525.Az

Tanıyaq və tanıdaq: Cavad Bərzegərzadə Sevən


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Cavad Bərzegərzadə Sevən </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad
Filologiya elmləri doktoru

Cavad BƏRZEGƏRZADƏ SEVƏN

1972-ci il Qaradağ mahalının "Nəmərvər" kəndində dünyaya göz açıb. Şeirlərini "Sevən" təxəllüsü ilə yazır. "Yolsuz yollar" və "Qaranlıq boyludur doğacaq məni" adlı iki kitabı çapa hazırlanır. Cavad Bərzegərzadə Sevən Təbrizdə yaşayır.

Sən yuxumu qara basan
şeytan üzlü bir mələksən.
Qanadımdan yelpiklənən
tükü tökük son lələksən.

Səni sənə buraxacam
təntitmədən ürəyimi.
İçərimdə öldürəcəm
o köhnələn diləyimi.

Qırmızı göz məlumları
məchullara göməcəyəm.
Bu pıtlaşan duyğuları
ağ günlərə hörəcəyəm.

Özgələrə ağlamağı
siləcəyəm, gözlərimdən.
Dilimdəki qara payı
qazacağam sözlərimdən.

Axşamüstü kəsəcəyəm
qaranlığın nəs damarın.
Fikrim ilə yıxacağam
cəhalətin dam-uvarın.

Bu sevdamın yelinindən,
səni vətən doğacağam.
Şeytan üzlü mələkləri
cənnətimdən qovacağam...

***

Hönkür-hönkür bu ağlamaq
qəfəsdə bir quş səsidir.
Dildən düşmüş insanlığın
bəlkə də son nəfəsidir.

Bu sızıltı yaxındadı,
qulaqlara hürən yoxdu.
Ölüləri hamı görür,
öldürəni görən yoxdu...

İçimizdə bir şeytan var,
papağını yan qoyubdu.
Gözümüzə Quran çəkib
əlimizə qan qoyubdu.

Təzə günü, köhnəlirik
əpridirik, ağlı-huşu.
Qanadından vırılıbdır
minarədə, fikir quşu.

Çobalayır məscid-məscid
qıldığımız, bu namazlar.
Qunutumuz, günah daşır
pozulubdu, dəstamazlar.

Niyyət ölüb əzan çağı
yağçıların yağdanında.
Yaşayışlar buz bağlayıb
dinçilərin novdanında.

Hönkür-hönkür bu ağlamaq
ümidlərin, vay səsidir.
Bu kal qafa, həyat boyu
Düşüncənin qəfəsidir.

***

Aclığım doyurur hər anda məni,
yediyin gəyirir gözlərim daha.
Udduğum dəblərə ürəyim qalxır,
dilimi gəmirir sözlərim daha.

Biz ögey yolların qara yolçusu
başmağı cırılmış ayaqlarıq biz.
Yuxunun əvvəli axırı bizik,
nə deyim yatmamış sayaqlarıq biz.

Sorduğum sorğular qalıb cavabsız,
şəhərlər hələ də qan içindədir.
İşıqlar baxışın tilsimində
qaralmış buludun dan içindədir.

Qaranlıq boyludu doğacaq məni,
geriyə işləyən saat susacaq.
Sanıram anamın dərdli ürəyi
"Sevən"i bu gecə qanlar qusacaq.

Gözümdə çalınır intihar səsi
doğmamış ayımda kurtaj olacaq.
Nə bilim bəlkə də zülmətin əli
röyamın göyündən ulduz yolacaq.

***

Büründüm özümün çılpaqlığıma,
ölümü yaşadım həyat adıyla.
Əllərim üşüdü, əlcəklərimi
qışqırdım sükutun fəryadlaryla.

Dilimin dilçəyi yedi dilimi,
səssizlik içimə qurşaq salladı.
Baxışım gözümü doldu boşaldı,
bu dolu boşluğum ömrü dalladı.

Alnımda tərlədi yaşamım məni,
gülüşüm dodaqda dəlicə tutdu.
Titrədi ağrımın damduvarları,
sözcüklər ağzımda tüpürcək utdu.

Qapandı üzümə çıxış yolları,
ürək astanama vərəm döşəndi.
Qara işqırığı utqundu boğaz,
ölümüm dirimi görüb üşəndi.

Bir dünya sevgimə sevən doğmadı,
Məhddən ləhdədək çəkdim sancımı.
Min dönə özümlə küsdüm, barışdım,
Axırda qəbrimə əkdim sancımı.

 





06.12.2019    çap et  çap et