525.Az

1920-ci illərin elmi-nəzəri fikrində Nəsimi - Araşdırma


 

İSMAYIL HİKMƏTİN TƏDQİQATLARI ƏSASINDA

1920-ci illərin elmi-nəzəri fikrində Nəsimi - <b style="color:red">Araşdırma </b>

İlk ədəbiyyat tariximizdə - F.Köçərlinin tədqiqatlarında Nəsimiminin adının çox səthi keçməsi, yaşadığı əsr haqqında belə büsbütün qeyri-dəqiq məlumat verilməsi sübut edir ki, nəsimişünaslıq həqiqi mənada öz başlanğıcını 1920-ci illərdən götürür.

Bu mənada, ədəbiyyat tariximizdə yer alan aşağıdakı fikrə tam şərik olmaq lazım gəlir: "... Nəsiminin bədii irsinin elmi baxımdan öyrənilməsinə XX yüzilliyin ikinci onilliyindən sonra başlanmışdır" (Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. III cild. Bakı. Elm, 2009, s.207). Tədqiqatçının Y.V.Çəmənzəminlinin, S.Mümtazın, M.F.Köprülüzadənin araşdırmalarında "şairin Azərbaycan ədəbiyyatındakı yerinin" müəyyənləşdirilməsi, "nəsimişünaslığın əsasının qoyulması" haqqındakı fikirləri ilə razılaşmaq lazımdır. Fikrimizcə, Y.V.Çəmənzəminli və S.Mümtazla bərabər, İ.Hikməti də  sənətkarın Azərbaycan ədəbiyyatşünaslığında ilk tədqiqatçısı kimi təqdim edən elmi mövqe də kifayət qədər əsaslıdır (Y.Babayev. Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər). Bakı. Elm və təhsil, 2018, s.227).

İ.Hikmətin Nəsimi haqqında tədqiqatı çoxistiqamətlidir. Fikrimizcə, bu araşdırmalar indiyə qədər bütün tərəfləri ilə elmi təhlil obyektinə çevrilməmişdir. Halbuki nəsimişünaslığın ilk mərhələsinin təmsilçisi kimi onun buna haqqı vardır. İkinci tərəfdən, İ.Hikmətin bu istiqamətdə gördüyü işin mahiyyətinin tam açılması onun 20-ci illərin nəsimişünaslıqdakı roluna da aydınlıq gətirə bilər.

Ədəbiyyatşünaslıqda S.Mümtazın Nəsiminin "həyatı, şəxsiyyəti, yaradıcılığının bəzi cəhətləri" haqqında araşdırmalar aparması ilə bağlı, müəyyən mənada, haqlı olan bir mövqe yer alsa da, məsələnin başqa bir tərəfinə də diqqət göstərmək lazım gəlir. Professor N.Şəmsizadə yazır ki, "ədəbiyyat tarixi yaratmaq sahəsində F.Köçərli bizdə Şərq təzkirəçiliyi kimi tanınan "bioqrafik ədəbiyyatşünaslığ"ın ənənələrini davam etdirir". Bu çox doğru olan qənaətin bizim üçün maraqlı olan cəhəti budur ki, S.Mümtazın da tədqiqatçılığında və Nəsimi ilə bağlı təqdimatında bu ənənə əsas yer tutur. "Nəsimi" (1923), "Seyid İmadəddin Nəsimi" (1926) məqalələrində mənbələrə istinadla fikir yürütmək meyli çox zəifdir. Əsas istinad mənbəyi sənətkarın öz əsərləridir. Digər tərəfdən, tədqiqatın ağırlığı burada daha çox bioqrafik faktların aşkarlanması üzərinə salınır, bədii materialın da analitik təhlil yox, çox vaxt sadəcə təqdimi yolu tutulur. Bu tip tədqiqatlarda isə təzkirəçilik ənənəsi qabarıq görünür.

