525.Az

AZAL: "Yeni təyyarələrin alınması prosesi 2029-cu ilədək davam edə bilər"


 

AZAL: "Yeni təyyarələrin alınması prosesi 2029-cu ilədək davam edə bilər"<b style="color:red"></b>

Azərbaycan milli aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) təyyarə parkının genişləndirilməsi çərçivəsində “Boeing” və “Airbus” hava gəmilərini tədricən 2029-cu ilədək ala bilər.

Bunu “APA-Economics”ə AZAL-ın birinci vitse-prezidenti Sabir İlyasov deyib.

Qeyd edək ki, AZAL-ın gələcək planlarına “Boeing” və “Airbus” kimi aparıcı istehsalçılardan 20-dən çox yeni nəsil təyyarənin əldə edilməsi daxildir (10 “Airbus A320Neo”, 8 “Boeing 787 Dreamliner” və 3 “Boeing 777” təyyarəsi).

S. İlyasovun sözlərinə görə, ilk növbədə “Airbus” təyyarələrinin alınması planlaşdırılır. Təyyarələrin alınmasına 2020-ci ildən etibarən başlanıla bilər.

“Yeni təyyarələrin alınması ilə bağlı danışıqlar prosesi davam edir. Son qərar hələ verilməyib”, - deyə AZAL-ın rəsmisi əlavə edib.

S. İlyasov AZAL-ın “Boeing” korporasiyasına sifariş verdiyi 10 "Boeing 737 MAX 8" təyyarələrinin alınmasından imtina etdiyini də xatırladıb: “Nəzərə alsaq ki, “Boeing 737 MAX” təyyarələrinin aqibəti hələ bilinmir, təyyarələr bazarında qıtlıq yaranıb. Bu təyyarələrə (“Airbus A320Neo” – red.) tələbat artıb, amma buna baxmayaraq “Airbus” hələ yaranan boşluğu tam doldura bilməyib”.

Onun sözlərinə görə, hazırda AZAL-ın aviaparkında 20-dən artıq sərnişin təyyarəsi var.

 





10.12.2019    çap et  çap et