525.Az

Qanayan yaraların fəryadı - Esse


 

Qanayan yaraların fəryadı - <b style="color:red">Esse </b>

Sizə bu məktubu ağzımın kənarından süzülən qanı, gözümdən axan yaşı silə-silə yazıram. Bəlkə də siz belə bir məktubu oxumağa alışmamısınız, amma mən içimdəki qəzəbi, nifrəti, çarəsizliyi, üsyanı, ağrını o qanla, o göz yaşıyla axıtmağa alışmışam, özü də lap çoxdan.

Siz "yeməyin duzu azdı, uşaq ağlayır, güləndə səsin çox çıxdı, çay bir dəqiqə gec gəldi, danışanda gözünün içinə baxdın" və sair bu kimi mənasız şeylərin üstündə bədəniniz göyərənə, nəfəsiniz kəsilənə, dünyadan əliniz üzülənə kimi döyülməyin nə olduğunu bilirsinizmi? Sizin də üstünüzə azyaşlı uşaqlarınızın gözü qarşısında bıçaq çəkildimi? Günlərlə boğazınızda barmaq izləriylə gəzdinizmi? Gözünün altındakı, dodağının kənarındakı, bədəninin müxtəlif yerlərindəki izlər keçənə qədər evə qapanıb, qohum-qardaşın gözünə görünməyin utancıyla yaşadınızmı? Təsadüfən gələn qonşunun sual dolu baxışlarından yayınıb, "yıxıldım, pilləkəndən düşdüm, qapıya dəydim" kimi yalanlar uydurmağın ağrısını bilirsinizmi? Siz döyülərkən sizi kiçik əlləriylə qorumağa çalışan uşağa da zərbələr dəyməsin deyə onu özünüzdən kənara itələdinizmi?

Hələ özüm yaşdakı uşaqlarla oynamaq üçün yeni oyunlar fikirləşərkən keçirtdilər barmağıma nişan üzüyünü. Tanımadığım, bilmədiyim bir həyata qandalladılar ömrümü. Ailə qurmağın evcik-evcik oyunuyla fərqini anlamadığım səhərlərin birində gözümü yad evdə açdım. Adına "ər evi" dedilər. Guya bundan sonra mənim evimmiş, özüm də bundan sonra "ər çörəyi" yeyəcəkmişəm. Heç vaxt mənim olmayan evimdə yediklərim isə şiddət oldu, əzab oldu, göz yaşı oldu.

Üstünə səs yüksələndə küsən kiçicik qızkən yumruğun, təpiyin, təhqirin altında əzilən gəlin xeylağı idim artıq. Qulağıma dua kimi oxunan bircə kəlməni öz-özümə pıçıldaya-pıçıldaya yaşayırdım: "Ailə belə olur, qadının vəzifəsi hər şeyə dözməkdir!" Ailəm deyirdi, qonşular deyirdi, cəmiyyət deyirdi - hər kəs deyirdi. Göyərmiş bədənlə ailənin üstünə "mənə kömək edin" fəryadıyla getməyin nəticəsi "dözməlisən, sən qadınsan, sən anasan" sözləri olur. Amma nəyə dözməli olduğunu deyən yoxdur.

"Qadına şiddətə yox!" deyən cəmiyyət qadına şiddət göstərənlə necə davranır? Qadına şiddət göstərənlər, o qadınları şiddətin ağuşuna atanlar, hər cür şiddətə dözüb yaşamasına məcbur qoyanlar kimlərdir? Yenə də həmin o "yox!" deyənlər. Bəs nədir o məcburiyyət?

Qadın nə qədər döyülsə də, söyülsə də, təhqir olunsa da, səsini çıxara bilməz. Çünki cəmiyyətimiz ona bu şansı verməyib. Əgər bir qadın üzərinə dolu kimi yağan yumruqların, təpiklərin altında "ölsəm, deyəcəklər əri namus üstündə öldürdü" fikriylə özünə ölüm belə arzulaya bilmirsə, hansı gender bərabərliyindən, qadın hüquqlarından danışa bilərik? Sevgilisini, arvadını, bacısını, anasını, gəlinini öldürən hər kişi səbəb nə olursa olsun, "namusumu təmizlədim" deyib insanlar arasında başı dik gəzə bilirsə və o insanlar da onun sözlərini təkrarlayıb kürəyinə sığal çəkirsə, əgər bir cəmiyyətdə öldürülən qadının arxasından elə öz həmcinsləri "görəsən, niyə öldürülüb?" sualını verirsə, inciməyin, mən üfüqdə qurtuluş görmürəm!

Yox, əgər "Qadına şiddətə yox!" cümlənizdə səmimisinizsə, onda hər kəs öz evinin içindən başlasın. Çünki nə qədər ki, cəmiyyət Xudayar bəylər yetişdirməyə davam edəcək, hələ çox Zeynəblər öncə qadınlıqlarından, sonra insanlıqlarından, ən sonda isə həyatlarından məhrum olacaqlar!

Səba YUNUSOVA

 





13.12.2019    çap et  çap et