525.Az

1920-ci illərin elmi-nəzəri fikrində Nəsimi


 

(İSMAYIL HİKMƏTİN TƏDQİQATLARI ƏSASINDA)

1920-ci illərin elmi-nəzəri fikrində Nəsimi<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Bakı divanı üzərində apardığı tədqiqatlar İ.Hikməti Nəsiminin öz şeirlərinin bir qismində "Hüseyni" təxəllüsünü işlətdiyini dəqiqləşdirməyə imkan verir. Divan üzərindəki müşahidələri tədqiqatçını Nəsimi yaradıcılığında "Seyid Hüseyni" və "Seyid" təxəllüslərindən də istifadə etməsi haqqında mülahizə irəli sürməyə imkan verir. Həmin divanda yer alan ayrı-ayrı qəzəllərdən verdiyi parçalar onun mülahizələrinin əsaslı olduğunu göstərir. İ.Hikmətin təqdim etdiyi parçalardan məqtə beytləri burada veririk:

Gəl imdi söyləgil Seyyid Hüseyni
Bu sözlər mənisi səttar üçündür

Və yaxud,

Seyyidin razü niyazın məxzəni sənsən bu gün,
Həm sana gəlmiş əzəldən sidqü iqrarım mənim.

Türk xalqlarının ədəbiyyatı tarixində "Hüseyni" təxəllüsü ilə şeir yazan sənətkarların adları İ.Hikmətə yaxşı məlumdur. Bu təxəllüsün təzkirələrdə adı yer alan Hüseyni Bağdadiyə, eləcə də məşhur cığatay şairi Hüseyn Bayqaraya məxsus ola biləcəyi ehtimalını tədqidqatçı nəzərə alır. Onun mülahizəsinin elmiliyini və inandırıcılığını şərtləndirən cəhət odur ki, alim bu sənətkarların da yaradıcılığına, bütövlükdə dil və üslubuna yaxşı bələddir. İkinci tərəfdən, Nəsimi divanında Hüseyni təxəllüsü ilə yer alan şeirlərin dil, üslub, düşüncə tərzi, ifadə olunan fikirlər baxımından Nəsimiyə məxsusluğu dəqiqləşdirilir. Bu faktın dəqiqləşdirilməsini "ədəbiyyat tarixi nöqtəsindən mühüm bir vəsiqə" hesab edən İ.Hikməti narahat edən odur ki, Nəsimi divanlarının sonrakı nəşrlərində "Hüseyni" təxəllüsü "Nəsimi" təxəllüsü ilə əvəz edilir. Tədqiqatçını narahat edən məsələlərdən biri də budur ki, Nəsiminin bu əlyazma divanı əsasında nəşr olunan divanlarda şairin "ləhcə və imlası" təhrif edilir. İ.Hikmət yazır: "Nəsiminin öz ləhcə və imlasına aid xüsusiyyətləri havi olan bu divan ilə mətbuları arasında böyük fərqlər vardır. Təb edilmiş nüsxələr çox böyük təhrifata uğramışdır". Heç şübhəsiz ki, mətnşünaslıq və Nəsimi divanlarının elmi-tənqidi mətninin hazırlanması, müasir oxucuya çatdırılmasını şərtləndirən cəhətlər baxımından İ.Hikmət məsələni çox düzgün qoyur.

İ.Hikmət Nəsimi irsi ilə bağlı araşdırmalarını onun divanlarının əlyazma və mətbu nüsxələri üzərində müşahidələri ilə bitirmir. O, Nəsimi irsini dünyanın əlyazma kitabları ilə zəngin olan kitabxanalarındakı əlyazma toplularında da axtarır və müəyyən uğurlar əldə edir. Bu mənada onun Leninqradın Şərq muzeyndəki müxtəlif sənətkarların əsərlərindən ibarət əlyazma toplularından tapıb üzə çıxardığı iki şeir Nəsimi irsini zənginləşdirən faktlardandır. Bunlardan birincisi "Bəhrul-əsrar" adlı bir qəsidə, o birisi isə:

