525.Az

"Uzaqlarda biri ola sevməyə..." - Qızbəsti Sultanın şeirləri


 

"Uzaqlarda biri ola sevməyə..." - <b style="color:red">Qızbəsti Sultanın şeirləri </b>

Son illərdə Naxçıvan ədəbi mühitində bir-birindən maraqlı imzalar meydana gəlməyə başlayıb.

Sözü özünə dərddaş seçən, sözlə iç-içə olan, oxumaqdan, mütaliə etməkdən yorulmayan, eyni zamanda, daxili təlatümlərini şeirlə, nəsrlə ifadə etməyə cəhd edən bu gənclər özlüyündə yeni ədəbi imzalar kimi özlərini təsdiq etməyə iddialıdırlar. Azərbaycan ədəbi gəncliyinə yarandığı dövrdən geniş yer verən qəzetinizdə həmin gənclərin bir neçəsini müəyyən aralıqlarla qəzetiniz vasitəsilə Azərbaycan oxucusuna təqdim etmək niyyətindəyəm. Bu gənclərdən biri də Qızbəsti Sultandır.

Qızbəsti Şahbuz şəhərində anadan olub. Hazırda Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası üzrə 2-ci kurs tələbəsidir. Uşaqlıq illərindən şeirə böyük maraq göstərən bu qızın "Necə unudum səni" adlı ilk şeirlər kitabı da oxuculara təqdim olunub. Düzdü, özünün də etiraf etdiyi kimi, orta məktəbin 8-ci sinifində oxuyarkən nəşr olunmuş bu kitabda həqiqi poeziya örnəklərinə çox az rast gəlmək olar.

Naxçıvan ədəbi mühitində son bir neçə ildə yazdığı yeni şeirləri ilə diqqəti öz üzərinə çəkən Qızbəstinin şeirlərində maraqlı fikirlər, yeni poetik ifadələr özünü göstərməyə başlayıb.

Öz üzərində məsuliyyətlə, zəhmətə qatlaşaraq çalışmaqla, həmçinin, gündəlik mütaliə vərdişlərinə yiyələnməklə Qızbəsti gələcəyin duyumlu söz adamlarından biri ola bilər. Azərbaycanın bir çox şairlərinin şeirlərini bədii qiraət etməkdən zövq alan Qızbəsti Sultanın oxucu könlündə yer tutan şeirlər yazacağına inanıram. Bu yolda ona yaradıcılıq uğurları arzulayır, şeirlərinin bir neçəsini "525-ci qəzet"in oxucularına təqdim edirəm.

Elxan Yurdoğlu

Qızbəsti SULTAN

ÜRƏYİM SƏNƏ YURDDUR

Biz də unutmağa başlasaq, vallah,
Sevgi zəmanənin gözündən düşər.
Bütün ayrılıqlar, həsrətlər inan
İnsanın bir kəlmə sözündən düşər.

Qorxuram unutmaq eşqin də bitə,
Ürəyin beyninə bir kölə ola.
Gərək sevəndə də eşqlə sevəsən,
Hələ unutmaq da eşq ilə ola.

Düşmüşəm qəlbinin daş tərəfinə
Hər gün yavaş-yavaş daşlaşıram mən.
Üzümdə gəncliyin əlaməti var,
Anbaan içimdən yaşlaşıram mən.

Dağılıb qəlb evim, artıq daxmadı.
Heç kim də yaşamaq istəmir orda.
Bilirəm, yaşarsan, yığış gəl mənə,
Çevrilsin ürəyim səninçün yurda.

BÜTÜN SEVGİLİLƏR QOVUŞACAQLAR

Sənin bu yoxluğun niyə utanmır,
Hər gün bir az daha üstümə gəlir?
Sənsiz göy boydaca çarəsizliyim
Dərd olub dərdimin üstünə gəlir.

Bu nə sənsizlikdi, qurbanın olum,
Ruhum xəyalından sevgi dilənir.
O qədər boş evlə dərdləşmişəm ki,
Sanıram daş, divar, qapı dillənir.

