525.Az

"Heydər Əliyev haqqında müdrik əhvalatlar" kitabının təqdimatı keçirildi


 

"Heydər Əliyev haqqında müdrik əhvalatlar" kitabının təqdimatı keçirildi<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair, yazıçı, AYB Ədəbiyyat Fondunun direktoru Əjdər Olun Ümummilli lider Heydər Əliyevə həsr edilmiş "Heydər Əliyev haqqında müdrik əhvalatlar" kitabının təqdimat mərasimi olub.

Mərasimdə AYB rəhbərliyi, ziyalılar, tanınmış ədəbiyyat xadimləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözüylə açan AYB-nin katibi Rəşad Məcid Ulu öndərin anım günü ərəfəsində belə bir maraqlı kitabın təqdimatının yerinə düşdüyünü deyib: "Ümummilli liderin hər birimizin həyatında, həm ədəbiyyatımızın, həm jurnalistikamızın inkişafında çox böyük rolu var. Mən də onunla bir neçə dəfə görüşmüşəm. Bu görüşlərdə onun necə iti yumora sahib olduğunu görmüşük. O, ictimai rəyin ustası idi. Heydər Əliyev bircə sözü, bircə fikriylə də Azərbaycan mətbuatını hansısa mövzu haqqında düşünməyə, müzakirələr aparmağa sövq edən müdrik siyasi xadim idi. Əjdər Ol tanınmış şair, yazıçı, eyni zamanda bir neçə Azərbaycan yazıçılarının həyatlarından əhvalatlardan ibarət kitabların müəllifidir. Bu kitabdakı əhvalatlar isə daha həssas, daha çətindir. Çünki böyük liderlər ətrafında əfsanələr də, uydurulmuş məqamlar da çox olur. Əlbəttə, çalışmaq lazımdır ki, həm həqiqətə uyğun olsun, gerçək hadisələr olduğu kimi təsvir edilsin, həm də maraqlı alınsın. Bu mənada bilirəm ki, Əjdər Ol bu kitabın üzərində çox zəhmət çəkib, bir hadisəni dəqiqləşdirmək üçün bir neçə insanla görüşməli olub. Bu kitab və bugünkü tədbir Ulu öndərin ruhuna ehtiramın, sevginin nümunəsidir. Bu münasibətlə müəllifə minnətdarlığımızı bildirir, onu təbrik edirik".

AMEA-nın vitse-prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli çıxışında artıq AMEA və ölkənin bir sıra qurumlarında Ümummilli liderin anım tədbirlərinə start verildiyini, bu kitabın təqdimatının da AYB-nin fəaliyyət yönünə, xarakterinə uyğun tədbir olduğunu vurğulayıb: "Burada toplanan əhvalatlar yazıçı müşahidəsi əsasında yazılmış, yazıçı təhkiyəsi ilə ifadə olunmuş hekayələrin oxucuya çatdırılmasından ibarətdir. Bu kitab Əjdər Olun yeni üslubda böyük siyasi xadimin həyatını, fəaliyyətini əks etdirmək baxımından çox ciddi işidir. Burada onun həyat və fəaliyyəti incə bir yumorla müşayiət olunub. Müəllif çox incə yumor vasitəsiylə Ulu öndərin daxili dünyasını, müdrikliyini, hazırcavablığını, mənəvi zənginliyini, hətta idarəetmə təcrübəsini və bütün bunlardan istifadəsini çox bacarıqla təqdim edə bilib. Heydər Əliyev dərin mənalı yumora sahib böyük dövlət xadimi idi. O, özünün siyasi fəaliyyətində yumordan tərbiyələndirmək, məsələlərə münasibətini daha canlı, təsirli şəkildə bildirmək baxımından yerli-yerində istifadə edirdi. Onun nitqlərində "Molla Nəsrəddin" gülüşünə, Cəlil Məmmədquluzadə sənətinə dərin hörmət və ehtiram müşahidə olunurdu. Əjdər Ol da Ulu öndərin xarakterindəki bu reallığı hekayələr şəklində təqdim edib. Ona görə də kitabın "müdrik kəlamlar" deyil, "müdrik əhvalatlar" adlanması son dərəcə uğurlu seçimdir. Çünki Əjdər Ol bu hadisələri və ondan çıxan nəticələri obyektiv şəkildə həm müşahidə edib, həm də qələmə alıb. Bu, Heydər Əliyev haqqında yazılan çoxsaylı əsərlərin içərisində ən orijinal nümunələrdəndir. Bu kitab, həmçinin, dövlət xadimləri haqqında yazılacaq əsərlər üçün çox gözəl nümunə və zəngin materialdır. Bu kitab oxucuya Heydər Əliyevin daxili zənginliyini, onu əhatə edən mühitə qarşı münasibətini həyati vasitələrlə ifadə edən, yazıçı qələmiylə çatdıran fərqli əsərlərdən biridir. Xalq yazıçısı Anar da yazdığı "Ön söz"də bu əsəri Ulu öndərə fərqli yanaşma baxımından orijinal əsər kimi qiymətləndirir".

