525.Az

Hər zaman vətəndaşın yanında


 

VƏTƏNDAŞLARIN PROBLEMLƏRİNƏ DÖVLƏTİN HƏSSAS MÜNASİBƏTİ ONUN NİYYƏTİNİ VƏ GÜCÜNÜ GÖSTƏRİR

Hər zaman vətəndaşın yanında<b style="color:red"></b>

Azərbaycanda regionların inkişafına böyük diqqət ayrılır. Bu gün ölkəmizin bütün regionlarının sürətli inkişafı, müasir infrastrukturun yaradılması, yeni iş yerlərinin açılması, turizm imkanlarından maksimum istifadə göz önündədir. Bu görülən işlər birbaşa ölkə rəhbərinin nəzarəti altındadır. Azərbaycan Prezidenti İlham Əliyev mütamadi olaraq regionlara səfər edir, görülmüş işlərlə tanış olur və qeydə alınan problemlərin həlli ilə bağlı göstərişlər verir. Son illər surətlə inkişaf edən rayonlardan biri də Şamaxdır. Burada ötən bir neçə il ərzində mühüm layihələr həyata keçirilib. Dövlət başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxıya səfərləri zamanı rayonda görülən işlərlə tanış olub, ağacəkmə aksiyasında iştirak ediblər.  Xatırladaq ki, dekabrın 6-da Azərbaycanın hər yerində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 650 min ağac əkilməsi aksiyası keçirilib. Layihə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 101-117-ci kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Qeyd edək ki, ümumi uzunluğu 16 kilometr olan yol yenidən qurularaq 4 zolağa genişləndirilib. Həmçinin, dövlət başçısına 4 min nəfər əhalinin yaşadığı, 5 məntəqəni birləşdirən Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunda görülmüş işlər barədə də məlumat verilib.

Eyni zamanda, Prezident "ASAN Həyat" kompleksinin açılışında iştirak edib. Bu kompleks Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşa xidmət göstərəcək. "ASAN xidmət" mərkəzində müxtəlif dövlət orqanları, həmçinin, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək.

Dövlət başçısı bildirib ki, "ASAN xidmət"in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir. Bu, onu göstərir ki, xidmət doğrudan da böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb. Eyni zamanda, "ASAN xidmət" cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olubdur. Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor idi və vətəndaşlar çox əziyyət çəkirdilər. Bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq xidmət sektorunun əsas problemləri idi. "ASAN xidmət"in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilibdir.

Prezident deyib ki, təsadüfi deyil ki, artıq 34 milyondan çox müraciət daxil olub və bu müraciətlər cavabsız qalmır. "ASAN xidmət" öz coğrafiyasını genişləndirir. Bu, sayca 16-cı mərkəzdir və artıq 4 mərkəzdə tamamlama işləri aparılır. Kürdəmir, Ağcabədi, Tovuz mərkəzləri artıq hazırdır, Balakən mərkəzi isə gələn il istifadəyə veriləcəkdir: "Mənə verilən məlumata görə, Bakı mərkəzlərində, - baxmayaraq ki, Bakıda 5 mərkəz fəaliyyət göstərir, - artıq növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, Bakıda əlavə 2 mərkəz açılsın, eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərində ikinci mərkəzlər açılacaqdır. Artıq çoxdandır səyyar xidmət də göstərilir, 10-dan çox avtobus daim ölkəmizi dolaşır, "ASAN qatar" da fəaliyyət göstərir. Demək olar ki, ölkəmizin hər bir yeri belə gözəl xidmətlə əhatə olunub".

Dövlət başçısı həmçinin, Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub, Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb, ailə ilə çay süfrəsi ətrafında söhbət edib.

Şamaxıda bu ilin fevralında baş vermiş zəlzələ bir sıra yaşayış evlərinə, obyektlərə ciddi ziyan vurmuşdu. Prezident zəlzələdən dərhal sonra  Şamaxıya səfər edib, vəziyyətlə yerindəcə tanış oldu. Daha sonra isə dövlət başçısı  mart ayında Şamaxıya gələrək ilk evlərin tikintisi ilə tanış olub.

Ümumilikdə rayon üzrə 580 fərdi ev, 44, 20 və 110 mənzildən ibarət hündürmərtəbəli üç bina tikilib. Bundan başqa, bərpa işləri də aparılıb. Təkcə Şamaxı rayonu üzrə 1175 evdə bərpa işləri aparılıb. Bunlar isə demək olar ki, yenidən tikilmiş evlərə bərabərdir.

Millət vəkili Elman Məmmədov mövzu ilə bağlı deyib ki, Prezident İlham Əliyevin artıq illərdir ki, ənənəvi şəkil almış regionlara səfəri, bu səfərlər zamanı sadə vətəndaşlarla görüşü, heç bir seçim olmadan onlarla söhbəti, ünsiyyəti, problemləri ilə maraqlanması, həmin problemlərin həlli istiqamətində yerindəcə göstəriş verməsi, verilən tapşırıqların necə icra olunması ilə şəxsən maraqlanması vəzifəli insanlar üçün bir nümunəvi addımdır.

