525.Az

Bakıda Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə konfrans


 

Bakıda Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə konfrans <b style="color:red"></b>

Dekabrın 4-də “Hyatt Recensy” otelində Beynəlxalq Əmək Təşkilatının (BƏT) texniki dəstəyi və AHİK-in təşkilatçılığı ilə Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının “İqlim dəyişikliyi və iqtisadi dəyişikliklər: Həmkarlar ittifaqlarının reaksiyası” mövzusunda konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin birinci müavini İlyas Əliyev Dayanıqlı İnkişaf Məqsədlərinin biri – iqlim dəyişikliyinə yönəlib. Bu məqsəd iqlim dəyişikliyinə və onun təsirlərinə qarşı təcili tədbirlər görülməsini tələb edir. Artıq dünya ictimaiyyəti dərk edir ki, iqlim dəyişmələri dünyanın bütün ölkələrində hər kəsə təsir göstərir. Təsadüfi deyildir ki, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında ekoloji inkişaf haqqında geniş söhbət aparılıb. Qurultayın Bəyanatında sosial, ekoloji və digər aspektləri birləşdirən, tam şəkildə iqtisadi inkişaf çərçivəsini aşan alternativ bir nəzər - nöqtəsinin tətbiqi tələbi irəli  sürülür.

AHİK Dayanıqlı İnkişaf Məqsədlərində irəli sürülən vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlarından istifadə etməyə çalışır. «2018-2019-cu illər üçün bağlanmış Baş Kollektiv Saziş»in «Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik» bölməsində iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına diqqətin artırılmasını vacib sayır, işçilərin sağlamlığının qorunmasını prioritet vəzifələrdən hesab edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı komissiya yaradıb. Komissiyanın üzvləri tərəfindən «BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri 2015-2030-cu illər Gündəliyi – həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası» sənədi hazırlanıb.  Sənəddə Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyindən 6 məqsəd AHİK üçün prioritet seçilib. Bunlar – yoxsulluğa son, yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, gender bərabərliyi, layiqli əmək və iqtisadi artım, məqsədlər üçün tərəfdaşlıqdır.

AHİK-in V qurultayında qəbul edilmiş «2018-2025-ci illər üçün əsas istiqamətlər»də bu məsələyə geniş yer verilib. Qeyd olunub ki, həmkarlar ittifaqları “yaşıl iş yerləri”nin zərərli istehsalat faktorlarından azad, layiqli əmək şəraiti olan, xəsarətin, peşə xəstəliklərinin, ətraf mühitə neqativ təsirin aradan qaldırıldığı iş yerlərinin yaradılması uğrunda mübarizə aparacaq.

İ.Əliyev qeyd edib ki, bizim üçün xoşdur ki, Türkmənistan Respublikasının həmkarlar ittifaqları birliyinin nümayəndə heyəti bu günkü konfransda bizimlə birlikdədir.  Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Bu günkü konfrans da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, türkmənistanlı dostlarımızla aparacağımız fikir mübadiləsi və  seminar iştirakçılarının tövsiyələri ümumi işimizə müsbət təsiri göstərəcək.

Konfransda həmçinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa bürosunun sektor müdiri Sergeyus Qlovaskas, Türkmənistan Dövlət Müəssisələri İşçiləri Həmkarlar İttifaqının sədri Beqens Bayramov və BƏT-in Azərbaycan üzrə Milli Koordinatoru Yaşar Həmzəyev çıxış etmişlər.

İki gün davam edəcək konfransda  «BƏT-in Yüzillik sessiyasının nəticə və tövsiyyələri», «BƏT-in 144 saylı Konvensiyası beynəlxalq əmək standartlarının milli səviyyədə inkişaf etdirmək üçün səmərəli vasitə kimi», «Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan həmkarlar ittifaqlarının prioritetləri”, «Yaşıl İş yerləri proqramı, Milli Vəziyyət-Məşğulluq-Enerji-Ətraf Mühit», «Yaşıl iş yerləri və iqtisadi şaxələndirməyə ədalətli keçid. BƏT ACTRAV-ın siyasət və tövsiyyələri»  mövzularında  müzakirələr aparılacaq.

 





04.12.2019    çap et  çap et