525.Az

Görkəmli maarifçi Ələkbər bəy Rəfibəylinin fəaliyyəti arxiv sənədlərində - Araşdırma


 

Görkəmli maarifçi Ələkbər bəy Rəfibəylinin fəaliyyəti arxiv sənədlərində - <b style="color:red">Araşdırma </b>

10 mart 1990-cı ildə "Elm" qəzeti (№ 9) "Ələkbər bəy Rəfibəyov" adlı maraqlı bir yazısı ilə oxucularını sevindirdi. Məqalədə Azərbaycan tarixində böyük xidmətləri olan, amma unudulan Ələkbər bəy Rəfibəyovun haqqında məlumat verən müəllif, Ələkbər bəyin 14 aprel 1919-cu ildə "Azərbaycan" (№ 155) qəzetində dərc olunan nekroloqunu çap etdirmişdi.

Elə həmin ilin 1990-cu il may ayının 4-də, yenidən Bakıda nəşr edilən "Azərbaycan qəzeti" (№ 14) 1919-cu ildə Məhəmməd Səidin "Əliəkbər bəy Rəfibəyov" və Əhməd Cavadın "Əliəkbər bəyin mərasimi-dəfni" adlı yazıları ilə unudulmuş görkəmli şəxsiyyət Ələkbər bəy Rəfibəyovu həmin təlatümlü illərdə bir daha yada saldı.

Yazıların hər ikisi 1919-cu ildə olduğu kimi verilmişdi. Bu iki yazını həmişə maraqla və dərin kədərlə oxuyuram. Çünki burada Azərbaycanın taleyüklü məsələlərində və maariflənməsində, türk dilində Gəncədə məktəb açmasında inadından dönməyən Ələkbər bəy Rəfibəyovun həyat və fəaliyyətindən söhbət açılır. Kədərlidir ona görə ki, bu yazılar nekroluqdur. Bu yazılara qədər də onun haqqında yazılan bir sıra məqalələri oxumuşdum. Daha doğrusu, artıq 10-cu sinifdə oxuyanda Rəfibəylilər haqqında məlumatlarım vardı. Çünki bu nəslin Azərbaycanın müstəqillik tarixində böyük xidmətləri olub. Həmin illərdə Rəsul Rzanın, Nigar xanım Rəfibəylinin və Anarın yaradıcılıqlarını dərindən oxuduğumdan Ələkbər bəyin      fəaliyyətindən  xəbərim vardı.

Akademik R.Hüseynovun yazdığı "Rəfibəylilər" (Bakı, 1996) kitabının isə, inanmıram, əvəzi olsun. Çünki böyük yanğıyla yazılıb. Oxucuların stolüstü kitabıdır. Unudulmaz şairə Nigar xanım Rəfibəylinin bu qeydləri 1983-cü ildə, "Azərbaycan" jurnalının, 7-ci nömrəsində (səh.116) öz əksini tapıb: "Babam Ələkbər bəy böyük maarifpərvər və tərəqqipərvər bir şəxsiyyət idi, xalq içində çox tanınan böyük nüfuza malik bir ictimai xadim idi. O, avamlıq, cəhalət və nadanlıqla mübarizədə fədakar bir döyüşçü kimi şəhərin işinə qarışır, xeyirxah və ədalətli hərəkətlərilə xalqa kömək edirdi. Bütün günü babamın yanına dəstə-dəstə adamlar gəlib-gedər, tələbələr, müəllimlər, ziyalılar ondan məsləhət alırdılar. Atam səhərlər xəstəxanaya gedir, axşamlar isə çox vaxt onu xəstə üstünə aparır, yaxud xəstələri yanına gətirirdilər. Atamın ilk həkimlik fəaliyyəti haqqında o zaman "İrşad" qəzeti yazırdı: "Böyük millət atası Ələkbər bəy Rəfibəyovun oğlu Xudadat Rəfibəyov Rusiyada həkimlik təhsilini bitirib doğma Gəncə şəhərinə qayıtmış və həkimlik fəaliyyətinə başlamışdır.

Hər gün işdən sonra, yəni axşam saat beşdən doqquza qədər öz evində xəstələrə məccani-pulsuz tibbi yardım göstərir. Həkim yardımına ehtiyacı olanlar ona müraciət edə bilərlər". Atamın qəbul otağına gələn xəstələrinin həddi-hesabı yox idi. Anam evin təsərrüfat işlərindən başqa, həm də "Cəmiyyəti-xeyriyyə"nin Gəncə şöbəsinin sədri kimi fəaliyyət göstərirdi. Anam, özü kimi az-çox savadlı olan qadınlarla birlikdə, Gəncənin müxtəlif tədbirlərində iştirak edirdi".

