525.Az

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi


 

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi<b style="color:red"></b>

Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir.

Söz azadlığı dünyada bəlkə də, ən əvəzolunmaz nemətlərdəndir. Bəşər övladının azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir.

Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Milli mətbuatımızın uğurlu inkişafı onun zəngin keçmişinin mirasıdır. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Azərbaycan milli mətbuatı 1918-ci ildə dinamik inkişaf üçün şans qazanıb. Həmin dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoyub. 

AZƏRBAYCANDA AZAD SÖZÜN TƏMƏLİ: HEYDƏR ƏLİYEV SİYASƏTİ 

Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində başa gəlib. Bu, danılmaz bir faktdır. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf etdi, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirildi.

Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk növbədə bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılmasına çalışdı və ciddi addımlar atdı. Müstəqillik qazanan Azərbaycanda xaos, özbaşınalıq hökm sürdüyü halda Azərbaycanı qısa müddətdə müstəqilliyini itirməkdən qurtaran Heydər Əliyev ölkənin inkişafı ilə yanaşı, müstəqil fikir, söz azadlığı, insan hüquqlarının qorunması istiqamətində də ardıcıl addımlar atdı və bu addımlar tez bir zamanda bəhrəsini verdi. Ulu öndərin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin, 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkədə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaratdı. 2000-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoydu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Qanunun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" qanunlarının qəbul edilməsi də kütləvi informasiya vasitələrini cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevirdi. Dövlət başçısının 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı. Ümummilli liderin söz və mətbuat azadlığının təmin olunması istiqamətində atdığı ən mühüm və tarixi addım senzuranın ləğv edilməsi ilə bağlı oldu. Senzuranın ləğvi Azərbaycanda söz azadlığına möhtəşəm təkan verdi. Müstəqil media orqanlarının təsis edilməsinə törədilən əngəllərin aradan qaldırılması bu sahədə əməlli-başlı dirçəlişə səbəb oldu. Nəticədə Azərbaycanda söz və mətbuat azadlığı hər gün sürətlə inkişaf etdi.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, Ümummilli lider Heydər Əliyevin mətbuat azadlığının təminində tarixi rolu inkarolunmaz bir faktdır.  Azərbaycan mətbuatının sözün həqiqi mənasında, müstəqilliyini əldə etməsi, ölkəmizdə söz və mətbuat azadlığının bərpa olunması xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır: "Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəməyib.  Məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə hüquqi islahatlar aparılmağa başlanıldı. Konstitusiyanın qəbulundan sonra ölkədə medianın fəaliyyətinin tənzimlənməsi və media sahəsində mükəmməl qanunvericilik bazasına nail olmaq üçün bir sıra addımlar atıldı. Ulu öndər Heydər Əliyevin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənirdi. 

FİKİR, SÖZ VƏ MƏLUMAT AZADLIĞININ, PLÜRALİZMİN İNKİŞAF ETDİRİLMƏSİ İLHAM ƏLİYEVİN DİQQƏT MƏRKƏZİNDƏ   

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqətindədir. Ulu öndər Heydər Əliyevin ölkədə başlatdığı həqiqi söz və mətbuat azadlığının bərqərar olması prosesi onun siyasi varisi İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Prezident ilk gündən mətbuatın inkişafının dövlət siyasətinin başlıca prioritetləri kimi elan etdi və fəaliyyətində bu nüansa xüsusi diqqət ayırdı.

Məhz Prezident İlham Əliyev tərəfindən mətbuata xüsusi diqqət və qayğının nəticəsidir ki, 2010-cu ildə Prezident İlham Əliyev  "Jurnalistlərin dostu" seçilib. Eyni zamanda, 2009-cu ilin aprel ayının 3-də Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DDF) yaradılması haqqında Fərmanı da KİV sahəsinə dövlət qayğısının təzahürüdür. Məhz KİV DDF-nin yaradılması və mətbuata dövlət qayğısı Azərbaycanda mətbuat sahəsində irəli doğru atılmış bir addımdır.   

10 YAŞLI KİVDF 

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də media sektorunun inkişafı üçün ciddi addımlar atılıb, söz, fikir azadlığının təmin olunması istiqamətində əsaslı nailiyyətlər əldə edilib. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası ilə bağlı qərarın qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, jurnalistlərə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunması, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi media sektorunun inkişafını sürətləndirdi. Bu addım Azərbaycan jurnalistlərinin həvəslənməsi, peşələrinə daha sıx bağlanması ilə nəticələndi. Jurnalistlərin fərqlənməsi, onların əməyinin qiymətləndirilməsi gənc nəsil jurnalistlərinin ruhlanması və daha səmərəli çalışmasına xüsusi töhfə verdi. Fond fəaliyyəti dövründə fikir, söz və məlumat azadlıqlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməklə bu sahəni daha da inkişaf etdirdi.

