525.Az

Gizir Mübarizin yolu - (hekayə)


 

Gizir Mübarizin yolu - <b style="color:red">(hekayə) </b>

Səhər tezdən telefonun səsi otağa yayıldı. Ev sahibi dəstəyi götürdü:

- Bəli, eşidirəm.

- Salam, sabahınız xeyir.

- Salam. Kimdi?

- Hərbi hissədəndi. Mübariz evə gəlibmi?

- Yox. Evə niyə gəlməlidi?

- Gecə yarısı hərbi hissədən çıxıb, kimsəyə bir söz deməyib. Özü ilə çoxlu silah da götürüb.

- Oğul mənimdi, yaxşı tanıyıram. Siz cəbhə xəttinə gedin.

Arvadı soruşdu:

- Kimnən danışırdın bu vaxt, Ağakərim?

Ağakərimdən səs çıxmadı.

- Desənə, mən də bilim.

Ağakərim arvadından uzaqlaşmağa çalışdı. Oğul anası rahatsız halda onun arxasınca addımladı:

- Mən Mübarizin anasıyam! Mən bilməməliyəmmi? Bəlkə Mübarizdən xəbər var?

- Mübarız gecə vaxtı hissədən çıxib.

- Hara?

- Deməyib.

Ananın halı dəyişdi:

- Getdi Mübarizim, - deyə əllərini üzünə qoydu, gözləri yaşardı, - onun məktubunu oxuyandan bəri ürəyim səksəkədə idi.

Rahatsızlıq keçirdiyini gizləmək istəyən ata:

- Səhər çağı ağzını xeyirliyə açsana, ay Şamama, Mübarizə heç nə olmaz, - sərt səslə deyərək arvadından uzaqlaşdı.

"Gərək Mübarizin hərbi xidmətə yenidən qayıtmasına razı olmayaydıq. Qulluğunu, necə deyərlər, can-başla yerinə yetirmişdi, özü də Daxili Qoşunların Xüsusi Təyinatlı bölümündə. Qısa müddətdə çavuş rütbəsi aldı, tərxis olundu. Böyük oğlandı, iyirmi iki yaşı var. Evlənən, ailə-uşaq sahibi olan vaxtıdı. Gərək atası "yox" deyəydi, "qəti yox" deyəydi. Müharibə başlayanda gedərdi, heç kim də saxlamazdı". Bu fikirlər ananın ürəyini üzüb əlini işdən soyutmuşdu.

Hərbi xidmətə qayıtdıqda Mübariz gizirlik kursunda oxudu. Ehtiyat hərbi hissədə xidmətə göndərildi. Komandanlığa ərizə yazdı ki, Qarabağa, cəbhə bölgəsinə yollanılsın. Tərtərin Çaylı kəndi yaxınlığında xidmətə keçdi - Şiştəpə ərazisinə. Onun yeri məhz bura idi, özü belə düşünürdü. Xidmət gərgin keçirdı. Təkcə işğalçı erməni ordu hissəsiylə üz-üzə dayandıqlarına görə yox. Onun boş vaxtı demək olar ki, olmurdu. Əvvəllər işlətdiyi silah növlərindən istifadəni təkmilləşdirir, digər silahlardan atəş açmağı öyrənir, sevdiyi boksla ciddi məşğul olurdu. Namazının vaxtını ötürmürdü. Torpaqlarımızın düşmən işğalından azad olması üçün Allaha dualar edirdi. Düşmənə layiqli zərbə vurmaq, kəndlərimizi camaatımıza qaytarmaq haqda düşünürdü.

Onun aramsız məşğullugunu görən döyüş yoldaşı Tural:

- Hərdən fasilə elə, canına yazığın gəlsin, Mübariz, - deyə ona tövsiyə etdi.

- Öncə torparlarımızı azad edib, doğma yurdlarını qaçqınlarımıza, köçkünlərimizə qaytarmalıyıq. Xocalı soyqırımında işgəncələrlə öldürülənlərimizin, Şuşada, Kəlbəcərdə, Laçında, Ağdamda vəhşicəsinə qırdıqlarının, ana-bacılarımızın qisasını bu vicdansız daşnaklardan almalıyıq.

- Biz hazırıq, əmr gözləyirik. Hücumumuza tab gətirə bilməyəcəklər, o alçaq daşnaklar...

Mübariz onun sözünü yarımçıq kəsdi:

- Əmr gözləmək çox çəkər. Mənsə gözləməyəcəm. Allahın izniylə, çox tezliklə gedib düşməndən qisas alacam!

Mübariz çox məşq edir, tənhalığa çəkilir, düşüncəli görünürdü. Sanki nəyisə özlüyündə ölçüb-biçirdi.  