M.F.Köprülüzadənin "Azəri ədəbiyyatına aid tədqiqlər"ində Nəsimi haqqında deyilənlərin informativ xarakter daşıdığını nəzərə alsaq, İ.Hikmətin "Azərbaycan ədəbiyyatı tarixi" (I cild) kitabındakı (1928) "Nəsimi" oçerkinin həqiqi ədəbiyyat tarixçiliyi nöqteyi-nəzərindən dəyərini xüsusi qeyd etməliyik. İlk növbədə və ən əsası onu demək lazımdır ki, İ.Hikmət Nəsimi yaradıcılığının estetik mahiyyətini açmaq üçün, ilk növbədə, təsəvvüf ədəbiyyatı məsələsinə aydınlıq gətirməyi lazım bilir. Bu, düzgün elmi mövqe idi. Çünki dini - fəlsəfi cərəyanın ədəbiyyata nüfuzunun mahiyyətini və onun poetikasındakı yerini müəyyənləşdirmədən sənətin estetikasını aşkarlamaq, ona elmi şərh vermək mümkün deyildir. Bu mənada İ.Hikmətin "Nəsimi"dən qabaq "Dini cərəyan. Təsəvvüf (Mistizm)" adlı oçerkdə təsəvvüfdən bəhs açması, onun yaranmasını şərtləndirən amilləri izaha çalışması, tarixən mövcud olmuş dinlər, o cümlədən, İslamla, eləcə də müxtəlif fəlsəfi təmayüllərlə əlaqəsi, İran və türk ictimai-siyasi mühitlərində yeri, təriqətlərin yaranması, onların ədəbiyyata nüfuzu, xüsusən hürufilik və poeziya məsələləri ilə bağlı müfəssəl şərhləri Nəsimi dünyagörüşünü, bu dünyagörüşünün poeziyasındakı əksini, hürufi poetikasını başa düşməyə açar verir.

İ.Hikmət məsələni belə qoyur ki, Nəsimini başa düşmək üçün ən əvvəl təsəvvüfün mahiyyətini bilmək, hürufilik təriqətinin təsəvvüflə bağlılığını və özünəməxsus cəhətlərini dərk etmək lazımdır. Buna görə də, ilk növbədə, belə bir sual qoyub ona cavab verməyi zəruri hesab edir: "Hürufilik nədir və təsəvvüflə nə münasibatı vardır?" Məhz bu sualın izahından sonra "Ədəbiyyatda hürufilik-Seyid İmadəddin Nəsimi" probleminin elmi şəkildə həllini mümkün sayır. İ.Hikmətin təsəvvüflə hürufiliyin bağlılığı və hər birinin mahiyyəti haqqında dedikləri məsələnin məntiqi şəkildə izahı baxımından ciddi maraq doğurur.

Təsəvvüfü "dini bir fəlsəfə" hesab etməyin mümkünlüyünü söyləyən alim, eyni zamanda, onun "intixabi" (eklektik) xarakter daşıdığını qeyd edərək, yaranma tarixinə diqqət çəkir: "İslamdan əvvəl də Hinddə, Misirdə, İranda, yunanda təsəvvüf vardı. İbranilərdə və xristianlıqda da qüvvətli bir təsəvvüfün vücudunu görürüz. Əsli, vücudiyyə və ya vəhdəti-vücud (panteizm) deyilən fəlsəfəyə istinad edən təsəvvüf nou əflatuniyyə ilə əlaqəlidir".  İ.Hikmət "nou əflatunilik" məsələsinə belə bir şərh verir: "Miladdan 3-4 əsr sonraları İsgəndəriyyədə doğulmuş bir məsləkdir ki, Əflatunun əski fəlsəfəsiylə təsəvvüfün qarışmasından meydana gəlmişdir".

Tədqiqatçı İslam alimlərinin iki qütbə bölündüyünü, "zahirilər"in və "batinilər"in əks qütblərdə dayandığını, birinci qütbdə dayananların "İslam zahidləri-şəriətçilər" olduğu fikrini önə keçirərək, onların əqidəsini belə müəyyənləşdirir: "Dini olduğu kibi alar, Quranı olduğu kibi anlar adamlardır".

"Zahirilər" və "batinilər" arasındakı düşüncə fərqi Allahın dünyanı necə yaratması məsələsində meydana çıxır. Təsəvvüfün yolu burada artıq ortodoksal İslamdan - zahidlərin mövqeyindən ayrılır.

