525.Az

"Çap məhsullarına görə ƏDV-nin ləğvi klassik media ənənələrinin yaşadılmasında stimullaşdırıcı addım olar"


 

"Çap məhsullarına görə ƏDV-nin ləğvi klassik media ənənələrinin yaşadılmasında stimullaşdırıcı addım olar"<b style="color:red"></b>

Azərbaycanda çap məhsullarına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) aradan qaldırılması xeyli müddətdir ki, gündəmdədir.

Həm deputatlar, həm müstəqil ekspertlər, ictimaiyyət nümayəndələri, mətbuat təmsilçiləri ƏDV-nin ləğvini zəruri hesab edirlər. Birincisi, ona görə ki, daha əvvəl belə bir nümunə olub. Yəni çap məhsullarından ƏDV götürülüb. İkincisi, indi elektron medianın inkişafı fonunda yazılı media daha ciddi problemlərlə üzləşib. ƏDV-nin olması isə əlavə bir problem yaradır.

Məlumat üçün bildirək ki, 2016-cı ilin yanvarın 1-dək ölkəyə idxal olunan qəzet kağızlarına, redaksiya, nəşriyyat və poliqrafiya məhsullarına ƏDV tətbiq olunmurdu. ƏDV-dən azad olmalar Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə qeyd olunur ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) vergi ödəməkdən azaddır. Lakin qeyd etdiyimiz tarixdən sonra Dövlət Gömrük Komitəsi (DGK) ölkəyə gətirilən kütləvi informasiya vasitələri məhsullarına ƏDV tətbiq etməyə başlayıb.

Mövzu ilə bağlı danışan "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, çap məhsullarının zamanla bahalaşması qəzetçilik fəaliyyəti göstərən qurumların xərclərini daha da artırır. O  hesab edir ki, belə bir şəraitdə çap məhsullarına görə ƏDV-nin aradan qaldırılması klassik media ənənələrinin yaşadılması istiqamətində atılmış növbəti stimullaşdırıcı addım olar. Klassik media ənənələrinin qorunması üçün dövlətin qəzetlərə dəstək göstərdiyini deyən baş redaktor idxal edilən çap məhsullarına tətbiq edilən ƏDV məsələsində də yazılı mətbuatın xeyrinə qərar çıxarılacağına ümid bəsləyir: "Məsələ müsbət həllini tapsa, qəzet kağızı bazarında qiymətlər xeyli ucuzlaşacaq. Nəticədə, qəzetçiliklə yanaşı, poliqrafiya fəaliyyətində də müsbət dəyişikliklər baş verəcək, nəşr edilən kitabların qiymətləri xeyli aşağı düşəcək. Bu, oxu mədəniyyətinin inkişafına da çox ciddi təsir göstərəcək".

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli deyib ki, zamanında ƏDV-nin ləğvi əsaslandırılıb və bunun üzərinə birtərəfli ləğv qoyulmuşdu, sonradan isə bərpa edildi. "Məsələnin vacib tərəfi budur ki, ölkədə çap sənayesinin durumu onsuz da yaxşı vəziyyətdə deyil.  Satış aşağıdır, reklam gəlirləri demək olar ki, yox səviyyəsindədir.  Söhbət çap məhsullarından gedir. Bu baxımdan təklif olunmuşdur ki, konkret kağız üzərinə qoyulmuş ƏDV götürülsün ki, bu da həmin KİV-lərə böyük dəstək ola bilərdi", - deyə M.Ələsgərli bildirib. Onun sözlərinə görə, əslində, çap məhsullarına ƏDV-nin tətbiqi dövlətə elə də böyük gəlir gətirmir, bunun məbləği bir neçə yüz min manatdır, hətta milyonla da ölçülmür. "Göründüyü kimi, ƏDV-nin tətbiqi dövlət büdsəsinə çox az gəlir gətirir, amma qarşılığında ölkə əhalisinin çap məhsulları ilə təmin edilməsi baxımından çox böyük problemlər yaradır, onların keyfiyyətinə, çapına, kəmiyyətinə ciddi maneə törədir. Ona görə də Mətbuat Şurasnda  təkliflər paketi hazırlanmışdı və Şuranın sədri Əflatun Amaşov Milli Məclisdə həmin təklifləri səsləndirib. MŞ sədri, millət vəkili  Əflatun Amaşov hər zaman bunu diqqətdə saxlayır:  "MŞ-nın ölkədə KİV-in durumunun yaxşılaşdırılması ilə bağlı təkliflər paketi var, orda çoxsaylı məsələlər öz əksini tapıb. ƏDV ilə yanaşı, yayım infrastrukturunun formalaşdırlması, reklam məsələsinin yoluna qoyulması, yəni 10-dan yuxarı təklif var ki, biri ƏDV ilə bağlıdır. Bu məsələ daim gündəmdədir və hesab edirəm ki, reallaşma ehtimalı böyükdür".

PƏRVANƏ

 





29.11.2019    çap et  çap et