Yazıçı Səyyad Aran Heydər Əliyevlə bağlı xatirələrindən söz açıb: "Ulu öndərlə bir çox görüşlərdə iştirak edib, 2 böyük dövlət səfərinə getmişəm. Bu vasitəylə Heydər Əliyevi yaxından izləmək imkanım olub. Bu kitabda mənim də dilimdən iki əhvalat yer alıb. Burada mən Heydər Əliyevə ən müxtəlif yanaşmalar gördüm. Heydər Əliyev bu kitabda ən müxtəlif rakurslardan görünür. Bu gözəl təşəbbüs Əjdər Oldan gəldi. Onun yanaşması çox orijinaldır. Heydər Əliyev haqqında roman da, povest də yazmaq olar, yazılacaq da. Əjdər Olun seçdiyi üslub isə hamının oxuyacağı, sevəcəyi tərzdə sadə və uğurludur. Bu münasibətlə müəllifi təbrik edirəm".

Şair Ramiz Məmmədzadə Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək deyib ki, Ulu öndər haqqında kitab yazmaq çox çətindir: "Onun həyatı, fəaliyyəti, müdrikliyi kitaba, romana, dastana sığası deyil. Əjdər Ol bu kitabla çox böyük iş görüb".

Filologiya üzrə fəlsəfə doktoru Jalə Əliyeva çıxışına Heydər Əliyev haqqında düşüncələriylə başlayıb: "Heydər Əliyev elə bir dühadır ki, onu görmək, haqqında yazmaq, hətta bir söz belə demək kimə qismət olubsa, o, çox xoşbəxt insandır. Heydər Əliyev hər birimiz üçün çox böyük rəhbərdir, yol göstərəndir. Biz onun varlığıyla, qoyduğu irslə fəxr etmişik. Bir neçə gündən sonra onu itirməyimizin 16-cı ili olacaq. Onu itirdiyimiz gündən onun haqqında çox sayda çıxışlar olub, yazılar yazılıb. Hər kəs onun adına həsr olunmuş konfranslarda, toplantılarda ondan söz deməyə çalışıb, xatirələrini bölüşüb. Amma mənə elə gəlir ki, biz onun haqqında nə desək, nə qədər yazsaq da, o böyük fenomenin qarşısında borcumuzu hələ ödəyə bilmərik.

Əjdər Ol haqqında bunu əminliklə deyə bilərəm ki, o, nə yazıbsa, ürəyinin səsiylə yazıb. Onu bir çoxlarından fərqləndirən odur ki, orijinal yazır. Şəxsiyyətində gizlətdiyi o yumor, satira, aforizm, hadisələrə yanaşma tərzi yazılarında da özünü göstərir. O, səmimi dillə, hər kəsə xitab edəcək qələmlə öz düşüncələrini ortaya qoya bilir. Əminik ki, bu kitab da Ulu öndərə həsr olunmuş yüzlərlə kitabın, poemanın içərisində özünəməxsus bir yer tutacaq. Çünki bu günə qədər ona bu rakursdan yanaşan olmayıb. Əjdər müəllim bu hekayələri böyük zəhmət bahasına toplayıb və bizə təqdim edib. Bu qədirbilənliyinə görə ona təşəkkür edirəm".

 Polkovnik Həmid Cəfərov çıxışında deyib ki, bu kitablar vasitəsilə gələcək nəsillər dahi şəxsiyyətin həyat yolundan örnək götürəcəklər.

"Bu, Əjdər Olun tapdığı ədəbi üslubdur" - deyən rejissor Bəhram Osmanov əlavə edib: "O, bu üslubla Heydər Əliyevin həm böyüklüyünü, həm də sadəliyini çox uğurlu şəkildə çatdıra bilib".

Yazıçı Tofiq Məlikli çıxışında deyib: "İnsanı böyük edən onun yumora olan gözəl münasibətidir. Çox nadir hallarda dövlət xadimləri belə bir yumora sahib olurlar. Bu da Ulu öndərin böyüklüyünü göstərir. Əjdər Ol bu kitabda bu yumoru çox gözəl şəkildə çatdırıb".