Adəm əz xak çün hüveyda şod,
Dər dəryayi-eşq peyda şod -

beyti ilə başlayan bir tərkibbəndidir. Hər iki nümunə fars dilindədir. İ.Hikmət bu əsərlərin tapılması ilə kifayətlənmir. O, axtarışlarının dairəsini genişləndirir. Məlum olur ki, "Bəhrul-əsrar" qəsidəsi Ə.X.Dəhləvinin "Dəryayi-əbrar" adlı qəsidəsinə nəzirə olaraq yazılmışdır. İ.Hikmət onu da meydana çıxarır ki, Nəsimidən qabaq bu şeir Cami, Nəvai, Şahi kimi şairlər tərəfindən "tənzir olunmuşdur".

Sələfinin yaradıcılığına münasibətini aşkarlayan bu fakt Nəsimi şeirinin Şərq poetikası zəminində yetişməsinin dəlilidir. İ.Hikmət məsələnin bu tərəfinə diqqət çəkir: "Bəhrul-əsrar" da özündən əvvəl yazılmış bu tərzdəki qəsidələr kimi tamamilə mütəsəvvifanədir". Tədqiqatçının bu mülahizəsi Nəsimi şeirindəki təsəvvüf meyllərinin ancaq hürufizmin təbliği ilə bağlı olmadığını, bu bağlılığın ilk dövrlərdə həm də Şərq poeziya ənənələrindən gəldiyini sübut edir. Bu cəhət sələf-xələf münasibətləri kontekstində Həsənoğlu-Nəsimi əlaqələrində də özünü göstərir.

İ.Hikmətin Nəsimi yaradıcılığı ilə Yunis İmrə yaradıcılığı arasında apardığı bəzi paralellərdə onun təsəvvüf düşüncəsini klassik irsə bağlayır.

Nəsiminin Həsənoğlu yaradıcılığına, eləcə də Yunis İmrəyə marağının əsasında məsələnin bu tərəfinin dayanması ehtimalı, fikrimizcə, kifayət qədər ağlabatandır. Hər halda, xalq şeiri üslubuna əsaslı meylində Y.İmrə irsinin əsaslı təsiri şübhə doğurmur və hər ikisində bu tipli şeirə meyl təbliği məqsəddən qidalanır. İ.Hikmətin kitabı ilə eyni ildə çap olunan "Ədəbiyyatdan iş kitabı"ndakı "Yunis İmrəh-Nəsimi-Xətai" bölməsində A.Şaiq yazırdı: "Öldükdən sonra bir takım xalq mütəsəvvifləri kibi unudulub getmədi, biəkis şöhrəti bütün Anadolu və Rum eli sahillərinə yayılaraq xalq arasında əsrlərcə yaşadı. Yunis İmrəhin lisanı oğuzcadur. Bir çok sözləri və ifadə kuruluşu bu ləhcənin (Oğuzcanın) bir kolu olan azəricəyə daha yakundur. Mənzumələri heca vəznilə yazılmuşdur. Divanı hurut həca etibarı ilə tərtib olunmuşdur. 12 min misradan ibarətdir... Yunis əxlaqçıdur. Təvəkkülü, səbri, eyi görməyi təbliğ edər".

Diqqət edilsə, görmək çətin deyildir ki, müəllif, Y.İmrənin şeirlərinin geniş yayılmasında xalq şeiri üslubunun mühüm rolu üzərində dayanır. Eyni zamanda, tədqiqatçı Y.İmrənin təbliğ etdiyi ideyaların geniş yayılmasında və yaşamasında öz fikirlərini sadə xalq dilində ifadəsinin rolunu önə çəkir.

