525.Az

QHT-lərlə dövlət qurumları arasında əməkdaşlıq: yeni imkanlar və perspektivlər


 

QHT-lərlə dövlət qurumları arasında əməkdaşlıq: <b style="color:red">yeni imkanlar və perspektivlər</b>

Ölkəmiz müstəqillikdən sonrakı dövrdə bir çox sahələrdə ciddi irəliləyiş əldə edib və dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir sıra mühüm nailiyyətlər qazanıb.

Hazırda bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Çünki güclü dövləti şərtləndirən amillərdən biri də güclü vətəndaş cəmiyyətinə sahib olmaqdır. Ölkə başçısı tərəfindən milli donor institutu olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə bu vacib sahəyə dövlət qayğısı daha da artdı, vətəndaş cəmiyyəti sektorunun inkişafında yeni bir mərhələ başladı. Həm qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq tələblərə uyğunlaşdırılması, həm də qeyri-hökumət təşkilatlarının effektiv fəaliyyət göstərmələri üçün dövlət qurumları ilə əməkdaşlığının təmin edilməsi istiqamətində ciddi addımlar atıldı. "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının qanununun qüvvəyə minməsi ilə QHT-lərlə yerli və mərkəzi icra hakimiyyəti strukturları arasında əməkdaşlıq yeni bir mərhələyə qədəm qoydu. Artıq bütün mərkəzi icra hakimiyyəti qurumlarında vətəndaş cəmiyyəti nümayəndələrinin təmsil olunduğu İctimai şuralar fəaliyyət göstərməkdədir. Bütün bunlar dövlətin, onun ali rəhbərliyinin vətəndaş cəmiyyətinə önəmini ifadə edir, həmçinin, onlardan da aktiv olmağı, dövlətlə əməkdaşlıq etməyi və ümumi inkişaf naminə səyləri birləşdirməyi gözləyir.

Maraqlıdır, günümüzdə QHT-lərlə dövlət qurumlarının əməkdaşlığı qaneedicidirmi? Bu əməkdaşlığı daha da gücləndirmək üçün hansı addımlar atılmalıdır?  

"Bu əməkdaşlıq hər iki tərəf üçün çox böyük önəm daşıyır"  

- deyən Milli QHT Forumunun prezidenti Rauf Zeyninin sözlərinə görə, şəffaflıqda və ictimai nəzarətdə maraqlı olan dövlət qurumları əməkdaşlığa böyük həvəs göstərir: "QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığın əsasında dövlətimizin inkişafı və 1999-cu ildə Milli QHT Forumunun yaradılması dayanır. 2000-ci ildə QHT-lər, İctimai Birliklər və şuralar haqqında qanun qəbul edildi və bundan irəli gələrək bütün istiqamətlərdə əməkdaşlıqlar daha da genişləndirildi. Bu gün, yəni 20 ildən sonra deyə bilərik ki, həqiqətən də bu əməkdaşlıq ciddi inkişaf yolu keçib. Amma bununla qane olmuruq və əməkdaşlığı daha da inkişaf etdirmək üçün çalışırıq. Belə ki, əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müxtəlif tədbirlər planı təklif edilib. Hazırda QHT-lər və dövlət qurumları arasında münasibətlərin inkişafı özünün zirvə nöqtəsinə çatıb. Çünki dövlətlə birlikdə "Açıq Hökumət Platforması" yaradılıb. Orada 10 dövlət qurumu ilə 30 Qeyri Hökumət Təşkilatı təsisçi kimi çıxış edir. Bu da o deməkdir ki, ölkədə həm inkişafın, həm də islahatların dəstəklənməsi baxımından dövlət qurumları ilə QHT-nin əməkdaşlığı ən yüksək səviyyədə təşkil edilib. Adıçəkilən platformada qanunvericiliyə təklif edilən əlavə və dəyişikliklər, bütün sahələr üzrə yol xəritələri, rəqəmsal idarə etməyə keçid, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi kimi məsələlər geniş müzakirə edilir. Düşünürəm ki, bu əməkdaşlıq hər iki tərəf üçün çox böyük önəm daşıyır. Çünki şəffaflıqda və ictimai nəzarətdə maraqlı olan dövlət qurumları əməkdaşlığa çox böyük həvəs göstərir".