Hərbi xidmət dövründə də, tərxis olunduqda da ermənilər haqda çox oxuyurdu. Öyrənmişdi ki, haylar Balkan yarımadasının Fessaliya vilayətindəndi. Daim xəyanətdən, yalandan əl çəkməyən haylar oradan qovulublar. Beləcə basa-basa diyar-diyar gəzməyə məcbur olublar. Bu haqda qədim yunanlar yazıb. Gəlib çıxıblar torpaqlarımıza. Sonra da haray çəkıblər ki, bəs bu torpaqlar onlara ulu babalarından qalıb. Oxuduqlarını Turala söyləyən Mübariz soruşdu:

- Bilirsənmi?

- Əlbəttə, bilirəm, - Tural əminliklə dedi, - mən də oxumuşam, internetdə onlar haqda nələr yazmırlar. Yaxşı, mən gedim, işim var, hələlik.

Son vaxtlar Mübarizi özünə qapılmış görmək çoxlarını rahatsız eləyirdi. O, hərbi hissədəkilərin çoxunun sevimlisi idi. Haqsızlığı, ədalətsizliyi xoşlamayan gizir eyni zamanda, özünə və əsgərlərə qarşı da tələbkar idi.

Onu görən əsgər Mübarizə hərbi salam verərək:

- Necəsən, qardaş, - soruşdu.

Gizir Mübariz başının ağır hərəkəti ilə ona müsbət cavab verdi.

- Hər şey düzələcək, çox fikir eləmə, - deyə əsgər ona canıyananlıq göstərdi, - geci-tezi var. Biz daim hazırlaşırıq. "Üçlük ölkələr" də çalışır, onlar da nəsə edərlər.

- Hə, elədi, onlar artıq nəsə edirlər. Gəl birgə baxaq, bəs nə edirlər? Hər biri güclüdü, amma güclərindən ədaləti bərpa etmək, işğalçını cəzalandırmaq əvəzinə deyirlər ki, biz ermənilərlə öz aramızda danışıb razılığa gəlməliyik. Özlərisə bundan daha çox fayda götürməyə çalışırlar. Ermənilərdən qonşuya xəyanət törətmək məqsədilə istifadə edirlər. Onlara belə vəziyyətdə vaxtın uzadılması sərfəlidi. Ümid Allahımıza, bir də özümüzədi. Mən belə anlayıram. Allahımıza dualar etməliyik, özümüzsə hərəkətə keçməliyik. Torpaqlarımızı geri almalıyıq, qaçqınlarımızı, köçkünlərimizi ev-eşiklərinə qaytarmalıyıq.

Əsgər gizirdən eşitdiklərindən təsirləndi. Nəsə deməyə söz tapmadı. Düşüncəli halda yoluna davam etdi. Xeyli aralananda dönüb ehtiram dolu baxışlarıyla Mübarizə baxdı.

Axşam cəbhə yoldaşı Rəşad onun yanına gələndə o, namaz qılırdı. Rəşad gözlədi. Mübariz ona yaxınlaşıb dedi:

- Sənə ürəyimdən keçəni açıram: biz səngərdə namaz qılsaq, Böyük Allaha xoş gedər. Bu nankorların payını verməkdə bizə daha böyük kömək olar.

Gəlişinin səbəbini Rəşada söylədikdən sonra onlar qulluqdan, əsgərlərin döyüş ruhundan, hərbi texnikanın gücündən xeyli söhbət elədilər.

İki min onuncu ilin iyunu idi. Ayın on səkkizi, isti bir gecə. Düşmən tərəfdən açılan atəşlər sakitliyi pozdu... Hamı yataqda ikən, Mübariz müxtəlif silah növlərindən götürüb hərbi hissədən sakitcə çıxdı. İki hərbi hissə arasındakı bir kilometrlik minalanmış neytral zonanı keçdi. Erməni işğalçılarının postunun növbə çəkən gözətçilərini zərərsizləşdirdi. Birinci həmlədə çoxlu sayda əsgər və zabiti qırdı. Hər dəfə də qəzəb dolu səsilə onlara tərəf hayqırırdı: "Al, bu sənə hamilə qadınların qarnına sancdığınız süngülərə görə! Bu da sənə Şuşanı talan etdiyiniz üçün... Al, anasının yanında qızının gözlərini çıxartdığınıza görə! Qocaları, qarıları zülmlə öldürdüyünüzə görə! Əsir apardığınız məsum qız-gəlinlərimizə görə! Atanın gözləri qarşısında oğulun başını kəsdiyiniz üçün! Xocalıda törətdiyiniz vəhşiliklər üçün!"