2009-cu ildə yaradılmış adıçəkilən fond Azərbaycan mediasının inkişafında böyük rol oynayıb. Fonda hazırkı dövrə qədər dövlət büdcəsindən ayrılan vəsaitlərlə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Fondun ən uğurlu layihələrindən biri peşəkar jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması və ictimai fikrə təsir edə biləcək media qurumlarına maliyyə yardımı verməsidir. Bu layihələr nəticəsində ağır mənzil şəraitində yaşayan yüzlərlə peşəkar jurnalist təmirli və yüksək keyfiyyətli mənzillə təmin edildi və çapını dayandırmaq üzrə olan media orqanlarına maliyyə yardımı edilərək onların peşəkarlıq səviyyəsinin daha da artırılmasına şərait yaradıldı. Hətta bu layihələrin reallaşması ağır maddi vəziyyətdə yaşayıb-yaradan və bu durumdan əziyyət çəkdiyi üçün jurnalistikadan getmək istəyən bəzi peşəkar jurnalistlərin fəaliyyətini davam etdirməsinnə şərait yaratdı.

Fond dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayırır. Bu gün artıq KİVDF-nin yaranmasından 10 il ötür. Bu qurumun 10 il ərzində gördüyü işlər, Azərbaycanda söz və fikir azadlığının təmin olunmasındakı xidmətləri həqiqətən danılmazdır. Qurumun təkcə ölkə mediasında çalışan insanların problemlərini vaxtında qabartması, onların sosial problemlərinin həllinə dəstək verməsi faktı Azərbaycan jurnalistikasına, fikir və söz azadlığına ən böyük töhfələrdəndir.

AZƏRBAYCANDA SÖZ AZADLIĞI MODELİ 

Artıq indi Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkədə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Artıq kütləvi informasiya vasitələri də məhz bu imkanlardan yararlanaraq öz müstəqil, azad fəaliyyətlərini davam etdirir, dövlətçilik, milli maraqlar prizmasından çıxış edirlər.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, Azərbaycanda söz və ifadə azadlığı, fikir plüralizmi mövcuddur: "Azərbaycanda hər bir kəsin məlumat almaq və yaymaq hüququ var. Ölkədə medianın fəaliyyətinin tənzimlənməsi ilə bağlı mükəmməl qanunvericilik bazası var. Azərbaycanda tam azad mətbuat formalaşıb. Bu günədək medianın inkişafı üçün dövlət tərəfindən davamlı olaraq bir sıra tədbirlər həyata keçirilib. Müxtəlif illərdə sərəncamlar imzalanıb, medianın maddi-texniki bazasının güclənməsinə, jurnalistlərin sosial problemlərinin həllinə dəstək göstərilib. Görülmüş işlər həddən artıq çoxdur və dünyanın heç bir yerində belə hala rast gəlmək mümkün deyil". 

MÜHARİBƏ ŞƏRAİTİNDƏ OLAN ÖLKƏDƏ SÖZ AZADLIĞI 

Yazılı və elektron KİV qlobal problemlərin işıqlandırılmasına, dövlətçiliyin inkişafına mane olan amillərin aradan qaldırılmasına, müstəqil Azərbaycanın inkişafına dəstək verməlidir.

Ən əsası, nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir. Həmin səbəbdən Dağlıq Qarabağ probleminin əsl mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını KİV-lər faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıdır. Çünki Azərbaycanın uğurlarını qəbul etməyən ermənipərəst dairələr daim ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. İkili standartdan çıxış edən bəzi dairələr tərəfindən Azərbaycanın qeyri-demokratik ölkə kimi təqdim olunması da aparılan bu qərəzli siyasətin tərkib hissələrindəndir. Belə şəraitdə qələm sahiblərimiz, xüsusən mətbuat məkrli yanaşmalara cavab olaraq Azərbaycanın əldə etdiyi uğurları obyektiv və operativ şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır.

Əlbəttə, plüralizmin inkişafı kimi, ölkə daxilində müxtəlif baxışlar, müxtəlif siyasi meyillərin mövcudluğu təbiidir. Bu, hərəkətverici qüvvə kimi hər bir normal cəmiyyətdə olmalıdır. Lakin burada dövlət və milli maraqların üstün tutulması, jurnalist peşəkarlığı, ən əsası, onun vətənpərvərlik duyğuları çox vacibdir. Söz, mətbuat azadlığı, həmçinin söz, mətbuat məsuliyyətini inkar etməməlidir. Çünki dünyada hüququn, azadlığın sərhədi, balansı var. Bir insanın hüququ digərinin hüququ başlayan yerdə bitir. Burada müxalifətçilik dövlət maraqlarına, xalqın mənafeyinə zidd addımların atılması kimi qəbul olunmamalıdır.

Hər bir xalqın dövlət quruluşu, demokratik durumu onun dini, fəlsəfəsi, incəsənəti, ümumiyyətlə, onun mədəniyyəti ilə birgə vahid bir substansiyanı, vahid ruhu əmələ gətirir. Bu vahiddən onun istənilən tərəfini ayırmaq nə qədər zərərlidirsə, ona antimilli fikri, sözü calaq etmək də bir o qədər zərərlidir.

Mətbuatın əsas vəzifəsi görülən işləri işıqlandırmaq, neqativləri obyektiv qabartmaq, həllini gözləyən məsələlərin çözülməsinə dəstək olmaqdır. Təbii ki, birgə səylər inkişafa, tərəqqiyə böyük yol açır. Bir məqamı da qeyd edək ki, bu gün mətbuat dördüncü hakimiyyət kimi dəyərləndirilirsə, bu, artıq media ictimaiyyətini üzərinə düşən məsuliyyəti daha dərindən dərk etməyə çağırır.

Sevinc QARAYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

 





27.11.2019    çap et  çap et