İ.Hikmətin təfsirlərindən aydın olur ki, Allah öz varlığını-camalını və eşqini "cilvələndirmək", meydana çıxarmaq istədi və bu istəklə kainatı yaratdı: "Bu halda görülür ki, vücudi-mütləq bütün bu maddi və mənəvi aləmləri öz varlığından izhar etmişdir; yəni büsbütün yoxdan var etməmişdir. Öz varlığının cilvələrini izhar etmək sifətiylə ifşa (meydana çıxarmaq - izah İ.Hikmətindir) eyləmişdir". Allahın bütün kainatı öz varlığından yaratması ideyası təsəvvüf daşıyıcılarını bütün mövcudatda Allahın sifətlərini görməyə, maddi varlığın bütün üzvlərində Allahın varlığını təsəvvür etməyin mümkünlüyü  məntiqinə gətirib çıxarır. Təsəvvüfə görə, "bir daş, bir ağac, bir insan" və s. bütün mövcudat, "onların hər biri vücudi-mütləqin bir adını daşıyır və o adın məzhəridir". Bu ad daşıyıcılığı və "adın məzhəri olmaq" - Allahın sifətini daşımaq keyfiyyəti mövcud olana bu yolda yüksəliş imkanı verir. Təsəvvüf bu imkanı büsbütün gerçəkləşdirəcək maddi varlıq olaraq "bütün mövcudatların ən mükəmməli" kimi insanı görür. Bu zaman Qurani Kərimdəki "ənə qələn xələqəl-insan fi əhsəni təqvim" ("Biz insanları ən yaxşı tərtib və nizamda yaratdıq") hökmünü də özlərinə istinad mənbəyi kimi seçirlər. Bu ayəyə, eləcə də "xələqəllahə adəm əla surətə və əla surət-ür-rəhman" ("Allah insanı öz surətində və rəhman (Allahın isimlərindən biri) surətində yaratdı") ayəsinə istinadla Allahın bütün mövcudatı öz varlığından yaratması və özünün də bu mövcudatın ən kamili olan insanda təcəlla etməsi fikrini əsaslandırırdılar.

İ.Hikmətə görə, təsəvvüfün vücudi - mütləqin insanda təcəllasına dair baxışları hürufilikdə - hürufi şeirdə F.Nəiminin Allah səviyyəsində tərənnümü şəklində meydana çıxır. Alim "hicri səkkizinci və miladi on dördüncü əsrin sonlarında yetişən və türkcə yazan şairlərin ən qüdrətlisi, ən qüvvətli və sənətlisi" hesab etdiyi Nəsiminin "hürufatdan bir taqım cəvahir-əsrar" çıxararaq hürufiliyi təbliğ etməsini, hürufi fəlsəfənin onun dünyagörüşünü büsbütün zəbt etməsini, qələminin bütün gücü ilə bu fəlsəfəni təbliğə çalışmasını sənətə, milli və bəşəri düşüncəyə xidmət nöqteyi-nəzərindən qəbul edə bilmir. Lakin Nəsiminin sənət qüdrəti, bu qüdrətin türk poeziyasına qazandırdığı bir çox digər əsaslı cəhətlər İ.Hikməti onun yaradıcılığını əsaslı tədqiq yoluna salır.

Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə məhz İ.Hikmət sənətkarın yaradıcılığını dünya nəsimişünaslığı kontekstində araşdırır. Bunu deyərkən biz onu nəzərdə tuturuq ki, o, Rzaquluxan Hidayətin "Riyazül-aşiqin", Lətifinin "Təzkireyi-Lətifi"sində və bir çox digər təzkirələrdə Nəsimi haqqında yer alan materiallardan tutmuş, dünya kitabxanalarındakı Nəsimi divanlarını, həmçinin, "Xülasətül-əşar", "Məcalisül-üşşaq", "Məcmuətül-əsar" kimi əlyazma kitablarını, o cümlədən, bu istiqamətdə M.F.Köprülüzadə, müəllim Naci, Gipp və b. apardığı araşdırmaları müqayisəli təhlilə cəlb edir, onun tərcümeyi-halı və yaradıcılığı haqqında həm deyilənləri ümumiləşdirmək, həm də onlara öz qənaətlərini əlavə etmək yolu ilə elmi fikir formalaşdırmağa çalışır. Fikrimizcə, onun tədqiqatının bu yönü həm Azərbaycan ədəbiyyat tarixçiliyini, həm də nəsimişünaslığını "təzkirəçilik" - "bioqrafik ədəbiyyatşünaslıq" ənənəsindən uzaqlaşdıraraq Avropa tipli ədəbiyyatşünaslıq yoluna salır.

