525.Az

Hər kitab bir möcüzə kimi


 

Hər kitab bir möcüzə kimi<b style="color:red"></b>

Bu gün etiraf eləməyə çəkindiyimiz bir həqiqət var ki, çoxumuz kitab oxumuruq. Amma bu kitab oxumamağın səbəbləri haqqında da düşünmək ağlımızın ucundan keçmir. Halbuki kitab bizim həm nitq qabiliyyətimizi formalaşdırır, həm düşüncə tərzimizi müəyyənləşdirir, həm də dünyagörüşümüzün artmasına səbəb olur.

Kitablardan əldə etdiyimiz biliklər, oxuduğumuz əsərlərdəki qəhrəmanların həyat təcrübələri istər-istəməz bizim də həyatımızda bəzi vacib məqamlarda hansı qərarları qəbul etməyimizə kömək edir. Amma çox təəssüf ki, kitablardan uzaq düşmüşük.

2017-ci ilin avqust ayının 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı "Oxunması zəruri olan kitablar haqqında" Sərəncamı bu baxımdan oxucularıa çox böyük təsir etdi. Kitab oxumayan, yaxud kitabdan uzaq düşən kütlənin yenidən kitablara üz tutmasına və bu zaman ilk olaraq hansı kitablardan başlamasına yol göstəricisi rolunu oynadı. 

Qeyd olunan Sərəncamda göstərilən kitablar, daha sonra həmin siyahıya əlavə edilmiş əsərlər, bundan sonra da əlavə ediləcək nəşrlər dövlət sənədində də qeyd olunduğu kimi sırf gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən mahiyyətdə olması funksiyasını davam etdiricək. Və siyahı hazırlanarkən də buna xüsusi diqqət yetirildiyini açıq etiraf etmək lazımdır.

Bu danılmaz bir faktdır ki, hər kitabdan fərqli nəsə öyrənirik və məhz elə fərqliliyinə görə hər kitab bizdə ayrı bir ovqat yaradır, fikir formalaşdırır. "Oxunması zəruri olan kitablar" siyahısına diqqət edəndə isə burda məsələ sırf gənclərin, xüsusilə mütaliəyə ilk başlayanların oxuması üçün tövsiyə kimi nəzərdə tutulan kitablardır. Kitaba marağın daha çox orta məktəb illərindən başladığını nəzərə alsaq, gənclərin bu kimi kitabları oxumasında gələcək həyatları üçün öyrənəcəyi xeyli müsbət keyfiyyətin olduğu üzə çıxacaq. Beləliklə, həm də həmin gənclərdə bir oxu vərdişi, mütaliə mədəniyyəti, kitab aclığı yaranacaq.  Bundan sonra, kitab oxuma vərdişinə yiyələnən gənclərdə digər kitabları da mütaliə etmək üçün böyük həvəs oyanacaq, həm də mütaliyəyə kifayət qədər vaxt ayıracaqlar.

İşin başqa bir tərəfinə nəzərə salsaq, Naxçıvan bir çox sahədə öz müsbət nümunələri ilə həmişə diqqəti cəlb edib. İstər hələ ötən əsrin son illərindən başlayan ağac əkmə - iməcilik prosesləri, daha sonra yas mərasimlərinin ən sadə şəkildə keçirilməsi, qəbiristanlıqlardakı "təmtəraq" yaratma cəhdlərinə qarşı tədbirlər, indi də oxunması zəruri olan kitablar...

Naxçıvanda görkəmli şair və yazıçıların, mütəfəkkirlərin, ziyalıların ev muzeylərinin yaradılması, yubileylərinin keçirilməsi, kitablarının dövlət tərəfindən nəşr olunması nümunəsi hamımıza bəllidir. Belə olan halda istər Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin, istər Azərbaycanın görkəmli yazıçı və şairlərinin, həmçinin, dünya klassiklərinin məşhur əsərlərinin bu siyahıya salınması bir daha cəmiyyət tərəfindən Naxçıvanda milli soy-kökə qayıdışa, dünyagörüşün formalaşmasına hesablanan mütərəqqi addım kimi dəyərləndirildi.

Dünyada hər gün yüzlərlə, minlərlə kitablar nəşr olunur və onların çox az bir qismi öz dəyəri və mahiyyəti etibarı ilə zamanın və oxucuların süzgəcindən keçərək oxunaqlılıq qazanır. Sərəncamda qeyd olunan və siyahıya əlavə edilən 33 kitabın, əsərin də məhz bu mahiyyətdə olması elə həmin siyahıda oxunması zəruri olan kitab kimi qarşılaşdığımız məşhur Azərbaycan şairi Nizami Gəncəvinin bu misralarını xatırlamağımıza səbəb oldu:

Dünyada nə qədər kitab var belə,
Çalışıb əlləşib gətirdim ələ.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım. 

Hər kitabın bir gizli xəzinəyə bənzədiyini unutmamalıyıq. Və hər kitabın bizə verdiyi bilik və nəsihətlərin həyatımızın gələcək dövrlərində işimizə yarayacağına, əlimizdən tutacağına, çətin bir anda çıxış yolumuz olacağına şahid olmaq üçün kitablara üz tutmalıyıq. Xüsusən gənclər və yeniyetmələr haqqında bəhs etdiyimiz Sərəncamda tövsiyə olunan kitabları oxumaqla heç nə itirməyəcəklər. Əksinə, qazancları həddindən artıq çox olacaq.

Yazımı isə həmin siyahıda yer alan "Avrom Linkolnun oğlunun müəlliminə məktubu"ndakı "Ona kitabların möcüzələrini öyrət" fikrini xatırlatmaqla bitirmək istəyirəm. Bəli, kitabların möcüzələrini hər birimiz öyrənməliyik. Bir müəllim olaraq isə, həm də öyrətməliyik.

Gündüz MƏMMƏDOV
Naxçıvan Qarnizonu tam orta məktəbinin müəllimi

 





13.12.2019    çap et  çap et