Bu yazılanlar, oxuduqlarım, atamdan eşitdiklərim məni Nigar xanım Rəfibəylinin yaradıcılığına çox bağlamışdı. Hətta evimizdə yazı masasının önündə Nigar xanımın böyük portreti vardı. Yazı masamın üstündə olan Nigar xanımın "Bir həzin axşamda düşsəm yadına" (Bakı, 1982-ci il) şeirlər kitabını isə hər gün oxuyurdum. Necə olmuşdusa gələn qonaqlardan biri icazəsiz bu maraqlı şeirlər kitabını aparmışdı. Mən bu kitabdan təkrar almaq üçün o vaxtlar Naxçıvan şəhərində çox zəngin olan "Azərkitab" mağazasına getsəm də, tapmamışdım. Başqa kitab dükanlarında axtarışlarım da nəticəsiz qalmışdı. Məktublarımın birində görkəmli yazıçı Anara bu haqda yazmışdım.

Böyük ürək sahibi və çox həssas insan olan Xalq yazıçısı Anar həmin kitabı avtoqrafla mənə göndərmişdi. Mənim ürəyimdən xəbər verən bir avtoqrafla: "Ədəbiyyatımızın etibarlı oxucusu, ailəmizin sadiq dostu əziz Musaya anamdan bir xatirə"

Anar

11/XII-84-cü il

İndi də həmin qiymətli kitab məndədir və həvəslə oxuyuram.

Gürcüstanın paytaxtı Tbilisidə çox elmi axtarışlarda olmuşam və indi də imkan tapan kimi bu xeyirxah işimi davam etdirirəm.

Bir dəfə Gürcüstan Milli Arxivində axtarışlar apararkən Ələkbər bəy Rəfibəyovla bağlı maraqlı bir sənədə rast gəldim. Sənədi görən kimi çox sevindim və uzaq illər bundan öncə oxuduqlarımı bu qürbətdə qəribə bir hiss ilə xatırladım: "Ələkbər bəyin öz xalqının maariflənməsinə sərf etdiyi əmək çox böyükdür. O, vaxtaşırı Xeyriyyə Cəmiyyətinə pul keçirir, kasıb uşaqların təhsil alması üçün kömək əlini uzadırdı. O vaxt çar hökuməti türk məktəbinin açılmasına icazə vermirdi. Gəncədə türk məktəbinin açılmasında Ələkbər bəyin şəxsən rolu olmuşdur.

1919-cu il aprel ayının 3-də sinif rəhbərimiz İbrahimbəyli bizə dedi ki, Ələkbər bəy vəfat etmişdir. Bizi sıraya düzüb "Şah Abbas məscidi"nə gətirdi. Cənazə "Şah Abbas məscidi"ndən  götürüldü. Sonralar mənə dedilər ki, cənazənin qabağında oxuyan (mərsiyə deyən) böyük müğənni Bülbül imiş" (Ələkbər bəyin qardaşı oğlu Həsən bəyin xatirələrindən).

Tiflis arxivindən tapdığım sənəd də Ələkbər bəyin ölməzliyini, böyük millət atası olduğunu təsdiqləyir. Təki bizlər bu böyük şəxsiyyəti unutmayaq. Qeyd edim ki, Qafqaz canişinliyinin arxivindəki bu sənəddə adları çəkilən Ələkbər bəy Xasməmmədovun və Adil xan Ziyadxanovun da Azərbaycanın müstəqillik qazanmasında 1918-1920-ci illərdə böyük xidmətləri olub. Adil xan həmin çətin illərdə Naxçıvanın daşnak tör-töküntülərindən qorunmasında çox fəallıq göstərib. Həm də onun qardaşı İsmayıl xan Aman xan Naxçıvanskinin kürəkəni idi. Gəncəli Cavad xanın nəvələrini Naxçıvanla bağlayan qohumluq telləri vardı...

Ələkbər bəy, Adil xan Ziyadxanov və Ələkbər bəy Xasməmmədovun birlikdə yazdıqları bu sənəd rus dilindədir. O sənədin azərbaycanca tərcüməsini əziz oxucular - sizlərə təqdim edirik. Qeyd edək ki, sənəddə adı çəkilən Yelizavetpol indiki Gəncə şəhəridir. 

