525.Az

Bakı Slavyan Universitetində Xalq yazıçısı Anarla görüş


 

Bakı Slavyan Universitetində Xalq yazıçısı Anarla görüş <b style="color:red"></b>

Dünən Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın yaradıcılığına həsr olunmuş "Qələmin əfsunu" adlı tədbir keçirilib.

Tədbirdə təhsil ocağının rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, tanınmış söz-sənət ustaları, ziyalılar, incəsənət xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva görkəmli yazıçının həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Anar xalqımızın qüdrətli söz ustaları Rəsul Rzanın və Nigar Rəfibəylinin layiqli yetirməsidir. Böyük həyat məktəbi, zəngin yaradıcılıq yolu keçən Anar Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin inkişafında və təbliğində əvəzsiz xidmətlər göstərib. Onun yüksək səviyyəli əsərləri xalqımızın mənəviyyatının zənginləşməsində və mədəni inkişafında mühüm rol oynayıb.

Vurğulanıb ki, Anar həm də istedadlı rejissor və ssenarist kimi tanınır. O, vətənpərvər ziyalı olaraq daim xalqımızın milli maraq və mənafelərini müdafiə edib, mürəkkəb və çətin vəziyyətlərdə əsl ziyalı və vətəndaş mövqeyi ortaya qoyub. Anarın xalqımızın taleyüklü problemlərinə həssas, obyektiv və prinsipial münasibət göstərməsi hamımızda böyük razılıq hissi doğurur. O, cəmiyyətimiz üçün əsl ziyalılıq, vətəndaşlıq nümunəsidir.

Qeyd olunub ki, görkəmli yazıçının əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib və böyük maraqla qarşılanıb. Anarın əsərləri bu gün də böyük maraq və həvəslə mütaliə edilir. Universitetimizin kollektivi görkəmli ziyalının çoxşaxəli bədii yaradıcılığını və ictimai fəaliyyətini yüksək qiymətləndirir.

Sonra BDU-nun Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Tahirə Məmmədin Anarın yaradıcılığı haqqında məruzəsi dinlənilib. O, yazıçının yaradıcılığını hərtərəfli təhlil edib, onun əsərlərində qaldırılan əxlaqi-mənəvi məsələlərin müasir dövrümüzlə səsləşdiyini və aktual olduğunu vurğulayıb.

Tədbirdə Anara həsr olunmuş videoçarx nümayiş etdirilib, universitetin tələbələrinin hazırladığı bədii kompozisiya təqdim olunub.

Xalq yazıçısı Anar görüşün təşkilinə görə Bakı Slavyan Universitetinin rəhbərliyinə təşəkkür edib, səslənən xoş fikirlərə görə minnətdarlığını bildirib. O, müasir Azərbaycan və dünya ədəbiyyatının problemlərindən söz açaraq maraqlı mövzulara toxunub, tələbə-gənclərə bədii ədəbiyyat oxumağı tövsiyə edib.

Maraqlı müzakirələrlə yadda qalan görüşdə Xalq yazıçısı iştirakçıların suallarını cavablandırıb.

S.QARAYEVA

 





07.12.2019    çap et  çap et