525.Az

Qitələri birləşdirən TANAP


 

CƏNUB QAZ DƏHLİZİ ÖLKƏLƏR ARASINDA KÖRPÜLƏR YARADACAQ, DAHA BÖYÜK ANLAŞMAYA YOL AÇACAQ

Qitələri birləşdirən TANAP <b style="color:red"></b>

Ötən həftə Türkiyənin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəməri TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi başa çatmaqda olan 2019-cu ilin daha bir mühüm hadisəsi oldu.
 
Cənub Qaz Dəhlizi layihəsinin ən mühüm və vacib hissəsini təşkil edən TANAP-la bağlı 2011-ci ilin sonuncu ayında Azərbaycanla Türkiyə arasında TANAP layihəsi çərçivəsində Anlaşma Memorandumu imzalanmışdı. Bundan sonra rəsmi olaraq layihənin icrasına başlanılıb və tikinti prosesinə icazə verilib. Bu boru xəttinin inşasında əsas hədəf Şahdəniz-2 qaz yatağından hasil olunan təbii qazın Türkiyə və əsasən də Avropa bazarlarına nəqlinin genişləndirilməsidir.

TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, İpsalada keçirilən mərasimdə isə TANAP tam istifadəyə verilib. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. TAP-ın da istismara verilməsi ilə Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi fəaliyyətə başlayacaq.

Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir.

Şübhəsiz ki, TANAP Azərbaycanın Avropanın enerji bazarlarına inteqrasiyası, eləcə də təhlükəsiz tranzit dövlət kimi öz mövqeyini möhkəmləndirməsi üçün ən böyük imkandır.

Ümumiyyətlə, Cənub Qaz Dəhlizi üç layihədən ibarətdir: Cənubi Qafqaz Boru Kəməri (GQBK), TANAP və TAP...

TANAP Cənub Qaz Dəhlizinin reallaşmasında qabaqcıl bir layihədir. Bir çox mütəxəssis bu layihəni Azərbaycanın ən mühüm enerji layihəsi hesab edir.

Dörd il əvvəl Qars şəhərində TANAP-ın təməli qoyulub. Ancaq TANAP-a aparan yol 2012-ci ildə başlayıb. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı.

Azərbaycan Prezidenti İpsalada keçirilən mərasimdə çıxışı zamanı bildirib ki, tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir.

Dövlət başçısı deyib ki, TANAP-a qədər aparılan birgə işlər TANAP-a yol açdı. Çünki əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsəydi, bu gün TANAP haqqında danışmaq mümkün olmazdı.

Bu layihə həm də Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, əməkdaşlığının daha bir nümunəsidir.

Mövzu ilə bağlı münasibətini bildirən millət vəkili Azər Badamov deyib ki, TANAP regional əməkdaşlıq layihəsidir. Bu layihə qitələri birləşdirir və layihədə iştirak edən ölkələrə böyük gəlirlər gətirəcəkdir. Deputat əlavə edib ki, TANAP Avropa sərhədlərinə qədər uzanıb və Cənub Qaz Dəhlizinin növbəti mərhələsi olan TAP-ın tikintisinin 90%-dən çoxu icra olunub: "Bu onu deməyimizə imkan verir ki, yaxın zamanda TAP layihəsi də təntənəli şəkildə istifadəyə veriləcəkdir. Bu layihələrin ərsəyə gəlməsi röyaların çin olması deməkdir. Çünki çoxlu ölkələr bu layihəni yuxu kimi görürdü və reallaşacağına inanmırdılar. Amma Azərbaycanla Türkiyənin dostluğu və qardaşlığı mümkünsüz görünən layihələri mümkün edir. Azərbaycanın iştirak etdiyi bütün layihələr uğurla icra olunur və bu gün ölkəmizə böyük gəlirlər gətirir. Məsələn, Bakı-Ceyhan, Bakı-Ərzurum və Bakı-Tbilisi-Qars layihələri dünyada əsirin ən böyük layihələridir. Belə böyük layihələrin reallaşması Ulu Öndərin qoyduğu iqtisadi-siyasi xəttinin uğurları və ölkə başçısı cənab İlham Əliyəvin uzaqgörən siyasəti və möhkəm iradəsinin məntiqi nəticələrini hesab edirəm".

İqtisadçı ekspert Pərviz Heydərov isə deyib ki, Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi 2-ci və sonuncu mərhələnin başa çatdığı demək idi. P.Heydərov söyləyib ki, Cənub Qaz Dəhlizi çox böyük strateji infrastruktur layihədir: "Onun birinci hissəsi keçən ilin, yəni 2018-ci ilin mayında açılmışdı. Bu hadisə Prezident İlham Əliyevin kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salması ilə baş vermişdi. Həmin ilin iyun ayının 12-də isə Türkiyənin Əskişəhər bölgəsində iki ölkə prezidentlərinin iştirakı ilə TANAP-ın istifadəyə verilməsiylə bağlı rəsmi açılış olmuşdu".