İ.Hikmət də Nəsimi şeirində belə bir tərzi  müşahidə edir. Tədqiqatçıya görə, şair öz fikirlərinin təbliğində əruzun imkanları ilə bərabər, heca vəzninin imkanlarından da məharətlə bəhrələnmişdir. İ.Hikmət Nəsimi şeirində dildən istifadənin bütöv bir qanunauyğunluğunu meydana çıxarır. Şərq poetik ənənəsinə uyğun olaraq fars və ərəb dillərində şeirlər yazan Nəsiminin türkcəyə sıx-sıx müraciətini İ.Hikmət şairin öz ideyalarını türkdilli mühitlərdə yaymağa birbaşa maraqlı olması ilə izah edir. Tədqiqatçıya görə, "gərək vəzifəsi, müqtəzası, gərək xalqdakı ehtiyacın şövqü Nəsimidə səmimi bir ruh, misilsiz bir həyəcan oyandırmışdı". İ.Hikmət yazır: "Nəsiminin dili yaşadığı zamana nəzərən çoq sadə, çoq canlı və çoq səmimidir. Türkcəyə heç əhəmiyyət verilmədiyi, bütün şairlərin farsca yazdığı və fars sənətkarlarına bəgəndirmək üçün əsər yaratdığı zamanlarda Nəsiminin böylə sıcaq, böylə canlı bir dildə yazmış olması ona ədəbiyyat tarixində qiymətli bir yer qazandırır. Doğrudan da, türkcə şeir yazmasına məsləkinin və təqib etdiyi təlqin və irşad məqsədinin böyük bir təsiri olmuşdur. Nə də olsa, bu türkcəyə açıq bir xidmətdir. Səkkizinci əsrdə türk diliylə, bilxassə azəri ləhcəsiylə yazdığı qəzəlləri özündən iki əsr sonra yaşayan böyük şair Füzuliyə həm dil, həm sənət, həm də zehniyət və tələqqi etibarı ilə böyük təsir bəxş etmişdir".

Burada Nəsiminin Azərbaycan dilinə, bədii dil tariximizə xidməti tam elmi və tam obyektiv qiymətləndirilir. Etiraf edək ki, müasir ədəbiyyatşünaslıq Nəsiminin bu istiqamətdəki fəaliyyətini əsaslı şəkildə qiymətləndirmir. Nəzərə alaq ki, biz F.Köçərlidən başlayaraq Azərbaycan dilinin şeirdə fars dili ilə rəqabətə girmək və özünü təsdiq etmək imkanlarını gerçəkləşdirməsində birmənalı rolu Füzuli poeziyasına vermişik. Fikrimizcə, məsələnin tarixi ədəbi proses kontekstində qiymətləndirilməsi zərurəti baxımından bu istiqamətdə Füzulinin böyük işinə qətiyyən kölgə salmadan, İ.Hikmətin birinciliyi Nəsimiyə aid etməsi fikrinə şərik olmaq lazım gəlir. Maraqlıdır ki, İ.Hikmətdən xeyli qabaq M.F.Köprülüzadə də eyni mövqedən çıxış etmişdir: "Füzuli də daxil olmaq üzrə bütün azəri şairləri iki əsr onu kəndilərinə müqtəda bildilər. Bu əsrlər əsnasında yetişən azəri şairlərinin əksəriyyətlə hürufiliyi qəbul etməsində Nəsiminin böyük təsiri olduğu kimi, hətta Füzulidə belə lisan, əda, tərzi - təhsin etibarilə onun nüfuzu pək qolay təfriq və təşxis oluna bilir" (Göstərilən əsəri. s.17).

İ.Hikmət Nəsimi-Füzuli bağlılığına təsəvvüf kontekstində də münasibət bildirir. Müasir ədəbiyyatşünaslıq bu qənaətdədir ki, Füzuli "öz ədəbi irsində təsəvvüf dünyagörüşünün əsaslarından lazımınca, vacib bildiyi səviyyədə bulunmuşdur. Faktik material buna əyani sübutdur... Əlbəttə, Həllac Mənsur, Cəlaləddin Rumi, Nəsimi yaradıcılığında ucalan "ənəlhəq" nidası da Füzulidə yoxdur" (Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. III cild. s .402). Bu doğru qənaət öz başlanğıcını 20-ci illər ədəbiyyatşünaslığından götürür. İ.Hikmət Nəsimi sufizmi ilə Füzuli sufizmi arasındakı tipoloji fərq üzərində dayanır: "Şeyxinin sufiliyi də Füzulinin sufiliyi kimi elmi və infialı, yəni hərəkətə keçməyən bir mahiyyəti haizdir. Nəsimidə olduğu kimi, təlqini və fəal halda deyil".

