525.Az

650 illik yubiley üçün 650 misra - Fotolar


 

NƏSİMİNİN RUMIN DİLİNDƏ NƏŞR EDİLMİŞ ƏSƏRLƏR TOPLUSU MOLDOVADA TƏQDİM OLUNDU

650 illik yubiley üçün 650 misra - <b style="color:red">Fotolar </b>

Dekabrın 4-də Moldovanın paytaxtı Kişineuda, Moldova Milli Tarix Muzeyinin “Bürünc zal”ında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzindən verilən məlumata görə, tədbirdə şairin rumın dilində çap edilən, seçilmiş qəzəl və rübailərindən ibarət “Həqq mənəm” kitabının təqdimatı olub. Azərbaycanın Moldovadakı səfirliyi, Moldova Azərbaycanlıları Konqresi və Moldova Yazıçılar Birliyinin birgə keçirdikləri tədbirdə  Moldovanın tanınmış ədib və alimləri, mədəniyyət xadimləri, habelə bu ölkədəki Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Mərasimin iştirakçısı olan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bu barədə açıqlamasında bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı müvafiq sərəncamının icrası çərçivəsində gerçəkləşib: “Biz hələ bu ilin əvvəlində Prezident Sərəncam imzalanandan dərhal sonra həm Moldovadakı səfirliyimizə, səfir hörmətli Qüdsi Osmanova, həm də Moldova Azərbaycanlıları Konqresinin sədri, hörmətli Vüqar Novruzova böyük şairimizin əsərlərinin tərcüməsinə dair təkliflə, konkret layihə ilə müraciət etdik. Sağ olsunlar, həm cənab səfir, həm də Vüqar müəllim təklifimizi və layihəni dəstəklədilər. Səfirimiz tərcüməyə, Konqresin sədri isə kitabın nəşrinə və tədbirin keçirilməsinə dəstək oldu. Böyük şairimizin 27 qəzəl və 19 rübaisinin toplandığı, bütövlükdə 650 misradan ibarət bir kitab alındı. Qeyd edim ki, bu, Nəsiminin rumın dilində ilk nəşridir”.

S.Babullaoğlu deyib ki, həm Moldovada, həm də Rumıniyada yayılıb oxunacaq kitaba daxil edilmiş qəzəl və rübailəri rumın dilinə tanınmış moldovan şairi və tərcüməçisi İliya Zeqra çevirib: “Rumıncaya tərcümələrin bir qismi rus dilində əldə olan  çevirmələr, digər qismi isə Mərkəzimiz tərəfindən hazırlanan sətri tərcümələr əsasında ərsəyə gəlib. Ümumiyyətlə, kitab Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bazasında nəşrə hazırlanıb.

Kitaba burada böyük maraq və sevginin şahidi oldum. Biz yeni nəsil rəssamlıq sənətimizin təmsilçisi olan istedadlı rəssam Pəri Miniatürə bu kitab üçün 12  illüstrasiya sifariş vermişdik. Bu işlər kitabı daha da maraqlı elədi. Kitabın təqdimatı zamanı o işlər də nümayiş etdirildi. Olduqca maraqlı çıxışlar oldu. Məncə, mühüm bir ədəbi hadisə baş verdi.  Ümumiyyətlə, bugünlərdə Kişineuda baş verən tədbirləri “Moldovada Nəsimi günləri” də hesab etmək olar. Çünki, dekabrın 3-ü və 4-ündə, yəni 2 dəfə Moldova İcitimai kanalında “Nəsimi” bədii filmi rumınca subtitrlə yayımlandı. Filmin tərcüməsini İvan Pilkin həyata keçirmişdi. Dekabrın 5-də isə Moldova Milli Kitabxanasında səfirliyimizin hazırladığı, "Türksoy"la və Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldovo təmsilçiliyi ilə birgə gerçəkləşdirilən bir tədbir nəzərdə tutulub. Mən bütün bu işlərə görə səfir Qüdsi Osmanova, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova dərin təşəkkürümü bildirirəm. Qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan-Moldova ədəbi-mədəni əlaqələrinin inkişafı, qarşılıqlı mübadilə üçün xeyli böyük işlər görüblər. Bunlar nümunəvi, dəyərli işlərdir. Elə 20-ə yaxın kitab nəşr edilib. Bu işlərin böyük hissəsinin gerçəkləşməsində Moldova Yazıçılar Birliyinin layihələr üzrə katibi, dostum Nkolae Spetarunun da zəhməti çox böyükdür və biz ona da çox minnətdarıq”.

Görkəmli ədib, Moldova Yazıçılar Birlyinin sədri Arkadi Suçevyanunun moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycanın Moldovadakı səfirliyinin müşaviri Leyla Orucova, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, filologiya elmləri doktoru Ana Bantoş, kitabın tərcüməçisi İliya Zeqra, şair və tərcüməçi İvan Pilkin, Moldova Elmlər Akademiyası Filologiya İnstitutunun əməkdaşı Dumitu Apetri çıxış ediblər. Tanınmış ədəbi tənqidçi, filologiya elmləri doktoru Miroslava Metlyayevanın Nəsimi yaradıcılığına həsr olunmuş məruzəsi dinlənilib.
Tədbirin sonunda Azərbaycanın Moldovadakı səfiri cənab Qüdsi Osmanova, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova, şairin əsərlərini rumın dilinə tərcümə etmiş İliya Zeqra və şair Nikolae Spetaruya “Nəsimi irsinin təbliğinə görə”  Azərbaycan Yazıçılar Birlyinin “Nəsimi-650” fəxri diplomları verilib. Eyni zamanda? Nikolae Spetaruya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü vəsiqəsi təqdim olunub. Diplomları və fəxri üzvlük vəsiqəsini Azərbaycan Yazıçılar Birlyinin sədri, Xalq yazıçısı Anarın adından S.Babullaoğlu təqdim edib.

ŞAHANƏ

 





05.12.2019    çap et  çap et