Ekspert qeyd edib ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP-ın istifadəyə verilməsi təkcə Azərbaycana xidmət etməyəcək: "Azərbaycan sürətlə dünyada əhəmiyyətinə görə ikinci enerji növü sayılan təbii qaz ixracatçısı kimi tanınması dövrünə qədəm qoyur. Qərb ölkələrinin də layihəyə dəstək vermələri məhz bununla əlaqədardır. Cənub Qaz Dəhlizi layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə onun ötürücülük qabiliyyətini iki dəfəyədək, hətta bundan da çox artırmaq mümkün olacaq. Cənub Qaz Dəhlizi sayca hələlik yeddi ölkəni - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanı birləşdirir. Və daha üç Balkan ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiyanın da bu sıraya qoşulacaqları qaçılmaz hesab edilir. Yəni Azərbaycan qazı gələcəkdə daha çox sayda ölkələrə ixrac olunacaq".

Azərbaycanın layihədən əldə edəcəyi gəlirlərə gəlincə, P.Heydərov qeyd edib ki, bunun 100 milyard ABŞ dollarından çox olacağı gözlənilir ki, söhbət "Şahdəniz" yatağının hər iki mərhələsindən gedir: "O baxımdan ki, orta və uzaq perspektivdə Azərbaycan özü də Avropa ölkələrinə qaz ixracında tranzit ölkə kimi çıxış edəcək. İlk gündən əsas hədəflərdən biri də məhz bundan ibarətdir. Azərbaycan qazı tezliklə Avropaya axmağa başlayacaq".

Türkiyənin Boğaziçi Universiteti Enerji Politikaları Araşdırma Mərkəzinin prezidenti, professor Gürkan Kumbaroğlu isə söyləyib ki, Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) funksional baxımdan çoxşaxəli missiya daşıyır. TANAP heç bir kəmərə alternativ deyil, bu xəttin ideyası və gerçəkləşməsi tam şəkildə yenilikdir. Professor deyib: "TANAP xətti ilə illik nəql olunacaq 16 milyard kubmetr qazın təxminən üçdə bir hissəsi Türkiyədə istifadə olunacaq. Bu həcmdə qaz əldə etmək Türkiyənin iqtisadiyyatında və sosial həyatında mühüm amildir. Bu da istər-istəməz Avropa-Türkiyə münasibətlərinin inkişafına yeni bir yanaşma gətirəcək. Bundan başqa, TANAP Avropanın cənub-şərq bölgəsində yerləşən ölkələrin də iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək".

Alim əminliklə qeyd edib ki, Türkiyədə kəsişən Trans-Anadolu və "Trans-Adriatik" xətləri Avrasiyada bu vaxtadək görünməyən iqtisadi inteqrasiya yaradacaq. Bu qaz boru kəmərləri Azərbaycanın təbii qazını Anadoluya və Avropaya nəql etməklə dünya ictimaiyyətinin diqqətini Qafqaz bölgəsinə, o cümlədən, Xəzər hövzəsinə yönəldəcək.

"Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev isə deyib ki, TANAP layihəsinə start verilən gündən başlayaraq, Azərbaycanın bu layihədəki önəmli yeri və rolu ilk növbədə ölkəmizin Avropanın enerji təminatçısı rolunu təsdiq edib: "Əbəs deyil ki, kəmərin Avropa ilə birləşən hissəsinin açılış mərasimində dövlət başçımız xüsusilə vurğuladı ki, TANAP Türkiyə, Azərbaycan və digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir. Belə ki, layihədə iştirak edən hər bir ölkənin öz payı və töhfəsi vardır. Ümumiyyətlə, Azərbaycanın son illər ərzində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşdırılmasında, bütövlükdə isə, enerji projeləri ilə yanaşı, nəqliyyat və s. kimi məsələlərdə təşəbbüskar və ideyaverici kimi çıxış etməsi, faktı dövlətimizin iqtisadi gücünün, qüdrətinin bariz, danılmaz göstəricisidir.

Qarşıda dayanan digər mühüm layihələrdən hesab edilən TAP-ın da çox yazın zamanlarda icrasının yekunlaşması Cənub Qaz Dəhlizinin təyin olunduğu vaxtda icrasını təmin edəcəkdir ki, cənab İlham Əliyev bu amili xüsusilə mərasim iştirakçılarına xatırlatdı. Artıq əminliklə deyə bilərik ki, bu layihələr Azərbaycanın birləşdirici körpü rolu oynamasını, həmçinin, məkan olaraq mərkəz kimi qiymətləndirilməsi faktorunu isbat etməkdədir".

"Bu kimi əhəmiyyətli məqamlarda qardaş Türkiyə dövlətinin daim Azərbaycana dəstək göstərməsini də əsas amil kimi dəyərləndirməliyik", - deyən Bəhruz Quliyev sonda onu da bildirib ki, ölkələrimiz arasında mövcud olan və tarixi əsaslara söykənən möhkəm bağlar yaxın gələcəkdə daha böyük, daha nəhəng layihələrin həyata keçirilməsinə geniş şərait yaradacaq: "Biz, gələcəyə inamla baxırıq və gələcəyimizi Türkiyə ilə birgə addımlayaraq təyin etməliyik. Çünki dövlət başçımız da qeyd etdi ki, Türkiyənin uğurları, zəfərləri Azərbaycanın da zəfəridir və bu gün ölkələrimizin Avropanın enerjisini, nəqliyyatını və s. sahələrini təmin edən iki dövlət artıq dünyanın söz sahibinə çevrilməkdədir. Əlbəttə ki, bütün bu reallıqlar qarşıda dayanan hədəflərimizi də müəyyən edir. Bu hədəflər daha güclü, daha qüdrətli və daha tərəqqi etmək gerçəkliyidir".

PƏRVANƏ

 





04.12.2019    çap et  çap et