525.Az

Aktyor əzəməti - İlham Rəhimli yazır


 

Aktyor əzəməti - <b style="color:red">İlham Rəhimli yazır </b>

Yasin Qarayevin teatrda yarımştata keçəndən sonra oynadığı rollardan biri də Cəfər Cabbarlının "Oqtay Eloğlu" dramının tamaşasındakı Hacı Zaman obrazıdır.

Premyerası 29 noyabr 2019-cu ildə oynanılan tamaşanın quruluşçu rejissoru Vaqif Əsədov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Vüqar Hümbətovdur. Rejissor dramı ənənəvi janr-üslubda hazırlamayıb. Onun səhnə təfsirinin maraqlı tərəfləri də var, mübahisəli və Cabbarlı dramaturgiyasına yad görünən cəhətləri də. Burada rejissorla mübahisəyə girmək fikrim yoxdur, çünki mövzum Yasin Qarayevdir.

Ümumilikdə, mənim fikrimcə, ayrı-ayrı aktyor oyunlarında uğurlu tapıntılar vardır və onlardan biri də Yasin Qarayevin ifasıdır. Onun ilhamla, sənətkarcasına yaratdığı Hacı Zaman çox orijinal, cazibəli, bitkin yaradıcılıq nailiyyətidir. Yasinin yaratdığı Hacı Zaman indiyədək gördüklərim Hacı Zamanlarla müqayisədə tamamilə yeni və yeni olduğu qədər də Cəfər Cabbarlı ruhuna doğma, koloritli və bitkin səhnə obrazıdır.

Mətndən bilirik ki, Hacı Zamanın sözləri azdır. Rejissor yozumuna görə isə Hacı Zaman sözü olmayan bir neçə epizodda da səhnədə görünür. Mizanlar elə verilmişdi ki, onu səhnənin müxtəlif məkanlarında və əsasən arxa planda görürdük. Yəqin ki, bunda da rejissorun hansısa fikri var və mən onu da "axtarmaq" istəyində deyiləm. Maraqlısı odur ki, mizanları səhnənin dərinliyində verilmiş aktyor hərəkət plastikası, sifət ifadələri ilə ön planda gedən hadisələrə elə ahəngdar reaksiya verir ki, sanki böyük bir monoloq söyləyir. Hətta müəyyən anlarda səhnənin mərkəzində, sağ və sol yanlarında da tamaşaçı Hacı Zamanı görür. İşığın arxa plana bir qədər zəif verilməsinə baxmayaraq, aktyorun Oqtayı (Şövqü Hüseynov), Yaşlı adamı (Qurban İsmayılov), Xaspoladı (Elnur Hüseynov), Aslan bəyi və Rejissoru (Elşən Hacıbabayev), Mazandaranskini (Elşən Çarhanlı), Firəngizi (Günel Məmmədova), Sevəri (Asya Atakişiyeva), Şahqulunu (Elşən Şıxəliyev), tütək çalan kor kişini (Eyvaz İbrahimov) və daha bir neçə obrazı baxışları ilə müşahidə etdiyi, Gülgəz (Qəmər Məmmədova) ilə qısa ünsiyytdə olduğu anlarda çox cazibəlidir. Daxilən gərgin psixoloju duyğunu ifadə etməsində güclü təsir bağışlayan aktyor möcüzəli sənətkar sücaəti göstərir. Onun bu hərəkətlərində, baxışlarında, sifət cizgilərinin gərginliyində, hətta yanağının titrəyişi də görünən anlarda tamaşaçı obrazın daxili duyğularını, psixoloji halını, keçirdiyi mənəvi sarsıntını görür, hiss edir və aktyorun sənətkarlıq məharətinə heyran qalır.

Aktyorun ifasının psixoloji təsirini gücləndirən, ona dərin məna aşılayan vasitələrdən biri də Vaqif Əsədovun Hacı Zamana verdiyi səhnə mizanının (mübahisəli görünməsinə baxmayaraq) estetik yozum baxımından özünün rejissor konsepsiyası ilə uyarlı və dinamik-dramatik fikir yüklü olmasıdır. Ziqzaqlı, dalğavari və sərtliklə çarpazlaşan dinamik mizanlar səhnədəki ovqatın dramatik-psixoloji kəsərini gücləndirir. Yasin Qarayev və daha bir neçə aktyor təzadlı mizanların məna, fikir yükünü aydın mənimsəməklə ifalarında, hərəkət dinamikalarında təbii təsir bağışlayırlar.

Yasin Qarayev tamaşanın sonuna yaxın Hacı Zamanın monoloqunu xüsusi ustalıqla söyləyir, şahanə bədii vasitələrlə rəsm edir. Tamaşada səhnənin sağında, solunda və dərinliyində üzərində dayaq-meydançalar olan dəmir pilləkənlər verilmişdir. Bu tərtibatın əsas qurğusu bir neçə il əvvəl hazırlanmış "Oliver Tvistin macəraları" (Çarlz Dikkens) tamaşasından götürülmüşdür. Sözüm onda deyil. Fikrimin canı odur ki, həmin dayaq-meydançalarda və pilləkənlərdə lal-dinməz gəzişən aktyor bütün anlarda obrazla yaşadığını məharətlə salona çatdırır. Hacı Zamanın monoloqunu söyləyəndə isə aktyor salondan baxanda sağ tərəfdəki dayaq-meydançadan asta-asta, ləngərli yerişlə pilləkanlarla aşağı düşür. Aşağı düşdükcə də gözlərimiz önündəcə sənətkar qüdrəti pillə-pillə yüksəklərə ucalır. Bu məqamda sanki aktyorun daxilinə yığılmış enerjinin atomlara parçalanması baş verir. Obrazın daxili fırtınasını ağrılı sözlərlə və qəzəblə salona "püskürən" Yasin Qarayevin ehtiraslı hayqırtısı, rəzilliyə, riyakarlığa, zavallılığa vətandaş etirazı gücündə səslənir. Aktyor əvvəlcə kövrək dramtik, tədricən mürəkkəb dramatik notlara keçməklə yekun sözləri qəlbləri titrədən faciə ahəngində, romantik çılğınlıqla söyləyib-oynayır. Həmin anda bir tamaşaçı kimi mənə elə gəlirdi ki, səhnədə Yasindən başqa aktyor yoxdur, varsa da "görünmürdülər". Çünki aktyor daxilindən cingilti ilə qopan harayı göstərəndə, canlandıranda emosional-dramatik, fəlsəfi-psixoloji söz və ifa ahəngi ilə bütün diqqəti özündə cəmləşdirmişdi. Bəstəboy Yasin zavallı Hacı Zaman obrazında səhnəyə sığmayan nəhəng, qüdrətli, azman təsir oyadan ustad sənətkar təsiri bağışlayırdı.

Teatrşünasların termini ilə buna AKTYOR ƏZƏMƏTİ deyilir.

 





17.12.2019    çap et  çap et