İ.Hikmət Nəsiminin harada anadan olması haqqında indiki nəsimişünaslıqda belə, sözün mütləq mənasında, həllini tapmamış məsələ ilə bağlı öz zamanına qədərki bütün mülahizələri təhlilə cəlb edir və heç birini də qəbul etmir. Onun, fikrimizcə, tam doğru olan mövqeyinə görə, "heç bir məxəz və heç bir vəsiqə göstərmədən Nəsimiyə yer-yurd təyin edənlərin sözləri heç bir qiyməti-haiz olamaz".

İ.Hikmət Nəsiminin mənşəyi, mənsub olduğu millət nöqteyi-nəzərindən əsərlərində seyidliyi ilə bağlı "qüvvətli dəlillər"in olmasına baxmayaraq, sənətkarı "bağdadlı", "şirazlı" elan edənlərin ciddi bir mənbə göstərə bilmədiyini əsas alaraq əsassız sayır. Tədqiqatçı əsərlərinin türk dilinin Azərbaycan şivəsində yazıldığını və bu şivədə yazılan əsərlərin "bütün türk ədəbiyyatı üzərinə ölməz bir təsir" buraxmasını Nəsiminin mənşəcə türk olmasını təsdiq edən təkzibedilməz dəlil sayır.

Məlumdur ki, Nəsiminin hürufiliyi qızğın təbliği onunla ortodoks İslam arasında ziddiyyəti dərinləşdirir və həyatının faciəli ölümlə nəticələnməsinə səbəb olur. Böyük sənətkarın daim ölümlə izlənən və nəticələnən həyatı orta əsrlərin əfsanə, rəvayət tülünə bürünür. Nəsiminin həyatı və ölümünü bu əfsanə və rəvayət tülündə ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığında S.Mümtaz təqdim edir. Lakin bu da bir həqəqətdir ki,  S.Mümtaz bu "rəvayətlər"i elə rəvayət biçimində təqdim edir, onların qaynaqlandığı mənbələr, əsasən, göstərilmir. İ.Hikmətin kitabında da  Nəsimi haqqında bu rəvayətlərə kifayət qədər yer ayrılır. Lakin S.Mümtazdan fərqli olaraq İ.Hikmət həmin rəvayətlərin yer aldığı qaynaqları dürüst göstərir və rəvayətləri bir qədər elmi traktovkada təqdim edir.

İ.Hikmətin Nəsimi irsinə bələdliyinin dairəsi də maraq doğurur. 20-ci illərdə onun, demək olar ki, Nəsiminin türk dünyası, xüsusən Türkiyə kitabxanalarında saxlanan bütün divanları haqqında məlumatı olmuşdur. İ.Hikmət yazır: "Nəsiminin 1260-cı ildə İstanbulda Əxtər mətbəəsində basdırılan türkcə divanı nöqsanlıdır. Tam bir nüsxəsi İstanbulda "Kitübxaneyi-umumi"də olduğu kibi, 909 tarixi hicrisində Sultan Əhməd Hərəvi xəttiylə nəfis bir təliq ilə (İranlılara məxsus xətt - İ.H.) yazılmış bir nüsxəsi də Fatehdə Əli Əmiri əfəndinin Millət kütubxanəsindədir. Nəsiminin öz əliylə yazılmış bir divanının da Ərzurumda "Cənnətzadə" kütubxanəsində bulunduğu rəvayət edilməkdədir. Yazma bir nüsxəsi də Leninqradda Akademiyanın Şərq muzesindədir. Hənuz təb edilməmiş bir fars divanı da vardır". Sitatda deyilənləri ümumiləşdirməyə çalışsaq, belə bir qənaətə gəlmək olur ki, 20-ci illərdə İ.Hikmət Nəsiminin həm türkcə divanlarının nüsxələri ilə, həm də farsca divanı ilə əsaslı şəkildə tanış olmuş, onları tədqiqata cəlb etmişdir. İkincisi, o, hicri 1260-cı ildə çap olunan türkcə divanı ilə daha qədim türkcə divan nüsxələrini müqayisə etmiş, sonuncunun ciddi nöqsanlarla çap olunduğunu aşkarlamışdır.

İ.Hikmət Nəsimi divanının "hicri doqquzuncu, onuncu əsrlərə aid olduğu"nu güman etdiyi Bakı nüsxəsi haqqında da məlumat verir. Xüsusən, həmin əlyazma nüsxəsini türkcənin Azərbaycan şivəsinin xüsusiyyətlərini qabarıq əks etdirməsi baxımından "tarixi əhəmiyyətli bir vəsiqə" hesab edir.

(Ardı var)

 





06.12.2019    çap et  çap et