525.Az

II Dünya müharibəsində həlak olan azərbaycanlı əsgər Bryansk fəxri xiyabanında dəfn olundu


 

II Dünya müharibəsində həlak olan azərbaycanlı əsgər Bryansk fəxri xiyabanında dəfn olundu<b style="color:red"></b>

Rusiyanın Bryanks vilayətində İkinci Dünya müharibəsi zamanı cəbhədə həlak olan azərbaycanlı əsgərin cəsədinin dəfn mərasimi keçirilib.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, "Bryansk cəbhəsi" axtarış bölməsinin fəalları tərəfindən cəsədi tapılan Böyükağa Nuhi oğlu Mehdiyev Bryanskın fəxri xiyabanında təntənəli şəkildə dəfn olunub. Rusiya Qəhrəmanlar gününə təsadüf edən dəfn mərasimində Bryansk vilayətinin qubernator müavini Aleksandr Korobko, Bryansk vilayət Dumasının komitə sədrləri - Rusiyanın milli qəhrəmanı Aleksandr Postayalko və Lyudmila Juravlyova, Böyükağa Mehdiyevin Azərbaycanda yaşayan qohumları, Moskvadakı "Azərbaycan" Cəmiyyətinin sədri Oqtay Ramazanov, Moskvanın Qərb inzibati dairəsi üzrə milli-mədəni muxtariyyətinin sədri Əli Kazımov, "Rusiya Azərbaycanlılarının İrsi" ictimai təşkilatının sədri Yusif Xıdırov və yerli diaspor fəalları iştirak ediblər.

Uzun zamandır, Bryansk vilayəti və onun ətrafında axtarış aparan "Bryansk cəbhəsi" axtarış bölməsi bir müddət əvvəl şəhər mərkəzindən 120 km aralıda Böyük Vətən müharibəsindən qalma əsgər cəsədlərinin qalıqlarını aşkar ediblər. Məlum olub ki, tapılan cəsədlərdən biri Azərbaycanın Hacıqabul rayon sakini Böyükağa Nuhi oğlu Mehdiyevə aiddir.

Bryanks vilayətinin rəhbərliyi və Moskvadakı "Azərbaycan" Cəmiyyəti Böyükağa Mehdiyevin Azərbaycanda yaşayan qohumlarını tapıblar.

"Bryansk cəbhəsi" axtarış bölməsinin rəhbəri Maksim Volkovun bildirdiyinə görə, azərbaycanlılar 1943-cü ildə Bryanskın işğaldan azad edilməsində çox böyük şücaət göstəriblər:

"Dəfələrlə olub ki, axtarışlar zamanı azərbaycanlı zabit və əsgələrin cəsədlərini tapmışıq. Onların hamısı böyük ehtiramla fəxri xiyabanlarda dəfn olunub. Bu gün isə Böyükağa Mehdiyevin cəsədi dəfn olunur".

Volkov azərbaycanlı Mehdiyevin cəbhədə göstərdiyi qəhrəmanlığa dair arxiv materiallarının olduğunu da söyləyib:

"Rusiya Müdafiə Nazirliyinin arxivinə verilən sorğu zamanı məlum olub ki, Böyükağa Mehdiyev 1943-cü ilin martında almanların nəzarətində olan əraziyə keçərək çoxlu sayda düşməni məhv edib və faşistlərin əks hücumunun qarşısını tək alıb. Bu igidliyə görə bölük komandiri onu "Şücaətə görə" medalına təqdim edib. Dviziya komandiri isə təqdimatı dəyişdirərək Mehdiyevi "Qırmızı ulduz" ordeninə layiq görüb. 50-ci ordunun komandanlığı isə qərara alıb ki, bu cür qəhrəmanlığa görə bu medallar azdır. Ona görə də Mehdiyevə Sovetlər İttifaqı Qəhrəmanı ordenindən bir pillə aşağı olan "Qırmızı döyüş bayrağı" ordeni verilib. Məhz bu ordenin sayəsində axtarışlar zamanı tapılan cəsədin Mehdiyevə məxsusluğu müəyyən edilib".

Azərbaycanlı əsgərin dəfn mərasimində çıxış edənlər Böyük Vətən müharibəsində faşizm üzərində əldə olunan qələbənin Sovet İttifaqının bütün xalqlarının qələbəsi olduğunu vurğulayıblar.

Azərbaycanlıların cəbhədə göstərdiyi igidliklərdən danışan çıxışçılar faşizm üzərində qələbədə ölkəmizin böyük payının olduğunu söyləyiblər.

Bryansk vilayətinin qubernatorunun müavini Aleksandr Korobko bildirib ki, bu tarix bütün sovet xalqlarının şanlı səhifəsidir:

"Lakin təəssüflər olsun ki, biz bəzi ölkələrdə bu tarixin saxtalaşdırılmasına cəhdləri görürük. Faşist əlaltılarının qəhrəmanlaşdırılmasını müşahidə edirik. Bunlara yol vermək olmaz. Bu qələbəni oğurlamağa imkan verməməliyik. Tarixi unutmaq olmaz. Əks halda həmin tarix yenidən təkrarlana bilər".

Moskvadakı "Azərbaycan" Cəmiyyətinin sədri Oqtay Hüseynov da çıxışında postsovet məkanında nasizimin qəhrəmanlaşdırılması meyllərinin olduğunu, konkret olaraq Ermənistanda faşist əlaltısı Qaragin Njdeyə heykəl ucaldığını diqqətə çatdırıb:

"Keçmiş Sovetlər İttifaqı ərazisində faşist Hitlerin əlaltısı, nasist Qaragin Njdeyə heykəl ucladılması canını faşizm üzərində mübarizəyə qurban verən insanlarımızın ruhuna təhqirdir. Buna yol vermək olmaz".

Mərasimdə çıxış edən Böyükağa Mehdiyevin qardaşı nəvəsi Ülviyyə Kərimova belə böyük ehtirama görə Bryansk vilayəti rəhbərliyinə və Azərbaycanın diaspor fəallarına təşəkkürünü bildirib.

Daha sonra Böyükağa Mehdiyevin axtarışlar zamanı tapılan şəxsi əşyaları və "Qırmızı döyüş bayrağı ordeni" onun Azərbaycandan gələn qohumlarına təqdim olunub.

Azərbaycanlı qəhrəman müsəlman adət-ənənəsinə və əsgərlərin dəfn olunma rituallarına uyğun olaraq Bryansk fəxri xiyabanında öz cəbhəçi yoldaşlarının yanında dəfn olunub.

Bryansk vilayətinin qubernator müavini Aleksandr Korobko Boyükağa Mehtiyevin Azərbaycandan gələn qohumları və Rusiyadakı Azərbaycan diasporunun fəalları ilə görüş keçirib.

 





10.12.2019    çap et  çap et