İstər Köprülüzadənin Füzuli yaradıcılığını "lisan, əda, tərzi-təhsin etibarı ilə", istər İ.Hikmətin "həm dil, həm sənət, həm də zehniyyət və tələqqi etibarı ilə" Nəsimi şeirinə bağlaması Füzuli sufizminin mənbəyini və mahiyyətini aşkarlayır. Füzulinin ideya-estetik baxımdan Nəsimiyə bağlılığını ortaya qoymaqla bərabər, sufizminin də poetik ənənədən gəlmə xarakter daşıdığını sübut edir. Müasir ədəbiyyatşünaslığın sufi simvolikasının Füzulidə "yerinə görə həm ideya - model, həm də bədii fiqur - poetik obraz kimi iştirakı"na dair qənaətləri də bunu sübut edir (Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. III cild. s .402).

İ.Hikmətin tədqiqatlarında Nəsimi şeiri ilə cığatay ədəbiyyatı arasındakı bağlılıqlar da kifayət qədər həssaslıqla izlənir və maraqlı nəticələr əldə olunur. Tədqiqatçı Nəsimi - cığatay ədəbiyyatı əlaqələrini, ilk növbədə, onun bu ədəbiyyatın böyük nümayəndələri Ə.Nəvai, H.Bayqara və digərlərinə ədəbi təsiri istiqamətində izləyir. İ.Hikmət bu qənaətdədir ki, bu ədəbi təsir o qədər güclü olmuşdur ki, "Nəvai zamanı cığataycası azəri ləhcəsinə yaqınlaşmışdır". Maraqlıdır ki, İ.Hikmət Nəsimi şeirində əks prosesi də müşahidə edir və sənətkarın yaradıcılığında dil baxımından cığataycaya yaxın olan nümunələrə də diqqət çəkir.

Nəsiminin şeir dilini öz "səlislik və təmizliy"inə görə "heyrətlə qarşılanmağa" layiq bir Azərbaycan türkcəsi hesab edən İ.Hikmət cığatay ləhcəsinə güclü təsiri ilə bərabər, cığataycaya yaxın bir ləhcədə şeirlər yazmasının məntiqini onun ərsəyə gətirdiyi əsərlərinin təbliği məqsəd daşıması ilə əlaqələndirir. Bu təbliği məqsəd Nəsimi şeirini necə fars dili ənənəsindən qoparıb türkcə şeir demək yoluna salmışdısa, öz ideyalarını xalq kütlələri arasında yaymaq üçün o, xalq şeiri üslubunu, janr və formalarını, deyim tərzini əsərlərinə necə gətirmişdisə, cığataycaya müraciəti də bu dili işlədənlərlə onların öz dilində danışmaq təşəbbüsünə hesablanmışdır.

İ.Hikmət Nəsiminin şeir dilində türk ləhcələrinin qarışıq bir vəziyətdə meydana çıxması faktlarına da diqqət çəkir. Heç şübhəsiz ki, bu cəhət də Nəsiminin onun üçün doğma olan türk dilli insanlarla sıx ünsiyyət istəyindən doğan bir haldır.

Bütün bunlar onu göstərir ki, İ.Hikmətin Nəsimi haqqında tədqiqatları təkcə ədəbiyyat tarixi nöqteyi-nəzərindən deyil, müasir nəsimişünaslıq prizmasından belə öz dəyərini saxlamaqdadır.

 





10.12.2019    çap et  çap et