Ey uzaq sevdanın doğma adamı,
Bilirəm gələssən, gözüm yol çəkir.
Mənim sağ tərəfim rahat yaşayır,
Bütün ağrıları hələ sol çəkir.

Gözlərim açılmaq kimi vərdişin
İndi yavaş-yavaş tərgidir, atır.
Sənin yoxluğunun verdiyi dərdlər,
Vallah azca-azca qəlbimə batır.

Gəlsən, söz verirəm, ovuclarıma
Alıb saxlayacam səni ölüncə.
Bütün sevgililər qovuşacaqlar,
Sən mənim, mən də ki sənin olunca...

UZAQLARDA BİRİ OLA SEVMƏYƏ

Uzaqlarda biri ola sevməyə,
Nə üzünü gördüyün, nə gözünə baxdığın.
Səsinə vurulduğun, ruhunu hiss etdiyin,
Gecənin dördündə də onunçün darıxdığın.

Uzaqlarda biri ola sevməyə,
Bir səbəb axtarmadan, gecə-gündüz sevəsən.
Küçə-küçə, evbəev hər gün onu axtarıb
Ev-eşiyi unudub, yubanasan evə sən.

Uzaqlarda biri ola sevməyə,
Onunçün anandan da hər gün oxlov yeyəsən.
Paltarında oxlovun dəydiyi yer süzülə,
Vecinə də almayıb elə onu geyəsən.

Uzaqlarda biri ola sevməyə,
Hər dəqiqə zəng eləyə, yaza, bezdirə səni.
O qədər sevə səni eşqindən dəli edə,
Ürəyinə həbs edib gizlin gəzdirə səni.

SƏN BİLMƏYƏN DARIXMAĞIM

Mənim sən bilməyən darıxmağım var,
Cismim yalanlaşır bu həyat kimi.
Sənə uzaq düşən qəlbim kişnəyir,
Yarası duzlanmış dərdli at kimi.

Mənim sən bilməyən darıxmağım var,
Qəlbimi üşüdüb buza döndərir.
Ruhumu möhkəmcə sevgimə büküb
Hər gecə yarısı sənə göndərir.

Mənim sən bilməyən darıxmağım var,
Alıb boşluğunu üzümə vurur.
O qədər vicdansız darıxmaqdı ki,
Səhərlər məndən tez yuxudan durur.

Mənim sən bilməyən darıxmağım var,
Edib ev küncünün dustağı məni.
Sevgini qoluma zəncir tək vurub
Beləcə dağıdır bütün aləmi.

Mənim sən bilməyən darıxmağım var,
Əl çəkmir məndən heç, evi yıxılsın.
O da hər kəs kimi arzulayır ki,
Sevginin mən boyda divi yıxılsın.

ÜRƏYİMƏ SIĞAL ÇƏK

Mənim hisslərimin təmkini yoxdu,
Bir də görürsən ki, özündən çıxır.
Canımı ağrıdır ağrı-acılar,
Hər gün qətrə-qətrə gözümdən çıxır.

Qəlbim sənsizliyin əlində qalıb,
Get deyir, yoxluğun sözünə baxmır.
Donur qarış-qarış ürəyim, donur,
Eşqin alovuna, közünə baxmır.

Gəlib ürəyimə sığal çək bir az,
Bəlkə də sağalar, adına qurban.
Sənin sığalının həm doğmasına,
Həm də sənin kimi, yadına qurban.

