bu baxımdan BDU-nun 100 illik yubileyinin ölkədə və xaricdə  yüksək səviyyədə qeyd olunması, ümumxalq bayramına çevrilməsi  tamamilə   təbiidir.  Ona görə də hesab edirəm ki, BDU-nun  yubileyi yalnız bir təhsil ocağının deyil,  Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin, bir sözlə elmi və siyasi elitanın bayramıdır. Azərbaycan cəmiyyətinin bayramıdır.

Ömrümün 50 ildən çoxunu doğma divarları arasında  keçirdiyim, pillə-pillə ucaldığım əziz Universitetim, bayramın mübarək!

 





26.11.2019    çap et  çap et