Onun minalanmış bu uzun yolu gecənin qaranlığında adlayaraq əks-hücuma keçməsi düşmən üçün təkcə gözlənilməz yox, həm də ağlasığmaz idi. Kimsə beləsini gözləmirdi, gözləyə də bilməzdi. Hərbçilər çaşqınlıq içində idi. Bu, inanılmazdı. O isə keçmişdi. İşğalçıları öldürəndən sonra postdakı silahlardan götürdü. Onları elə erməni quldurların özlərinə qarşı tuşladı. Atışma səsindən ayılıb köməyə gələn quldurları dənlədi. Atəşi bir neçə nöqtədən və tez-tez açdığından düşmənlər onlara qarşı bir dəstənin savaşdığını düşünürdü.

Dan yeri ağarırdı. Mübariz savaşı davam etdirirdi. İşğalçı ordunun hərbiçiləri onun üstünə gəlirdi. Əmr belə idi. Mübarizi uzaqdan vurmaq mümkün deyildi. Onun sonuncu patron darağı da boşaldı. Nəhayət, gülləsi qurtardı. Düşmənlə əlbəyaxa döyüşə girməli oldu. Cəldliyinə, qolunun qüvvəsinə, bunula hələ neçə düşmənə güc gələcəyinə əmin idi. Onun yumruğunu yeyənlər ayağa qalxmırdı. Atdığı yumruq-təpikdənsə düşmənin sür-sümüyü çatlayırdı. Mübariz yorulmaq nə olduğunu bilmir, onunla üz-üzə gələnlərin cəzasını verirdi. Birisi soldan gəlirdi, digəri sağdan çıxırdı, başqası öndən peyda olurdu. Hər biri də cəzasını alıb peşman olurdu. Nəhayət, düşmən yenə namərdliyə əl atdı, həmişəki kimi arxadan vurmağı seçdi. Kürəyinə tuşlanan güllələr Mübarizi sarsıtdı, gücünü toplamağa çalışsa da, bacarmırdı, taqətini itirməkdəydi:

- Vətənsizlər, şərəfsizlər, namussuzlar... Mən tək deyiləm... Əli silah tutanlar ...sabah gələcəklər... Torpaqlarımızı... azad... edəcəyik...

O, gözlərini yumdu. İşğalçılar toplaşıb kənardan ona qorxu içində, mat-məttəl baxırdılar. Belə bir qəhrəman onlarda yoxdu, ola da bilməzdi. Onlar belə bahadırlar haqda yalnız kitablarda oxuyub, bu cür igidləri filmlərdə görmüşdülər. Onun hərbi geyiminin sinəsində Azərbaycan türkcəsində yazılmış "Mübariz İbrahimov" sözləri də düşmənləri qorxudurdu.

Erməni zabiti qarşısında dayanmış eybəcər əsgərə Mübarizin qollarını bağlamağı əmr elədi. Əsgər yerindən tərpənmədi, Mübarizə yaxın durmağa cəsarət eləmirdi.

Üzünü qalanlara tutan zabit:

- Sizə əmr edirəm, onun qollarını bağlayın, - çığırandan sonra bir neçə nəfər tərpənib şəhidimizə yaxınlaşdı, onun yenilməz qollarını bağlayıb cəld uzaqlaşdılar.

Zabir yaxına gəlib Mübarizin avazımış simasına baxaraq öz quldur dəstəsindəkilərə:

- Siz də baxın, - dedi, - diqqətlə baxın, bu giziri yadınızda saxlayın. Beş saat ərzində bizimlə şavaşıb, nəfəsimizi kəsib. Cürbəcür silahlardan atəş açılıb. Bizə qarşı bir nöqtədən avtomatla, digərindən pulemyotla atıb. Cəld, ardı-arası kəsilmədən. Bizimlə döyüş təcrübəsi olan manqanın döyüşdüyünü düşünmüşük. Demə, bu gizir tək savaşırmış. Təkbaşına, gecəyarısı, minalanmış ərazini keçə bilib. Döyüşə girib, gülləsi qurtaranda da əlbəyaxa vuruşub. Onlarla adamımızı məhv edib. İnanılası deyil, amma fakt da göz qabağındadı. Heç bilmirəm, bunu komandanlığa necə çatdıracam...

Bir az sonra zabit dərin təlaş içində dönüb qərargaha yönəldi. O birilər isə Mübarizin onları hələ də qorxuda saxlayan əzəmətli cüssəsinə baxa-baxa qalmışdılar.

Rəsul RƏXŞANLI

 





14.12.2019    çap et  çap et