Şair Vaqif Bəhmənli Əjdər Olun yaradıcılığını böyük sevgiylə, məhəbbətlə izləyən oxuculardan biri olduğunu önə çəkib: "Bilirəm ki, yumor onun bütün yaradıcılığından çox gözəl bir xətlə keçir. Bu əhvalatların üzərində çox peşəkar bir qələm işləyib. Bu qələmdə əhvalatlar bədii həqiqətə çevrilə bilib".

Şair Adil Cəmil də çıxışında Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, kitab münasibətilə müəllifi təbrik edib.

Professor Rüstəm Kamal pritça janrı haqqında məlumat verib, janrın çətinliklərindən söz açıb: "Böyüklərdən yazmaq müəllifin özünü də böyüdür. Tarixin səhifələrində qalmış pritça janrı Əjdər Ol qələmiylə yenidən canlanır. Pritça çox çətin janrdır. Az sözlə, məhdud həcmdə bu  cür şəxsiyyətlərin obrazlarını yaratmaq müəllifdən ustalıq tələb edir. Əjdər Ol da bu işin öhdəsindən ustalıqla gəlir. Bu kitabda Heydər Əliyev təkcə tarixi obraz deyil, həm də bədii obraz kimi yaşayır".

Xalq artisti, bədii qiraət ustası Ağalar Bayramov çıxışına Əjdər Olun şeiriylə başlayıb, sonra isə kitab haqqındakı fikirləriylə davam edib: "Əjdər Ol bənzərsiz yazardır. Onun bütün yazılarında qəribə bir dünya var. Bu kitabdakı əhvalatlardan ikisinin şahidiyəm. Əjdər Ol heç zaman yazılarına, qələminə xilaf çıxmayıb. O, bütün yazılarında özüdür. Onun yanaşma tərzi, baxış bucağı başqadır. Oxuyan kimi bilirsən ki, bu, onun üslubudur".

Çıxışının sonunda A.Bayramov Əjdər Olun daha bir neçə şeirini səsləndirib.

AYB-nin sədri, Xalq yazıçısı Anar Əjdər Olun bu kitabını çox qiymətli əsər kimi dəyərləndirib: "Əjdər Ol çox istedadlı şairdir, nasirdir. Onun bir neçə kitab yazdığı bu janrın ədəbiyyatımız üçün çox böyük əhəmiyyəti var. Çünki bu janrda bu günün hadisələri, bu günün şahidlərinin yaşadıqları qələmə alınır. Heydər Əliyev haqqında çox əsərlər, kitablar yazılıb. Amma onun bir insan kimi həyata, insanlara münasibəti, yumoru, zarafatları, hazırcavablığını əks etdirmək baxımından Əjdər Ol çox qiymətli bir kitab yazıb. Arzu edirəm ki, bu cür səmərəli fəaliyyətini bundan sonra da davam etdirsin".

Sonda çıxış edən müəllif kitab haqqında məlumat verib, çıxışçılara öz təşəkkürünü bildirib: "Bu kitab öncə 20 əhvalatla başladı. Sonrakı nəşrində 50, indiki nəşrində isə 150 əhvalat yer aldı. Ola bilsin ki, gələcəkdə əhvalatların sayı da çoxaldı. Mənim yaradıcılığımın bir hissəsi bu tipli yazılardır. Ümumiyyətlə, yaxşı söz deyən, kəsərli söz deyən, maraqlı əhvalatların hamısını yazıram. Əvvəl məşhur insanlardan yazırdım. Sonra gördüm ki, məşhur olmayanların içərisində də yaxşı söz deyənlər var, onları da yazdım. Sonra siyasətçiləri də daxil etdim. İstəyirəm ki, gözdən kənarda qalan kimsə olmasın. Bu, Heydər Əliyev haqqında nə tərif kitabıdır, nə də tənqid. Bu, xarakter kitabıdır. Tarixin yaddaşına yazıla biləcək söhbətləri, əhvalatları bacardığım qədər yazmağa, işıqlandırmağa çalışıram. Bu kitabların qəhrəmanları elə mənim də, sizin də ətrafınızdakı insanlardır. Heydər Əliyev xalqımızın, dövlətimizin həyatında mühüm rol oynamış böyük şəxsiyyətdir. Onun xarakteriylə bağlı olan bu kitab gələcəkdə mütləq lazım olacaq. Kitaba böyük ürəklə ön söz yazdığı üçün Anar müəllimə təşəkkür edirəm".

Sonda müəllif kitabını qonaqlar üçün imzalayıb.

Şahanə MÜŞFİQ

 





09.12.2019    çap et  çap et