O bildirib ki, ölkə başçısı tərəfindən atılan addım digər vəzifəli şəxslərdə də məsuliyyət yaradır: "Onlar anlayır ki, dövlət başçısı verdiyi tapşırıqların necə icra olunduğu ilə maraqlanacaq. Ötən gün Prezident İlham Əliyevin Şamaxıya səfəri, orada vətəndaşlarla görüşü, onların problemləri ilə maraqlanması, eləcə də müxtəlif açılışlarda iştirak etməsi dövlət siyasətinin əsas məqsədində vətəndaş amilinin dayandığını deməyə əsas verir".

E.Məmmədov söyləyib ki, ölkə başçısı dəfələrlə çıxışlarında da qeyd edir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət ölkənin inkişafına, müstəqilliyimizin daha da möhkəmlənməsinə, eləcə də vətəndaşlarımızın sosial durumunun, maddi rifah halının daha da yüksəlməsinə istiqamətlənib: "Qarşıya qoyulan tələblər, vəzifələr, həyata keçirilən fəaliyyət, verilən tapşırıqlar, dövlət proqramları, yol xəritələri bir məqsədə xidmət edir ki, bu da dövlətimizin daha da güclü olması, xalqımızın daha da yaxşı yaşamasından ibarətdir. Cənab Prezidentin məqsədi, qarşıya qoyulan tələblər, görülən işlər bundan ibarətdir".

Deputat qeyd edib ki, Prezident İlham Əliyev söylədiyi bütün fikirləri öz fəaliyyəti, həyata keçirdiyi siyasətlə sübut edir: "Bu da bizi çox sevindirir. Çünki ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi var. Bu da təbii ki, Azərbaycanda sabitliyin, stabilliyin möhkəm, dayanıqlı olmasına, iqtisadiyyatımzın, hərbi qüdrətimizin daha da güclənməsinə əsaslanır".

İqtisadçı ekspert Pərviz Heydərov isə deyib ki,  icra başçıları bilməlidirlər ki, regionlara investisiyaların cəlb olunması, müvafiq biznes fəaliyyətinin təşkil edilməsi, eyni zamanda, yeni iş yerlərinin açılması, gəlir gətirən sahələrin yaradılması kimi işlərin Bakıda həll olunacağını gözləmək düzgün deyil. Ölkə başçısı da bir neçə dəfə icra başçılarına, bölgələrdə fəaliyyət göstərən biznesmenlərə müraciət edib ki, onlar yerli və xarici investorlarla birgə işləməkdə maraqlı olsunlar".

O bildirib ki, hətta Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ilə bağlı iclaslarda da bu məsələyə toxunub.

Ekspert qeyd edib ki, dövlət başçısı dəfələrlə çıxışı zamanı qeyd edib ki, hər bir işin paytaxt tərəfindən icra olunmasını gözləmək bugünkü çağırışlara cavab vermir: "Ümumiyyətlə, hər regionun icra başçısı maraqlı olmalıdır ki, orada sahibkarlıq fəaliyyəti inkişaf etsin. İcra başçıları bununla bağlı əhali arasında müəyyən çağırışlar etməli, onlar arasında təbliğat işi aparmalıdırlar. Dövlət başçısı tərəfindən təyin olunan icra başçılarından tutmuş, bələdiyyələrə qədər regionlara investisiyaların cəlb edilməsində maraqlı olmalıdırlar".

Politoloq Samir Adıgözəlli isə bildirib ki, Prezident İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə sistemli, ardıcıl islahatlar aparılır. Təkcə Azərbaycan dövlətçiliyi tarixinə sosialyönümlü il kimi düşən 2019-cu ildə həyata keçirilən islahatlara nəzər salsaq görərik ki, az bir zaman ərzində bu islahatlar özünü doğrultdu, ölkəmizin gələcək dinamik və davamlı inkişafına, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasına xidmət etdi.

O qeyd edib ki, bütün bu addımlar konkret proqrama əsaslanaraq həyata keçirilir. Prezident İlham Əliyev 2018-ci ilin prezident seçkilərindən sonra Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı islahatların anonsunu vermişdi. Xalqımız da atılan bu addımları yeniliyə, inkişafa xidmət edən islahatlar kimi yüksək qiymətləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ciddi müzakirə olunur. Çünki insanlar islahatların nəticəsini görür. Bu islahatların məqsədi Azərbaycanın daha da inkişaf etdirilməsi, insanların rifahının, dövlətlə vətəndaş arasında səmimiyyətin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. "2019-cu ildə hamının məmnunluğuna səbəb olan sosial paket həyata keçirildi, digər tərəfdən kadr islahatları aparılır. Bütün bunlar əlbəttə ki, insanların məmnunluğuna səbəb olur", - deyən politoloq Prezident tərəfindən həyata keçirilən islahatların sistemli və əhatəli xarakter aldığını vurğulayıb.

PƏRVANƏ

 





07.12.2019    çap et  çap et