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, bütün dövlət qurumlarında vətəndaş cəmiyyətinə münasibəti birmənalı olaraq qənaətbəxş qiymətləndirə bilmərik: "Bəzi dövlət qurumları məsuliyyətsizlik edərək vətəndaş cəmiyyəti strukturlarının əhəmiyyətini başa düşmürlər və ya başa düşmək istəmirlər. Baxmayaraq ki, ölkə başçısının QHT-lərə münasibəti nümunəvi də tam arzuolunan səviyyədədir. Biz bu münasibətlərdəki çatışmazlıqları xüsusilə yerli icra hakimiyyətlərində daha çox görürük".

İ.Orucovun dediyinə görə, hər bir dövlət qurumunun rəhbəri məsuliyyətini anlayaraq əməkdaşlığa açıq olmalıdır: "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi  

yeni müsabiqə əməkdaşlıq mexanizminin gücləndirilməsi baxımından nümunədir.  

Fikrimcə, 18 dövlət qurumunu əhatə edən birgə müsabiqə yeni bir ənənəni formalaşdıracaq və QHT-lə dövlət qurumları arasında əməkdaşlığa güclü təkan verəcək. Bu, ilk təcrübə olsa da, davamlı olacağına əminəm və əslində, vətəndaş cəmiyyətinin illərlə arzuladığı bir mexanizmi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası formalaşdırdı".

O əlavə edib ki, bu ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi "SƏLİS" - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin yaradılması ilə elektron idaretmənin əsası qoyuldu. "SƏLİS"in üstün cəhətləri çevik və sürətli idarəetmə, xidmətlərdə rahat və əlçatanlığın təmin olunması, vaxt itkisinin aradan qaldırılması, şəffaflıq və aşkarlığın təmin olunması, QHT-lər və Şura üçün vahid məlumat bazasının formalaşması, hər hansı subyektiv amillərin aradan qaldırılması, bildirişlərin e-mail və SMS vasitəsi ilə təqdim olunmasıdır. Fəaliyyət göstərdiyi ötən müddətin statistikası göstərir ki, "SƏLİS" vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyaraq, innovativ tətbiq baxımından  QHT-lərin fəaliyyət istiqaməti və keyfiyyətli layihələr üçün geniş imkanlar yaradıb, canlı təması minimuma endirməklə Şuranın elektron xidmətlərindən rahat və sürətli istifadəyə təminat verib.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin fikrincə, artıq Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qeyri-hökumət təşkilatlarının keçirdikləri

layihələrin daha asan şəkildə qəbulu üçün müasir standartlara uyğun şərait yaradılıb.  

Artıq layihə rəhbəri çətinlik çəkmədən öz layihələrini Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim etməklə həm canlı təmasdan, həm də vaxt itkisindən xilas olublar. Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi - SƏLİS-i yaratmaqda əsas məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT-Dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir: "Bu Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 18+8 dövlət orqanı ilə birgə qrant müsabiqələrinin keçirilməsi dövlətin donorluq siyasətinin şəffaf mexanizmlə icrasını stimullaşdıracaq".

"Vətəndaş cəmiyyəti ilə hakimiyyətin əməkdaşlığında siyasi iradə varmı, bu, real əməkdaşlıqdırmı?" suallarına aydınlıq gətirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirir ki, bəli, siyasi iradə var: "Prezident İlham Əliyev  bütün rəsmi və qeyri-rəsmi çıxışlarında dəfələrlə ictimai nəzarətdən və bu məsələdə QHT-lərin rolundan danışır. Ölkə Prezidentinin siyasi iradəsinin olması məsələnin bir tərəfidir. Belə ki, Prezidentin siyasi iradəsi yalnız bəyanatlarla bitmir, bu, hüquq müstəvisində də öz əksini tapır. "İctimai iştirakçılıq haqqında" qanun qəbul edilib və bu qanunun icrasını Prezident şəxsən öz üzərinə götürüb. Bu məsələnin siyasi iradə tərəfi, təcrübi tərəfinə gəlincə isə məsələ bir az qəlizləşir".