Zati-aliləri cənab Yelizavetpol general-qubernatoruna Yelizavetpol şəhərinin sakinləri Ələkbər bəy Rəfibəyov, Adil xan Ziyadxanov və Ələkbər Xasməmmədovdan 

Ərizə 

Keçən ilin avqust ayında Bakı şəhərində general-qubernatorun icazəsi ilə məktəb işlərinə aid müxtəlif pedaqoji sualların müzakirəsi məqsədilə müsəlman müəllimlərinin qurultayı keçirilmişdir. Elə həmin vaxt qərara alınmışdı ki, müəllimlərin növbəti qurultayı 1907-ci ilin iyun ayında Yelizavetpolda çağırılsın. Buna görə də Yelizavetpol şəhərində keçirilməsi nəzərdə tutulan qurultay üçün proqram tərtib etmişik. Zati-aliləri sizdən acizanə xahiş edirik ki, iyun ayının 1-dən 15-nə kimi belə bir qurultayın keçirilməsinə icazə verəsiniz. Hər məsuliyyəti öz üzərimizə götürürük.

Yelizavetpol şəhəri 23 mart 1907-ci il

Ali müşavir Ələkbər bəy Rəfibəyov
Ələkbər Xasməmmədov
Adil Ziyadxanov

Qafqaz müsəlman müəllimlərinin gələcəkdə keçiriləcək ikinci qurultayının proqramı.

I. İkinci qurultay birinci qurultayın davamıdır və müsəlmanlar arasında təlim-tərbiyə məsələsinin təkmilləşdirilməsi məqsədini daşıyır.

II. Qafqazın müsəlman müəllimlərinin qurultayı Yelizavetpolda toplaşacaq və 1907-ci il iyunun 1-də başlayacaq, təxminən həmin ayın 15-dək davam edəcəkdir.

III. Qurultaya bütün şəhər və kənd müəllimləri, həmçinin, ruhani məktəblərin şəriət müəllimləri-müdərrisləri də dəvət edilirlər. Bununla belə, müvəkkilərə ixtiyar verilir ki, təlim-tərbiyə işinə aidiyyəti olan şəxsləri müzakirələrə buraxsınlar.

Qurultayın gündəliyinə daxil edilən məsələlər.

I. Qafqazın müsəlman qadınları arasında təhsilin genişləndirilməsi üçün yolların axtarılması və qadın məktəbləri üçün müsəlman müəllimələrin və hər növ qadın məktəbləri üçün proqramların yenidən  hazırlanması.

II. Müsəlman ruhani məktəbləri üçün, ümumiyyətlə, Yelizavetpol ruhani seminariyası üçün proqramın hazırlanması.

III. Dünyəvi və dini məktəblərdə müsəlman müəllimlərin sayının artırılması məsələsinin  müzakirəsi və onların maddi vəziyyətinin  yaxşılaşdırılması.

IV. Müsəlman əlifbasında olmayan hərfi işarələrin əlavə edilməsi və əlifbanın yenidən hazırlanması.

V. Doğma türk dilinin tədbir və vasitələrlə bağlı sadələşdirilməsi məsələsinin müzakirəsi və ədəbi cəhətdən yenidən işlənməsi.

VI. Dərslərin müzakirəsi və ümumiyyətlə, onların yaxşılaşdırılması.

VII. Türk dilinin tədrisi üsullarının (metodlarının) seçilməsi və bunlara aid nümunəvi dərslərin keçirilməsi məsələsinin müzakirəsi.

VIII. Professional təhsilin müzakirəsi.

IX. Türk dilində dərslərin keçirilməsi üçün ümumi priyomların işlənməsi: hüsnxət, musiqi, nəğmə və gimnastika oyunları.

X. Qurultay keçirilən zamanda ümumtəhsil fənlərinə - pedaqogikaya, psixologiyaya, didaktikaya, təbiət elmlərinə, məktəbli gigiyenasına, tarixə və nəhayət türk dili ədəbiyyatı tarixinə aid mühazirələrin təşkili. Hər dəfə yerli idarələrin baxması üçün xüsusi proqramların təqdim edilməsi və bu fənlərə aid qiraətlərin keçirilməsi.

XI. Müsəlmanlar arasında, ümumiyyətlə, təlim-tərbiyə məsələsinə aid olan bütün məruzələrin müzakirəsi.

Ali müşavir Ələkbər bəy Rəfibəyov
Ə.Xasməmmədov
Adil xan Ziyadxanov.

Musa Rəhimoğlu (Quliyev) AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
[email protected]

 





17.12.2019    çap et  çap et