525.Az

UNEC-dən daha bir yenilik


 

ÖLKƏDƏ İLK DƏFƏ UNİVERSİTETLƏRARASI I KİTABXANA FORUMU KEÇİRİLİB

UNEC-dən daha bir yenilik<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Kitabxana İnformasiya Mərkəzi tərəfindən respublikada ilk dəfə olaraq "Universitetlərarası I Kitabxana Forumu" keçirilib.

Forum çərçivəsində "Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru" mövzusunda respublika elmi-praktik konfransı, UNEC KİM-in 1 saylı kitabxanasının açılışı, "Biliyin Carçıları" Milli Kvest Yarışması (Tələbə Elmi Cəmiyyəti ilə birgə), iqtisadçı-ekspert Vüqar Bayramovun tələbələrlə görüşü, UNEC KİM-in 24/7 kitabxanasının 1 yaşı münasibətilə tələbələrin fləşmobu, TEAS-Press nəşriyyatı tərəfindən endirimli kitab satışı-yarmarkası təşkil edilib.

Forumun ilk günü Azərbaycan Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin nümayəndələri, ali məktəb rektorları, millət vəkilləri, aparıcı kitabxanaların rəhbərləri və digər qonaqların iştirak etdiyi "Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru" mövzusunda respublika elmi-praktik konfransı ilə start götürüb. Forumu giriş sözü ilə açan UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş 2013-cü il, 24 oktyabr tarixli "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyən edilmiş məqsədlərə nail olmaq baxımından kitabxanalar xüsusi əhəmiyyətə malikdir. Rektor təhsilin keyfiyyətinin artırılması, qloballaşan dünyada kitabxanaların hər kəsə əlçatanlığının təmin edilməsi üçün universitet kitabxanalarının çağdaş, innovativ sistemlərlə ayaqlaşmasının zəruriliyini qeyd edib. O vurğulayıb ki, müasir universitet kitabxanasının inkişafı informasiya məkanında, təhsil sistemində və elmi kommunikasiyada baş verən dəyişikliklərin sürətinin artması ilə səciyyələnir. UNEC-də tədris prosesinin informasiya təminatının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi universitetdə fasiləsiz, yeddi gün 24 saat fəaliyyət göstərən, 24/7 kitabxananın yaradılması göstərilib. Eyni vaxtda 104 tələbəyə xidmət göstərmək imkanı olan 24/7 rejimli kitabxanada tələbələrin rahat və istənilən vaxt informasiya-bilik əldə etməsi üçün zəruri şəraitin olduğu da bildirilib. Bir ildir fəaliyyət göstərən UNEC KİM-in 24/7 kitabxanası Azərbaycan, türk, ingilis və rus dillərində zəngin fonda, bir milyona yaxın elektron resursa çıxış imkanına malikdir. MDB məkanında Azərbaycanla yanaşı, bu tip kitabxanalara yalnız Rusiya və Ukraynada rast gəlmək mümkündür. Qafqaz Universitetləri arasında isə ilk dəfə UNEC-də 24/7 rejimli kitabxana yaradılıb. UNEC rektoru Ədalət Muradov çıxışında çox əhəmiyyətli təkliflər də səsləndirib. O, Azərbaycanda Universitet Kitabxanaları Assosiasiyasının təsis olunmasını, universitet kitabxanalarının elektron informasiya resurslarının birləşdirilməsini və həmin resurslara vahid pəncərə çərçivəsində giriş imkanının yaradılmasını təklif edib. Eləcə də universitet kitabxanaları arasında kitab mübadiləsi sisteminin qurulmasının zəruriliyini də bildirib.

Daha sonra çıxış edən millət vəkilləri akademik Ziyad Səmədzadə və Fazil Mustafa, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov UNEC rektorunun təkliflərini, ümumiyyətlə, forumun əhəmiyyətini və təşkilini yüksək qiymətləndirib. Məruzəçilər cəmiyyətdə kitaba marağın, dəyərin artırılması üçün atılmalı olan addımlardan, bu işdə kitabxanaların üzərinə düşən məsuliyyətdən də danışıblar.

Konfransdan sonra UNEC-in 1 saylı kitabxanasının açılışı olub. Əvvəllər oxu zalı kimi fəaliyyət göstərən kitabxana hazırda açıq rəf üsulu ilə oxucuların istifadəsinə təqdim edilib. Kitabxanada 09:00-dan axşam saat 22:00-dək Azərbaycan, rus, ingilis dillərində 5 minə yaxın ədəbiyyat, elmi jurnallar və ölkə ərazisində dərc edilən qəzetlər, eləcə də on beş kompyuter vasitəsilə elektron resurslarla yüksək səviyyəli, rahat şəraitdə xidmət həyata keçirilir. Kitabxananın qarşısında iqtisadiyyatın müxtəlif sahələrinə aid kitab sərgisi də açılıb.