Sədrin sözlərinə görə, elə dövlət qurumları var ki, qeyd edilən əməkdaşlığı yüksək, bəziləri orta, bir çoxu isə yox səviyyəsində qurub: "Əslində, əməkdaşlıqları da bir neçə istiqamətə bölmək olar. Biri var tədbirlər keçirilir, ora nümayəndələr çağırırlar, onlara çıxış imkanı yaradırlar, biri də var ciddi, tam əməkdaşlıq. Yəni birgə qərarlar qəbul etmək, lazımı sənədləri birlikdə hazırlamaq. Ölkəmizdə dövlət qurumları ilə ən yaxşı əməkdaşlıq edən QHT modeli Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasıdır. Orada 8 nəfər QHT, 3 nəfər isə dövlət qurumu nümayəndəsi qərarları birgə qəbul edirlər. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasını da misal göstərmək olar. Bunlar əməkdaşlığın uğurlu nümunələridir. Amma etiraf etməliyik ki, uğursuz nümunələr də var. Elə dövlət qurumları var ki, onlar əməkdaşlıqdan nəinki qaçırlar, heç vətəndaş cəmiyyətinin sorğularına cavab vermək istəmirlər". 

S.Məmmədov vurğulayıb ki, əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı addım atılmalıdır: "Hazırda prioritet addımlardan birini Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası atıb. Belə ki, qrant müsabiqələrinə dövlət orqanlarını cəlb edib. Bu, şura tərəfindən edilmiş bir cəhddir və məqsəd dövlət orqanları ilə QHT-ləri yaxınlaşdırmaqdır. İlk addımı Şura atdı, növbəti mərhələdə əməkdaşlığın genişləndirilməsi üçün dövlət orqanları da QHT-lərlə belə müsabiqələrin birgə keçirilməsində maraqlı olmalıdırlar. Bundan başqa, dövlət orqanı özü özünü şəffaflaşdırmalıdır, fəaliyyəti haqqında məlumatı ictimaiyyətə təqdim etməlidir. Bunun özü elə vətəndaş cəmiyyəti ilə əməkdaşlığın genişləndirilməsi deməkdir. Yəni əməkdaşlıq üçün vacib deyil ki, hər dəfə masa ətrafında yığışıb nələrsə müzakirə edilsin. Həmçinin dövlət qurumları vətəndaşların özü ilə də birbaşa olaraq əlaqədə olub, əməkdaşlıq edə bilər".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılova görə, Komitə QHT-lərlə yaxından əməkdaşlıq edir: "Bildirim ki, dini radikalizmlə mübarizə və milli mənəvi dəyərlərimizin təbliği sahəsində QHT-lər Komitəyə ciddi dəstək verirlər. Biz də, onların bu sahədə olan potensialından maksimum istifadə etməyə çalışırıq və təbii ki, bunun faydalarını da görürük". G.İsmayılov qeyd edib ki, rəsmisi olduğu qurumun QHT-lərlə əməkdaşlığında  

əsas meyar milli dövlətçilik prinsiplərinə və milli-mənəvi dəyərlərə sədaqətdir:  

"Təbii ki, hər bir dövlət  qurumu üçün əməkdaşlıq etdiyi QHT-nin peşəkarlıq və işgüzarlıq səviyyəsi çox önəmlidir. Bundan başqa, din sahəsi yüksək həssaslıq tələb edir. Bu işdə təsadüfə və əsası olmayan, dəqiq nəticələri hesablanmamış eksperimentə yol vermək olmaz".

Milli QHT Forumunun Gender Mərkəzinin rəhbəri Tünzalə Cavadova bildirir ki, ölkənin sürətli sosial, iqtisadi inkişafı vətəndaş cəmiyyətinin də inkişafına birbaşa təsir edir: "Dövlət orqanları ilə QHT-lərin əməkdaşlığına gəldikdə isə dövlət qurumları iki yerə ayrılır. Təəssüf ki, bəzi dövlət orqanları vətəndaş cəmiyyəti ilə işləməkdə, əlaqələrin qurulmasında elə də maraqlı deyillər. Amma bəziləri də özləri QHT-ləri əməkdaşlığa dəvət edirlər. Hətta son dövrlər dövlət qurumları ilə birgə keçirilən layihələr aradakı əməkdaşlığı daha da genişləndirir".

Sevinc QARAYEVA

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən "SƏLİS Jurnalist" nominasiyası üzrə müsabiqədə iştirak üçündür.

 





04.12.2019    çap et  çap et