525.Az

Daşkənddə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrilə bağlı tədbir


 

Daşkənddə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrilə bağlı tədbir <b style="color:red"></b>

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunda Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəl foyedə təşkil olunmuş sərgidə ölkəmizin bayrağı, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, "Qarabağ həqiqətləri" seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, suvenirlər nümayiş etdirilib.

Kitablar arasında AMM-nin Daşkənddə özbək dilində çap etdirdiyi nəşrlər, o cümlədən, böyük Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"si, İmadəddin Nəsiminin "Cananı sevərmən" kitabı, Məhəmməd Füzulinin əsərləri və digər toplular yer alıb.

İnstitutun müəllimi, dosent Firuza İkramxanova Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən danışıb, bildirib ki, son illər bu sahədə böyük uğurlar əldə olunub. Azərbaycanın şair və yazıçıları Özbəkistana gəlir, özbək yazarları Bakıya gedirlər.

Özbəkistan Yazıçılar İttifaqının üzvü Adxambek Alimbekov Mədəniyyət Mərkəzinin Azərbaycan şair və yazıçılarının özbək dilində çap etdirdiyi kitablardan danışıb, ədəbi əlaqələrin inkişafında bu nəşrlərin böyük rolu olduğunu diqqətə çatdırıb.

Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti haqqında məlumat verib, tələbələrin suallarını cavablandırıb.

Tələbələr Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsiminin şeirlərini söyləyib, AMM-nin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.

 





04.12.2019    çap et  çap et