525.Az

Qaranlıqda duyulan sirli sədalar - Esse


 

YAZIÇI NOVRUZ NƏCƏFOĞLUNUN "YUXUYA GEDİB GECƏ..." KİTABINDAN ALINAN TƏƏSSÜRAT

Qaranlıqda duyulan sirli sədalar - <b style="color:red">Esse </b>

İndi adını xatırlamadığım hansı mütəfəkkirlərdənsə birinin sözləridir: "Həyat təəssürat üçün yaranıb".

İnsanın ömrü boyu yaşadığı bu təəssüratlar bəs nədən ibarətdir?

Qədim latınların indi zərb-məsələ çevrilmiş müdrik kəlamlarından birini isə təəssüratlarla dolu bu həyatda tez-tez xatırlayıram: "Dubla plus torguent mala" - "Naməlumluq hər bəladan ağırdır".

Tanınmış yazıçı-publisist, hörmətli qələm dostumuz Novruz Nəcəfoğlunun bu günlərdə çapdan çıxmış "Yuxuya gedib gecə..." kitabındakı eyniadlı povestinin qəhrəmanı Həbibin bu qədim məsəldən xəbəri varmı-yoxmu, bilmirəm...

Bəri başdan deyim ki, bu maraqlı, birnəfəsə oxunan povest də məhz naməlumluq üzərində köklənib. İş bundadır ki, yazıçı əsərin sonuna kimi diqqətlə, intizarla oxunan mətnində hətta öz savadlı oxucusuna belə bu "naməlumluğu" tapmağa ipucu belə vermir. Həbiblə birgə o "naməlumluğu" incələyib tapmağı, necə deyərlər, elə oxucunun öz üzərinə "yükləyir".

Əlbəttə, günümüzün adiliklərindən, yeknəsəkliyindən darıxıb bezən bir oxucu kimi o naməlumluğun sirrinə vaqif olmağa çalışmaq, axtarışlara baş vurmaq xoş bir əzabdır.

Romantik şair Novalis deyirdi: "Gerçəkliyi qaranlıqlaşdırın, onda o, daha aydın görünəcək". Həbib də o səsləri qaranlıqda - yuxuda eşidir. Bir mütəfəkkirin sözləridir: "Hər halda qaranlıq haqda aydın danışmaq olmaz. Qaranlığa işıq salmaq olmaz. Çünki onda qaranlıq yox olar". Həbibin o sədaları yuxudamı, oyaqkənmi eşidir - bəlkə də elə buna görə yazıçı bilərəkdən bunlara tam aydınlıq gətirmir.

Həcmcə o qədər də iri olmayan bu əsər əslində, bütöv bir insan ömrünü, deyərdim ki, tam əhatə edir, tam bir insan ömrünə işıq tutur. Povestdə bu günümüzün adiliklərindən, xırda-para məişət qayğılarından tutmuş qlobal məsələlərəcən bir çox məqam yazıçı qəlbinin ağrı-acısı ilə təsvir edilir. Bir neçə il bundan qabaq internetdə yayılan, insan taleyinə biganə qala bilməyənlərin bağrını qan edən bir foto - ləpələrin vurub sahilə atdığı, dənizdə boğulmuş suriyalı bir qaçqın qızcığazın şəkli ürəkləri parçalamışdı. Bəlkə də Həbibin yuxusunu qaçırıb ərşə çəkən dənizdə boğularkən o qızcığazın son imdad fəryadının hayı-harayı imiş... Yazıçının təsvir etdiyi epizodu həyəcansız oxumaq olmur...

Və ya erməni qəsbkarlarının Qarabağda xalqımıza qarşı törətdikləri ağlagəlməz vəhşiliklər, soyqırımı...

Çovğunlu gecədə isti yurd-yuvalarından didərgin salınan kənd adamlarının qaçaraq düşmən əlindən can qurtarmağa çalışdığı bir vaxtda qucağındakı körpəsinin ağlayıb yerlərini düşmənə nişan verəcəyindən ehtiyat edən bir ananın öz körpəsini boğması... Və o körpənin səssiz çığırtısı...

Povestin sənətkarlıqla qurulmuş fabulasında yazıçının bundan əvvəlki əsərlərində toxunduğu sevimli mövzuları da nəzərə alınaraq, onun dərin leytmotivləri - tənhalıq, müxtəlif xəyallar, illüziyalar, təmiz, saf qəlb, insana hörmət, eyni zamanda, həm də nifrət, kövrək sevgi, igidin qardaşı hesab edilən ata vurğunluq və digər motivlər də əks olunur. Əsərdə əsas mövzu kimi insan tənhalığı xüsusi qabardılır. Bu fonda gündəlik həyat həqiqətləri, o həqiqətlər keçmişdə qalsa belə, mətndə diqqəti cəlb edir.

Povestin kompozisiyası bir mənəvi mərkəz ətrafında - insan həsssaslığı üzərində qurulub.

Həbibin eşitdiyi o qayibanə səslər və o səslərlə bağlı əhvalatların hər biri həm də bitkin bir insan mənzərəsidir.

Gərək naməlumluqdan gələn səsləri vaxtında eşidib hay verə bilək. Yoxsa o səslər qıyyalara, haraylara çevrilib yuxularımıza haram qatar. Dincliyimizi-rahatlığımızı pozar. O zaman bu sualın cavabı da əbədi məchul qalar: Kim yatmış, kim oyaq?!

 





05.12.2019    çap et  çap et