Qonaqlara, həmçinin, UNEC-in 24/7 kitabxanası ilə tanışlıq imkanı da verilib. UNEC-in Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 24/7 Kitabxanasının 1 yaşına həsr olunmuş fləşmob da qonaqlar tərəfindən maraqla qarşılanıb. Sonra "Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru" mövzusunda respublika elmi-praktik konfransı öz işini davam etdirib. Ali təhsil müəssisələrinin kitabxana rəhbərlərinin və aparıcı mütəxəssislərin iştirakı ilə akademik kitabxanaların XXI əsrdə qarşılaşdıqları əsas problemlər, perspektivlər və yeni hədəflər ətrafında diskussiyalar aparılıb. Forum zamanı UNEC KİM ilə ADA Universitetinin kitabxanası arasında kitabxana fəaliyyətinə dair peşəkar əməkdaşlığı, kitabxana-informasiya resursları və kitabxana işi sahəsində təcrübə mübadiləsini inkişaf etdirmək məqsədilə qarşılıqlı əməkdaşlığa dair memorandum da imzalanıb.

Universitetlərarası I Kitabxana Forumunun 2-ci günündə UNEC Kitabxana İnformasiya Mərkəzi və Tələbə Elmi Cəmiyyəti İQuiz İntellektual klubunun birgə təşkilatçılığı ilə "Biliyin carçıları" Milli Kvest Yarışması keçirilib. Yarışmanın keçirilməsində əsas məqsəd oxumağa və öyrənməyə meylli tələbə kütləsinin iqtisadi, tarixi, mədəni, məntiqi bilik və bacarıqlarının üzə çıxarılması, tələbələrin komanda ilə işləmə qabiliyyətlərinin yüksəldilməsi, birgə və intensiv qərarvermə xüsusiyyətlərinin inkişaf etdirilməsidir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova çıxış edərək forum çərçivəsində keçirilən intellekt yarışmasının məqsədi və əhəmiyyətindən, tələbələrin həyatında kitabın, kitabxananın, biliyin rolundan danışıb. Yarışda dörd - "Səfəvi" (Texnologiya və Dizayn fakültəsi), "Xəlifə" (Ekspertiza və Standartlaşdırma fakültəsi), "Ameteurs" (Maliyyə və Mühasibat fakültəsi), "Green wich" (Maliyyə və Mühasibat fakültəsi) adlı komandalar birincilik uğrunda mübarizə aparıb. İlk Milli Kvest Yarışmasında "Ameteurs" komandası qalib gəlib. Yarışan komandaların hər birinə sertifikatlar və kitablar təqdim olunub. Qalib komanda isə Tələbələrlə iş üzrə prorektor Səadət Qəndilovanın təqdimatı ilə UNEC rektoru, professor Ədalət Muradov tərəfindən imzalanmış diplomla, digər komandalar isə yarışda fəal iştirak etdiklərinə görə təltif edilib. Yarışın ardından UNEC Kitabxana İnformasiya Mərkəzinin 24/7 kitabxanasında iqtisadçı-ekspert Vüqar Bayramovun tələbələrlə görüşü keçirilib. Görüş tələbələrin istəyi ilə baş tutub. Görüşdə Vüqar Bayramov ölkədə mövcud iqtisadi vəziyyət, dünya dövlətləri ilə müqayisədə Azərbaycanda neft və qeyri-neft sektorunun inkişafı, xarici investorların ölkəyə cəlb edilməsi və s. kimi məsələlərdən danışıb. İqtisadçı-ekspert, həmçinin, tələbələri maraqlandıran suallara cavab verib. Sonda isə Vüqar Bayramov görüşdə aktiv iştirak edən tələbələrə imzalı kitablarını təqdim edib.

Universitetlərarası I Kitabxana Forumu çərçivəsində "TEAS Press" Nəşriyyat evinin endirimli kitab satış yarmarkası təşkil edilib. 2 gün boyunca davam edən yarmarkada "TEAS Press" Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatına, yerli və xarici müəlliflərin əsərlərinə dair öz nəşrlərini sərgiləyib və kitabların satışını həyata keçirib. Qeyd edək ki, yarmarkada kitabların qiymətinə 20 % endirim edilib.

Adilə ABDULLAYEVA
UNEC KİM-in direktoru

 





06.12.2019    çap et  çap et