QIZCIĞAZ

Somalili qızcığazın
"Bu həyat hansı günahımın bədəlidir, Tanrı" -
deyərək baxan, gözlərindən anladım
qara dərili insanların ömründəki tək qaranın
dərilərinin rəngi olmadığını.
Ona kimi çox düşünürdüm.
Onlar ağ gün görməyə məhkumdurlar,
"Niyə"sinə, Tanrı ömürlərinə yazdığı bütün qaranı
dərilərinə sürtmək üçün istifadə edib,
cavabını verirdim gülərək.
Bilirsən, Busala?
Biz bəyazlığımızdakı qaralıqla
onlarsa qaralıqlarında olan bəyazlıqla
seçilirlər.
Biz qapqara yazılarla dolu
sol dəftərimizlə çıxırıq Tanrının hüzuruna,
onlarda dəftər belə olmur.
Axı Tanrı bilir onların nə qədər təmiz olduqlarını,
onların nə qədər günahsız yaşadıqlarını,
Ya da yaşamadıqlarını.
Ac yaşamaqdan yaxşıdır axı tox ölmək, Busala!
Onların yaşamlarıdı
müqayisədə ölümdən böyük görünən.
Balaca olan tək şeyləri
tikələrinin görülməyəcək qədər olmağı,
yada görüləcək qədər olmamağıdır.
Hər şey, ya da elə heç nə budur, Busala!

PAYIZIN FATİHƏSİ

Payızı öldürüb dəfn elədilər,
Bundan sonra
Hər payız şeiri ölən sonbahara
"Fatihə" kimi ünvanlanacaq.
Çılpaq ağaclar
ölən yarpaqların üstündə baş daşı kimi
dayanacaq,
Tək ziyarətçiləri sevgililərin payız eşqi.
Gül-çiçək yox...
Sevgi gətirəcəklər payızın ziyarətinə.
Artıq yoxdu payızım...
Gözümdə qatil olub
Əlində süpürgəylə ağacı döyən xala.
Payızı döyən xala.
Bəlkə də son zərbəni elə o xala vurdu
Payızın yaşamaq ümidinə.
O Xalaya səslənirəm: öldürdün payızımı.
Gəl, özün də dəfn elə.
"Fatihə"sini mən deyim,
Sən Payızdan əfv dilə...

HƏR QADIN

Hər qadın azcana müqəddəs olur,
Hər qadın çoxcana günah mələyi.
Hər qadın düzünü deyir çox zaman,
Hər qadın bir az da sevir kələyi.

Hər qadın ömrünü şam tək yandırır
Onunçün odlara yanan adamçün.
Hər qadın yandırır ömürləri də
Sevgini yox sayıb danan adamçün.

Hər qadın eşq kimi axmağı bilir,
Sevgiylə döyünən saf ürəklərə.
Sevda görməyincə çıxmağı bilir,
Qoşulub puç olan xoş diləklərə.

Hər qadın əlləri yemək qoxuyur,
Hər qadın saçları yasəmən gülü.
Hər qadın ürəyi göz önündədi,
Görməyən insanlar ölüdü, ölü.

Hər qadın azcana müqəddəs olur,
Hər qadın çoxcana günah mələyi.
Hər qadın düzünü deyir çox zaman,
Hər qadın bir az da sevir kələyi.

QADINSIZLIQ

Açılır səhər...
Paltarlarını ütüləməyə
çalışan qızımızın sifəti,
Yeməyi qızdırarkən
əllərini yandıran oğlumuzun
tuluqlanan əlləri,
anasızlıq hönkürür.
Yalnızlıqdan ağlayan ürəyimin
Qan dənizi gözləri
Yoldaşsızlıq hayqırır.
Hələ evdən getməmiş
Tünd ətirinə bağlanıb
Zibilli ev-eşik də.
Hətta, inanmazsan,
Gecə yarı oyanıb
"A pişik get" demənçün
Canını belə verər bizim qara pişik də.
Sənin üçün darıxır süpürgənin hər çöpü,
Qazlar kəsilən zaman
Alıb çay dəmlədiyin
qonşunun köhnə tüpü.
Əlinlə döyülməkçün
az qalır ki, özünü
Özü aparıb asa
Şəritə kənd xalçası.
Atılan dənləri də
toyuqlar yemir artıq
Sən atmamısan deyə.
Ey qadın, hamısını qoy bir yana
Mən elə darıxıram ki,
Bu qədər böyük evə
Hər şey sığışır amma
Bir sənsizlik sığışmır.
Getməməliykən gedən
Gəlməliykən gəlməyən.

 





09.12.2019    çap et  çap et